Məhkəmə qərarları › İş №1(004)-289/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-289/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-289/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə Nəsimi rayonu «Papanin» adalanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Hüseyn» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 10,733 qram və ikinci bükümdə təmiz çəkisi 0,089 qram olmaqla cəmi təmiz çəkisi 10,862 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 fevral 2021-ci il tarixdə saat 14:30 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş idarənin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli paltonun sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı iki bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 10,733 qram və ikinci bükümdə təmiz çəkisi 0,089 qram olmaqla cəmi təmiz çəkisi 10,862 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı yazılı vəsatət verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işini aidiyyəti üzrə göndərilibgöndərilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ilk olaraq məhkəmə aidiyyat məsələsini həll ətməli olduğu üçün, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət baxılmamış saxlanılmalıdır və cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Çünki cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Verilmiş ittihama əsasən şəxsin cinayət əməli narkotik vasitəni əldə edib daşımadan ibarət olmuşdur. Cinayət qanunvericiliyində uzanan cinayətlərin anlayışı nəzərdə tutulmasa da, qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Belə bir nəzəri anlayışın mövcudluğu sözügedən cinayətlərin başa çatma anının bu cinayətlərin başlandığı deyil, bitdiyi andan götürülməsini labüd edir. Həmçinin cinayət işinin mübahisəsiz halları kimi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılarkən orada onun üzərində şəxsi axtarış və götürmə aparılmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılarkən onun üzərində narkotik vasitə olduğu ehtimal şəklində (səviyyəsində) olmuş, saxlandığı yerdə dərhal üstünə baxış keçirilib narkotik maddə götürülmədiyindən, üzərindəki həmin maddəni əldə edib, saxlayaraq daşıması faktiki olaraq uzanmış və fasiləsiz törədilməkdə davam etmişdir və yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında üzərinə baxış keçirilərkən aşkar edilərək götürüldüyü zaman orada başa çatmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Cinayət Məcəlləsinin 27ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci mədəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə CM-in 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir. Hər bir halda cinayətin ərazi aidiyyətini müəyyən etmək üçün CPM-nin müddəalarına diqqət yetirilməlidir. Belə ki, CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-nin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd edilənlərə əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə 02 (iki) ay, yəni 11 avqust 2021-ci il tarixdək uzadıldıldığından, iş ərazi adiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndəridiyi üçün, həmin məhkəmədə işə məhkəmə hazırlıq iclasında baxılaranadək həbsin müddəti bitəcəkdir. Buna görə də həmin məhkəmədə hazırlıq iclası keçirilənə və hazırlıq iclasının yekun qərarı qəbul edilənədək həbs qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Belə ki, CPM-nin 298.6-cı maddəsinə əsasən cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq iclasına qədər bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Qərarın bu hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar