Məhkəmə qərarları › İş №1(004)-290/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-290/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-290/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 29 avqust 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu "Kubinka" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 may 2021-ci il tarixdə saat 13:00-da Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 27-ci PB-nin inzibati binasına gəlirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi nikahda olduğu X9 ilə birlikdə qeydiyyatda olduğu Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 43 ünvanında yaşayır. O, narkotik vasitə aludəçisi olmasına baxmayaraq, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. Verilmiş ittiham üzrə özünü ona görə təqsirli bilmir ki, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları onu 29 may 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı mənzildən gəlib aparmışlar və həmin vaxt onun üzərində hər hansı miqdarda narkotik vasitə olmamışdır. Bunu isə birgə yaşadığı X9 təsdiq edə bilər. Belə ki, Aysel onun yaşadığı evdən aparılmasının şahidi olmuşdur. Polis bölməsində ona sözlə psixoloji təzyiq göstərərək etiraf etmədiyi təqdirdə külli miqdarda narkotik vasitənin satışına görə və ya boynuna silah qoyulmaqla qanunsuz olaraq odlu silah saxlanılmasına görə ittiham veriləcəyi ilə təhdid etmişlər. Buna görə də o, psixoloji təzyiq altında qabaqcadan ona verilmiş narkotik vasitənin üzərindən aşkar edilməsini etiraf edib baxış zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, onun barəsində hazıradək verilmiş ittihamlar yalan məlumatlara əsaslanmış və çıxarılmış məhkəmə hökmləri ədalətsiz olmuşdur. Belə ki, o narkotik vasitə aludəçisi olmasına baxmayaraq heç vaxt polis əməkdaşları narkotik vasitəni onun üzərindən aşkar etməmişlər. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən xüsusatlar nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsindən imtina edərək, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sübut olaraq qəbul edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 may 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 27-ci PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal bölmənin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla bölmənin rəisinə məruzə edilərək məlumatın təxirə salınmadan yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş və əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir, o isə yaradılmış qrupa üzv olaraq daxil edilmişdir. 29.05.2021-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupunun rəhbəri Şahid1la birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında aşkar edilərək saxlanılmışdır. X16 saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ondan Yasamal RPİnin 27-ci PB-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilməsi barədə dərhal raport əsasında bölmənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin təhqiqatçısı X12 həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsini istədiyindən qərar əsasında vəkil Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 29.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb könüllü olaraq təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroini 29.05.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün almış, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «iPhone» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şahid1 lazımi şəkildə məlumat verilməsinə baxmayaraq onun məhkəmə iclasına gəlməsi üzrlü səbəbdən mümkün olmamışdır. Belə ki, məhkəməyə verilmiş məlumata əsasən o, “COVİD-19” infeksiyasına yoluxmuşdur. Buna görə də məhkəmə şahidin gəlməmə səbəbini üzrlü sayaraq müdafiə tərəfinin mülahizələrini dinləyib, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini məqsədəmüvafiq hesab etmişdir. Şahid1 ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından etibarən qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal rayonu, S.Rəhimov küçəsi ev 43 ünvanında yaşayır. 29 may 2021-ci il tarixdə saat 11-12 radələrində evin qapısı möhkəm döyülmüşdür. Onlar qapını açdıqda qapını döyən şəxslərin polis əməkdaşları olmasını görmüşlər. Bu vaxt onlardan biri Rüfətə bildirmişdir ki: “bölmənin rəisi dəyişib səni görmək istəyir”. Hətta Rüfəti əmin etmişlər ki, çəkinməsin, çünki onu tutmaq niyyətində deyillər. Bundan sonra Rüfət polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Daha sonra o, eşidib bilmişdir ki, Rüfətin üzərindən guya narkotik vasitə aşkar edilməsi səbəbi ilə saxlanılmışdır. Lakin o, bununla razı deyil, çünki o, mütəmadi olaraq Rüfətin geyim əşyalarının üzərini yoxlamış və buna əmindir ki, Rüfət yaşadığı evdən çıxarkən üzərində narkotik vasitə olmamışdır. Şahid X9 ona verilmiş suallar əsasında əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması barədə məlumatlı olmuşdur. Lakin son dövrlər Rüfət narkotik vasitədən istifadə miqdarını azaltmış, çünki onun valideynlərinin köməkliyi ilə Rüfət müalicəyə başlamışdır. Eyni zamanda Rüfətin hadisədən 2-3 gün əvvəl gecələr yatmamasını, sistemlərin təsirindən qidasına diqqət etməsini və onun dəri rənginin dəyişməsini müşahidə etmişdir ki, müsbət mənada bu dəyişikliyin onun müalicəsinin nəticəsi olmasını düşünmüşdür. Təqsirləndirilən şəxsin və onun qeyri-rəsmi nikahda yaşadığı X6 ifadəsində göstərilən xüsusatların yoxlanılması zərurəti ilə əlaqədar məhkəmə iclasında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmiş Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili Şahid2 dindirilərkən şahid X9 onu tanımamışdır. Belə ki, məhkəmə iclasında X2 verildikdə o, Şahid2 ümumiyyətlə görmədiyini bildirmişdir. Şahid2 isə ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən tək olmasını və yanında digər şəxsin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs birgə yaşadığı X6 onu saxlayan polis işçisi Şahid2 tanıya bilməməsi ilə bağlı ziddiyyətin səbəbini onunla izah etmişdir ki, həyat yoldaşı bildiyi qadının qapını açmasına və qapının qarşısına çıxmasına o, icazə verməmişdir. Ona görə də sonuncu Şahid2 tanıya bilməmişdir. Lakin Təqsirləndirilən şəxs onu saxlayan şəxslərdən birinin Şahid2 olmasını təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadəsi, ekspertiza rəyləri, 29 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ziddiyyətli ifadələr verməsini, yəni aşkarlanmış narkotik maddənin ona məxsus olmaması barədə məhkəmə istintaqında verdiyi ifadəsini, həmin ifadədə göstərilən xüsusatlar iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq olunmadığından özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını inkar etmiş, guya polis əməkdaşlarının ona psixoloji təzyiqi nəticəsində, təqsirini boynuna alıb verdiyi ifadəsində 29.05.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb “Kubinka" adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini alaraq əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamasını demişdir. Halbuki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.05.2021ci il tarixdə tutulduğu zaman özü verdiyi ilkin izahatında, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman üstündən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin onun özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını və yaşadığı evə gələrkən Yasamal rayonu, S.Rəhimov küçəsi 43 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar məhkəmə baxışı zamanı araşdırılarkən müəyyən edildi ki, Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman könüllü olaraq, əynində olan idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş “kakos” adlanan narkotik vasitə heroini təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitənin ona psixoloji təzyiq göstərilməklə qanunsuz olaraq polis əməkdaşları tərəfindən boynuna qoyulmasını bildirməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ona qarşı qanunazidd hərəkətlərə yol vermiş əməkdaşların anket məlumatlarını və xarici görünüş əlamətlərini göstərə bilməmiş, qərəzli olaraq bundan imtina etmişdir. Bunun əksinə olaraq, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatlar, onun öz vəsatətinə əsasən məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə təkzib olunmuş və öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs 29.05.2021-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evdən aparıldığını və həmin vaxt onun yanında nikahsız birgə yaşadığı Aysel Bağırovanın olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində təqsirləndirilən şəxsi evdən aparmalarını iddia etdiyi iki polis əməkdaşından biri olan Şahid2 ümumiyyətlə tanımadığını və həmin gün evə gələn polis əməkdaşlarının yanında görmədiyini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs özü Şahid2 tanıyaraq 29.05.2021-ci il tarixdə yaşadığı evdən aparılmasını iddia etdiyi iki polis əməkdaşından birinin iş üzrə şahid qismində dindirilmiş Şahid2 olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs sonra da qeyd olunan ziddiyyəti guya X6 mənzilin qarşısına çıxmasına icazə verməməsi ilə əlaqələndirib məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Halbuki ilk ifadəsində şahid X9 hadisədə bilavasitə iştirak etdiyini qeyd etmişdir. Bundan başqa X9 ifadəsində birgə yaşadığı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmasından məlumatlı olduğunu və onu müalicə etdirməsinə baxmayaraq, narkotik vasitə qəbulunu tamamilə olmasa da istifadə miqdarını azaltmasını bildirmişdir. Odur ki, məhkəmə öz daxili inamına və iş üzrə sübutlara əsaslanaraq, Təqsirləndirilən şəxs və şahid X6 məhkəmə iclasında verdikləri ifadələrin inandırıcı olmadığı qənaətinə gəlir. Eləcə də məhkəmə bu hala tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları özünü müdafiə xarakterli, şahid Aysel Bağırovanın isə ifadəsində göstərilən xüsusatları birgə yaşadığı və gələcəkdə nikaha daxil olmaq niyyətində olduğu şəxsi müdafiə edərək onun məsuliyyətini yüngülləşdirməyə nail olmaq cəhdi ilə verilmiş həqiqətə uyğun olmayan məlumat olaraq qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 29 may 2021-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 bölmənin rəisi Cavid Usubova müraciət edərək Yasamal rayonu, S.Rəhimov küçəsi, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin rəisi Cavid Usubov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə bölmənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Zaur Məhhərəmova həvalə edilməsinə dair Ə14-093-21 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar bölmənin rəisi Cavid Usubov tərəfindən təsdiq edilmişdir. Üzərində 29 may 2021-ci il tarixli 985 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə saat 13:00-da Yasamal rayonu, S.Rəhimov küçəsi 43 saylı ünvanın qarşısında saxlanılaraq 27-ci PB-nə gətirilmişdir. Əliyev X10 RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X13 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanıldığı yer onun yaşadığı ünvanın qarşısıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 may 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 167 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “iPhone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 29 may 2021-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 5(004)-543/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 27-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2021-ci il tarixli 6/2160 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0,340 qram, qalıq çəkisi 0,290 qram təşkil etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (X17) Ambulator X1 dair ekspert komissiyasının 01 iyun 2021-ci il tarixli 1679 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi şahidin məhkəmə iclasında verdiyi ifadəsi, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,340 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, 29 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 29 may 2021-ci il saat 13:00-dan hesablanmışdır. 31 may 2021-ci il tarixdə o, cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)- 284/2021 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 02 avqust 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 05 iyun 2021-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Səbail Rayon Xalq Məhkəməsinin 10 iyun 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 17,15 və 94-cü maddəsinin 2-ci hissəsinə əsasən (qəsdən adam öldürmədə iştirakçılıq) təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 dekabr 1996-cı ildə Bakı şəhər Məhkəməsinin qərarı ilə 5 il sınaq müddəti tətbiq edilməklə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. İkinci dəfə o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Sonuncu dəfə isə Yasamal Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli hökmü ilə təkrarən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07.05.2013ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Beləliklə, tələbnamədən göründüyü kimi hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə, həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəflərinə daxil olan ekspertiza tədqiqatlarının dəyəri, cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,290 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar