Məhkəmə qərarları › İş №1(004)-290/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-290/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-290/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 31 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5 və 234.1ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhəkməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 07 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş və 04 noyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 25, mənzil 55-da qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində təsiredici maddəsinin miqdarı 0,12 qram təşkil edən, “Methadone 40” markalanma göstəricisi olan konvalyutda, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən 03 ədəd metadon həbini əldə edib özündə saxlamaqla daşımış, 06 aprel 2022-ci il tarixdə saat 03:30 dəqiqədə icarə əsasında idarə etdiyi **-CD-*** dövlət qeydiyyat nişanlı ‘Kia Optima” markalı avtomobillə yüksək səslə musiqi dinləməsinə görə Yasamal RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşıb qanuna zidd davranışlara son qoymağı tələb etdikdə, polis əməkdaşlarının bu tələbinə əhəmiyyət vermədən idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq getmiş, onun saxlanılması və qanunla nəzərdə tutulmuş tədbir görülməsi məqəsədi ilə polis əməmkdaşlarının saxla tələbinə məhəl qoymayaraq keçdiyi küçə və prospektlərdə ardıcıl və davamlı olaraq hərəkət axınının əksinə, eləcə də digər yol hərəkət iştirakçılarına qəzalı vəziyyət yaradaraq hərəkətini davam etdirmiş, ünvan 2 ünvanında qəza törədərək dayanmış, həmin vaxt onu təqib edən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ- nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, PB-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən, “Methadone 40” markalanma göstəricisi olan konvalyutda, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən 03 ədəd metadon həbi aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, təxminən 2012-ci il tarixdən narkotik vasitə qəbul edir. O, narkotik vasitə “heroin”nı inyeksiya yolu ilə qəbul edir, sonuncu dəfə 1 gün əvvəl narkotik vasitə qəbul etmiş, belə ki, narkotik maddə ona sakitləşdirici təsir göstərir. Hər dəfə narkotik vasitələrini ayrı-ayrı şəxslərdən alıb qəbul edir. Təxminən 3-4 gün qabaq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə satan şəxsi görüb, ondan 30 (otuz) manat ödəməklə 03 (üç) ədəd “Metadon” həbini almışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 02:15 radələrində 3 günlük icarəyə götürdüyü avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsində hərəkətdə olarkən musiqiyə yüksək səs vermişdir. Bu zaman ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq yüksək surətlə hadisə yerindən uzaqlaşaraq Yasamal rayonu, A.Şaiq və M.Sübhi küçəsində yolun kənarında dayanan təxminən 15-20 avtomaşına çırpılaraq ziyan vurmuşdur. Yasamal RPİnin YPX-nin naryadları köməyə gələrək avtomaşını təqib edərək və Yasamal rayonu, Şərifzadə küçəsində “ASAN” xidmətin yaxınlığında idarə etdiyi avtomaşını səkiyə çırparaq dayandığından və tabesizlik göstərdiyinə görə Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Polis bölməsinə gətirildikdən sonra o, polis əməkdaşlarına uzun illərdir narkotik tərkibli dərmanlardan istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları bölməyə müdafiəçi dəvət etmişdirlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişdir. Üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 03 (üç) ədəd psixotrop maddə olan “Metadon” həbi aşkar edilərək götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin məsul növbətçisi polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 06 apel 2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətə raport əsasında növbətçi hissəyə təhvil verilmişdir. Məlum olmuşdur ki, o, Yasamal RPİ-nin DYPX-nin əməkdaşlarına tabesizlik göstərdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü etiraf edərək narkotik vasitənin qəbul etdiyini və hazırda üzərində öz istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin hüquqi yardımı ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd psixatrop maddəyə oxşar «Metadon» həbi könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin 03 ədəd nartotik vasitə olan «Metadon» həbdir. Müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPX-nin bölüyünün polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərmişdirki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 03 radələrində o, və onunla birlikdə postaçı iş yoldaşları polis nəfərləri polis serjantı Şahid5 və polis serjantı Şahid4lə Bakı şəhəri Yasamal rayon Abdulla Şaiq küçəsində xidmət aparaq zaman, “Kia Optima” markalı avtomobilin sürücüsü tərəfindən həmin avtomobili yüksək sürətlə idarə etdiyini müşahidə etmişdirlər. Gecə saatlarının olmasına baxmayaraq onlar tərəfindən həmin avtomobilin sürücüsünə yaxınlaşıb avtomobilin saxlamasını və avtomobildən düşməsini bildirmişlər. Sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq avtomobili daha da yüksək sürətlə idarə etmiş və bununla bağlı həmin sürücünün qəza törətməməsinin qarşısına almaq məqsədi ilə onlar tərəfindən həmin avtomobilin sürücüsünün ardınca avtopatrul avtomobillə hərəkət etmişlər. Bundan sonra həmin avtomobilin sürüçüsünün saxlanılması mümkün olmadığından və onlar əlavə qüvvə cəlb olunması üçün onun tərəfindən efir vasitəsi ilə «Şəfəq» ada məlumat verdikdə Yasamal RPİ-nin X7 Xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Bundan sonra onlar Yasamal RPİ-nin X7 Xidmətinin əməkdaşları ilə birlikdə həmin avtomobilin sürücüsünün ardınca hərəkət edərək avtomobilin saxlanmasını bildirsələrdə,lakin sürücü tərəfindən daha da avtomobili yüksək sürətlə idarə edilmişdir. Bundan sonra sürücü idarə etməni itirərək avtomobili ünvan 3 ünvanın qarşısında yerləşən səkiyə toxunaraq saxlamışdır. Onlar həmin sürücüyə yaxınlaşarkən, sürücü avtomobildən düşüb bir qədər qaçmaq istəyən zaman onu saxlamışlar. Bu zaman həmin sürücüdən soyadını, adını və atasının soruşduqda, sürücü onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə və həmçinində onun narkotik vasitənin təsiri altında olmasında şübhəli olmuşdur. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Yasamal RPİ-nin 27-ci PB-nə gətirərək bölmənin rəisinə raportla məzurə etdikdən sonra, polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPX-nin bölüyünün polis nəfəri polis serjantları Şahid4 və Şahid5 eyni xususuatlar üzrə ifadə verərək Şahid3 ifadəsinə göstərilənləri təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin inspektor polis nəfəri polis serjantı Şahid6 ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 03 radələrində o, və onunla birlikdə növbədə olan iş yoldaşı polis nəfəri polis serjantı Şahid7la Bakı şəhəri Yasamal rayon ərzisində xidmət aparaq zaman,həmin vaxtı efir vasitəsi ilə «Şəfəq» ada məlumat daxil olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Abdulla Şaiq küçəsində “Kia Optima” markalı avtomobilin sürücüsü tərəfindən həmin avtomobili yüksək sürətlə idarə edərək və gecə saatlarının olmasına baxmayaraq Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşlarına tabesizlik göstərərək və həmin sürücünün saxlanılması üçün onlara köməyə çağırmışdır. Bundan sonra onlar Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları ilə birlikdə həmin avtomobilin sürücüsünün ardınca hərəkət edərək avtomobilin saxlanmasını bildirsələrdə,lakin sürücü tərəfindən daha da avtomobili yüksək sürətlə idarə edərək qəsdən ictimai əsayişi pozmağa cəhd etmişdir. Bundan sonra sürücü tərəfindən idarə etməni itirərək Yasamal rayonu A.M.Şərifzadə küçəsi 37 saylı ünvanın qarşısında yerləşən səkiyə toxunaraq saxlamışdır. Həmin sürücüyə yaxınlaşarkən, sürücü avtomobildən düşüb bir qədər qaçmaq istəyən zaman onu saxlamışdır. Bu zaman həmin sürücüdən soyadını, adını və atasının adını soruşduqda sürüçü onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə və həmçinində onun narkotik vasitənin təsiri altında olmasında şübhəli olmuşdur. Həmin sürücünın barəsində qanuni tədbir görülməsi üçün Yasamal RPİ-nin 27-ci PB-nə rəisinə raportla məzurə etdikdən sonra, polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin DYPŞ-nin YPXnin inspektor polis nəfəri polis serjantı Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid6 ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB- nin CA-üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X3, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Şahid2 və Şahid1 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 03 ədəd “Metadon” həbini könüllü çıxardıb təqdim edərək, həmin 03 ədəd narkotik vasitə metadon həbi olduğunu, narkotik vasitəni təxminən 3-4 gün qabaq gecə saatlarında əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 (otuz) manata istifadə etmək üçün aldığını bildirmişdir. Aşkar edilmiş 03 ədəd narkotik vasitə hesab edilən metadon həbini zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (səh. 23-24). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 06 aprel 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X4, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Şahid2 və Şahid1 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli qsaqol gödəkçəsinin sağ yan cibindən 03 ədəd “Metadon” həbini könüllü çıxardıb təqdim edərək, həmin 03 ədəd narkotik vasitə metadon həbi olduğunu, narkotik vasitəni təxminən 3-4 gün qabaq gecə saatlarında əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 (otuz) manata istifadə etmək üçün aldığını bildirmişdir. Aşkar edilmiş 03 ədəd narkotik vasitə hesab edilən metadon həbini zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1870 nömrəli 06 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə, üzərində “Mehhadone 40” markalanma göstəricisi olan konvalyutdaki 3 (üç) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 1 (bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram, 3(üç) ədəd həbdə isə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (konvaliyutun üzərindəki göstəricisinə əsasən) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir (səh. 34-37). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli “Əşyanı maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş təmiz çəkisi-03 ədəd həbin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra həb sərf edilmiş-1 həb ədəd qalıq isə -2 ədəd həbin qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ- nin Növbətçi Hissəsinə təhvil verilmişdir (səh. 81-82). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 2290 saylı 07 may 2022-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 167-168). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin 31 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhəkməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 07 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş və 04 noyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır (səh. 135-137). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatından sonra qalan metadon tərkibli dərman preparatı olan 2 ədəd həb maddi sübut kimi tanınmaqla məhkəmənin hökmünə qədər saxlanılması üçün Yasamal RPl-nə təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinə əlavə edilmişdir (səh. 173-185). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla) (səh. 21, 76-80). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən metadon həbi şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 07 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş və 04 noyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan metadon tərkibli dərman preparatı olan 2 ədəd həb məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(004)-290/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 32 (otuz iki) iş saatına bərabər hesab edilərək, göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan metadon tərkibli dərman preparatı olan 2 ədəd həb məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar