Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-290/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 3, ev 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi, ev 165-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,566 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə saat 12:10-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,566 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. O, təxminən on beş ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, buna görə də o, əvvəllər məhkum olunmuşdur. 04 fevral 2023-cü il tarixdə səhər saat 11 radələrində o, yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə “Şamaxinka” adlanan ərziyə gedərək üzdən tanıdığı lakin adını bilmədiyi orta yaşlı şəxsdən 20 manat pul verərək özü istifadə etmək məqsədi ilə 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən heroini alıb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin gün saat 12 radələrində o, yaşadığı evə, yəni Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 165 saylı ünvanın qarşısına çatan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 20 manata özü istifadə etmək üçün aldığı narkotik vasitə heroini masanın üstünə qoymuş, sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə hesab edilən heroindir və həmin maddəni “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd bükülüdə olan maddəni, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və ailəli olmasını olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru vəzifəsində çalışır, Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılıb ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirlmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin xidməti otaqların birində Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X4 onun, Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir. O, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında özü istifadə etmək məqsədi ilə Yasamal rayonu, Şamaxinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Sadıqovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04 fevral 2023-cü il tarixli 6/700 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmizx çəkisi 1,566 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum edilmişdir. Belə ki: 1) Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 220 M 1 HİS. maddəsi ilə təqsirli bilinib, əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan şərti məhrum olunmuşdur. xx.xx.1992-ci il tarixdə AR Milli Məclisinin xx.xx.1992ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən cəzadan azad olunmuşdur. 2) Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 226-1 M 1 HİS. maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1995-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 226-1 M 2 HİS.; 55 maddəsi ilə təqsirli bilinib, narkomaniyadan məcburi müalicə olunmaqla, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci il tarixdə AR Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 1-ci maddəsinin 5-ci hissəsinə əsasən cəzadan azad olunmuşdur. 4) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 5) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,466 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-290/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-290/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver