Məhkəmə qərarları › İş №1(004)-291/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-291/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-291/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, X2İbliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 6-da (ev ünvanı yoxdur) yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 29 may 2024-cü il tarixdə saat 07:40 radələrində sürücülük vəsiqəsi və еtibаrnаmə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Sunny» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ilə üzü Yeni Yasamal istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin küçədə yerləşən fərdi yaşayış evlərinin qarşısında idarəetməni itirərək yolun sağ tərəfinə çıxaraq yol kənarında olan qaz borusuna çırpılıb həmin borunu sındırmaqla piyada Zərərçəkmiş şəxs2 üzərinə düşərək 2ci bel fəqərəsinin kompression sınığı, sol təpə-ənsə nahiyyəsinin hemotoması, sol sarğının və sol baldırın qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, digər piyada Zərərçəkmiş şəxs1 isə avtomobilin ön hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol kürək sümüyünün sınığı, sağ qaşüstü nahiyyənin şişkinlik halında əzilməsi, sağ göz yuvası nahiyyəsinin və sağ dizin qançırları, sağ alın almacıq birləşməsinin aralanması, sağ budun sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixində saat 07:40 radələrində idarə etdiyi Nissan Sunny markalı **-VL-*** d.q.n-lı avtomobillə Yasamal rayonu 2-ci Alatava küçəsindən üzü Yeni Yasamal istiqamətində hərəkətdə olduğu zaman qarşıdan avtomobil gəldiyini görmüşdür. Həmin avtomobillə hər ikisi orta zolağa yaxın olduqları üçün o qəfildən avtomobilin sükanını sağa fırlatmışdır. Bu zaman avtomobil yoldan çıxmış və yolun kənarında olan dəmir boruya, avtomobilin ön sağ hissəsi isə avtomobilin qabaq tərəfində olan piyadalara dəymişdir. Piyadalar yerə yıxılmışlar. Piyadalardan biri qadın, biri kişi və digəri isə az yaşlı uşaq imiş. Bu zaman onun idarə etdiyi avtomobil sol tərəfi üstə aşmışdır. Avtomobildən dərhal düşərək piyadalara yaxınlaşmışdır. TTYS-nın 103 xidmətinə məlumat vermişdir. Təxminən 10 dəqiqə ərzində TTYS-nin ekipajı hadisə yerinə gələrək piyadaları X8 aparmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. O da X8 getmiş və orada ona də ilkin tibbi yardım göstərilmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman təxminən 30-40 km/saat sürətlə hərəkətdə olmuş, spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardim xidmətinə məlumat verməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, digəri ilə isə barışıq əldə olunması üçün cəhd göstərməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə saat 07:40 radələrində 2017-ci il təvəllüdlü oğlu Şahid ilə Yasamal rayonu, 2-ci Alatava küçəsindən piyada şəkildə üzü 286 nömrəli məktəb istiqamətində yolun sağ kənarı ilə hərəkət edirmişlər. Hərəkətdə olan zaman oğlu ilə yolun kənarında olan ağacın yanında dayanıb biraz yarpaq yığmağa başlamışlar. Həmin vaxt qəfildən Nissan Sunny markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törədərək yolun kənarında olan qaz borusuna dəymişdir. Avtomobil qaz borusuna dəyən kimi boru sınmış və onun bel nahiyyəsinə düşmüş, o zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Gözünü açanda görüb ki, onu X8 aparıblar, orada ilkin tibbi yardım göstərilibdir. Daha sonra müalicə aldığı dövrdə onu oradan Nerocərrahiyyə Xəstəxanasına aparmışlar, onu müayinə etdikdən sonra məlum olub ki, onun onurğa fəqərəsi sınıbdır. Hazırda şikayətçidir, Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə saat 07:40 radələrində Yasamal rayonu, 2-ci Alatava küçəsindən piyada şəkildə üzü Yeni Yasamal istiqamətində yolun kənarı ilə hərəkət edirmiş. Hərəkətdə olan zaman qəfildən Nissan Sunny markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törədərək öncə yolun kənarında olan qaz borusuna dəymiş. Avtomobil qaz borusuna dəyən kimi boru sınmış və boru orada olan piyadalara dəymişdir. Sonra isə sağ tərəfi ilə ona doğru gəlmiş və ona dəymişdir. Zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Bir neçə dəqiqə sonra TTYS-nın əməkdaşları hadisə yerinə gələrək onu və xəsarət alan digər şəxslər X8 aparmışlar, orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında müəllimin, eynu zamanda qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, atası Kamran Şükürov uzun müddətdir ki, Rusiya Federasiyasında işləyir, bir neçə müddətdir ki, Azərbaycan Respublikasına gələ bilmir. 29 may 2024-cü il tarixdə saat 07:40 radələrində anası Zərərçəkmiş şəxs2 ilə Yasamal rayonu, 2-ci Alatava küçəsindən piyada şəkildə üzü oxuduğu 286 nömrəli məktəb istiqamətində yolun sağ kənarı ilə hərəkət edirmişlər. Hərəkətdə olan zaman anası ilə yolun kənarında olan ağacın yanında dayanıb biraz yarpaq yığmağa başlamışlar. Həmin vaxt qəfildən Nissan Sunny markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törədərək yolun kənarında olan qaz borusuna dəymişdir. Avtomobil qaz borusuna dəyən kimi boru sınmış və anasının bel nahiyyəsinə düşmüşdür, borunun bir hissəsi də onun sifət nahiyyəsinə dəymişdir, zərbənin təsirindən anası huşunu itirərək yerə yıxılmışdır. Avtomobilin qabaq tərəfi də yolda hərəkətdə olan digər piyada Zərərçəkmiş şəxs1 vuraraq ona xəsarət yetirmişdir. Biraz sonra hadisə yerinə gələn TTYS-nın əməkdaşları X8 aparmışlar, orada ona və anasına ilkin tibbi yardım göstərilmişdir. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Yasamal rayon şöbəsinin 04 iyun 2024-cü il tarixli 584 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasına və adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər – sol kürək sümüyünün sınığı, sağ qaşüstü nahiyyənin şişkinlik halında əzilməsi, sağ göz yuvası nahiyyəsinin və sağ dizin qançırları, sağ alın almacıq birləşməsinin aralanması, sağ budun sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 45-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Yasamal rayon şöbəsinin 20 iyun 2024-cü il tarixli 644 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına və adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər – 2-ci bel fəqərəsinin kompression sınığı, sol təpə-ənsə nahiyyəsinin hemotoması, sol sarğının və sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 64-67-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 23 dekabr 2024-cü il tarixli 8/2803 №-li rəyindən görünür ki, “Nissan Sunyy” minik markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 mart 2024-cü il tarixli 3-13-16/2-44045/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs 03 sentyabr 2018-ci il tarixdə (xx.xx.2028-cu il tarixədək etibarlı olan) AD 139521 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BDYPİnin tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli arayış və həmin arayışa əlavə edilmiş çıxarışlardan görünür ki, X3 məxsus “Nissan Sunny” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün 16 sentyabr 2024-cü il tarixdən 03 sentyabr 2028ci il tarixədək olan müddət ərzində avtomobilin sahibi tərəfindən Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Cinayət işinin 19-cu vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 29 may 2024-cü il tarixli 2/28737 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 103-109-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Nissan Sunny” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla, sahibinə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 137-138-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-cı Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Allahverdiyev Ramal xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, sonuncunun, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır xəsarət yetirməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardim xidmətinə məlumat verməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, digəri ilə isə barışıq əldə olunması üçün cəhd göstərməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini mülki prosesual məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Nissan Sunny» markalı, **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobiln sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhman Nərgizə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhman Nərgizin məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan «Nissan Sunny» markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobiln sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini mülki prosesual məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Xəlilrəhman Nərgizin məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar