Məhkəmə qərarları › İş №1(004)-292/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-292/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-292/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, o, 26.04.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram və 0,411 qram olmaqla ümumi təmiz çəkisi 0,883 qram olan kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxlamaqla daşımış, oğurluq etməkdə şübhələnildiyindən 28.04.2021-ci il tarixdə saat 21:00-da Yasamal RPİ- nin 28-ci PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq RPİ-nin 28-ci PB-nə gətirilərək bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə təmiz çəkiləri 0,472 qram və 0,411 qram olmaqla ümumi təmiz çəkisi 0,833 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroin və 01 ədəd 6x12sm ölçüdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən damarına vurmaq yolu ilə istifadə etmişdir. Adətən qəbul etdiyi narkotik vasitəni «Kubinka» küçəsində tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. Sonuncu dəfə isə 26 aprel 2021-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 02 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan «kakosu» və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş «şüşəni» 50 manata alaraq özündə saxlamışdır. Həmin şəffaf sellofana bükülmüş 2 ədəd bükümü və siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü qeyd etdiyi maddə ilə birlikdə əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamışdır ki, sonra müvafiq şərait yarandıqda və ağrıları olduqda həmin narkotik vasitəni istifadə etsin. Qeyd etdiyi şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Həmin gün narkotik vasitəni aldıqdan sonra yaşadığı evə qayıtmışdır. Bir neçə saat sonra, yəni 28 aprel 2021-ci il tarixdə saat 21:00-da tək olaraq yaşadığı ünvan 4 ünvanından çıxıb bərbərə gedən vaxt ona iki nəfər mülki geyimdə kişi cinsli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona oğurluq törətməkdə şübhəli olduğunu ehtimal etdiklərini bildirib onu özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİ-nin 28-cı polis bölməsinə getməsini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə getmişdir. Polis bölməsinə çatdıqda şəxsiyyəti müəyyən edilmiş və şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, hal-hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə o, müdafiəçisi Müdafiəçi1, onu polis bölməsinə gətirmiş mülki geyimli əməkdaşlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Bu zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibində olan şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükülünü, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükülünü və elktron tərəzini çıxarıb təqdim edərək həmin 02 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin, 01 siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün isə içərisində metamfetamin olduğunu bildirmişdir. Şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükülünün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli heroinə oxşar maddənin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü açıldıqda isə içərisində kristal şəkilli ağ rəngli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin maddələrin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, gümüşü rəngli kağıza bükülmüş bükümdə olanın isə “şüşə” olduğunu demişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş qeyd edilən maddələr və tərəzi təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə olan heroini və şüşə adı ilə aldığı ekspertiza tədqiqatından sonra limon duzu olması bəlli olan maddəni, bədənində ağrıları olduğuna görə öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxlamaqda məqsədinin gələcəkdə istifadə etmək olmasını qeyd edərək, üzərindən aşkar edilmiş elektron tərəzini gəzdirməkdə məqsədinin narkotik satan şəxslərdən narkotik vasitə alan zaman aldanmamaq üçün çəkməsi olduğunu bildirmişdir. Özünü narkotik vasitələrin istifadəsində günahkar hesab edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində saxladığı və daşıdığı ayrı ayrı bükümlərdə olan heroini şəxsi istifadə üçün olması, üzərində gəzdirdiyi elektron tərəzinin narkotik vasitə alarkən onu satıcı tərəfindən aldadılmaması üçün istifadə etməsi, narkotik vasitə satmaması və sair ifadələrini özünü müdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınma halı kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materialları, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə saat 21:00-da o və 28-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Yasamal rayonu Ə.Cavad küçəsi 46 ünvanının qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Onun tərəfindən ərazidə oğurluq cinayətinin törədilib-törədilməməsini yoxlamaq məqsədilə onu ərazi üzrə Yasamal RPİ-nin 28-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onunla söhbət zamanı narkotik vasitə istifadəçisi olmasını və hal-hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Hüquq və vəzifələr izah olunduqdan sonra, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 2 ədəd şəffaf rəngli bükümü, 1 ədəd siqaretin gümüşü rənginə bükülmüş bükümü və 1 ədəd elktron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs 2 ədəd şəffaf rəngli bükümün içərisindəkinin heroin, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin isə içərisindəkinin “şüşə” olmasını demişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərdən 2 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddələr və elektron tərəzi bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 167 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. Yasamal rayonu Ə.Cavad küçəsi 46 ünvanının qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Onu ərazi üzrə Yasamal RPİ-nin 28-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onunla söhbət zamanı narkotik vasitə istifadçisi olmasını və hal-hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci polis bölməsinin inzibati binasında təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 2 ədəd şəffaf rəngli bükümü, 1 ədəd siqaretin gümüşü rənginə bükülmüş bükümü və 1 ədəd elektron tərəzini özü könüllü təqdim etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərdən 2 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddələr və elektron tərəzi bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 167 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün Yasamal rayonu ərazisində «Kubinka» adlanan küçədən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkisini dəqiq bilməsi üçün üzərində gəzdirməsini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin baş təhqiqatçı polis mayoru X2 tərəfindən tərtib edilmiş və Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi1 oğlu tərəfindən imzalanmış 28.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 28 aprel 2021-ci il tarixində saat 21:00-da Yasamal RPİnin 28-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və və götürmə aparılarkən o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd şəffaf rəngli sellofan, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və elektron tərəzini çıxararaq təqdim etmişdir. O, 2 ədəd şəffaf sellofanın içərisində narkotik vasitə olan heroin, gümüşü rəngli siqaret kağızının içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir (cild 1, səh. 24-25). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29.04.2021-ci il tarixli 6/1708 №-li məhkəmə-kimyəvi ekspert rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №167 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ... və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472qram; 0,411qram, ümumi təmiz çəkiləri 0,883 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 bükümdəki təmiz çəkisi 0,321 qram şəffaf, kristalşəkilli maddə kütləsi limon turşusudur; digər zərfdəki 01 ədəd 6x12sm ölçüdə elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi; tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə tədqiqatının aparılması mümkün olmamışdır (cild 1, səh. 33-38). İş materiallarına əlavə edilmiş 05 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram və 0,411 qram, ümumi təmiz çəkiləri 0,833 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,803 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd 6x12sm ölçüdə elektron tərəzi, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk və şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 28-ci PB-də çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 1 ədsəd CD disk 05 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild 1, səh. 155-165). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı 2 ədəd şəffaf rəngli bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 3 gün əvvəl «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə 50 manata alaraq özündə saxladığını və göstərilən məddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məhkəmə-narkoloji ekspertizasının 16.06.2021ci il tarixli 1922 №-li məhkəmə-narkoloji ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı X1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 141-142). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09.07.1996-cı ildə Yasamal rayon məhkəməsinin hökmü ilə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.05.1999-cu ildə Yasamal rayon məhkəməsinin hökmü ilə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 2-ci hissəsi təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.05.2003-cü il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.07.2006-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.06.2010-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.04.2013-cü il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.11.2015-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə isə 30.04.2019-cu il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 99-102). İş materiallarına əlavə olunmuş 1(004)-244/2013 nömrəli 17.04.2013 tarixli Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 118-123). İş materiallarına əlavə olunmuş 1(004)-569/2015 nömrəli 04.11.2015 tarixli Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 116-117). İş materiallarına əlavə olunmuş 1(004)-111/2019 nömrəli 30.04.2019 tarixli Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 111-114). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 aprel 2021-ci il tarixindən hesablanmışdır (cild 1, səh. 15, 82-84). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (мад.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9-cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan, ayrı ayrı bükümlərdə olan heroinlə yanaşı onun narkotik vasitələrin satışında istifadə etdiyi bir ədəd elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmü ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs 30.04.2019-cu il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlu haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,803 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk və Bakceel MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 1(004)-292/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,803 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk və Bakceel MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar