Məhkəmə qərarları › İş №1(004)-292/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-292/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-292/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Almaniya Federativ Respublikası Noyştrelits şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022ci ilin fevral ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən 41 saylı yaşayış binasının 1-ci mərtəbəsində olan zirzəminin giriş qapısının qıfılını istintaqa məlum olmayan üsulla açıb həmin zirzəmiyə, yəni binaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 5100 manat dəyərində Rusiya istehsalı olan 2011-ci il istehsalı “Sikom” markalı, PRF-11/2400 modelli, 16 L tutumlu 5200 vatt gücündə şirniyyat hazırlayan qurğunu, bir ədəd 10500 manat dəyərində olan Çin istehsalı olan markası məlum olmayan lazer printerini, bir ədəd 1600 manat dəyərində Türkiyə istehsalı olan “Remta” markalı izqara aparatını, bir ədəd 600 manat dəyərində Türkiyə istehsalı olan “Remta” markalı toster aparatını, bir ədəd 50 litr həcmli latun materialdan hazırlanmış 1800 manat dəyərində olan samovarı və bir ədəd 1200 manat dəyərində olan 20 litr həcmində mis samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20.800 (iyirmi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Almaniyada anadan olsa da, azyaşlı vaxtında ailəsi ilə birlikdə Azərbaycana köçmüş və burada orta təhsil almışdır, bu səbəbdən Azərbaycan dilində səlist yazıb-oxuya bilmir, lakin orta səviyyədə danışa bilir və dili başa düşür. Tərcüməçiyə ehtiyajı yoxdur. Milliyyətcə ləzgidir, hazırda rəsmi iş yeri yoxdur, lakin fərdi qaydada avtomobil motoru ustası işləyir. O, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş, 2021-ci ildə azadlığa buraxılmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə avtomobil diaqnostikası yeri açmaq üçün istifadədə olmayan boş yer axtarmış, həmin vaxt Yasamal rayonu H.B.Zərdabi küçəsi ilə yol getdiyi zaman həmin küçədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin blokunda zirzəmi qapısı görmüş, fikirləşmişdir ki, həmin zirzəmiyə baxsın, diaqnostika yeri kimi istifadə üçün uyğun gəlib-gəlmədiyini müəyyənləşdirsin. Ona, zirzəminin yola tərəf arxa çıxış yeri olması və avtomobillərin oraya diaqnostika üçün sərbəst girib-çıxa bilmələri lazım olmuş, bununla da o, zirzəminin qapısına yaxınlaşıb əli ilə yoxlamış, qapının açıq olduğunu görmüşdür. O, zirzəminin içərisinə daxil olduqdan sonra pilləkənlə aşağı düşmüş, işıqları yandırmış, zirzəminin içərisinə baxış keçirmişdir. Orada müxtəlif məişət avadanlıqlarının və texniki qurğuların olduğunu görmüş, zirzəminin diaqnostika yeri kimi istifadə üçün uyğun gəlmədiyini başa düşdükdən sonra qərara gəlmişdir ki, orada olan məişət avadanlıqlarını və texniki qurğuları götürüb aparsın. Bundan sonra o, həmin zirzəmidən bir ədəd lazer çap aparatını, bir ədəd şirniyyat hazırlayan qurğunu, bir ədəd izqara aparatını, bir ədəd böyük ölçülü və bir ədəd kiçik ölçülü latun samovarlarını tək-tək küçəyə çıxarmış, yoldan keçən taksi avtomobili saxlatdıraraq, həmin əşyaları taksi avtomobilinə yükləmişdir. Bundan sonra o, taksi avtomobilini 6-cı mikrorayona sürdürmüş, orada həmin əşyaları avtomobildən endirmiş və müvəqqəti olaraq əşyaları orada yerləşən sahibsiz olan qaraja yerləşdirmişdir. Növbəti gün səhər saatlarında o, həmin samovarları və izqara aparatını götürüb yolda saxlatdığı taksi avtomobili ilə satmaq üçün Nizami rayonu 8-ci kilometr bazarına aparmış, orada böyük ölçülü samovarı bazarın içərisində mağazalarının birinin qarşısında dayanmış tanımadığı şəxsə 230 manata, izqara aparatını orada yoldan bazarın içərisində yoldan keçən tanımadığı şəxsə 50 manat qiymətinə satmışdır, kiçik ölçülü samovarı isə "xxxx" ASC-nin inzibati binasının yaxınlığına aparmış, orada yolun kənarında dayanmış VAZ 21011 markalı nömrəsini xatırlamadığı avtomobilində əyləşmiş metal alışı ilə məşğul olan tanımadığı şəxsə 50 manata satmışdır. Bundan sonra o, “Şamaxinka” deyilən əraziyə getmiş, orada Qusar rayonuna sərnişin aparan tanımamadığı taksi avtomobilinə yaxınlaşmış və bildirmişdir ki, Qusar rayonun müxtəlif əşyalar aparmalıdır, ağır olduğundan həmin əşyaları ünvandan götürmək lazımdır. Bundan sonra o, həmin avtomobilə əyləşmiş və onlar əşyaları gizlətdiyi qarajın qarşısına getmişlər, orada o, həmin əşyaları avtomobilə yükləmiş və bundan sonra Qusar rayonuna getmişlər. Qusar rayonunun Əvəcuq kəndində ata evi olduğundan, həmin əşyaları aparıb orada gizlətmişdir. O, təxminən 1-2 gün sonra həmin kənddə yaşayan bibisi oğlu Zaurun oğlu Remar ilə əlaqə saxlamış, görüşmüşlər. O, Remara şirniyyat hazırlayan qurğunu göstərib demişdir ki, həmin qurğu onun özünündür, bir nəfər ona həmin qurğunu borc əvəzinə vermişdir, həmin qurğunu 1000 manat qiymətinə satmaq istəyir. Remar isə fikirləşib xəbər edəcəyini demiş və təxminən 1-2 gün sonra onunla görüşmüş, qurğuya görə 200 manat pul verə biləcəyini demişdir. Həmçinin Remar həmin qurğudan istifadə etməklə şirniyyat hazırlayıb satacağını və əldə etdiyi puldan ona pulun qalan hissəsini verəcəyini demiş, o razılaşmış və Remar ona 200 manat verib qurğunu ondan götürmüşdür. Elə həmin ərəfələrdə o, oğurladığı lazer aparatını satmaq üçün Qusar şəhərinə getmişdir ki, orada alıcı tapmışdır. Orada yol gedərkən o, foto studiya yerini görmüş, bağlı olduğundan qapısında yazılmış mobil nömrə ilə əlaqə saxlamış və demişdir ki, lazer aparatı satır. Həmin yeri işlədən şəxs isə bir qədər sonra obyektə gələcəyini demiş, o, obyektin qarşısında gözlədiyini demişdir. Təxminən 30 dəqiqə sonra həmin şəxs gəlmiş, görüşmüşlər, həmin şəxs özünü Məmmədəli kimi təqdim etmişdir. O, həmin Məmmədəli adlı şəxsə demişdir ki, lazer aparatını Rusiyada aparmış və 700 manata satmaq istəyir. Həmin şəxs isə əvvəlcə aparata baxacağını, işlək vəziyyətdə olsa alacağını demişdir. O razılaşmış, növbətik gün həmin şəxs ona zəng edib aparata baxmaq istədiyini demiş, o, onu yaşadığı evə dəvət etmişdir. Həmin şəxs aparata baxmış və bildirmişdir ki, aparatın vəziyyətini yoxlamaq üçün aparatı işlətdiyi studiyaya aparmalıdır, o, buna etiraz etməmiş və aparatı avtomobilə yükləyərək studiyasına aparmış, bundan bir neçə gün sonra həmin şəxs zəng edib demişdir ki, aparat tam işlək vəziyyətdədir və aparatı almağa hazırdır. Bundan sonra o, həmin şəxsin studiyasına getmiş, Məmmədəli ona 650 manat pul vermiş və qalan 50 manatı sonradan verəcəyini demişdir. O, razılaşaraq pulu götürmüş və fevral ayının sonlarında həmin şəxs ona Qusar şəhərinin avtovağzalında qalan 50 manat pulu da vermişdir. Bundan sonra o, Əvəcuq kəndində yerləşən atası evində qalmağa davam etmişdir. 16 mart 2022-ci il tarixdə saat 21 radələrində polis əməkdaşları gələrək oğurluq etdiyinə görə onu evində tutmuşlar. O, həmin hadisəni törətdiyi zaman ətrafda heç kəs olmamışdır. O, zirzəmidən qeyd etdiyi əşyalardan başqa heç nə oğurlamamış, həmin zirzəminin qapısı açıq vəziyyətdə olmuş, o, zirzəmiyə qapıdan daxil olmuşdur. Həmin zirzəminin qapısı kilidlənmiş vəziyyətdə olmuş, o, oradan toster və qab-qacaq götürməmişdir. O, polis şöbəsində izahat verdiyi zaman toster ilə izqara aparatını səhv salmış, ona görə də, oğurladığı tosteri 8-ci kilometr bazarında 60 manata satdığını bildirmiş, izqara aparatını 60 manata yox, 50 manata satmışdır. O, oğurluğu edərkən əşyaların zirzəmidən küçəyə daşıması üçün ona heç kim köməklik etməmiş, o, tək olmuşdur. O, əşyaları daşıyan taksi avtomobili sürücülərini tanımamış, çünki onları yolda saxlatdırmışdır. Həmin avtomobillərin markaları və qeydiyyat nişanlarını xatırlamamış, əşyaları satdığı şəxslərə əşyaların oğurluq olduğunu heç kimə deməmişdir. Həmin əşyaları ondan alan şəxslərə yalandan demişdir ki, guya əşyalar özünə məxsusdur. Həmçinin Şahid1 və Məmmədəli adlı şəxsi inandırmışdır ki, satdığı əşyalar onun özünə məxsusdur. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanda valideynləri ilə yaşayır, həmin binanın birinci mərtəbəsində, blokun giriş hissəsində yerləşən zirzəmi sənədlə anası Laləzar Fətullayevanın adınadır, həmin zirzəmidə valideynlərinə və ona məxsus məişət əşyaları və texniki avadanlıqlar saxlanılır. Zirzəminin qapısı seyf qapıdır, açarla kilidlənir, açarlar ancaq onda və valideynlərində var. Həmin qapı hər zaman kilidlənmiş vəziyyətdə olur, qapını açıq vəziyyətdə baxımsız qoymurlar. 01 fevral 2022-ci il tarixdə o, zirzəmiyə düşərək oradan elektrik plitə götürmüş, həmin zaman orada hər bir əşya yerində olmuşdur. O, 07 fevral 2022-ci il tarixdə əşya qoymaq üçün zirzəmiyə yaxınlaşmış, görmüşdür ki, qapısının kilidi açıq vəziyyətdədir. O, valideynlərindən zirzəmiyə daxil olub-olmadıqlarını soruşmuş, lakin sonuncular daxil olmadıqlarını bildirmişlər. Sonra o, zirzəmiyə daxil olaraq baxıb görmüşdür ki, zirzəminin içərisi dağınıq vəziyyətdədir, orada olan əşyaların bir hissəsi yerində yoxdur. Sonra o, orada saxladığı əşyaları tək-tək nəzərdən keçirmiş və müəyyən etmişdir ki, oradan ona məxsus bir ədəd “Sikom” markalı şirniyyat hazırlayan qurğu, bir ədəd Çin istehsalı olan lazer printeri, bir ədəd “Remta” markalı izqara aparatı və bir ədəd həmin markalı toster aparatı, bir ədəd 50 litr həcmində mis samovar və bir ədəd 20 litr həcmində mis samovar oğurlanmışdır. O, əvvəlcə polisə müraciət etməmiş, düşünmüşdür ki, bu əməli törətmiş şəxsi özü müəyyən etsin. Bununla belə, xx.xx.2022-ci il tarixdə o, “Lalafo” internet səhifəsinə baxarkən, orada satışa qoyulmuş ona məxsus şirniyyat hazırlayan qurğunu şəkillərdən tanımış, qurğunu satışa qoymuş şəxslə əlaqə saxlamış, həmin şəxs bildirmişdir ki, Qusar rayonundadır, o da, həmin şəxsə demişdir ki, qurğunu almaq fikri var, sadəcə işlək vəziyyətini yoxlamaq istəyir və bunun üçün həmin şəxsdən qurğunu Bakı şəhərinə gətirməsini xahiş etmişdir. Həmin şəxs razılaşmış, bundan sonra o, xx.xx.2022-ci il tarixdə gedib 28-ci polis bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq barədə məlumat vermiş, bildirmişdir ki, oğurlanmış əşyalardan birini internetdə tapmışdır və hazırda Bakı şəhərinə gətizdirir. Bundan sonra o, həmin qurğunu satmaq istəyən şəxslə görüşməyə gedərkən 28-ci PB-nin əməkdaşları həmin şəxsi saxlamışlar və Polis bölməsinə aparmışlar. Həmin şəxs polis bölməsində olarkən sonuncunun adının Remar olduğunu bilmiş, «Remar» adlı şəxs həmin qurğunu polislərə təqdim edərək, həmin qurğunu fevral ayının əvvəlində atasının dayısı oğlu Təqsirləndirilən şəxs 200 manata aldığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin Təqsirləndirilən şəxs adlı şəxs Qusar rayonunda polis tərəfindən tutulmuşdur, oğurluq etdiyini etiraf etmişdir, ona məxsus lazer printerini Qusar şəhərində yerləşən foto studiyaya satmışdır, samovarları, toster və izqara aparatlarını isə 8-ci kilometr bazarında satmışdır. Ona məxsus bir ədəd Rusiya istehsalı olan “Sikom” markalı şirniyyat hazırlayan qurğunun 5100 manat dəyərində, bir ədəd Çin istehsalı olan markasını dəqiq bilmədiyi lazer printerinin 10500 manat dəyərində, bir ədəd Türkiyə istehsalı olan “Remta” markalı izqara aparatının 1600 manat dəyərində, bir ədəd Türkiyə istehsalı olan “Remta” markalı toster aparatının 600 manat dəyərində, bir ədəd 50 litr həcmində mis samovarın 1800 manat dəyərində və bir ədəd 20 litr həcmində mis samovarın 1200 manat dəyərində olduğunu nəzərə alaraq, ümumilikdə ona 20.800 manat məbləğində maddi ziyan dəymişdir. Zirzəmidə ona məxsus olan qab-qacaqların olduğu qutular dağınıq vəziyyətdə olduğundan o düşünmüşdür ki, əşyalardan da bir hissəsi oğurlanmışdır. Lakin bunu dəqiq bilməmişdir. Sonra zirzəmidə olan əşyaları bir daha nəzərdən keçirmiş, sonradan ona məlum olmuşdur ki, orada olan qab-qacaqların hamısı yerindədir, çatışmayan hissəsi yoxdur. Sadəcə olaraq qab-qacaqla həmin vaxt yerlərindən kənara səpələnmiş vəziyyətdə olmuşlar və ona elə gəlmişdir ki, onlardan hansısa bir hissəsi oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri H.Əliyev prospektində yerləşən foto studiyanı işlədir, orada fotoşəkillər çap edir, sənədlərin surətini çıxarır və reklam yazıları hazırlamaqla məşğuldur. O, artıq 11 ildir ki, bu fəaliyyətlə məşğul olur, bununla da qazanc əldə edir. 11 fevral 2022-ci il tarixdə bir nəfər tanımadığı şəxs ona zəng edərək, ləzgi dilində ona bildirmişdir ki, onda yazı yazan lazer aparatı var və satmaq istəyir. O, belə bir aparata almaq istədiyini demiş və aparatın parametrlərini soruşmuş, həmin şəxs isə aparatdan başı çıxmadığını demişdir. O, həmin vaxt bir az kənarda olmuş və demişdir ki, fotostudiyanın qarşısında gözləsin, təxminən 30 dəqiqəyə orada olacaqdır. Həmin şəxs razılaşaraq onu gözləmiş, bundan sonra studiyanın qarşısına gedib sonuncu ilə görüşmüş, həmin şəxs özünü Roman kimi təqdim edib bildirmişdir ki, Qusar rayonu Əvəcuq kəndində yaşayır, dediyi aparatı Rusiyadan gətirmişdir və hazırda evindədir. O, qiymət barədə soruşduqda bildirmişdir ki, həmin aparatı 700 manata satır. O, həmin şəxsə demişdir ki, aparatı yoxladıqdan sonra alıbalmayacağını dəqiq deyəcəkdir. Həmin şəxs razılaşaraq demişdir ki, aparatı evdən götürüb aparıb yoxlada bilər. Növbəti gün o, həmin şəxslə əlaqə saxlamış, sonuncunun evinə gəlib aparata baxmaq istədiyini demiş, həmin şəxs evdə olduğunu bildirərək kəndə gəldiyi zaman onu qarşılayacağını demişdir. O, bundan sonra taksi avtomobili ilə Əvəcuq kəndinə getmiş və orada Roman ilə görüşmüş, Roman onu evinə aparmışdır. O, Romanın evinə daxil olduqdan sonra Roman ona qoşulmuş lazer aparatını göstərmiş, bildirmişdir ki, satmaq istədiyi aparat budur, işlək vəziyyətdədir. O, aparatı götürüb özü ilə aparacağını, işlək vəziyyətini yoxladıqdan sonra xəbər edəcəyini demiş, Roman razılaşmış və o, aparatı taksi avtomobilinə qoyaraq studiyasına aparmışdır. O, aparatı bir neçə gün işlətmiş, əmin olmuşdur ki, işlək vəziyyətdədir və heç bir problem olmadan çap edə bilir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, Romanla əlaqə saxlamış, Roman işlədiyi studiyaya getmiş və o, aparata görə Romana 650 manat məbləğdə pul vermiş, qalan 50 manatı yaxın günlərdə verəcəyinə söz vermişdir. Roman razılaşaraq pulu götürmüş və çıxıb getmişdir. Fevral ayının axırlarında isə o, Romanla Qusar şəhəri avtovağzalında görüşərək Romana qalan 50 manat pulu da vermişdir. Bundan təxminən 01 ay sonra işlədiyi studiyaya polis əməkdaşları getmişlər, Romandan aldığı həmin lazer aparatının oğurluq olduğunu bildirmişlər, o, aparatı polislərə təqdim edib bununla bağlı onlara izahat vermişdir. O, lazer aparatına baxdıqdan sonra internet səhifələrində qiymətini araşdırmış və müəyyən etmişdir ki, Rusiyada həmin aparatın təzəsini Azərbaycan məzənnəsi ilə təxminən 1500 manat qiymətinə satırlar. Buna görə də, lazer aparatının işlənmiş vəziyyətdə olduğunu nəzərə alaraq, Romanın lazer aparatını 700 manat qiymətə satdığını doğru hesab etmişdir. Həmin aparat Çin istehsalıdır və original aparatın saxta versiyasıdır, aparatın 10.500 manat dəyərdə olması doğru deyildir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Qusar rayonunda “Pioner” mağazalar şəbəkəsində kompüter operatoru işləyir. 2022-ci ilin fevral ayının əvvəllərində atasının dayısı oğlu Təqsirləndirilən şəxs ona zəng etmiş və rayonda olduğunu, görüşmək istədiyini demişdir. O razılaşmış və onlan Romanın evinin qarşısında görüşmüşlər. Roman ona bildirmişdir ki, Romana borclu olan bir şəxs borc əvəzinə şirniyyat hazırlayan aparat vermişdir. Roman həmin aparatın 1000 manat qiymətinə satmaq istədiyini bildirmiş, ondan almaq istəyib-istəmədiyini soruşmuş, o, həmin aparata baxmış, fikirləşib 1-2 günə Romana xəbər edəcəyini demişdir. Bundan sonra o, həmin aparatın markası üzrə internetdə axtarış etmiş, aparatın 3400 manat qiymətə olduğunu öyrənmiş, fikirləşmişdir ki, yəqin Romanın aparatdan anlayışı yoxdur, qiymətini bilmir. Buna görə də qərara gəlmişdir ki, əlində olan 200 manat pulu Romana təklif edib aparatı alsın, qalan 800 manat pulu isə aparatı baha qiymətə satdıqdan sonra Romana verər. Bundan 1-2 gün sonra onlar Romanla görüşmüşlər. O, Romana öz təklifini etmiş, Roman razılaşmışdır. Lakin o, aparatı satacağını yox, istifadə edib şirniyyat hazırlayacağını, əldə edilən gəlirdən də Romana qalan 800 manatı verəcəyini demişdir. Bundan sonra o, aparatı götürüb evinə aparmış, zirzəmidə yerləşdirmiş, sonra həmin aparatın şəkillərini çəkərək satışa qoyulması üçün “Lalafo” internet səhifəsinə elan yerləşdirmiş, 3000 manat qiymət qoymuşdur. Bir müddət sonra onunla bir nəfər şəxs əlaqə saxlamış, Bakı şəhərində yaşadığını deyərək aparatı almaq istədiyini demiş və ondan xahiş etmişdir ki, yoxlanılması üçün aparatı Bakı şəhərinə gətirsin. xx.xx.2022-ci il tarixdə o, həmin aparatı götürüb Bakı şəhərinə gətirmiş, ona zəng etmiş şəxslə görüşməyə getdiyi vaxt onu polis əməkdaşları yaxalamışlar və polis bölməsinə aparmışlar. Orada o, həmin aparatı polisə təqdim etmiş və olduğu kimi izahat vermişdir. O, həmin aparatı Təqsirləndirilən şəxs alarkən aparatın oğurluq olması barədə məlumatı olmamış, əks halda aparatı Romandan əldə etməzdi. Əslində o, Romanın aparatı ucuz qiymətə satmaq istədiyinə görə təəcüblənmiş, lakin fikirləşmişdir ki, yəqin Romanın həmin aparatdan anlayışı yoxdur və qiymətini bilmir, bu səbəbdən də, aşağı qiymətə satır. Lakin həmin aparatın oğurluq yolu ilə əldə olunmasında heç bir şübhəsi yaranmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 8-ci kilometr bazarında metal əşyaların alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin fevral ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə səhər saatlarında bir nəfər şəxs işlədiyi bazara gedərək, dəmir bazarına daxil olmuş və orada işləyən alverçilərə 1 ədəd latun samovar satdığını bildirmişdir. Həmin vaxt o, həmin şəxsdən samovara baxmaq istədiyini demiş və həmin şəxs samovarın avtomaşında olduğunu deyərək ona avtomaşınının yanına aparmış, orada ona samovarı göstərmiş, samovar latun metaldan, iri həcmli olmuşdur. Həmin şəxsdən samovarın kimə məxsus olduğunu soruşanda bildirmişdir ki, samovar özünündür, istifadə etmədiyinə görə satmaq qərarına gəlmişdir. O, samovarın qiymətini soruşduqda həmin şəxs onu 300 manata satdığını demiş, o, həmin şəxsdən qiymətin aşağı yerini soruşmuş və sonda 230 manat qiymətində razılaşmışlar. Bundan sonra onlar samovarı götürüb onun işlədiyi məntəqəyə aparmışlar, orada məntəqənin qarşısında o, həmin şəxsə 230 manat pul vermişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini istəmişdir ki, hər ehtimala qarşı şəklini çəkib özündə saxlasın. Bundan sonra həmin şəxs etiraz etməyərək vəsiqəsini ona vermiş, o, həmin şəxsin şəklini çəkib vəsiqəsini özünə qaytarmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir, əslən Qusar rayonundandır. Samovar iri həcmli olduğundan və saxlamaq üçün yer olmadığından, o, samovarı yaşadığı evə aparmış və orada saxlamış, lakin istifadə etməmişdir. 30 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə bazara gedəndən sonra ona məlum olmuşdur ki, Roman həmin samovarı kimdənsə oğurlayıb ona satmışdır. Bu səbəbdən o, samovarı polisə təqdim etmək qərarına gəlmişdir. O, samovarın təxminən 500 manat qiyməti olduğunu bilmiş, lakin əldə satıldığını və istifadədə olduğuna görə 230 manata almasını doğru hesab etmişdir. Təqsirləndirilən şəxs samovarı gətirdiyi avtomobilin “Mercedes E240” markalı olduğunu xatırlamış, lakin nömrələri yadında olmamışdır, sürücünü görməmiş, çünki sükan arxasında olmuş və onların söhbətlərinə qarışmamışdır. Cinayət işinin 104-108-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının xx.xx.2022-ci ci il tarixli 9/2097 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta istismar müddəti və orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3800,0 manat müəyyən edilir. Cinayət işinin 129-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 211-220-ci vərəqələrində olan toplanmış sübutların qiymətlənfirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd “Sikom” markalı PRF-11/2400 modelli şirniyyat hazırlayan qurğu, 1 ədəd Çin istehsalı olan lazer printeri və 1 ədəd 50 litr həcmli latun materialdan hazırlanmış samovar iş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2022-ci il tarixli qəbz əsasında məhkəmə baxışınadək məsul saxlanılması üçün sahibi olan iş üzrə zərərçəkmiş şəxs A.Fəttulayevə təhvil verilmişdir. Cinayət işinin 183-184-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, cəzasının çəkilməmiş qalan 01 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs A.Fəttulayev tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, cəzasının çəkilməmiş qalan 01 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 16 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sikom” markalı PRF-11/2400 modelli şirniyyat hazırlayan qurğu, 1 ədəd Çin istehsalı olan lazer printeri və 1 ədəd 50 litr həcmli latun materialdan hazırlanmış samovarı məsul saxlanılması üçün sahibi A.B.Fətulayevə təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili N.M.Əhmədova və 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili N.M.Əhmədova ibtidai istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sikom” markalı PRF-11/2400 modelli şirniyyat hazırlayan qurğu, 1 ədəd Çin istehsalı olan lazer printeri və 1 ədəd 50 litr həcmli latun materialdan hazırlanmış samovarı məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və 4 saylı Vəkil Bürolarının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar