Məhkəmə qərarları › İş №1(004)-292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-292/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-292/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Ərəb kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-itifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə 2022-ci ilin iyul ayında əlillik dərəcəsinin bərpası və dayandırılmış təqaüdünün yenidən ödənilməsinin təmin edilməsinə köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması və qeyd edilən məsələ ilə bağlı ona köməklik göstərəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib Zərərçəkmiş şəxs aldatmaqla inam və etibarını qazanmış, qeyd edilən məqsədlə 02 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Adana” restoranında Zərərçəkmiş şəxsla görüşərək ona ləğv olunmuş əlillik dərəcəsinin bərpası və dayandırılmış təqaüdünün yenidən ödənilməsi məsələsini həll edəcəyinə dair bir daha yalan vədlər verib Zərərçəkmiş şəxs məxsus milli məzənnə ilə 3.910 (üç min doqquz yüz on) manat təşkil edən 2.300 (iki min üç yüz.) ABŞ dolları pulunu alıb verdiyi vədə əməl etməyərək etibardan sui-itifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından tanıyır. Ortaq tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs tanımışdır. Tanış olan zaman Zərərçəkmiş şəxs ona bildirmişdir ki, əlillik dərəcəsinin bərpa edilməsinə köməklik etmək lazımdır. Həmin vaxt onun maddi durumu pis olduğu üçün o, Telmana köməklik edə biləcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Telmanla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Adana" restoranında görüşmüş və sonuncudan 2.300 ABŞ dolları məbləğində pul almışdır ki, sonuncunun əlillik dərəcəsini bərpasına köməklik etsin. O, pulu aldıqdan sonra bir müddət çalışmış və tanışlıq və əlaqələr axtarmışdır ki, Telmana köməklik etsin lakin, köməklik edə bilməmişdir. Bir müddət sonra sonuncudan götürdüyü pulun bir hissəsini övladının müalicəsinə və bir hissəsini isə özünün şəxsi ehtiyaclarıma görə xərcləmişdir. O, pulu alan zaman Telamana bildirmişdir ki, 3 ay müddətində işini həll edəcəkdir. Dediyi vaxt tamam olan zaman o, pulu Telmana ödəyə bilmədiyi üçün müxtəlif bəhanələr gətirərək Telmana yalan danışmağa başlamışdır. Səməndər onun uzaq qohumudur və Telmanın dediyi kimi onun vasitəsilə tanışlıqları olmuşdur. O, heç bir işlə məşğul deyil və Səməndərin onun adını nə üçün verdiyini bilmir. Səməndərin bu hadisədə heç bir rolu olmamış, hadisədən sonra sonuncu ilə əlaqəsi tamamilə itmişdir. Harada yaşadığını və əlaqə nömrəsini bilmir. O, Telmandan pulu alan zaman düşünürmüş ki, pulu aldıqdan sonra ona köməklik edə biləcək, hətta ilkin mərhələdə köməklik etmək üçün müəyyən cəhdlər etmiş, lakin köməklik edə bilməmişdir. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün pullan xərcləmişdir. Vüsal onun tanışıdır və həmin gün onun yanına təsadüfən gəlmiş, onun Telmandan pul almağında sonuncunun heç bir rolu yoxdur. Sadəcə olaraq həmin zaman onun yanına təasdüfən gəlmişdir. Telman gəldikdən sonra da getməmiş, onlarla əyləşmişdir. Onun razılığı ilə videoçəkliş edilmiş, hətta həmin çəkilişi onun yanında olan Vüsal adlı tanışı etmişdir. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə iş yerində aldığı xəsarətə görə dövlət tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi verildiyi üçün təqaüd alırmış. 2021-ci il tarixdə əlillik dərəcəsi ləğv olunduğu üçün o, təqaüd ala bilməmişdir. Əlilliyin bərpası üçün müayinələrdən keçməyinə baxmayaraq o, yenidən dərəcə ala bilməmişdir. Dərəcəni bərpa etmək üçün müəyyən yollar axtarırmış, 2022-ci ilin iyul ayında Səməndər adlı tanışı ona əlillik dərəcəsinin yenidən bərpa edilməsi üçün Bahar adlı tanışının köməklik edə biləcəyini demiş və sonuncunun istifadəsində olan mobil nömrəni ona vermişdir. O, Səməndərin sözündən sonra Bahara zəng vurub istəyini dedikdə, Bahar ona özünün zəng edəcəyini demişdir. Onun zəngindən təxminən 1 həftə sonra Bahar ona zəng vuraraq işin düzələcəyini demiş və görüşmək istəmişdir. Görüşməmişdən əvvəl Bahar işin alınması üçün ondan 4.000 manat pul istəmişdi. xx.xx.2022-ci il tarixdə o, üzərində 2.300 ABŞ dolları, yəni 1 ABŞ dollar 1.70 manat ekvivalentində olan 3.910 manat götürərək Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Adana” restoranında Bahar ilə görüşmüşdür. Həmin zaman Baharın yanında Vüsal adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində tanışlarının olduğunu həmin şəxslərin vasitəsilə köməklik edəcəyini bildirmiş Orada yenidən danışmış və daha sonra Bahar ona həmin məsələnin alınması üçün 4.000 manat pul istəmişdir. O, Bahara o qədər pul verə bilməyəcəyini dedikdə, Bahar pulu verməsə işinin alınmayacağını demişdir. Onlar 3.910 manat razılaşmışlar. O, Bahara pulu yalnız pulu alan zaman videoçəkilişini etdikdən sonra şərtilə verəcəyini bildirmiş, Bahar onunla razılaşmış özü könüllü icazə vermişdir ki, videoçəkiliş aparılsın, həmin videonu da sonuncunun yanında gələn Vüsal adlı şəxs etmişdir. Razılığa gəldikdən sonra o, 2.300 ABŞ dolları miqadarında pulu Bahara vermişdir. Bahar pulu aldıqdan sonra ona işinin təxminən 1 ay müddətində düzələcəyini demişdir. Bir ay müddət keçdikdən sonra işin alınmadığını görüb Baharla əlaqə saxlayan zaman sonuncu ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. O, sonuncunun onu aldatdığını anladıqdan sonra belə pulu verməsini gözləmiş, lakin Bahar pulu verməkdən imtina etmişdir. Pulu verdiyi gündən təxminən 3 ay sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olduğunu həmin şəxslərin vasitəsilə köməklik edəcəyini bildirmişdir. Səməndər onun işlətdiyi idman zalına gələn bir müştəri olmuş, sonuncunun anket məlumatlarını bilmir və mobil telefonunda yenilənmə olduğu üçün Səməndərə məxsus mobil nömrə hazırda onda yoxdur və Səməndərin özü ilə də hazırda əlaqəsi yoxdur. Səməndərlə Baharın əlbir olduğunu düşünmür, Səməndər sadecə olaraq ona köməklik etmək istəmişdir. Ona Baharın nömrəsini verən zaman Baharla özünün danışıb razılağa gəlməyini bildirmişdir. Pulu verən zaman tək olduğunu, hadisə ilə bağlı Baharın pulu alma anı ilə bağlı video görüntülər olduğunu və ismarışlarda səs yazılarının olduğunu görüntünü təqdim etdiyini və ismarışları təqdim edəcəyini bildirmişdir. Vüsalı əvvəlcədən tanımamış, ilk dəfə Baharın yanında görmüşdür. Hadisə zamanı ümumilikdə 3.910 manat (üç min doqquz yüz on) maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İş üzrə icraatın xitam verilməsinə etirazı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Cəzalandırılmasını istəmir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar