Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-292/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, M.İsayev küçəsi 37-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina 2, mənzil 69da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə etibarnamə əsasında icarəyə götürərək idarə etdiyi “Toyota Prius” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni sahibi Şahid Xaliq oğlundan alaraq onun sahibliyinə verəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 17 ünvanında yerləşən “Xəmirçi” kafesinin qarşısında 1000 manat, 2024-cü ilin mart ayının əvvəllərində isə həmin ünvanda 5100 manat alıb pulu ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 6100 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur və Əhmədli qəsəbəsində kirayədə qalır. 2023-cü ildən “Toyota Prius” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid icarəyə götürərək idarə edir. Bir müddət əvvəl “Xəmirçi” kafesində kababçı işləyən Zərərçəkmiş şəxsla tanış olmuşdur. 2024-cü ilin əvvəlində Pünhan ona avtomobil alıb icarəyə vermək istədiyini deyib və kömək istəmişdir. O da bu barədə Rövşənlə əlaqə saxlayaraq avtomobili satmaq istəyib-istəmədiyini soruşmuş, ilkin olaraq 13800 manat, sonradan isə 13400 manata razılaşmışlar. Pünhan beh olaraq ona 1000 manat vermiş, o da həmin pulu Rövşənə çatdırmışdır. Sonradan Rövşən əlavə olaraq 5100 manat istəmiş, Pünhan buna da razı olmuş və onun vasitəsilə bu məbləğ də ona ödənilmişdir. Ümumilikdə Rövşənə 6100 manat pul verilmişdir. Lakin sonradan Pünhan maliyyə çətinliyi səbəbindən qalan məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Nəticədə, o, Rövşəndən pulu geri almış, lakin maddi çətinlik səbəbindən Pünhana qaytarmayıb və ehtiyaclarına xərcləmişdir. Pulun qaytarılmasını dəfələrlə vəd etsə də, bunu etməmişdir. Sonradan Pünhanın polisə şikayət etdiyini öyrəndikdən sonra, 29-cu Polis Şöbəsində ona 1000 manat ödəmişdir. O, etdiyi cinayət əməlindən çox peşmandır. Yekun olaraq o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “Xəmirçi” kafesində kababçı işləyərkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elşən həmin kafeyə müştəri kimi gəlmiş və aralarında münasibət yaranmışdır. 2024-cü ilin yanvar ayında o, avtomobil alaraq onu icarəyə vermək qərarına gəlmiş və bu barədə Elşənə məsləhətləşmək üçün müraciət etmişdir. Elşən onun qərarını düzgün saymış, bir neçə gün sonra isə ona idarə etdiyi “Toyota Prius” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin bu nəqliyyat vasitəsini satmaq istədiyini bildirmişdir. O bu avtomobildən xoşu gəldiyini demiş və Elşən ona 13000 manat müqabilində avtomobili ala biləcəyini, 10000 manatını onun, 3000 manatını isə özünün verəcəyini və sonradan bu məbləği icarə haqqından çıxacağını demişdir. O bu təkliflə razılaşmış və heyvanlarını sataraq 6000 manat pul düzəltmiş, yaxın günlərdə 10000 manatı tamamlaya biləcəyini Elşənə bildirmişdir. Bir neçə gün sonra Elşən ona zəng edərək avtomobilin sahibinin 1000 manata ehtiyacı olduğunu demiş, o da həmin məbləği “Xəmirçi” kafesinin qarşısında Elşənə təqdim etmişdir. Təxminən bir həftə sonra Elşən eyni əsasla 5100 manat daha istəmiş, o da etibar etdiyindən bu məbləği də ona təhvil vermişdir. Ümumilikdə Elşənə 6100 manat vermişdir. Daha sonra Elşən kafeyə gələrək əvvəlcədən razılaşdırılmış 3000 manatı verə bilməyəcəyini, həmin pulu əmisioğlunun müdiri üçün istifadə etdiyini demişdir. Bu səbəbdən o, avtomobilin qalan 7000 manatını özü ödəmək qərarına gəlmiş və Ağdaşda yerləşən özünə məxsus torpaq sahəsini satmaq üçün etibarnamə hazırlatmışdır. Lakin bu barədə Elşənə məlumat verdikdə, Elşən ona 6100 manatı bir həftə ərzində geri qaytaracağını deyərək torpağı satmamasını tövsiyə etmişdir. O səbəbini soruşduqda, Elşən cavab vermədən telefonu söndürmüşdür. Sonrakı müddətdə Elşən telefon zənglərinə cavab verməmiş və müxtəlif bəhanələrlə pulu geri qaytarmamışdır. Bundan sonra o onun etibarından sui-istifadə edildiyini anlayaraq 29-cu Polis Şöbəsinə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı Anar Allahyarova təqdim olunmuş 04 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə ona dəymiş 6100 manat məbləğində zərərin 1000 manat məbləğində hissəsi Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. (i.v. 21) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 43-46) “Üzləşdirmə haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Zərərçəkmiş şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 51-55) “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən o, CM-nın 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və CPMin 85.4, 157.8, 162, 175-ci maddələri rəhbər tutularaq barəsində olan iş üzrə cinayət təqibinə xitam verilərək azad olunmuşdur. (i.v. 29-30) İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2338 nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən (terminal nömrəsi: K0210011, əməliyyat nömrəsi: 9********) və xx.xx.2025-ci il tarixli, 20427 nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən (terminal nömrəsi: K0210011, əməliyyat nömrəsi: 9********) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1525 manat Maliyyə Nazirliyi – X2 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxs X1 iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsini və qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-292/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-292/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver