Məhkəmə qərarları › İş №1(004)-293/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-293/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-293/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: 04 may 2023-cü il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 19 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal RPİ İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Valeh Nəbiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmışdır. ********* nömrəli həmin cinayət işi üzrə 25 aprel 2023-cü il tarixdə ittiham aktı tərtib edilərək Yasamal rayon prokurorluğuna təqdim edilmiş, ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən 29 aprel 2023-cü il tarixdə təsdiq edilərək baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Bakı şəhəri Yasamal rayonu M. Xiyabani küçəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram: 0.174 qram; 0,263 qram ; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə - qurudulumuş marixuana əldə edib, üzərində saxlayaraq daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 19:50-də ünvan 1 ünvanda yerləşən “ Qismət" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində Yasamal RPl-nin NMB-nin və Yasamal RPl-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPl-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0.263 qram; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43.979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə - qurudulumuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçinin yardımından istifadə edə bilməmiş, 1 saatdan artıq müddətə tamamilə polisin nəzarətində olması, həmin vaxt müdafiəçisinin olmaması və heç bir prosessual hüquqlarının təmin edilməməsi, həmin narkotik vasitənin məhkumun üstünə qoyulması barədə tam haqlı narahatlıqlar ortaya qoyur. Təqsirləndirilən şəxs tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməməsi, tutulan anda onun müdafiəçi ilə təmin edilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayiəti ilə 1 saatdan sonra polis şöbəsinə gətirilərək şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir. Həmin vaxt aralığında müdafiəçisi olmamış, müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, şəxsi axtarışın nəticəsində əldə olunan maddi sübut mötəbər hesab edilmədikdə, ona söykənən digər sübutlar mötəbər hesab edilə bilməz”. “şübhəli şəxsin tutulması” haqqında qərarda müdafiəçinin imzası yoxdur. Sözügedən qərarda müdafiəçinin imzasının olmaması şübhə və narahatlıq yaradır o səbəb görə ki, həm qərar, həm şübhəli şəxsin tutulması barədə protokol daha sonrada tərtib edilmiş və imza etməsi üçün vəkilə təqdim edilmişdir. Müvafiq istintaq hərəkətləri aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməmişdir. Şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan başqa “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun, “şübhəli şəxsin tutulması” protokolun tərtib olunduğu saat və dəqiqələr təqsirləndirilən şəxsin olduğu yer üzrə anten məlumatları ilə üst-üstə düşmür. Bundan başqa ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin miqdarına və ayrı-ayrı bükülülərdə olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə nəticəyə gəlməyə əsas verir. Belə ki, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı hüquq mühafizə orqanlarına hər hansı əməliyyat məlumatı daxil olmamış, onun iş materialları ilə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsini sübut edə biləcək telefon danışıq məlumatları və ya narkotik vasitənin satılması ilə bağlı razılığa gəlməsi və ya əvvəllər təqsirləndirilən şəxs narkotik vasitə aldığını iddia edən bir nəfər belə istehlakçı müəyyən olunmamışdır. Odur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (CPM 303.3.1), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması (CPM 303.3.6), yəni prokurorun öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək vəzifəsinin yerinə yetirilməmisi (CPM 290.3.2) səbəbələrinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı verilmiş vəsatətin əsassız olduğunu qeyd edərək onun təmin olunmadan rədd edilməsi haqqında qərar qəbul edilməsini, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, həqiqətən də iş üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verilmiş, qanunçuluq, müdafiə hüququnun təmin edilməsi və cinayət təqibi üzrə icraatın digər əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş - “şübhəli şəxsin tutulması” haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin qərar təqsirləndirilən şəxsin vəkili Müdafiəçi1 tərəfindən imzlanmamışdır. Bu halın mövcud olması belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə onun tutulması barədə qərar elan edilərkən müdafiəçi qismində təyin edilmiş şəxs həmin prosesdə iştirak etməmişdir və ibtidai istintaq orqanı onun iştirakını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.5-ci maddəsinə əsasən şübhəli şəxsin tutulması haqqında qərar ona elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır və həmin Məcəllənin 90.6-cı maddəsinə uyğun olaraq cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin həmin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.9-cu maddəsinə əsasən, şübhəli şəxs tutulduğu halda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Digər tərəfdən həmin Məcəllənin 92.4.2-ci maddəsində imperativ qayda müəyyən edilməklə birbaşa göstərimişdir ki, “cinayət prosesidə sübhəli şəxsə onun tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı elan edilərkən müdafiəçinin iştirakı məhs həmin andan mütləq qaydada təmin edilməlidir”. Məhkəmə cinayət işində olan “şübhəli şəxsin tutulması” haqqında qərarda müdafiəçinin imzasının olmamasını istintaq orqanı tərəfindən prosessual hərəkət aparılarkən yəni həmin qərarın sübhəli şəxsə elan edilərkən faktiki olaraq orada olmaması, həmin prosessual hərəkətin formal olaraq həyata keçirildiyi və şübhəli şəxsin həmin anda müdafiəçinin hüquqi yardımından istifadə etmək imkanından məhrum olması halı kimi qiymətləndirir. Bu qənaətə gələrkən məhkəmə həmçinin səmərəli hüquq müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında ifadə olunmuş mövqelərini də əsas götürmüşdür. Belə ki, “Krosant Almaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir”. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303.3.6-cı maddəsində nəzərdə tutulan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, ittiham aktı Cinayət-Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Çünki CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirməlidir. Lakin cinayət işinin materiallarından görünür ki, ittiham aktı iş materiallarını əks etdirmir. Belə ki, sözügedən cinayət işi üzrə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərarda (təsviri əsaslandırıcı hissəsində) müstəntiq tərəfindən iş üzrə əhəmiyyətli olan hallar barədə gəlinmiş qənaət fərqli olsa da tərtib edilmiş və təsdiq edilmiş ittiham aktı ilə ziddiyyət təşkil etməklə uyğunsuzluq yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsilə bağlı ittiham aktının təsdiq edilməsinə baxmayaraq yuxarıda qeyd edilən subutların qiymətləndirilməsi qərarında müstəntiq tərəfindən göstərilmişdir ki: “Beləliklə də, Təqsirləndirilən şəxs SATİŞ MƏQSƏDİ olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlaması və daşıması faktı aparılmış ibtidai istintaq nəticəsində tam sübuta yetirildiyindən 21 yanvar 2023-cü il tarixdə tərəfimdən ona Azərbaycan Respublikası CM-ın 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmalıdır.” “Həmçinin, aparılmış istintaq nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən nakotik vasitə - qurudulumuş marixuananın məhz ÖZÜNÜN İSTEHLAKİ ÜÇÜN qanunsuz əldə edərək üstündə saxlamış, həmin nakotik vasitə qurudulmuş marixuananı SATMAQ niyyətində olmamışdır.” “Belə ki, toplanmış təhqiqat materialında və bundan sonra iş üzrə aparılmış ibtidai araşdırma zamanı əməliyyat aparatı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin SATİŞİ İLƏ MƏŞĞUL OLMASİ müəyyənləşdirilməmiş, eləcə də, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrini SATMAĞA CƏHT ETMƏSİ və ya həmin narkotik vasiələrini ondan almaq istəmiş şəxsin mövcud olması ilə bağlı HEÇ BİR MÖTƏBƏR sübutlar təhqiqat və ibtidai istintaq zamanı ƏLDƏ OLUNMAMİŞDİR. “Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində və iş üzrə aparılmış ibtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məhz satmaq niyyəti ilə həmin narkotik vasitə - qurudulmuş marixuananı çəkib xırda bağlamalara bükməsi, eləcə də göstərilən nakotik vasitə - qurudulmuş marixuananı almaq istəyən istehlakçının mövcud olması ilə yanışı həmin istehlakçı ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir danışıq və razılaşmanın REALLİQDA OLMASİNİ TƏSDİQ EDƏN MÖTƏBƏR SÜBUTLAR ƏLDƏ OLUNMAMİŞDİR. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı istintaq orqanının müvafiq qərarında əks edilənlər (gəldiyi nəticə də) təqsirləndirilən şəxsin ona verilmiş ittihamın mahiyyətini dərk edə bilməməsi anlamına gəlir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin "nədə ittiham olunduğunu", "nədən müdafiə olunmalı olduğunu" bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə əsasən, "cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsasları" haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir". CPM-in 91.5.1-ci maddəsinə əsasən, "nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)" təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Digər tərəfdən qeyd edilməlidir ki, sadalanan nöqsanlar onu deməyə əsas verir ki, ittiham aktının tərtibinə səthi yanaşılmışdır. İttiham aktı cinayət işinin materiallarını əks etdirmir. Halbuki, CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları özündə əks etdirməlidir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə, CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar çıxarılması ilə yanaşı, məhkəməyədək icraat zamanı həmin məcəllənin tələblərinin kobud surətdə pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4, 303.3.1 və 303.3.6-ci -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar