Məhkəmə qərarları › İş №1(004)-293/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-293/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-293/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs2 Fəqat qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Resbulikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikası Texniki Universitetinin 4-cü kurs tələbəsi, Cəbrayıl rayonu Horovlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu, Motodrom ərazisi döngə 60 ünvanında yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində ünvan 2 ünvanının qarşısında ondan üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrə olan və 3646 manat 52 qəpik dəyərində İphone 14 Pro markalı, 128 GB yaddaşlı mobil telefonu yaddaşında olan bəzi şəkilləri öz telefonuna köçürmək adı ilə aldadıb alaraq Zərərçəkmiş şəxs1 başının qarışmasından istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə ümumlikdə 3,651 manat 52 qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin həyətində ondan üzərində 5 manat dəyərində 055-442- 17-28 GSM nömrə olan və 2500 manat dəyərində İphone 13 Pro max markalı, 256 GB yaddaşlı mobil telefonu zəng etmək adı ilə aldadıb alaraq Zərərçəkmiş şəxs2 başının qarışmasından istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2505 manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsidir. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun qonşusudur, onu təxminən 15 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs2 isə onunla bir universitetdə oxuyur. Onunla da münasibəti yaxşı olub və əvvəllər aralarında heç bir qərəzli münasibət olmamışdır. Təxminən bir aydır ki, telefonda onlayn qumar oyunları oynuyur. Əlinə pul keçəndə bu cür oyunlara sərf etmişdir. xx.xx.2023-cü il tarixdə də pulu qutardığından, həm onlayn qumar oyunu oynamaq üçün, həm də öz şəxsi işlərinə sərf etmək üçün ona pul lazım olub. Öz-özünə necə, hansı yolla pul əldə edə biləcəyini düşünmüşdür. Birdən qonşusu Yusifin təzə “İphone 14 Pro” markalı telefon alması yadına düşmüşdür. Yusiflə qonşu olduğundan, o, ona etibar edirdi. Buna görə də qərara gəlmişdir ki, Yusifi aldadıb onun telefonunu alıb ələ keçirsin və daha sonra həmin telefonu satıb öz şəxsi işlərinə sərf etsin. Ona elə gəlmişdir ki, qonşusu olduğu üçün onadan şikayət etməz. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Yusifə zəng edib onu həyətə çağırmış, hazırda yaşadığı evi satmaq istədiyi üçün bir neçə gün əvvəl Yusifin telefonu ilə evlərinin şəkillərini çəkmişdir. İndi də Yusifi aldatmışdırki, guya onun telefonunda olan şəkilləri öz telefonuna köçürəcəkdir. Yusif gəldikdən sonra ondan telefonunu istəmiş, Yusif isə ona telefonunun kodunu açıb ona vermişdir. Bundan sonra o, mobil telefonu götürdükdən sonra Yusifi aldatmışdır ki, guya öz telefonu yadından çıxıb evdə qalmışdır. Yusif ondan balaca olduğu üçün ondan xahiş etmişdir ki, onların evinə gedib onun telefonunu gətirsin. Yusif də onun telefonunu gətirmək üçün onların evinə getmişdir. Bundan sonra o, Yusifin uzaqlaşdığını görüb onun telefonunu söndürərək aradan çıxmışdır. Həmin gecəni hazırda adını xatırlamadığı oteldə gecələmiş və sabahı gün 20 yanvar metrosu yaxınlığında yerləşən telefon mağazasına gedib həmin telefonu 1300 manata satmışdır. Lakin telefonun qutusu olmadığı üçün həmin satıcı ona 1200 manat vermiş və demişdir ki, telefonun qutusu gətirəndə qalan 100 manatı verəcəkdir. Həmin satıcı ondan şəxsiyyət vəsiqəsini istəmiş və o, da şəxsiyyət vəsiqəsini çıxarıb ona vermişdir. Daha sonra həmin satıcı oğlan vəsiqənin surətini çıxardıb ona qaytarmışdır. Bundan sonra əldə etdiyi 1200 manat pulun bir hissəsini yuxarıda qeyd etdiyi “Aviator” adlı onlayn kazino oyununa xərcləmişdir. Qalan hissəsini isə gecə klublarında, oteldə gecələməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 7 dekabr 2023-cü il tarixdə yenə də pulu qurtardığından, nə yolla pul əldə edə biləcəyini düşünüb qərara gəlmişdir ki, onunla eyni universitetdə aşağı kursda oxuyan Fidanı aldadıb telefonunu ələ keçirsin. Bu məqsədlə həmin gün universitetin həyətində olarkən Fidana yaxınlaşıb telefonunda konturun qurtardığını deyib zəng etmək üçün ondan telefonunu istəmişdir. Bundan sonra Fidanda etiraz etməyərək özünə məxsus olan İphone 13 pro max markalı mobil telefonun kodunu açıb zəng etməyi üçün ona vermişdir. O, Fidanın telefonuu götürüb guya kiməsə zəng edirəm kimi davranaraq yavaş-yavaş kənara çəkilmişdir. Daha sonra Fidanın başının qızlarla söhbətə qarışdığını görüb oradan uzaqlaşmış və 28 may metrostansiyası yaxınlığındakı telefon mağazalarından birinə gəlib həmin telefonu təxminən 1000 manata satmışdır. Əldə etdiyi pulları isə yenə də onlayn qumar oyunlarına və öz şəxsi ehtiyaclarla xərcləmişdir. Etdiyi əməldən peşiman olduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşiman olmasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam həcmdə ödəməsini, eləcə də həmin şəxslərlə barışması və ondan hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin ikinci kurs tələbəsidir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, o, da Azərbaycan Texniki Universitetində 4-cü kurs tələbəsi olduğunu bildirmişdir. Hər ikisi qiyabi oxuduqları üçün imtahanları eyni vaxta olurmuş və beləliklə onu tanımışdır. Əvvəllər aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Ali məktəbə qəbul olmağı ilə əlaqədar 2022-ci ilin yay aylarında 2500 manata özünə “İphone” markalı 256GB yaddaşlı mobil telefon almışdır. İşlətdiyi müddətdə telefonunu səliqəli işlətdiyindən, üzərində heç bir zədə və təmir olunmamışdır. 07 dekabr 2023-cü il 17 radələrində oxuduğu Texniki Universitetin həyətində tələbə yoldaşları ilə birlikdə dayanan zaman, həmin vaxtı Samir ona yaxınlaşıb zəng etmək üçün bir neçə dəqiqəlik telefonunu ondan istəmişdir. Bundan sonra o, özünə məxsus olan “İphone 13 pro telefonunun kodunu açıb ona vermişdir. Onun heç ağlıma da gəlməzdi ki, Samir onu aldada bilər, çünki, Samir də onun kimi Universitet tələbəsi idi və o, 1 ildən çox idi ki, Samiri tanıyır. Samir telefonunu götürdükdən sonra danışmaq üçün kənara çəkilmiş, o isə digər qrup yoldaşları ilə söhbət etməyə davam etmişdir. Təxminən 5 dəqiqə sonra Samirin telefonunu qaytarmadığını görüb ətrafa baxdıqda, lakin, onu görə bilməmişdir. Daha sonra öz telefonuna zəng etmiş, lakin Samir telefonuna cavab verməmişdir. Samirin hara getdiyini öyrənmək üçün universitetin həyətində onu axtarmağa başlamışdır. Lakin, tapa bilməmişdir. Bundan sonra düşünmüşdür ki, yəqin nəsə olub və özü telefonunu qaytarar. Lakin, aradan 2 gün keçməsinə baxmayaraq Samirdən bir xəbər çıxmamışdır. Bundan sonra o, Samiri tapa bilməmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan başqa bildirmişdir ki, ona məxsus İphone 13 Pro markalı, 256 GB yaddaşlı mobil telefonumu nağd pulla 2500 manata aldığını, həmin mobil telefonu 1 il ərzində istifadə etmiş olsa da, telefonu cızılmadığını, xarab olmadığını, hər hansı bir formada təmir olunmamışdır. Lakin, işlənmiş olmasını nəzərə alaraq telefonunu 2.000 manat qiymətləndirir. Telefonun içərisində 055 ***-**-** saylı mobil nömrə oluğunu və mobil nömrəni isə 5 manata almışdır. Hadisə nəticəsində ona ümumilikdə 2005 manat maddi ziyan dəydiyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənmiş və o təqsirləndirilən şəxslə barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onu təxminən 15 ildir tanıyır. Əvvəllər onunla aralarında heç bir qərəzli münasibət olmamamışdır. Ali məktəbə qəbul olunmağı ilə bağlı 2023-cü ilin avqust ayında “Kontakt Home” mağazasından nənəsi X1 adına ilkin ödəniş 350 manat ödəyərək 12 ay müddətinə, aylıq 274,71 manat ödəmək şərti ilə kreditlə “İphone 14 pro” markalı 128 GB yaddaşlı mobil telefon almışdır. Təxminən 2023-cü ilin noyabr ayının sonlarında qonşusu Təqsirləndirilən şəxs ona evlərini satışa çıxarıldığını, bunun üçün evlərinin şəklini çəkmək lazım olduğunu, özünün mobil telefonunun yaxşı şəkil çəkmədiyini bildirək ondan, onun mobil telefonu ilə evlərinin şəklini çəkməsini xahiş etmişdir. Bu bandan öz mobil telefonunu ona vermiş və Samir evlərinin şəkillərini çəkib telefonu ona qaytarmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Samir ona zəng edib götürüb həyətə çıxmağını bildirmiş, o, ondan səbəbini soruşduqda Samir onun telefonunda olan evlərinin şəkillərini öz telefonuna göndərəcəyini demişdir. O, da Samirin deməsi ilə küçəyə çıxmış və Samirin gözünün qarşısında özünə məxsus olan “İphone 14 pro” markalı mobil telefonunun kodunu açıb ona vermişdir. Onun heç ağlına da gəlməzdi ki, Samir onu aldada bilsin, bundan sonra Samir telefonunu götürdükdən sonra öz telefonunun yadından çıxaraq evlərində qaldığını deməklə ondan xahiş etmişdir ki, onların evlərinə gedib onun telefonunu gətirsin. O, da Samirin istəyi ilə onların evinə getmiş və Samirin anası Sevdanı çağırıb ondan Samirin telefonunu verməsini istəmişdir. Sevda isə telefonun evdə olmadığını demişdir. Bundan sonra o, bu barədə Samirə məlumat vermək üçün geri qayıtdıqda artıq Samirin orda olmadığnı görmüş və Samirin harada olmasını öyrənmək üçün bütün məhəlləyə baxsa da, onu tapa bilməmişdir. Bundan sonra, o, evə gəlib valideynlərinə məlumat vermişdir. Onlar onun mobil nömrəsinə zəng etsələr də, telefona zəng çatmamışdır. Daha sonra Samirin anası ilə əlaqə saxlamışlar. Onun anası Sevda isə polisə şikayət etməklərini bildirmişdir. Bundan sonra onun anası 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan başqa bildirmişlər ki, İphone 14 Pro markalı, 128 GB yaddaşlı mobil telefonun nağd satış qiyməti 2700 manat olduğunu, lakin o, həmin telefonu 2023-cü ilin avqust ayında “Kontakt Home” mağazasından ilkin ödəniş 350 manat ödəmiş, aylıq 274,71 manat ödəmək şərti ilə 12 ay müddətinə kreditlə almışdır. Cəmi 3 ayın kreditini ödəmiş, 9 ay ödəməlidir. Telefon ona 3646 manat 52 qəpiyə başa gəlmiş, telefonun içərisində 055 653-61-13 saylı mobil nömrəsi olmuş və mobil nömrəsi isə 5 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının çıxışında yerləşən “Elvin Telecom” adlı telefon mağazasını icarə şərtləri əsasında işlədir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o, işlədiyi Nəsimi rayonu, 20 Yanvar metrostansiyanın çıxışında yerləşən “Elvin Telecom” mağazasında olan zaman əvvəllər tanımadığı şəxs yaxınlaşıb özünə məxsus “İphone 14 pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin telefona baxıb hansı qiymətə satmaq istədiyi soruşduqda, həmin şəxs ona nə qədər pul verə biləcəyini soruşdu. O, isə mobil telefona baxdıqdan sonra hər hansı bir probleminin olmadığını görüb həmin şəxsə telefonu 1300 manata ala biləcəyini bildirmişdir. Sonradan adını bildiyi Samir adlı şəxs də qiymətdə razılaşmış, Samirdən mobil telefonun qutusunun harada olduğunu soruşduqda, həmin şəxs ona qutunun evdə qaldığını və axşam gətirəcəyini bildirmişdir. Bundan sonra o, Samirə 1200 manat verəcəyini, qalan 100 manatı isə axşam qutunu gətirdikdən sonra verəcəyini bildirmişdir. Samir adlı şəxs də onunla razılaşmış, o, Samirə 1200 manat pul verib telefonu götürmüşdür. Həmçinin Samir adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb orada telefonun İMEİ kodunu, neçiyə aldığını, Samirin telefon nömrəsini qeyd etmiş və Samir adlı şəxsə imza etdirmişdir. Həmin günün axşamı saat 20 radələrində Samirə məxsus mobil nömrəyə zəng etdikdə telefona zəng çatmamışdır. 2 gün ərzində gözləmişdir ki, bəlkə Samir adlı şəxs telefonun qutusunu gətirsin. Lakin, Samir qutunu gətirməmiş və telefonuna zəng çatmadığı üçün o, həmin telefona 1450 manat qiymət qoyaraq satmaq üçün “Tapaz” elan saytına yerləşdirmişdir. Təxminən bir saat sonra tanımadığı şəxs ona zəng etmiş və telefonu almaq istədiyini və harada görüşə biləcəyini soruşmuşdur. Bundan sonra o, orıu dükana dəvət edərək telefonu orada əldə edə biləcəyini demiş və həmin şəxs mağazaya gəldikdən sonra telefona baxıb bəyənmişdir. Daha sonra telefonu 1400 manata satmaq barədə razılaşmış və o, Samir adlı həmin şəxsdən aldığı İphone 14 pro markalı, 35D**********44 İMEİ kodlu mobil telefonu 1400 manata satmışdır. Bir neçə gündən sonra mağazaya 16-cı Polis bölməsinin əməkdaşları gəlmiş və Samir adlı şəxsin satdığı mobil telefonun cinayət yolu ilə əldə olunduğunu bildirmişlər. O, isə mobil telefonu tanımadığı şəxsə satdığını bildirmişdir. Həmçinin üzərində telefonu alan zaman qeydlər apardığı, Samir adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini də polis əməkdaşlarına təqdim etmişdir. Samir adlı şəxsdən telefonu alarkən ondan telefonun oğurluq olub-olmadığını soruşmuş, o isə ona mobil telefonun özünə məxsus olduğunu demişdir və onun yanında telefonun kodunu özü açmışdır. Telefonun kodunu özü açdığı üçün o, Samirə inanmış, hazırda həmin telefonu kimə, hansı müştəriyə satdığını xatırlamadığını bildirmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 12 dekabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 -ci maddəsi ilq şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir (İ/V. 47-48). “İlkin yoxlama materialın cinayət işinə birləşdirilməsi haqqında” 13 dekabr 2023cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əasında toplanmış Yasamal RPİ-nin 28-ci PŞ-də 10 dekabr 2023-cü il tarixli HK1- 3159 nömrəli ilkin yoxlama material, Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddələri ilə ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömərəli cinayət işi nömrə altında aparılmışdır. (İ/V. 60). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1 -ci macdəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuşdur. (İ/V. 83). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 85). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Fuad Babayev tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 102-103). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 104-105). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 114). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (İ/V. 115). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında” 8 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 139-140). “Axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə” 6 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə saat 11:00-da könüllü olaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlmişdir. (İ/V. 151). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmişdir. (İ/V. 179-181). “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 182-183). “Sübutların qiymətləndirilməsi haqqında” 8 mart 2023-cü il tarixli qərarin 1-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə Nərimanov RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Fuad Babayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi, ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Eləcə də iş üzrə qeyd olunan ilkin materiallar, Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahid ifadəsi, ifadənin yerində yoxlanılma protokolu, hadisə yerinə baxış protokolu və eləcə də iş üzrə əhəmiyyət kəsb etməklə ziddiyyət yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qiymətləndirilməlidir. (İ/V 187-194). Zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər tam həcmdə ödənmiş və təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı maddi tələblərinin və şikayətlərinin olmamasını təsdiq etmişdirlər. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cimaddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını, zərərçəkmişlərə vurulmuş zərəri tam həcmdə ödəməsini və onlarla barışmasını, eləcə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində br azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) saxlanıldığı 02 gün müddət cəmi 04 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Motodrom ərazisi, döngə 60 ünvanında yerləşən fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 1(004)-293/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 2 may 2023-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) saxlanıldığı 02 gün müddət cəmi 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 08 (səkkiz) gün hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu, motodrom ərazisi döngə 60 ünvanında yerləşən fərdi yaşış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar