Məhkəmə qərarları › İş №1(004)-294/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-294/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-294/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1-də yaşamış, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 06 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, X4 küçəsində “Lider” telestudiyasının inzibati binası istiqamətində hərəkətdə olub həmin küçə ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerə çatdıqdan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan “Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir” kimi tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, hərəkətini davam etdirib X4 küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerdə sola dönmə əməliyyatı etməsi nəticəsində idarə etdiyi avtomobilin qabaq sağ hissəsi, X4 küçəsində onunla əks istiqamətli hərəkət hissəsində yolun sağ tərəfdən 2ci hərəkət zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “FY FLM” markalı, 99-D-173 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi ilə toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin sağ alın payının hemorragik əzilməsi, sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, sol baldırın hər iki sümüklərinin qəlpəli, yerdəyişən sınıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirilməsinə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilməyərək göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi qarşı tərəfin təqsiri ucbatından olmuşdur. Sadəcə olaraq hadisə nəticəsində o, deyil qarşı tərəf xəsarət aldığından təqsirləndirilən şəxs qismində onu cəlb etmişdirlər. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisənin ehtiyyatsızlıq nəticəsində baş verməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 may 2024-cü il tarixdə saat 06 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində “Lider” telestudiyanın binası istiqamətində hərəkətdə olmuş, həmin küçə ilə kəsişən Zahid Xəlilov küçəsinə sola dönmə əməliyyatı edərək dönməyi düşünmüş, ona görə də, idarə etdiyi avtomobillə X4 küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerə çatmışdır. Həmin kəsişmədə X4 küçəsində avtomobillərin hərəkətini tənzimləyən işıqfora baxmış, küçələrin kəsişməsinə daxil olmaq üçün sola dönmə əməliyyatı etməyə başlayanda işıqforun yaşıl uşığı sönmüş və sarı işıq yanmışdır. Onun diqqəti işıqforda olmuşdur. İşıqforun sarı işığı yandığı üçün o, avtomobilin hərəkətini dayandırmamış və sola dönmə əməliyyatı edəndə X4 küçəsi ilə “Lider” telestudiyanın binası istiqamətindən ona tərəf hərəkətdə olan bir motosiklet idarə etdiyi avtomobilin sağ yan qabaq hissəsi ilə toqquşmuş və sürücü motosikletdən aşaraq asfalt yolun üstünə düşmüşdür. O, dərhal avtomobildən düşmüş və xəsarət alan motosikletin sürücüsünə köməklik etmiş, təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat verərək həkim çağırmış və bundan sonra da DİN-in 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Çox keçmədən hadisə yerinə çağırdığı təcili tibbi yardım briqadası gəlmiş və motosikletin sürücüsünü xəstəxanaya aparmışlar. O da hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxışda iştirak etmişdir. Bundan sonra, o, xəstəxanaya getməmiş və sürücü ilə əlaqə saxlamamışdır. O, motosikletin sürücüsünün anket məlumatlarını bilməsə də, hadisədən sonra idarə etdiyi avtomobillə toqquşan motosikletin 99-D-173 dövlət qeydiyyat nişanlı olduğunu bilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərəçəkmiş şəxsin ifadəsini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsində təqsiri tam sübuta yetirildi. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi səhhətində problemlərin olmasını, o, səbəbdən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar gələ bilmədiyini və məhkəmə iclaslarını onun iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cinayət işinin ibtidai istintaqə zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, 23 may 2024-cü il tarixdə saat 06 radələrində idarə etdiyi “FY FLM” markalı, 99-D-173 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində “Lider” telestudiyanın binası istiqamətindən həmin küçədə “Bazarstore” supermarket istiqamətində yolun sağ tərəfdən ikinci hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Motosikletdə tək olmuş və sifarişlə yemək aparmışdır. Həmin küçənin Zahid Xəlilov küçəsi ilə kəsişdiyi yerə yaxınlaşdıqda işıqforun yaşıl işığının yanıb-söndüyünü görmüşdür. Küçələrin kəsişdiyi yerə çatanda artıq işıqforun sarı işığı yanmışdır. Düşünmüşdür ki, hərəkətini saxlamadan işıqforun qırmızı işığı yanana qədər küçələrin kəsişdiyi yeri keçsin. Ona görə də, hərəkətini davam etdirmişdir. Bu zaman yolun əks hərəkət hissəsindən Zahid Xəlilov küçəsinə dönmə əməliyyatı edən “Toyota Prius” markalı avtomobil onun hərəkətdə olduğu zolağa çıxmış və idarə etdiyi motosikletin qabaq tərəfi “Toyota Prius” markalı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən motosikletdən asfalt örtüyün üzərinə yıxılaraq huşunu itirmişdir. Ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Baş vermiş hadisə nəticəsində o, kəllə-beyin travması almış, beyni əzilmiş, sol alın, gicgah sümükləri və sol baldırının sümükləri sınmışdır. O, aldığı xəsarətlərlə bağlı tibbi əməliyyatlar keçirdiyi üçün səhhətilə bağlı ifadə vermək üçün gələ bilməmişdir. Hadisədən bir qədər zaman sonra o, bilmişdir ki, idarə etdiyi motosikletin toqquşduğu avtomobil əvvəllər tanımadığı Əli adlı şəxsin idarə etdiyi «Toyota Prius» (HİBRİD) markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir, ona görə də şikayətçidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Yol-nəqliyyat hadisəsi yerinə baxı aparılması haqqında” 23 may 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ilə Zahid Xəlilov-un kəsişməsində yerləşir. (İ/V. 5-10). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Toyota Prius markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və FY FLM markalı 99-D-173 dövlət qeydiyyat nişanlı motosiklet texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra nəqliyyat vasitələrinin müvafiq olaraq sağ hissəsində və üzərində çoxsaylı zədələr aşkar edilmişdir. (İ/V. 11-14). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” 23 may 2024-cü il tarixli 2/27635 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (İ/V 22). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 27 fevral 2025-ci il tarixli 8/3293 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 1.2. "Toyota Prius” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. “FY FLM” markalı, 99-D-173 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zeynalov motosikleti yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 85 (səksən beş) manat təşkil etməkdədir. (İ/V. 81-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Yasamal rayon şöbəsinin 21 iyun 2024-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin sağ alın payının hemorragik əzilməsi, sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, sol baldırın hər iki sümüklərinin qəlpəli, yerdəyişən sınıqları, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (İ/V. 39-40). “Qətimkan tədbirinin seçilməsi barədə” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilmişdir. (İ/V. 112). Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-294/2025 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Bəhman oğlunun barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V.52). “Sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsinin predmeli olmuş Təqsirləndirilən şəxs etibarnamə ilə idarə eldiyi “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “FY FLM” markalı, 99-D-173 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut kimi tanınmış sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V. 118-126). Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 09 avqust 2024-cü il tarixli 3-13-16/2- 123945/2024 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 264104 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (İ/V 54). Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 02 dekabr 2024-cü il tarixli 3-13-16/2- 203454/24 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1976cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031 -ci il tarixədək etibarlı olan) BB 218387 nömrəli “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (İ/V. 80). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayətin ehtiyyatsızlıqdan törədilməsini onun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə bu qənaətə gələrkən onu nəzərə alır ki, təqsirləndirlən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, törətmiş olduğu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səkdən beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 01 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 ay 12 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi «FY FLM» markalı, 99-D-173 dövlət qeydiyyat nişanlı motosikletin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar