Məhkəmə qərarları › İş №1(004)-298/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-298/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-298/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X13 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qİİ tərəfindən verilmiş “BC” dərəcəli AD seriyalı 204208 nömrəli sürücülük vəsiqəsinə malik olmaqla etibarnamə əsasında idarə etdiyi atası X4 məxsus “Daewo Gentra” markalı, **-MM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 17 mart 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi ilə H.Cavid prospekti istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələri hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna keçməməsi üçün elə dönməli və nəqliyyat vasitəsi sağa dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməli olduğu halda və üfiqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ qoşa bütöv üfüqi nişanlanma xətti) kəsib keçmək qadağan olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçələrinin kəsişməsində avtomobillə H.Cavid prospektinə dönərkən “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxıb toqquşaraq ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sağ mil-bilək oynağı nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 əng sümüyünün sol tərəfli qəlpəli yerdəyişən, sol almacıq sümüyünün qəlpəli yerdəyişən və burun sümüyünün xətti sınıqları, sol gözaltı nahiyyənin və burun arxasının əzilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yanaşı Zərərçəkmiş şəxs1 məxsus “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi nəticəsində sonuncuya 3000 manat məbləğində maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 mart 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “Daewo Gentra” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu Landau küçəsindən Hüseyn Cavid prospektinə doğru istiqamətdə hərəkətdə olarkən anidən idarəetməni itirərək Hüseyn Cavid prospektindən üzü Parlament prospekti istiqamətində hərəkətdə olan “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Onun idarə etdiyi “Daewo” markalı avtomobil sarı rəngli “Reno-12” markalı avtomobilin ön hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o, huşunu itirdiyi üçün ayıldıqda ətrafda olan insanların onu avtomobildən çıxardıqlarını görmüşdür. Ətrafda olan şəxslər onu hadisə olan ərazidə asfaltın üzərinə uzatmışlar. Daha sonra təcili tibbi yardım avtomobili ilə onu travmatologiya institutuna aparmışlar. Orada onun qoluna gips qoyulmuşdur. Daha sonra isə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına gedərək müalicəsini orada davam etdirmişdir. Təqsirləndirilən şəxs hadisə barədə bildirmişdir ki, istifadəsində olan “Daewo Gentra” markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla, o, avtomobili 55-60 km/saat sürətlə idarə etmiş, anidən idarəetməni itirdiyi üçün həmin yol nəqliyyat hadisəsi baş vermiş, digər Reno-12 markalı avtomobili isə hadisə baş verməmişdən əvvəl təxminən 5-10 metr məsafədən, yəni son anda görmüşdür. İdarəetməni itirməsinin səbəbi isə hərəkət yolunun üzərindəki lyuk açıq olduğundan hərəkət istiqamətini anidən dəyişməsi olmuşdur. Bundan başqa qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsinin işıqları onun gözlərinə düşdüyündən hadisənin qarşısını ala bilməmişdir. Həmçinin hadisədən əvvəl o, heç bir spirtli içki, psixotrop maddə və narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, onun maddi vəziyyəti ağır olduğundan hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmir, sığorta şirkətinin verdiyi 5.000 (beş min) manat vəsaitdən əlavə olaraq özünün yalnız 2000-3000 (iki-üç min) manat pul vəsaiti ödəməyə gücü çatır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 17 mart 2021-ci il tarixdə saat 22:10 radələrində işlədiyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən çıxaraq idarə etdiyi “Reno 12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Parlament prospekti istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs2 avtomobildə ön oturacaqda əyləşmişdir. Saat 22:25 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində anidən yolun sol hissəsindən üzünə işıq gəldiyini görmüş və həmin anda avtomobilinin digər avtomobillə toqquşması səsini eşitmişdir. O, həmin andan sonra huşunu itirdiyindən ətrafda kömək üçün gəlmiş şəxslərin üzünə su vurmasından sonra ayılmışdır. Arvadı Zərərçəkmiş şəxs2 yanında huşsuz vəziyyətdə olduğunu görüb avtomobilin ətrafına yığışmış şəxslərdən uca səslə kömək etmələrini xahiş etmişdir. Ətrafdakı insanların köməkliyi ilə arvadı Zərərçəkmiş şəxs2 avtomobildən çıxararaq kənara aparmışlar. Həmin şəxslər ona da köməklik etmək istəsələr də ayağında ağrı olduğu üçün o, icazə verməmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə o avtomobildən çıxarılmışdır. Bundan sonra çətinliklə də olsa hadisənin baş vermə mexanizmini polis əməkdaşlarına danışmış və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində hadisə barədə bildirmişdir ki, “Daewo Gentra” markalı avtomobilin sürücüsü anidən qarşı yola keçərək yol nəqliyyat hadisəsini törətmişdir. O, “Daewo Gentra” markalı avtomobili hadisə baş verməmişdən əvvəl təxminən 5-10 metr məsafədə görmüşdür. Hesab edir ki, digər avtomobilin sürəti 100 km/saat sürətindən artıq olmuşdur. Belə ki, avtomobilin işığının onun gözünə düşməsi ilə hadisənin baş verməsi arasında vaxt intervalı 2 saniyə çəkmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onun və arvadı Günayın səhhəti ilə 2 dəfə laqeyd formada maraqlanmış və baş vermiş hadisə ilə bağlı xəstəxana xərclərinin ödənilməsində onlara heç bir köməklik göstərməmişdir. Halbuki arvadı ilə onun səhhətində yaranmış problemlərə görə əməliyyatlara ümumilikdə 11.000 (on bir min) manata yaxın pul xərcləmişlər, eyni zamanda idarə etdiyi avtomobil tam yararsız vəziyyətə düşdüyü üçün avtomobilinə münasibətdə əlavə 3000 (üç min) manat ziyan dəymişdir. Ümumilikdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona 13.000 (on üç min) manat ziyan dəymişdir, ona görə də məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyun 2021-ci il tarixli 58 nömrəli rəyi ilə razı deyil və avtomobilinə dəymiş ziyanı ekspert rəyində göstərildiyi kimi yox, onun müəyyən etdiyi məbləğdə, yəni 3000 (üç min) manat kimi götürülməsini xahiş edir. Belə ki, hadisədən sonra ona məxsus avtomobili təmir etməsinə baxmayaraq hazıradək nasazlıqlar yaranır. Çəkilmiş xərcləri isə qohumu, yəni qaynı X12 tərəfindən qarşılanmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla, barışmamışlar, bu səbəbdən ona vurulmuş zərərin tam şəkildə ödənilməsini tələb edir, zərər ödənilməyəcəyi təqdirdə isə gələcəkdə ayrıca mülki mühakimə qaydasında mülki iddia ərizəsi vermək niyyətindədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat 22:10 radələrində işlədiyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən çıxaraq əri Zərərçəkmiş şəxs1 idarə etdiyi "Reno 12" markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Parlament prospekti istiqamətində hərəkətdə olmuşlar. O, avtomobildə ön oturacaqda əyləşmişdir. Saat 22:25 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində anidən yolun sol hissəsindən üzlərinə işıq gəldiyini görmüşdür. Bundan sonra huşunu itirmiş, gözlərini açanda xəstəxanada olduğunu görmüşdür. Orada ona yol nəqliyyat hadisəsi baş vediyini və həmin hadisə nəticəsində xəsarət aldığını demişlər. Baş vermiş yol nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyini xatırlamır, belə ki, hadisə nəticəsində səhhətində müvəqqəti olaraq yaddaş pozğunluğu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla barışmamışlar, bu səbəbdən ona vurulmuş zərərin tam şəkildə ödənilməsini tələb edir, zərər ödənilməyəcəyi təqdirdə isə gələcəkdə ayrıca mülki mühakimə qaydasında mülki iddia ərizəsi vermək niyyətindədir. Bundan başqa o, barəsində verilmiş məhkəmə-tibb ekspertizası rəyi ilə razı deyil, belə ki, o, hesab edir ki, baş vermiş hadisə nəticəsində onun aldığı xəsarətlərin dərəcəsi sağlamlığa az ağır zərərvurma kimi deyil, ağır dərəcəli zərərvurma kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, müvafiq ekspertiza rəyləri, istintaq və məhkəmə iclaslarının protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan və hadisə yerinin sxemindən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində, yolun Parlament prospektinə doğru olan hissəsində, yolun hərəkət istiqamətinin sol zolağında baş vermişdir. Hadisə yeri asfalt-beton örtüklü olmaqla, işıqlandırma sistemi normal, yolun səthi isə quru vəziyyətdə olmuşdur. Bundan başqa hadisə yerində yolun iki hərəkət istiqaməti və dörd hərəkət zolağı vardır. Baxış zamanı hadisə yerində tormoz izləri aşkar edilməmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 24 may 2021-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitələrinə baxış zamanı "Daewo Gentra" markalı **- MM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sol qanadı, ön bamperi, ön dəmir paneli, ön sol və sağ faraları, ön ekranı eləcə də mühərrik örtüyünun toqquşma nəticəsində əzilərək yarasız vəziyyətə düşməsi aşkar edilmişdir. Eyni zamanda həmin avtomobilin sol qanadının ön alın şüşəsi ilə bitişik hissəsində sarı rəngli izlər aşkar edilmişdir. “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış zamanı isə onun qabaq yuxarı və aşağı panellərinin, ön bamperi, mühərrik örtüyü, ön alın şüşəsinin dayaqları, ön sol qapısı, ön sol və sağ faraları, şüşəsilənin su qabının yararsız vəziyyətə düşməsi, həmçinin avtomobilin içəri salonunda sükanın şit-priborunun zərbədən əzilməsi aşkar edilmişdir. Eyni zamanda həmin avtomobilin mühərrik hissəsinin örtüyündə və sol qanadında toqquşma nəticəsində ağ rəngli izlər aşkar edilmişdir. İş materiallarında olan AA seriyalı 075475 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RENO 12” (minik) markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. İş materiallarında olan X10 ərizəsindən müəyyən edilir ki, “RENO 12” (minik) markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına baxmayaraq, o, həmin nəqliyyat vasitəsini fakitiki olaraq Zərərçəkmiş şəxs1 satdığından hazırda sonuncunun sahibliyindədir və baş vermiş hadisə nəticəsində ona deyil, Zərərçəkmiş şəxs1 maddi zərər dəymişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərardan müəyyən edilir ki, cinayət işinin materiallarında Murad İlyasovun ata adında yaranmış ziddiyyət aradan qaldırılaraq “Mirzəmətoviç” kimi hüquqi qiymət verilmişdir. İş materiallarında olan 17 dekabr 2014-cü il tarixdə verilmiş etibarlılıq müddəti 17 dekabr 2024-cü il tarixədək olan AC seriyalı 514911 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 «B» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan AD seriyalı 472973 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewo Gentra" (minik) markalı, sedan tipli, **-MM-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. İş materiallarında olan ƏN-İV seriyalı 867399 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Daewo Gentra" (minik) markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 22 aprel 2019-cu ildə onun mülkiyyətçisi X1 Azər Bəxtiyar oğluna idarə etmək üçün etibar etmiş və bu etibarnamə 09 il 10 ay 25 gün müddətinə verilmişdir. İş materiallarında olan 19 mart 2019-cu il tarixdə verilmiş etibarlılıq müddəti 19 mart 2029-cu il tarixədək olan AD seriyalı 204208 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 08 iyul 2021-cu il tarixli 016-78976-1221 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş üzrə maddi sübut olan, 17 mart 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yolun Parlament prospektinə doğru olan hissəsində, yolun hərəkət istiqamətinin sol zolağında baş vermiş yol nəqliyyat hadisəsi zamanı TŞ2-002 müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin fiksə edildiyi disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, 17.03.2021-ci il tarixdə saat 22:26:03 dəqiqədə sarı rəngli “Reno 12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ilə yolun hərəkət istiqamətinin sol zolağı ilə hərəkət edir. Saat 22:26:10 dəqiqədə H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsindən ağ rəngli “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən “Reno 12” markalı avtomobilin qarşısına çıxaraq toqquşmaya səbəb olur. Toqquşma nəticəsində “Reno 12” markalı avtomobil Landau küçəsi istiqamətində dayanır. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli istintaq eksperimenti keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 təhlükə yaranan anda “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili görmə məsafəsi 11 (on bir) metr təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 8/914 nömrəli rəy məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, “Daewo Gentra" markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəydə həmçinin göstərilmişdir ki, məlum hadisədə hərəkət üçün təhlükə yaranan anda “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31,8 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31,8 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, qeyd olunan 06 may 2021-ci il tarixli, 8/914 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertiza rəyi iş üzrə müəyyən edilmiş hallara uyğun olmaqla ziddiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, mötəbər sübut olaraq qiymətmətləndirilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 09 iyun 2021-ci il tarixli, 186 nömrəli qiymətləndirmə aktından müəyyən edilir ki, “RENO 12” (minik) markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı nəqliyyat vasitəsinin təmiri üçün ehtiyat hissələrinin dəyəri (1 ədəd ön bufer -150 manat, bir ədəd kapot – 280 manat, 1 ədəd ekran 180 manat, 1 ədəd radiator – 120 manat, 1 ədəd sol qanad -120 manat, 1 ədəd parpres – 140 manat, 1 ədəd sol qapı – 80 manat, 1 ədəd şit pribor- 200 manat, 1 ədəd rol – 80 manat, 1 ədəd rulevoy kolonka – 150 manat, 1 ədəd vetravik – 40 manat, 1 ədəd qapı kilidi – 20 manat, 1 ədəd sol qranat – 30 manat, 1 ədəd sol poluos – 110 manat, 1 ədəd sol təkər diski – 60 manat, 1 ədəd təkər – 60 manat, ön fara işığı dəst – 60 manat, 1 ədəd şüşəsilənin suqabı – 30 manat ) cəmi 1.910 (bir min doqquz yüz on) manat; xidmət haqqı (dəmirçi – 400 manat, rəngsaz – 400 manat, çilingər – 150 manat) cəmi 950 (doqquz yüz əlli) manat olmaqla, ümumilikdə 2860 (iki min səkkiz yüz altmış) manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 9/4058 nömrəli ekspert rəyindən müəyyən edilir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, istismarda olmuş 1995-ci il buraxılışlı, “Reno-12” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı tədqiq edilən zədələnmiş avtomobilin üzərində ciddi qüsurlar olduğundan, zədələnməsi nəticəsində sıradan çıxmış, dəyişilməyə məruz qalmış və təmirə ehtiyacı olan hissələr nəzərə alınmaqla, 2.860 manat məbləğində hazırki vəziyyətdə əksər hissələri (18 adda) dəyişilməklə və təmir işləri aparılmaqla (3 adda) əsaslı təmir olunması məqsədə uyğun deyil və rentabelli hesab olunmur. Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, “www.turbo.az” internet saytının, "xxxx" tərəfindən 09 iyun 2021-ci il tarixdə verilmiş 186 nömrəli qiymətləndirmə aktındakı dəyişilməli ehtiyyat hissələri və təmir bərpa işləri barədə məlumatlara əsasən, hadisədən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı 1995-ci il buraxılışlı, “Reno-12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 17 mart 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3000 manat salamat qalan hissələr isə çıxdıqda zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir bərpa işlərinin dəyəri), nəzəri hesablama yolu ilə təxminən 1800 manat təşkil edir. Yuxarıda qeyd olunan 30 iyun 2021-ci il tarixli 9/4058 nömrəli ekspert rəyində həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC departamenti tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş 02-21 nömrəli qüsur aktında olan dəyişilməli ehtiyat hissələri və təmir bərpa işləri barədə məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı tədqiq edilən avtomobilin 17 mart 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən dəymiş maddi ziyanın məbləği (təmir bərpa işlərinin dəyəri) nəzəri hesablanma yolu ilə dəyişilməli hissələrin qiyməti 670 manat, təmir işlərinin qiyməti 500 manat olmaqla, təxminən 1170 manat təşkil edir. İş materiallarında olan istintaq orqanı tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 30 iyun 2021-ci il tarixli, 9/4058 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə razılaşmaması və qeyd olunan məbləğin Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa təsir etmədiyi nəzərə alınaraq, Zərərçəkmiş şəxs1 məxsus “Reno-12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana münasibətdə onun göstərdiyi 3000 (üç min) manat əsas götürülmüşdür. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məxsus “Reno-12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın 3000 (üç min) manat kimi qiymətləndirilməsi xüsusatını müdafiə tərəfi mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, “Reno-12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın dəyəri 30 iyun 2021-ci il tarixli, 9/4058 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində qeyd edilmiş 1800 manat deyil, Zərərçəkmiş şəxs1nin göstərdiyi 3000 (üç min) manat əsas götürülməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X21 rayon şöbəsinin 21 may 2021-ci il tarixli, 323 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol dirsək sümüyünün tac çıxıntısının kontikal sümük qatı hüdudunda sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.03.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X16 rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 321 nömrəli rəy məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sağ mil-bilək oynağı nahiyyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.03.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan 21 may 2021-ci il tarixli, 323 nömrəli və 26 aprel 2021-ci il tarixli, 321 nömrəli məhkəmə-tibbi ekspertiza rəyləri iş üzrə müəyyən edilmiş hallara uyğun olmaqla ziddiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, həmin rəylər mötəbər sübut olaraq qiymətmətləndirilməlidir. Göstərilənlərlə yanaşı, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və X21 rayon şöbəsinin 26 aprel 2021-ci il tarixli, 322 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - əng sümüyünün sol tərəfli qəlpəli yerdəyişən, sol almacıq sümüyünün qəlpəli yerdəyişən və burun sümüyünün xətti sınıqları, sol gözaltı nahiyyənin və burun arxasının əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17.03.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi X12 26 aprel 2021-ci il tarixli, 322 nömrəli məhkəmə-tibbi ekspertizası rəyi ilə razılaşmayaraq vəsatətlə məhkəməyə müraciət edib iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi X12 vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı alınmış 26 aprel 2021-ci il tarixli, 322 nömrəli məhkəmə-tibbi ekspertizası rəyi ilə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərin ağırlıq dərəcəsinin AZ AĞİR zərərvurmaya aid kimi qiymətləndirilməsi ilə razı deyildir. Belə ki, həmin ekspert rəyində göstərilir ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs2 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olarkən 01 dəfə cərahiyyə əməliyyatı olunmuşdur. Halbuki, Zərərçəkmiş şəxs2 sonradan «ElMed» klinikasında “Üz sümüklərinin çoxsaylı qəlpəli yerini dəyişmiş sınıqları» diaqnozu ilə üzçənə cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin bu əməliyyatla onun qəzaya qədərki üz quruluşu bərpa olunmadığına görə «Loğman» klinikasında yenidən üz-çənə cərrahiyyə əməliyyatı olunmuşdur. Nəticə etibarı ilə hazırda Zərərçəkmiş şəxs2 üz nahiyəsi əvvəlki vəziyyətini almamışdır. Sol gözü çuxura düşmüş vəziyyətdədir. Həkimlərin deməsinə görə Zərərçəkmiş şəxs2 üz nahiyəsi heç vaxt qəzaya qədərki vəziyyətinə qayıtmayacaqdır. Ümumiyyətlə, Zərərçəkmiş şəxs2 üz nahiyəsi simmetriyanı itirmiş, bərpaolunmaz eybəcər hala düşmüşdür. Halbuki, «Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 1.10-cu maddəsində göstərilir ki, sifətdə bərpa olunmayan xəsarətlər ağır xəsarətlərə aiddir. Lakin hazırki iş üzrə ekspert düzgün rəy verməmişdir. Ekspert rəyi açıq-aşkar şübhə doğurur. Cinayət işinin materialları məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, o cümlədən Təqsirləndirilən şəxs hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı onların müalicə olunduqları 3 saylı Şəhər Klinik Xəstəxanasından 01 aprel 2021-ci il tarixdə qəbul edilmiş müvafiq qərarlar əsasında tibbi sənədlər və rentgen görüntüləri götürülərək rəy verilməsi üçün ekspertiza şöbəsinə təqdim edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 əməliyyat olunduğu “ElMed” Tibb Mərkəzi və “Loğman” Klinikasından 22 aprel 2021-ci il tarixdə qəbul edilmiş müvafiq qərarlar əsasında tibbi sənədlər və rentgen görüntüləri götürülərək rəy verilməsi üçün ekspertiza şöbəsinə təqdim edilmişdir. 26 aprel 2021-ci il tarixli, 322 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinin təsviri-əsaslandırıcı hissəsi məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, təqdim edilmiş tibbi sənədlər ekspertiza tədqiqatı zamanı nəzərə alınmışdır. Qeyd olunan xüsusatın araşdırılması zərurəti ilə əlaqədar müdafiə tərəfinin vəsatətinə əsasən 26 aprel 2021-ci il tarixli, 322 nömrəli məhkəmə-tibbi ekspertizası rəyini vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18- Təcrübi və X16 rayon şöbəsinin eksperti X14 məhkəmə iclasına dəvət edilərək ifadəsi alınmışdır X2 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə ilə bağlı təyin edilmiş məhkəmətibbi ekspertizasına əsasən Zərərçəkmiş şəxs2 onun tərəfindən müayinə olunaraq müvafiq rəy verilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində əng sümüyünün sol tərəfli qəlpəli yerdəyişən, sol almacıq sümüyünün qəlpəli yerdəyişən və burun sümüyünün xətti sınıqları, sol gözaltı nahiyyənin və burun arxasının əzilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyat üçün təhlükəli olan xəsarətlər olmadığından Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ağırlıq dərəcələrinin müəyyən edilməsi ilə bağlı qərara əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin ağırlıq dərəcələrinin az ağır olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 müayinəsi zamanı tərəfindən onun üzündə hər hansı eybəcərləşmə izləri aşkar edilməmişdir. Bundan əlavə eybəcərləşmə izlərinin olmasına dair rəy verilməsi onun, həmçinin Birliyin Yasamal rayon şöbəsinin ekspertlərinin səlahiyyətinə aid deyildir. Bu xüsusatla bağlı rəy vermək Birliyin komisyon ekspertizalar şöbəsinin səlahiyyətinə aiddir. Bunun üçün isə istintaqı aparan müstəntiq tərəfindən əlavə qərar qəbul edilərək rəy verilməsi həmin şöbənin ekspertlərinə həvalə edilməli idi. X14 ifadəsində əlavə olaraq göstərmişdir ki, tərəfindən aparılmış müayinə zamanı Zərərçəkmiş şəxs2 üzündə hər hansı eybəcərləşmə izləri aşkar edilməyib, əgər aşkar edilsəydi belə bu barədə rəydə qeyd etməməyə görə hər hansı məsuliyyət daşımır. Bundan əlavə müstəntiq tərəfindən də qərarda cavablandırılması üçün belə sual qoyulmamışdır. O, yalnız səlahiyyətinə aid olan hissəyə dair ekspert rəyi vermişdir. Göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs2 nümayəndəsi X5 vəsatəti məhkəmə tərəfindən təmin edilərək iş üzrə kompleks məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 həvalə edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 əməliyyat olunduğu “ElMed” Tibb Mərkəzi və “Loğman” Klinikasından tibbi sənədlərin surətləri götürülərək iş materiallarına əlavə edilmişdir. Təyin edilmiş kompleks məhkəmə-tibbi ekspertizası üzrə verilən 17 dekabr 2021-ci il tarixli, T327/2021 nömrəli rəy məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 sol əng və sol almacıq sümüyünün qəlpəli yerdəyişən, burun sümüyünün xətti sınıqları, sol gözaltı nahiyyənin və burun arxasının əzilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17.03.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 aldığı xəsarətlər nəticəsində sifətdə asimmetriya yaranmış və bu fasadların üz sümüklərinin rekonstruktiv cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırılması mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140-cı maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri, şəxsin sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibbi ekspertizası rəyi əsasında müəyyən edilə bilər. Odur ki, göstərilənlərə və öz daxili inamına əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyinin kompleks məhkəmə-tibbi ekspertizası üzrə verilən 17 dekabr 2021-ci il tarixli, T327/2021 nömrəli rəy ilə həmin Birliyin Yasamal rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 322 nömrəli məhkəmə-tibb ekspert rəyi iş üzrə müəyyən edilmiş hallara uyğun olmaqla ziddiyyət təşkil etmədiyindən hər iki rəy mötəbər sübut olaraq qiymətmətləndirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onların sağlamlıqlarının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yanaşı, Zərərçəkmiş şəxs1 məxsus “Reno 12” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yararsız vəziyyətə düşməsi nəticəsində sonuncuya 3000 manat məbləğində maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətməsi özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, baxış protokolları, istintaq eksperimenti və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən atomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Həmin cinayət əməlinə görə iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinə görə elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Həmin Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 1-ci bəndinə əsasən 1.1 üfiqi nişanlama xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir və həmin maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə görə 1.1—1.3 üfiqi nişanlama xətlərini kəsib keçmək qadağandır. Beləliklə məhkəmə araşdırması ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin olması, yəni onun əməlində qeyd olunan cinayət tərkibinin əlamətlərinin olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək özünü verilmiş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tam təqsirli bildiyini və barəsində amnistiya aktı tətbiq edilməklə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin mövqeyindən çıxış edərək cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxsin ərizəsi nəzərə alınaraq amnistiya aktı tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cinayət işinin faktiki hallarını və yuxarıda sadalanan qanunvericilik normalarını əsas rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsi, onun özünü hazırki cinayət əməlinin törədilməsində tam təqsirli bilməklə barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığı nəzərə alınmalı, ona “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci maddəsinin tələbləri tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 13 sentyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. 132.2-ci maddəyə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. İş materiallarında olan istintaq orqanı tərəfindən qəbul edilmiş maddi sübut haqqında qərarlardan və qəbzlərdən müəyyən edilir ki, “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı və “Reno 12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin avtomobillər saxlanılmasından ötrü sahiblərinə təhvil verilmişdir. Bununla yanaşı 17 mart 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yolun Parlament prospektinə doğru olan hissəsində, yolun hərəkət istiqamətinin sol zolağında baş vermiş yol nəqliyyat hadisəsi zamanı TŞ2-002 müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin fiksə edildiyi disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmə maddi sübutla bağlı məsələni həll edərək belə nəticəyə gəlir ki, “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı və “Reno 12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin onların qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, hadisənin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmasının müəyyən edilməsidir. Həmin Məcəllənin 196.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir. İş materiallarından müəyyən edilir ki, iş üzrə təyin edilmiş yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat və məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat olmaqla, məhkəmə məsrəfi ümumilikdə 150 (bir yüz əlli) manat təşkil edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyinə görə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 175, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “Daewo Gentra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı və “Reno 12” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan hadisənin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan - ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar