Məhkəmə qərarları › İş №1(004)-298/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-298/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-298/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Çoban oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə saat 19:10 radələrində B1, В, C1, C kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Hyundai Sonata» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ilə 20-25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni “sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” kimi tələblərə riayət etməli olduğu və hadisənin qarşını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, hərəkətini davam etdirib İnşaatçılar prospekti ilə Haqverdiyev küçəsinin kəsişdiyi yolayırıcına daxil olub sola dönərkən yolu ona nəzərən sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ona sol qamış sümüyünün bayır epikondilusunun destruktiv sınığı, sağ qabırğaların çoxsaylı sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Sovetskidən çıxanda “Olimp Market”in yanında sol tərəfə dönəndə arxada qəza şəraiti yaranıb, 2 avtomobil bir-birinə siqnal verib. Bu vaxt o, arxaya baxıb, yenidən önə baxanda artıq Zərərçəkmiş şəxs yüngül toxunmuşdur. Dərhal xəstəxanaya aparıb, orada hər hansı problem olmayıb. Amma onlar öz həkimlərinə aparmaq istəyiblər. Semaşkoda heç bir sınıq, zədə aşkarlanmamışdır. Öz həkiminə getdikdə, gecə idi. Səhər ona heç bir sübut-sənəd göstərilmədən dizində sınıq olmasını bildiriblər və ondan əməliyyatı qarşılamağını istəyiblər. Onun üstündə o qədər pul olmayıb. Amma deyib, başqa nə qulluq varsa, eləsin. Bir neçə gündən sonra əlaqə kəsilib. Danışa bilməyiblər, sonra şikayət ediblər. Mesajlarına cavab verilməyib, ünvanı da bilmədiyi üçün gedə bilməyib. Əməlindən peşman olduğunu nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 sentyabrda işdən gəlirdi, yuxarıda avtobusdan düşüb. Yorğun vəziyyətdə olub, dayanacaq Haqverdiyev küçəsində olmuşdur. Avtobus Statistika idarəsindən gəlirdi. Düz gedib, yolu keçib, sağda saxlayıb. 175 nömrəli məktəbin aşağı hissəsində, sağda. Yolu niyə üstdən keçib, çünki ayağında damar çatışmazlığı var, həm də 2022-ci ildə də onurğa sümüyündə sınıq olmuşdur, 3 ay aparatda gəzmişdir. Ona görə hələ də narahatlıq keçirir. Çıxıb düşmək problem yaradır. Buna görə yeraltı keçidə düşməmişdir. Hava qaranlıq təhər olmuşdur. Lakin ağ paltar geyinmişdir, bundan əlavə yolun hər iki tərəfində fanar var idi. Onu görməməsi mümkün deyildi, onun ardınca da 3 nəfər yolu keçirmiş. 175 nömrəli məktəbdən 16 nömrəli poliknika tərəfə keçirmiş. Svetofor İnşaatçılara qırmızı yanırdı. Təzəlikcə sola döngə qoyublar o yola. Adət etmişdir ki, oradan maşın gəlmir. Vərdiş məsələsi var. Svetofor da təzə qoyulub, heç bir il yoxdur. O, keçəndə təqsirləndirilən şəxsin dönməyini görmüşdür. Lakin belə bir sürücü psixologiyası var ki, qadınlar arxadan, kişilər öndən keçir. Ondan ötrü ki, arxadakı gəlib keçsin. Lakin sürücü sən demə baxmırmış. Dönüşü elə götürmüşdür ki, düz gəlib çıxıb onun üstünə. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Faiqi tanımır. İsmayıl iş yoldaşı olub, sonra münasibətləri var idi. Hazırda bitib, heç bir düşmənçilikləri, ədavətləri yoxdur. İsmayıl onun dalınca gəlmişdi. O, restoranda işləyir. İsmayılla maşında svetoforda dayanmışdırlar. Olimp solunda qalmışdı. Sağda isə keçid idi. Sovetskidən qalxanda Olimp market solunda qalmışdı. 16-cı poliklinikanın binasının altında. Notarius və Köhnə Olimp sağda qalır. Məhlədən çıxırdılar, sağlarında dayanacaq idi. Düz baxanda Haqverdiyev küçəsi idi. Sağ küncdə İncəsənət universiteti, sol küncdə 175 saylı məktəb. Svetofor yanıb, yol onların idi. Maşın 175 nömrəli məktəbə tərəf dönüb. Siqnal səsləri çox idi. 2 saniyəlik yoldan keçənləri görməyib. Tək Faiq müəllim deyildi. Çox ani arxaya baxıb ki, siqnal nə üçün idi, maşını vurmasınlar, bir də görüblər nəsə dəyib. Dəyən kimi saxlayıb, düşüb. Qayı işçiləri var idi. Məktəbin yanında idilər, qaça-qaça gəliblər. Düşüblər maşından, qaldırıblar. Faiq müəllim də orada olmuşdur. Yıxılıb, oturan kimi olub. Aparıblar semaşkoya, orada həkim baxıb deyib, heç nə yoxdu. Sadəcə yaşlı adamdı ağrıyır. Analizlər də olub. Sonra yoldaşı, qohumları kamera ilə, çəkilişlə tökülüşüblər ora ki, bəs əməliyyat olunmalıdır. Amma cavan cərrah idi, deyib ki, heç nəyi yoxdur. Sadəcə ağrısı olduğu üçün qohumları məcbur ediblər ki, gips taxsın. O da taxıb, amma deyib 2 gün sonra gələr, çıxardarlar. Əlinə 2-3 tikiş qoyub, analgin-dimedrol yazıb. Qohumlar dirəşib ki, özəl xəstəxanaya aparmalıdırlar. İlkin Semaşko adına xəstəxana olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli 356 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər - sol qamış sümüyünün bayır epikondilusunun destruktiv sınığı, sağ qabırğaların çoxsaylı sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş xx.xx.2025-ci il tarixli, 8/3153 nömrəli rəyə əsasən “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 10 mart 2025-ci il tarixli 3-13-16/2-47733/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD 075882 nömrəli «B1 В C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Bundan əlavə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınan “Hyundai Sonata“ markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar