Məhkəmə qərarları › İş №1(004)-299/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-299/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-299/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 16 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:00 radələrində Yasamal rayon Polis İdarəsinin 26-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli paltonun sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, himayəsində bir azyaşlı uşağı var. Hazırda Səlyan şəhərində yaşayır. Əvəllər narkotik vasitə olan heroindən istifarə etmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin ona elektron nəzarət vasitəsi tadbiq olunmamışdır. 16 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin gün saat 18 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Polis Bölməsində olan zaman müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli paltonun sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmiş, həmin vasitə qablaşıdırılaraq götürülmüş və müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 Mahmud oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Şahid2la birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Aytən onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Aytən əynində olan boz rəngli paltonun sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Aytən həmin bükülünün içərisində olan narkotik vasitə olan heroin var və o onu həmin gün Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mahmud oğlu ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 107-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 26-cı Polis Bölməsinin qarşısından keçən zaman, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər və bir nəfər qadının narkotik vasitələrin qəbulu ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanıldığını və həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməsini xahiş etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşlarının bu təklifi ilə razılaşmış və onlarla birgə Bölmənin inzibati binasına getmişdir. Orada xidməti otaqların birində əvəllər tanımadığı sonradanadının Təqsirləndirilən şəxs bildiyi şəxs dayanmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərinə video çəkilişlə axtarış və götürmə aparılacağını bildirmişlər və qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə oxşar maddəni könüllü təqdim etmiş və ondan xahiş olunmuş ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən onun üzərində heç bir qanunla qadağan edilmiş və ya digər hər hansı bir əşya tapmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini, sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki boz rəngli paltonun sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 36-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 17 yanvar 2023-cü il tarixli 6/262 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 44-48) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 16 yanvar 2023-cü il tarixdəyazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru Ramil Qafarovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, Yasamal RPİ-nin 26-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və sahe inispektoru polis leytenantı Şahid2 Mahmud oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPMnin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya vəya maddəni könüllü olaraq təqdim etməsi taklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı parçasına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olan bükümü çıxarıb könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 16 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Nəsimi rayonu «Kubinka» adlanan yerdən, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 29 mart 2023-cü il tarixli 1723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 102-103) “Sübutların qiymətləndirilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1.004 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0.904 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 108-113) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1.004 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 76-78) “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 79-80) AZ-İV №160028 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 anası Təqsirləndirilən şəxsdır. (i.v. 82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 88-89) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-357/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 03 – 05 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 1(010)-357/2023 saylı məktubuna əsasən Suraxanı Rayon Məhkəməsinin 1(010)-357/2023 nömrəli iş üzrə 08 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökm qanuni qüvvəsini aldığından 30 may 2023-cü ildə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, etdiyi əməli etiraf edərək peşman olmasını və himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-357/2023 saylı hökmündən əvvəl törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-357/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.904 qram qalıq çəkisi olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(010)-357/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.904 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar