Məhkəmə qərarları › İş №1(004)-30/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-30/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-30/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə 10:00-da Bakı şəhəri, Nəsimi rayonu “Kubinka" adlanan ərazidə isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellefon bükümdə təmiz çəkisi 0,389 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3samal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,389 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 7 ilə yaxındır ki, narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12:00-də Yasamal rayonu, M.ünvan 5 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən o bildirmişdir ki, 7 ildir narkotik maddələrdən istifadə edir və hazırda da üzərində narkotik maddə vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə ona üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verildikdə o, üzərimdə saxladığı içərisində narkotik maddə olan bükülünü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə olan heroini xx.xx.2023-cü il tarixdə saat 10:00- da Nəsimi rayonu, “Kubinka" deyilən yerdən üzdən tanıdığı və əvvəllər də bir neçə dəfə narkotik maddə aldığı şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımır, əvvəllər də ondan bir neçə dəfə narkotik maddə almış, lakin onun harada yaşadığını və adının kim olduğunu bilmir. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 1, ev 5A ünvanında yerləşən fərdi yaşayış evində bisigildə yaşayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 may 2023-cü il tarixdə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil oldınuş əməliyyat məlumatı barədə bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o cümlədən əməliyyat qrupu üzvləri müəyyən edilmişdir. Əməliyyat qrupuna onun özü və həmçinin 27-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişdir. Qrup üzvləri Təqsirləndirilən şəxs barəsində təlimatlandırıldıqdan sonra əməliyyat mövqeləri müəyyən edilmişdir. 02 may 2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 8 ünvanın yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib 27-ci PB-nin polis əməkdaşları olmalarını bildirib həmin şəxsə özünü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək onlarla birlikdə Yasamal RPİ- nin 27-ci PB-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə avtomobillə ünvan 9 ünvanında yerləşən Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətmişlər və saxlanılan şəxs barəsində Yasamal RPİ-nin 27-ci PB-nin rəisinə raportla məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X1 həvalə edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində bir ədəd bükülüdə heroin vardır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda bükümdə qəhvəyi maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə heroindir, həmin heroini həmin gün səhər saatlarında "Kubinka" deyilən yerdən üzdən tanıdığı, lakin adım bilmədiyi şəxsdən 20 manata alıbdır. Həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərf 168 saylı möhürlə möhürlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o Şahid1 ilə eyni məzmunlu ifadə verərək Amil Salmazadənin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 may 2023-cü il tarixdə (saat 13:30 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 21). “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.389 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, şəxsi axtarış və götürmənin gedişatını əks etdirən videogörüntülər "DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir. (İ/V. 30-32) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 2 may 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli 6/2532 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki. tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, üç imza. Təhqiqatçı: N.Seyidzadə-imza” yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.389 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0.389 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0,339 qram. (İ/V. 45-47). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 4 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 86-88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 4 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 89-90). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3105 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki. müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ/V. 103-104). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata 25 may 2020-ci ildə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verimişdir. 13 aprel 2022-ci il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata əsasən xitam verimiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (İ/V. 100-101). “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD" diskə baxış aparılması barədə protokol. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli 6/2532 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3105 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (İ/V. 106-113). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-435/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından 24 yanvar 2024-cü il tarixində daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını onun vəziyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 01 ay 04 gün olmaqla ümumilikdə 01 ay 06 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,339 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi qızının vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-435/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi qızının vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 01 ay 04 gün olmaqla ümumilikdə 01 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) ay 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,339 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar