Məhkəmə qərarları › İş №1(004)-301/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-301/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-301/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda yaşamış və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə axşamüstü Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlandırılan ərazidə 20 manat pul ödəməklə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.521 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış. 19 mart 2022-ci il tarixdə saat 10:00 dəqiqədə Yasamal RPl-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,521 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 43, mənzil 13-də anası ilə birlikdə yaşayır. Atası rəhmətə gedib, həyat yoldaşından boşanmışdır və övladı yoxdur. Plastik qapı və pəncərə ustası, eləcə də santexnik kimi işləyir. Əvvəllər məhkum olunmamışdır və iki ildir narkotik vasitə olan heroindən istifadə edir. O, 17 mart 2022-ci il tarixdə axşamüstü özünə narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan əraziyə getmiş və yol kənarında dayanmış əvvəllərdə də bir dəfə narkotik vasitə olan heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman olan şəxsə yaxınlaşıb və satılıq heroininin olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə narkotik vasitə olan heroin olmasını öyrəndikdən sonra 20 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini almışdır. Həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyaraq oradan ayrılmışdır. Həmin günü aldığı heroindən bir qədərini istifadə etmiş və yenə də heroini şalvarının sağ yan cibində saxlayaraq gəzdirməyə başlamışdır. 19 mart 2022-ci il tarixdə saat 09.50 radələrində şəxsi işi ilə bağlı evdən çıxıb piyada və tək şəkildə bir qədər aralanaraq hərəkət edərkən Yasamal rayonu H.B.ünvan 2 ünvanın qarşısında ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini Yasamal RPİ-nin 28-ci PB-nin polis əməkdaşları kimi təqdim edərək vəsiqələrini göstərib ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində heç bir sənədinin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına getməyə dəvət elmişlər, o, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişdir. Xidməli otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bir qədər sonra hüquqlarını müdafiə etməsi üçün ona vəkil təqdim edilmiş və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyi xahiş edilmişdir. O, da əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxararaq təqdim etmişdir. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində heroin olan təqdim etdiyi bir ədəd qara rəngli kağız kəsiyində olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümün içərisindəki qəhvəyi rəngli, toz şəkilli maddənin nə olduğu soruşulmuşdur. O, da üzərindən aşkar edilən maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi və əvvəllərdə də bir dəfə narkotik vasitə aldığı şəxsdən şəxsi istifadəsi uçun 20 manata aldığını etiraf etmişdir. Bundan başqa təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirildikdə heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat alınmışdır. O, izahatında bir daha təsdiq etmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Kubinka adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmadığını, ancaq özünün həmin maddələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi üzdən tanıdığını, onun anket məlumatları və mobil telefon nömrəsini, eləcə də harada yaşaması barədə heç bir məlumatının olmadığını, əvvəllər də həmin şəxsə yol kənarında yaxınlaşıb ondan heroin aldığını, həmin şəxsin qara saçlı, arıq bədən quruluşlu, təxminən 25-30 yaşlarında, 170-175 sm boyu olan bir şəxs olduğunu, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmədiyini və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 19 mart 2022-ci il tarixdə işlədiyi Yasamal RPİ-nin 28-ci PBnə Bakı şəhərində anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində daşınmasında, eləcə də Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 19 mart 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilib müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilmiş və o, da həmin qrupa daxil edilmişdir. O, iş yoldaşı Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə daxil olan məlumatı yoxlamaq məqsədi ilə 19 mart 2022-ci il tarixdə saat 08:00 radələrində əməliyyat tədbirini həyata keçirmək məqsədi ilə Yasamal rayonu H.B.ünvan 2 ünvanın qarşısına gedib 2 saat müddətində orada gözləyərək soraqlaşma həyata keçirmişlər. Həmin gün saat 10:00 radələrində onlar zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə həmin ünvanda piyada hərəkətini müşahidə etmişlər. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşaraq və özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını verib şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək sənəd olmadığı üçün sonuncuya Yasamal RPİ-nin 28-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün birlikdə 28-ci PB-nə gəlmişlər. 19 mart 2022-ci il tarixdə 28-ci polis bölməsində təhqiqatçı X6 xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış vidcoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı bir qanunsuz əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə hcroin olan 01 ədəd bükümü çıxarıb könüllü olaraq təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə lentə alınırmış. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Bükümün içində qəhvəyi rəngli spesifik qoxuya malik tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bukumun içərisində olan maddənin nə olduğu soruşulduqda sonuncu bükümün içərisindəki maddənin “kokos" kimi bildiyi narkotik vasitə hesab olunan hcroin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə axşamüstü Nəsimi rayonu Kubinka adlandırılan ərazidən tanıdığı, lakin adını bilmədiyi və əvvəllərdə bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verərək aldığını etiraf elmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfə bütün iştirakçılarla bərabər o, da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Təyin edilmiş müvafiq ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzindən rəy alındıqdan sonradan məlum olmuşdur ki. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.521 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat daxil olmadığını, buna baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə əlaqədar tədbirlər keçirdiklərini, lakin bununla bağlı məlumat əldə edə bilmədiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/1591 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs (imza)” yazısı imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,521 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə olan heroinin 0,05 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 0.471 qram kimi göstərilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 1684 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətdə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu əraziləri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,471 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar