Məhkəmə qərarları › İş №1(004)-303/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-303/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-303/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz halda çəkisi 0,200 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 29.05.2021-ci il tarixdə saat 14:50 radələrində Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli klassik şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 178 və 177-ci maddələri ilə məhkum olunmuş, azadlığa çıxandan sonra isə müxtəlif yerlərdə günəmuzd işləyərək qazandığı pulla özünə narkotik vasitə olan heroin alıb istifadə etmişdir. O, təxminən 10-12 ildir ki, Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb istifadə etmişdir. 28.09.2021-ci il tarixdə saat təxminən 14 radələrində o, narkotik vasitə heroin almaq üçün Nəsimi rayonu “Kubinka” adlana əraziyə getmişdir. Orada üzdən tanıdığı əvvəllər də bir neçə dəfə orada təsadüfən qarşılaşıb şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığı bir şəxs ona yaxınlaşıb narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuşdur. O da həmin şəxsə öz istifadəsi üçün heroin almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs ona 20 (iyirmi) manat pul müqabilində siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd büküm vermiş, o da həmin bükümü alıb yaşadığı evə gəlmişdir. Elə həmin gün o, aldığı narkotik vasitə olan heroinin bir qismini istifadə etmiş, yerdə qalan hissəsini isə bükülü olduğu siqaret kağızına büküb sonra istifadə etmək üçün əynində olan göy rəngli klassik şalvarın sol cibinə qoymuşdur. 29.05.2021-ci il tarixdə saat 14:50 radələrində o, yaşadığı ünvan 4 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib sonuncularla birlikdə polis şöbəsinə gəlmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra hər hansı bir qeyri qanuni əşya olduğu təqdirdə təqdim etməsi tələb olunmuşdur. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan göy rəngli klassik şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini ondan soruşduqda o, həmin bükülüdəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddəni o, 28.05.2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş qızılı rəngli siqaret kağızına bükülmüş büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişlər. Onun narkotik vasitə olan heroini aldığı şəxs qaramtıl dərili, 40-45 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı sağa doğru daranan, üzü tükülü və bığsız olmuşdur. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, Nəsimi rayonu, Kubinka adlanan ərazidə narkotik vasitə aldığı şəxslə heç bir formada əlaqə saxlamamışdır. Həmin şəxsi o, kubinkada gəzişən zaman təsadüfən görmüşdür. Elə həmin təsadüfü görüşlər zamanıda o həmin şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də o, şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə sonuncu tərəfindən 29 may 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 29.05.2021ci il tarixdə saat 14:50-də o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib Seymurun şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Seymura narkotik vasitələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxsəynində olan göy rəngli klassik şalvarın sol yan cibindən siqaret kağızına bükülmüş bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Seymurun təqdim etdiyi siqaret kağızına bükülmüş bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli klassik şalvarın sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Seymur üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Seymur həmin narkotik vasitə heroini 28.05.2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Seymurun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində onlar tərəfindən Seymur saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 29 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 78-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 may 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2021-ci il tarixli, 6/2166 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Arayışlar üçün №169” dairəvi möhür əksi olan adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəsi heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 110-117-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,150 qram narkotik vasitə olan heroin və 01 ədəd DVD-R diski maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD-R diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X2 ekspert komissiyasının 01 iyun 2021-ci il tarixli, 1677 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Kazımov X3 Rayon Məhkəməsinin 07.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 234.1, 66.3, 93.1.2-ci maddəsi ilə təqsirli bilinib 04 il, 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına, məhkum edilmiş, 28.08.2020-ci il tarixdə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 96-103-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2017-ci tarixli, 1(004)-51/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il, 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-106-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci tarixli, 7(001)-336/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan 01 ay 16 gün cəzasını çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 29 may 2021-ci il tarixdə saat 16:40-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Yusif Ağayevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Yusif Ağayevin qarşısında daha sonra sağ tərəfində masa arxasında əyləşmiş şəxs, Mərkəz vəkil bürosunun müdafiəçisi Müdafiəçidur. Xidməti otaqda olan masanın yanında - əynində göy rəngli klassik şalvar və qara rəngli futbolka olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis leytenantları Şahid2 və Şahid1 oğludur. Video çəkilişin davamında təhqiqatçı Yaşar Ağayev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxssol əlini əynində olan göy rəngli klassik şalvarın sol yan cibinə salaraq oradan bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülüdə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, digər iş materialları ilə onun məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2017-ci tarixli, 1(004)-51/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci tarixli, 7(001)-336/2020 saylı qərarı ilə çəkilməmiş qalan 01 ay 16 gün cəzasını çəkməkdən vaxtından əvvəl şərti azad edilməsinə 2 il keçmədən 29 may 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 29 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 01 iyun 2021-ci il tarixli, 1677 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,150 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və F.Ç.Qarayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, F.Ç.Qarayevə isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, X10 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********)) olan hesabına köçürülsün.İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar