Məhkəmə qərarları › İş №1(004)-303/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-303/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-303/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Pedaqoq: X6 və X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 yaşına çatmamış şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Belə ki, o, 17 yanvar 2025-ci il tarixdə, saat 15:29-da Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Meşə parkı” adlanan ərazidə gəzişən xx.xx.2012-ci il təvəllüdlü, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaxınlaşaraq zor tətbiq etmədən heç kimin görə bilməyəcəyi yerə tərəf aparıb ağacların arasında ayaq üstə dayanmış vəziyyətdə cinsi ehtirasını ödəmək məqsədilə sonuncunun cinsiyyət orqanına və arxa nahiyyəsinə əli ilə toxunaraq əxlaqsız hərəkətlər törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən salonda bərbər işləyir. Ailəlidir və üç azyaşlı övladı vardır. Hadisənin baş verdiyi tarixdən, yəni 17 yanvar 2025-ci il tarixindən bir müddət əvvəl o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Meşə parkı” adlanan parkda velosiped aldığı şəxsdən velosiped alarkən ona artıq pul vermişdir. Daha sonra 17 yanvar 2025-ci il tarixdə aldığı velosipedə görə artıq verdiyi pulu geri almaq məqsədilə həmin parka gələrək orada həmin şəxsi gözləməyə başlamışdır. Parkda gözləyən zaman orada əyləşmiş oğlan və qızın birbiri ilə əxlaqsız hərəkətlər etdiklərini görmüşdür. O, həmin mənzərəni görərək əsəbiləşmiş və öz-özünə danışmağa başlamışdır. Həmin vaxt parkda tanımadığı başqa bir oğlan da olmuşdur. Bu vaxt onun sözlərini həmin oğlan da eşitmiş və ona yaxınlaşmışdır. Bundan sonra o, parkda əyləşən qız və oğlanın etdikləri əxlaqsız hərəkətləri həmin oğlanın üzərində göstərmişdir. Onun həmin oğlana pis məqsədlə yaxınlaşma niyyəti olmamış, sadəcə parkda əyləşən oğlan və qızın etdikləri əxlaqsız hərəkətlərdən əsəbiləşərək bir kişi kimi başqa adamla dərdləşmək istəmişdir. Video görüntüdə olan şəxs odur və hazırda Zərərçəkmiş şəxs yaxınlaşaraq onu öpməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və pedaqoqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 7-ci sinif şagirdidir. Tez-tez yaşadığı evin yaxınlığında yerləşən “Meşə parkı” adlanan əraziyə gedərək orada dostları ilə görüşür və bəzən tək şəkildə gəzir. 17 yanvar 2025-ci il tarixdə saat 15:00 radələrində o, kitab oxumaq məqsədilə sözügedən parka gələrək parkın arxa tərəfində dostları ilə telefonunda yazışmağa başlamışdır. Həmin vaxt tanımadığı bir nəfər kişi, əvvəlcə, öz-özünə danışmağa, sonra isə ona yaxınlaşaraq onunla dərdləşməyə başlamışdır. Həmin şəxs, əvvəlcə, onun adını və yaşını soruşmuş, sonra isə onun yaşına uyğun olmayan, seksual xarakterli məsələlərdən danışmağa başlamışdır. Həmin şəxs son vaxtlar parkda seksusal xarakterli hərəkətlərin çox yayıldığını söyləmiş, daha sonra onun qolundan tutaraq onu özünə tərəf çəkmişdir. Həmin şəxs əli ilə bir dəfə onun cinsiyyət orqanına, bir dəfə isə arxa tərəfinə toxunmuşdur. O, geri çəkilmək istəsə də, həmin kişi onun qolundan tutduğu üçün bunu bacara bilməmişdir. Daha sonra həmin şəxs onun qolundan tutub kənara, heç kəsin görə bilməyəcəyi yerə aparmaq istəmiş, lakin sol tərəfdən başqa bir adamın gəldiyini görüb onun qolunu buraxmışdır. Həmin şəxs oradan uzaqlaşdıqdan sonra telefonundan DİN-in 102 xidmətinə zəng etmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs ilə barışmadığını bildirib, ona qarşı etdiyi hərəkətə görə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 10 nömrəli şəhər poliklinikasında tibb qeydiyyatçısı vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun kiçik oğludur. 17 yanvar 2025-ci il tarixdə saat 15:00 radələrində o, işdən çıxıb edə qayıdan zaman evə nəsə lazım olub-olmadığını soruşmaq məqsədilə oğlu Rahimə zəng etmiş, lakin sonuncunun mobil nömrəsi həmin vaxt məşğul olmuşdur. Daha sonra Rahim onun zəngini açaraq yaşadıqları evin yaxınlığında yerləşən “Meşə parkı” adlanan ərazidə olan zaman tanımadığı şəxs tərəfindən əxlaqsız hərəkətlərə məruz qaldığını və bununla əlaqədar polisə məlumat verdiyini bildirmişdir. O, oğlu Rahimə dərhal həmin parka getməsini bildirmiş, özü də həmin parka yollanmışdır. Sözügedən parkda oğlunun deməsinə görə yaşıl pencək geyinmiş şəxsi axtarmağa başlamış, həmçinin ətrafda olan şəxslərdən həmin ərazidə kamera olub-olmamasını maraqlanmışdır. Bundan sonra onlar bir neçə dəfə bu hadisə ilə əlaqədar polisə müraciət etmişdirlər. O, hadisənin necə baş verdiyinin birbaşa şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, Meşə parkının içərisində uşaqlar üçün əyləncə yerində ön oturacaqların yanında süni ağaclar, ağacların yanında turba, onun yaxınlığında yerləşən restoran vardır. (i.v. 8-11) AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlüdür. (i.v. 42) 19 yanvar 2025-ci il tarixli, 001950 qeydiyyat nömrəli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs bidirmişdir ki, əlində 2 rəqəmi tutulan şəxs ona qarşı əxlaqsız hərəkətlər edən şəxsdir. Təqsirləndirilən şəxs digər şəxslərin arasında 2-ci sırada yer tutur. (i.v. 60-63) 18 fevral 2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, 17 yanvar 2025-ci il tarixdə, saat 15:29-da Təqsirləndirilən şəxs görüntüyə daxil olur və əvvəlcə başqa istiqamətdə getmək istəsə də, daha sonra telefonla danışan azyaşlı Zərərçəkmiş şəxs olduğu tərəfə gedib onunla söhbət etməyə başlayır. Bundan sonra onlar ağacların arxasına keçdikləri üçün nə etdikləri görünmür. (i.v. 111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 157 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. (i.v. 113- 114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 xx.xx.2025-ci il tarixli, 20 saylı “Canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (i.v. 116-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 955 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlər zamanı təqsirləndirilən şəxsə müqavimət göstərmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmaya meyillik əlamətləri müşahidə olunmur. (i.v. 119-120) “Sübutların qiymətləndirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərər çəkmiş ifadəsi, baxış keçirmə protokolu, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi, cinayət işi materiallarına əlavə edilmiş bir ədəd DVD disk maddi sübut növü kimi qiymətləndirilərək tanınmışdır. (i.v. 127-133) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməməsi, yəni sonuncuya toxunmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: 18 yanvar 2025-ci il tarixli, 001948 qeydiyyat nömrəli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:55 dəqiqədə tutulmuşdur. (i.v. 30) 21 yanvar 2025-ci il tarixli, 4(004)-70/2025 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 94-96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (i.v. 125-126) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” çıxarışından görünür ki, X3 1-ci dərəcəli əlilliyi vardır. Məhkəmə Təqsirləndirilən şəxs üç övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmamış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi 15 (beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə yetkinlik yaşına çatmayanlara nəzarət və onları tərbiyə etmək vəzifəsi daşıyan təhsil, tərbiyə və tibbi müəssisələrdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan, eləcə də yetkinlik yaşına çatmayanlara nəzarət və onları tərbiyə etmək funskiyalarına malik fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar