Məhkəmə qərarları › İş №1(004)-305/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-305/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-305/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 7000,00 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 3350,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə tam icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi inzibati xəta haqqında protokolu ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 18 iyul 2016-cı il tarixdə 500,00 manat, 13 yanvar 2020-ci il tarixdə isə 500,00 manat inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 6530,00 ABŞ dolları borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ortaq təndir çorək satışı ilə məşğul olmuşlar. Daha sonra Səkinə Xanım öz istəyi ilə onu şəriklikdən çıxarmış və əldə edilmiş qazancdan 2050,00 manatı sonuncuya qaytarmışdır. Qalan borcunun müqabilində müxtəlif xəmir yoğuran aparatı və digər avadanlıqlar Səkinə xanıma vermişdir. X8 borcu olmadığı halda ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 saylı qətnaməsi ilə 7000,00 ABŞ dolları və 3350,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti versədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu barədə icra sənədi Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinə icraya yönəldilmişdir. Həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Maddi imkanı olmadığından qətnamə üzrə olan borcunu tam ödəyə bilməmişdir. Buna görə dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdi.İcra şöbəsinin protokoluna əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəmələrinin qərarına əsasən iki dəfə 500,00 manat inzibati qaydada cərimə olunmuşdur və bundan sonra icra məmuru tərəfindən ona yenidən borcu ödəməyi barədə bildiriş verilmişdir. Zərərçəkmiş şəxs cəmi 4150,00 manat ödəmişdir. Hazırda işləmir. Zərərçəkmiş şəxs borclu olmadığndan qətnaməni icra etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 7000,00 ABŞ dolları və 5400,00 manat borc vermişdir. Dəfələrlə pulunu tələb etməyinə baxmayaraq Təqsirləndirilən şəxs ona yalan vədlər verərək borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətiində qalmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 7000,00 ABŞ dolları və 3350,00 manat məbləğində borc alınaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs ona cəmi 4150,00 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsədə nəticəsi olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış qalıq borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 18 iyul 2016-cı il tarixdə 500,00 manat, 13 yanvar 2020-ci il tarixdə isə 500,00 manat inzibati qaydada cərimə edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs cəmi 4150,00 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs 6530,00 ABŞ dolları borcunu ödəmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 Rübail oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan 09 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan 09 aprel 2021-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 №-li icra sənədindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 7000,00 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 3350,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 14-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icraata başlamaq haqqında 10 may 2016-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)-2290/2016 №-li icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 10 may 2016-cı il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016cı il tarixli, 2(004)-2290/2016 №-li icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 3(004)-386/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 24 iyul 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(004)- 2290/2016 №-li icra sənədinin icra olunması üçün təkrarən ona 10 gün müddət verilmiş, Əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırımışdır. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 58-ci vərəqəsində olan 22 saylı MKİS tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum edilməməsini, qadın olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırovun məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ**********0000001944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar