Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-309/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X4 vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Nişad Mehdiyevin müdafiəçisi qismində dəvət edilmiş Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, “Rubrika.az” internet xəbər portalının baş redaktoru Nişad Mehdiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “Rubrika.az” internet xəbər portalının baş redaktoru Nişad Mehdiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri vəzifəsində işləyir. 24 mart 2024-cü il tarixdə “Rubrika.Az“ internet internet xəbər portalının internet səhifəsində Nicat Mahmudovun imzası ilə (https://rubrika.az/index.php?newsid=88096) “İqtisadiyyat Nazirliyində Xamis Seyranov kabusu - Kadr biznesi, Parnik alveri və... X8 Faktlar” başlıqlı dəqiqləşdirilməmiş, şər böhtan xarakterli xəbər yayılmış və bir sıra mətbuat subyekti https://paralel.az/az/article/503592 https://hurriyyet.az/az/post/iqtisadiyyat-nazirliyinde-xamis-seyranov-kabusu-kadr-biznesi-parnikalveri-ve—mikayil-cabbarova-sok-faktlar-418701 və s.) və onların sosial şəbəkə hesablarında həmin yazıya istinad verilməklə məlumatlar paylaşılmışdır. “Rubrika.Az“ internet xəbər portalının baş redaktoru Nişad Mehdiyevdir. Yayılmış məlumatda onun barəsində tamamilə şər böhtan xarakterli məlumatlar əks olunmuşdur. Belə ki, o yazıda qeyd edildiyi kimi İqtisadiyyat Nazirliyinin yox, ona tabe qurumun şöbə müdiri vəzifəsində işləyir. Birbaşa vəzifə funksiyaları təbii inhisar fəaliyyəti sahəsində istehlakçılar və sahibkarlıq subyektləri üçün yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur. Heç vaxt korrupsiya əməllərinə yol verməmişdir. Yuxarıda göstərilən başlıqda yayılmış böhtan xarakterli məlumatlar onun şərəf və ləyaqətini ləkələmiş, korrupsiyada ittiham etmiş, cəmiyyətdə və İqtisadiyyat Nazirliyinin kollektivi qarşısında nüfuzdan salmışdır. Bu isə onun mənəvi sarsıntı yaşamağına və işgüzar nüfuzuna ciddi xələl yetirilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Göründüyü kimi “Rubrika.Az“ internet internet xəbər portalının baş redaktoru Nişad Mehdiyev böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, korrupsiyada ittiham edən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 nemyəmdəsi və vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X9 şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs “Rubrika.Az“ internet internet xəbər portalının baş redaktoru Nişad Mehdiyevin təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Nişad Mehdiyevin müdafiəçisi Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun vəkili X2, N.Mehdiyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayət Ali Məhkəmənin plenum qərarı ilə uyğunsuzluq təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, əvvəla, şikayətçi X6 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində şikayət verdiyi şəxsin ad və soyad yazmaqla kifayətlənmiş və həmin şəxsin ata adını belə qeyd etməmişdir. Belə olan halda məhkəmə tərəfindən konkret olaraq hansı şəxs barəsində şikayətin verilməsini müəyyən etmək mümkün olmur. Bundan başqa həmin şəxs barəsində AR CPM-nin yuxarıda sadalanmış müvafiq maddəsinin tələblərinə uyğun məlumatların məhkəməyə bildirilməməsi hazırki işin məhkəmə aidiyyətini müəyyən etməyə imkan vermir. İşin ərazi aidiyyəti barədə sübut təqdim etmə, işin ərazi aidiyyətinin bu və ya digər məhkəməyə aid oması, Yasamal Rayon Məhkəməsinə aid oması barədə əsaslandırmanı şikayət vermiş tərəf şikayətində əsaslandırmalıdır. Şikayətçi belə bir sübut toplamadığı və təqdim etmədiyi təqdirdə həmin sübutu məhkəmə öz təşəbbüsü ilə barəsində şikayət verilmiş şəxsin əlehinə toplaya bilməz. Həmçinin şikayətçi belə bir sübutlara istinad edib, şikayətinin ərazi aidiyyətinin məhz Yasamal Rayon Məhkəməsinə aid olması barədə şikayətində əsaslandırma aparmamışdırsa, bu əsaslandırmanı məhkəmə şikayətçinin əvəzinə etməməlidir. Çünki hazırkı şikayətlə faktiki olaraq barəsində şikayət verilmiş şəxs təhqir və böhtan əməlinin törədilməsində təqsirləndirilmişdir. Hazırkı şikayət prosessual sənəddir, hüquq və vəzifələr yaradır. Həmin sənədin düzgün və əsaslı tərtib edilməsinə, bununla bağlı sübutların toplanılmasına şikayət vermiş şəxs məsuliyyət daşıyır və sənədin CPM- nin tələblərinə uyğun əsaslandırılmasına şikayət vermiş şəxs tərəfindən əməl etməlidir. Məhkəmə şikayət vermiş şəxsin əvəzinə, şikayətin ərazi aidiyyəti barədə sübut toplamamlıdır, şikayətdə bu barədə əsaslandırma aparılmamışdırsa və ya şikayətin bu hissəsi əsassızdırsa, məhkəmə öz təşəbbüsü ilə şikayətin məhz həmin məhkəməyə və ya digər məhkəməyə aid olması barədə əsaslandırma aparmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin məqaləsinin fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir.Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə tərəfindən internet informasiya resurslarında müvafiq axtarış verilməklə şikayətdə adı qeyd edilmiş məqalənin “Rubrika.az” saytında mövcud olması müəyyən edilməmişdir.Bundan başqa şikayətçi tərəfindən əsas götürülmüş məqalənin kütləviliyini müəyyən etmək, yəni həmi məqalənin izləyicilərin olub olmaması, olubsa əgər hansı sayda baxışın olub-olmaması ilə ilə bağlı mötəbər übutlar təqdim olunmamışdır. Eyni zamada qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində daha bir xətaya yol vermişdir. Belə ki, şikayət vermiş şəxs tərəfindən Nişad Mehdiyevin barəsində hansı cəza növünün tətbiq edilməli olduğu qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Nişad Mehdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-309/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-309/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver