Məhkəmə qərarları › İş №1(004)-310/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-310/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-310/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 aprel 2020-ci il tarixdə təxminən saat 05 radələrində ünvan 2 ünvanda yerləşən «X25 & Business Center» adlanan iş mərkəzinin inzibati binasının qarşısına gələrək binanın sol tərəfində saxlanmış Zərərçəkmiş şəxs məxsus bir ədəd 2200 manat dəyərində olan 2019-cu il buraxılışlı, LZSPCKLBXK1100164 ban nömrəli, yaşıl rənli, 99B545 dövlət qeydiyyat nişanlı, «Zongshen Spex 150 Motosikl» markalı motosikleti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 2200 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun qara rəngli kağız parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,264 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə-narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 3 ünvana gətirdikdən sonra, 02 may 2021-ci il tarixdə saat 21:00 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb 28-ci PB-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli «cins» şalvarının sol yan cibindən qeyd olunan 0,264 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bundan əvvəl məhkum olunmuş və məhkumluğunun bir hissəsi oğurluq və qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə bağlı olunmuşdur. Belə ki, Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3. və 232.3.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin bir neçə aydan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən həmin cəzası 7 il müddətinə endirilmiş və buna görə də 04.04.2016-cı il tarixdə cəzanın sonu ilə bağlı azad olunmuşdur. Lakin bu kimi məhkumluq və cəza çəkməsinə baxmayaraq o, bədənində mütəmadi olaraq əzələ və sair ağrılar olduğu üçün azadlığa buraxıldıqdan sonra yenidən narkotik vasitə heroin qəbul etməyə başlamışdır. Uzun müddətdir ki, narkotik vasitə “heroini” iynəmək və çəkmək yolu ilə qəbul edir. Heroini Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. 16 aprel 2021-ci il tarixdə o Tiflis prospektində yerləşən binanın qarşısına gələrək orada dayanan motosikleti oğurlamışdır. Sonradan böyük oğlunun dostuna 900 manata satmışdır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir, motosiklet sahibinə qaytarılmışdır. 02 may 2021-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evin qarşısında durduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 28-ci PB-nin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin əldə edib, saxlamaqda və istehlak etməkdə şübhəli olduğunu bildirərək ondan həmin bölməyə getməyini tələb etmişlər. O isə, tutulacağından qorxduğu üçün oradan qaçmağa başlamış və küçə ilə qaçan zaman ayağı büdrəyərək bir neçə dəfə yerə yıxıldığı üçün xəsarətlər almışdır. Bu səbəbdən də sonuncu dəfə yıxıldıqda həmin polis əməkdaşları ona çataraq tutub avtomobillərinə mindirməyə çalışmışlar, lakin o, yenə də təbesizlik göstərmiş və eyni olaraq tutulmaq istəmədiyi üçün polislərin onu azad buraxmalarına nail olmaq məqsədi ilə başını bir neçə dəfə onların avtomobillərinin qapısının dəmir hissəsinə vurmuşdur. Lakin heç bir müsbət nəticə əldə edə bilməmiş və həmin polis əməkdaşları fiziki cəhətdən ondan güclü olduqları üçün qollarından tutub onu avtomobillərinə mindirərək özləri ilə oradan bir başa Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Təxminən 10 dəqiqə bölmədə olan otaqların birində gözlədikdən sonra digər polis əməkdaşı ona yaxınlaşaraq X17 olduğunu və onun üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da, cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını bildirərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən “Yusif Allahverdiyev və partnyorları” adlanan Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da, həmin siyahıdan vəkil X2, həmin vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 20-25 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Elgin Abdullayev kimi təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı tərəfindən ona təqdim edilmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı M.Soltanov onu və vəkil E.Abdullayevi, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən bölmənin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil E.Abdullayevin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı M.Soltanov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O əlavə olaraq bildirdi ki, üstündə narkotik vasitə olmamışdır və ona çəkilişdən qabağ təhqiqatçı və əməlliyatçılar təyziq edib və hədə qorxu gələrək məcbur etdilər ki, o çəkiliş zamanı ona verilən narkotik vasitəni öz cibindən çıxardıb polislərə təqdim etsin, beləliklə çəkiliş vaxtı dediyi və sonradan verdiyi ifadədə ğöstərilən xüsusatlar hamısı yalandır, təyziq və işgəncə altında verilib.Bundan sonra, təhqiqatçı M.Soltanov onun təqdim etdiyi həmin bükümə baxaraq içərisində həqiqətən də qəhvəyi rəngli maddənin, yəni narkotik vasitə olan heroinin olması müəyyən etmişdir. Daha sonra isə təhqiqatçı M.Soltanovun tapşırığı əsasında orada iştirak edən polis əməkdaşlarından biri onun üzərini də axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Bununla da, təhqiqatçı M Soltanov, onun və vəkili E.Abdullayevin, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan heroinin ondan aşkar olunub-götürülməsi əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, qorxusundan məcbur olub həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, həmin büküm içindəki narkotik vasitə heroinlə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda qardaşının evində yaşayır. 22.12.2019-cu il tarixdən o, ünvan 6 ünvanda yerləşən «Çiraq Plaza»-da 6-cı mərtəbədə ofisi yerləşən «X6» MMC şirkətində motosikl sürücüsü kimi işləməyə başlamışdır. Həmin məqsədlə o, 29.12.2019-cu il tarixdə qardaşının həyat yoldaşı X8 Bakı şəhərində qeydiyyatı olduğu üçün sonuncunun adına rəsmiləşdirməklə özü üçün 3000 manat ödəməklə yaşıl rəngli «Zongshen» markalı, 99B545 dövlət qeydiyyat nişanlı, ban nömrəsi LZSPCKLBXK1100164 olan motosikli alıb etibarnamə əsasında idarə edib iş vəzifələrini yerinə yetirmişdir. Adətən o və başqa iş yoldaşları olan motosikl sürücüləri işə səhər saat 10:00-dan başlayıb 23:00-dək işləyib uzaqda yaşayanlar motosiklları ilə evlərinə gedirlər, yaxınlıqda yaşayan bir neçə iş yoldaşı və o, motoskletlərini «Çiraq Plaza»-nın giriş qapısın sol tərəfində xüsusi ayrılmış yerdə saxlamış və bununla da bağlı şəxsən öz motosikleti üçün təhlükəsizlik tədbiri olaraq qabaq təkəri üçün xüsusi kilid dəsti alaraq hər dəfə işdən sonra təkərə bərkitmişdir. 15.04.2020-ci il tarixdə saat 23:00-da o, həmişəki kimi işi tatmamlayıb motosikletini həmişə saxladığı yerdə saxlayaraq qabaq təkərinə həmin kilid dəstini bağlayıb, evə getmişdir. Səhərisi gün, yəni 16.04.2020-ci il tarixdə saat 10:30-da işə gələrək motosikletini saxladığı yerə yaxınlaşanda ona məxsus motosikletin yerində olmadığını aşkar etmişdir. O, bunu görən kimi «Çiraq Plaza»nın mühafizəçisinə yaxınlaşıb bu barədə bildirmiş, lakin sonuncu gündüz növbəsinə çıxdığı üçün gecədən xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, bir neçə iş yoldaşları ilə əlaqə saxlayıb soraqlaşmış, lakin heç nə öyrənə bilməmiş və ona görə də, DİN-in «102 Xidməti»-nə zəng edərək motosikletinin oğurlanması barədə polisə məlumat vermişdir. Bundan sonra hadisə yerinə 27-ci Polis bölməsindən işçilər gəlmiş və o, hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs iş üzrə əlavə ifadəsində göstərmişdir ki, hadisədən sonra onda məlumat olmuşdur ki, oğurlanmış həmin motosikleti az müddətdir ki, Toğrul adlı oğlan idarə edir. 11 oktyabr 2020-ci il tarixdə axşam saatlarında isə o, Yasamal rayonu Tbilisi prospektində Toğrulun motisikletlə dayandığını gördükdə dərhal polis əməkdaşlarına məlumat verib, sonuncularla birlikdə həmin yerə yaxınlaşaraq motosiklin üzərində qeydiyyat nişanlarının olmadığını və rənginin yaşıl əvəzinə göy olsa da, üzərində olan ban nömrəsinin onda olan qeydiyyat şəhadətnaməsində yazılmış nömrə ilə eyni olduğunu, eləcə də göy boyanı qaşıdıqda altından yaşıl boyanın çıxmasını müəyyən etdikdə, həmin motosikletin məhz ona məxsus oğurlanmış motosiklet olduğunu bildirmişdir. Həmin Toğrul adlı cavan oğlan isə həmin motosikleti bir neçə gün əvvəl 900 manata məhəllədən tanıdığı bir nəfər şəxsdən aldığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 16.04.2020-ci il tarixdə ünvan 7 ünvanda yaşayan Zərərçəkmiş şəxs DİN-in «102 xidməti» zəng mərkəzinə telefonla və Yasamal RPİ-nin 27-ci PB-yə ərizə ilə müraciət edərək 15.04.2020-ci il tarixdə saat 23:00-dan 16.04.2020-ci il tarixdə saat 10:30-dək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 49C saylı ünvanda yerləşən «X25 & Business Center»-in qarşısında saxladığı özünə məxsus olan 3000 manat dəyərində «Zongshen Spex 150 Motosikl» markalı 99B545 dövlət qeydiyyat nişanlı motosikletin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Həmin faktla bağlı toplanmış material üzrə Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə cinayət işi başlanıb istintaqı aparılmışdır. Eyni zamanda cinayəti törədən şəxsin və oğurlanmış motosikletin yerinin müəyyən edilməsi üçün Yasamal RPİnin 27-ci PB-ndə tərəfindən əməliyyat işi açılaraq əməliyyat tədbirləri keçirilmişdir. 11 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində isə Zərərçəkmiş şəxs 27-ci PB-nə məlumat verərək ona məxsus olan oğurlanmış həmin «Zongshen Spex 150 Motosikl» markalı motisikletin hal-hazırda Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində dayandığını və həmin motosikleti idarə edən şəxsin də motosikletin yanında olduğunu bildirmişdir. Bu səbəbdən də, o, dərhal 27-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Zərərçəkmiş şəxsla birlikdə həmin gün saat 20:55 radələrində Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospektinə gəlib, orada «Zongshen Spex 150 Motosikl» markalı motisikletə və motosikletin yanında dayanmış şəxsə yaxınlaşaraq özlərini 27-ci PB-nin əməkdaşları kimi təqdim edib, həmin motosikletin zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurlanmış motosiklet olduğundan şübhləndiklərini bildirərək, həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs də Şahid1 olduğunu, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Daha sonra onlar, Şahid1 polis bölməsinə dəvət etmiş və o da, etiraz etməyərək onlarla birlikdə 27-ci PB-nə gəldiyindən həmin motosikleti də 27-ci PB-nə gətirmişlər. Bununla bağlı o, bu barədə raportla rəhbərliyə məruzə etmiş və rəhbərlik tərəfindən Şahid1 izahatının alınması ona həvalə olunmuşdur. PB-də Şahid1 xx.xx.2002-ci il təvəllüdlüdlü, yəni yetkinlik yaşına çatmayan olması müəyyən olunduğundan onun valideyni dəvət edildikdən sonra anası Yeganə Heydərovanın iştirakı ilə tərəfindən izahatı alaraq Şahid1, həmin motosikleti 3 gün bundan əvvəl yəni, 08 oktyabr 2020-ci il tarixdə tanışı Əziz adlı oğlanın atası Vahab adlı şəxsdən 900 manata aldığını bildirmişdir. Bundan sonra isə tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, həmin Vahab adlı şəxs 16.09.1985-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Mirsücayət oğludur. Lakin həmin vaxtlarda Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün onu istintaqa təqdim etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Seydəli oğlu ifadəsində göstərmişdir ki, o, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 may 2021-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1985-ci ildə ünvan 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 28-ci PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün, yəni 02 may 2021-ci il tarixdə əməliyyat müvəkkili polis leytenantı Şahid5la birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və nəticədə də saat 21:00-də əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin, yəni Təqsirləndirilən şəxs ünvan 12 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 28-ci PB-nin polis əməkdaşları kimi təqdim etməklə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ondan həmin bölməyə getməsini tələb etmişlər. Təqsirləndirilən şəxs isə oradan qaçımağa başlamış və qaçan zaman ayağı büdrədiyindən yerə yıxılaraq xəsarətlər almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşdıqda yenidən qaçıb getmək istəyərkən ona çatıb yaxalayaraq tutub avtomobilə mindirməyə çalışmışlar, Təqsirləndirilən şəxs yenə də təbesizlik göstərərək azad buraxılmasına nail olmaq məqsədi ilə başını bir neçə dəfə avtomobilin qapısının dəmir hissəsinə vurmağa başlamış, lakin buna baxmayaraq onlar, sonuncunun qollarından tutub onu avtomobilə mindirərək özləri ilə oradan bir başa Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Bundan sonra, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı X12 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı M.Soltanov Yasamal RPİ-nin 28-ci PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmiş, Təqsirləndirilən şəxs da vəkillərin siyahısından vəkil X1 maddi imkanı olmadığını bildirib, dövlət hesabına hüquqlarının müdafiə olunması üçün həmin vəkilin dəvət olunmasını xahiş etmişdir. Buna görə də, təhqiqatçı M.Soltanov dövlət büdcəsi hesabına Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X11 28-ci PB-nə dəvət edib, vəkil Elgin Abdullayevi təqdim etmiş və Təqsirləndirilən şəxs da, təqdim olunan həmin vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, təhqiqatçı M.Soltanov, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat müvəkkili Şahid5 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı M.Soltanov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone X» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla təhqiqatçı M.Soltanov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun qara rəngli kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kokos” deyilən narkotik vasitə heroin olduğunu, həmin heroini 1-2 gün əvvəl “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alaraq əynindəki şalvarının cibinə qoyduğunu və sonradan istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi həmin bükülüyə baxış keçirilərkən bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli maddənin, yəni narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan əlavə, Şahid4 ifadəsində göstərmişdir ki, 02.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən Yasamal RPİ-nin 28-ci PB-nə gətirilərkən və polis bölməsində olarkən onu heç kəs döyməmiş, xəsarət yetirməmiş və işgəncə verməmiş, eləcə də üzərində narkotik vasitə olmasını boynuna almasını ondan tələb etməmişdir. X17 tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəklişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs ona hüquq və vəzifələri izah edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Məhz bu təklifdən sonra Təqsirləndirilən şəxs özü, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun qara rəngli kağızına bükülmüş vəziyyətdə olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kokos” deyilən narkotik vasitə heroin olduğunu və onu “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün alaraq üstündə saxladığını bildirmişdir. Həmçinin, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmaqla dəfələrlə bundan əvvəl məhkum olunmuş və buna görə də məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə yalan məlumat verməklə bildirmişdir ki, guya polis əməkdaşları tərəfindən döyülüb xəsarət yetirilməklə ona işgəncə verilərək üzərində narkotik vasitə olmasını boynuna alması tələb olunaraq hətta videoçəkiliş də aparılmışdır. Əsl həqiqətdə belə bir hallar olmayıb və bu barədə Təqsirləndirilən şəxs bildirdikləri tam yalan və böhtandır. Eləcə də Şahid4 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir və üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitə heroini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. V. Rəhimovun narkotik vasitələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə isə heç bir məlumat əldə olunmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroinin mənbəsi ilə bağlı o özü, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş, lakin bu sahədə də hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilənləri tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, çörək pulu qazanmaq üçün təxminən iki ildir ki, motsikletlə fərdi qaydada motokuryer fəaliyyəti göstərir. 2020-ci ilin sentyabr ayının axırlarında məhəllədən tanıdığı Əziz adlı oğlan ona bildirmişdir ki, atasında «Zongshen» şirkətinin keriditi ilə eyni markalı satlıq motosikleti var, pul lazım olduğu üçün 1500 manata satırlar. O da, bir qədər fikirləşəcəyini bildirdikdən sonra qərara gəlmişdir ki, həmin motosikleti alıb kreditini yavaş-yavaş ödəyər. Bundan sonra o, 08 oktyabr 2020-ci il tarixdə Əzizə həmin motosikleti almaq istədiyini demiş və onunla görüşüb, sonuncunun yaşadığı evə gedərək motosikletə baxaraq göy rəngli «Zongshen» markalı motosiklet olduğunu görmüşdür. Həmin zaman Əzizin atası Vahab orada olaraq motosikleti ona təqdim etmiş və o, motosikleti bəyəndikdən sonra Vahabdan qiymətdə güzəşt etməsini xahiş etdikdə, Vahab əvvəl motosikleti 1200 manata satmaq istəsə də, sonradan 900 manata satmaq razılığını vermişdir. Həmçinin, aralarında olan söhbətləri zamanı Vahab, motosikletin sənədi şirkətdə olduğunu, həmin motsikleti ona tanışı hədiyyə etdiyini və həmin şəxs tutulduğu üçün həbsdə olduğunu deyərək, istəsə heç kreditini ödəməyə də bilər demişdir. O da, Vahaba inanıb evə gedərək 900 manat pulu götürüb geri qaytmış və həmin pulu Vahaba ödəməklə motosikleti təhvil almışdır. Bundan sonra isə 11 oktyabr 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, Yasamal rayonu Tbilisi prospektində motosikletlə dayandığı zaman, Yasamal RPİ-nin 27-ci PB-nin 2 nəfər əməkdaşı motosikletin sahibi Kamalla birlikdə ona yaxınlaşıb, həmin motosikletin ban nömrəsinə baxmış və motosikletin qeydiyyat şəhadətnaməsinin surətini ona göstərdikdən sonra məlum olmuşdur ki, oradakı ban nömrəsi ilə motosikletin qabaq təkərinin sol stoykasında həkk edilmiş ban nömrəsi eynidir və şəhadətnamədə motosikletin yaşıl rəngdə olması qeyd olunsa da, motosiklet göy rəngə boyanmışdır. Bundan sonra, polis işçiləri onu həmin motosikletlə birlikdə 27-ci Polis bölməsinə aparmış və həmin zaman o, yetkinlik yaşına çatmadığı üçün anası bölməyə dəvət olunaraq sonuncunun iştirakı ilə izahat verərək hər şeyi olduğu kimi bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin motosikleti ona satarkən motosikletin oğurluq olmasını ondan gizlətmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermidir. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan 02 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 42-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2021-ci il tarixli, 6/1775 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0, 264 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin heroinin 0,05 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 0, 214 qram təşkil edir. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 109 manat 90 qəpik təşkil etmişdir. Cinayət işinin 1-ci cild 170-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 9/4839 saylı ekspert rəyindən görünür ki, Şahid1 götürülməklə ekspertizaya təqdim edilmiş 2019cu il buraxılışlı, «Zongshen Spex 150 Motosikl» markalı motosikletin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti 2200 manat təşkil edir. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 90-106-cı vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,264 qram çəkidə olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatdan qalıq qalmış 0,214 qram çəkidə olan hissəsi məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş; Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin “DVD” markalı disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış və «Zongshen Spex 150 Motosikl» markalı motosiklet maddi sübut kimi tanındıqdan sonra məhkəmə baxışınadək məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir Cinayət işinin 2-ci cild 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 şəxsi Ambulator X5 ekspert komissiyasının 25 iyun 2021-ci il tarixli, 2088 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3. və 232.3.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3. və 232.3.1-ci maddələri təqsirli olması saxlanılaraq cəzası 7 il müddətinə endirilmiş və 04.04.2016-ci il tarixdə çəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cild 63-74-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3. və 232.3.1ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 063562 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 27 yanvar 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X10. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 405382 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X10. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin 01 ədəd DVD markalı diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X9, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkilləri Şahid4 Seydəli oğlu və Şahid5 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 4 dəqiqə 25 saniyə ərzində qeydə alınmış video görüntü tərəfimdən izlənilərkən müəyyən edilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı M.Soltanov tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunun qara rəngli kağız parçasından ibarət olan bükülünü çıxarıb təqdim edir və bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müəyyən olunur. Üzərindən aşkar edilmiş bükülüdə olan maddənin nədən ibarət olması barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli siqaret kağızı parçasından ibarət olan kağız bükülünün içərisində “kokos” deyilən, yəni narkotik vasitə heroin olduğunu və həmin heroini “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun qara rəngli kağız parçasından ibarət olan kağız bükülünün içərisinə keçirilən baxış zamanı bükülünün içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra, V. Rəhimovun təqdim etdiyi yuxarıda göstərilən bir ədəd siqaret qutusunun qara rəngli kağız parçasından ibarət olan kağız bükülünün içərisindəki həmin maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlamış və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3 və 232.3.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnasəyə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3 və 232.3.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2010-cu il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.3.1, 228.3 və 232.3.1-ci maddələri təqsirli olması saxlanılaraq cəzası 7 il müddətinə endirilmiş və 04 aprel 2016-ci il tarixdə çəzasının sonu ilə azad olunmuşdur. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 şəxsi Ambulator X5 ekspert komissiyasının 25 iyun 2021-ci il tarixli, 2088 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatdan qalıq qalmış 0,214 qram çəkidə olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin digər maddi sübut olan «Zongshen Spex 150 Motosikl» markalı motosiklet sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 159 manat 90 qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili E.M.Abdullayevə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili E.M.Abdullayevə ibtidai istintaq dövründə iştirak etdiyi 41 saata görə 246 manat, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatdan qalıq qalmış 0,214 qram çəkidə olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Digər maddi sübut olan «Zongshen Spex 150 Motosikl» markalı motosiklet sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 159 manat 90 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X13 ibtidai istintaq dövründə iştirak etdiyi 41 saata görə 246 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına, həmçinin Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar