Məhkəmə qərarları › İş №1(004)-310/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-310/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-310/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 30 sentyabr 2023-cü il tarixdə saat 17:15-də ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə M.Həsənov küçəsi istiqamətində idarə etdiyi “Ravon R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində yerləşən işıqforla tənzimlənən piyada keçidi ilə yolu əks tərəfə keçən piyada Zərərçəkmiş şəxs yol verməməsinə görə sonuncunun bildirdiyi haqlı iradı səmimi qəbul etməyərək, yol kəsişməsini keçib M.Həsənov küçəsində “Alatava" istiqamətində idarə etdiyi avtomobili saxlayaraq, öz qanunsuz hərəkətlərinə haqlı don geyindirməyə çalışmaqla münaqişəli vəziyyət yaradıb ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı pozub, digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq, mənəviyyat, o cümlədən hüquq normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, öz hüquqazidd hərəkətlərini davam etdirib “Ravon R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək heç bir əsaslı səbəb olmadan həmin avtomobili yerindən sürətli hərəkət etdirməklə yolun sağ tərəfində dayanmış Zərərçəkmiş şəxs Ramız oğlunun üzərinə sürüb qəsdən avtomoblinin sağ ön təkəri ilə sonuncunun sol ayağının üzərindən keçərək ona sol ayağın birinci barmağının əsas falanqasmın qopma xarakterli yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarəti yetirərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü bilməyərək, ifadəsində göstərmişdir ki, o “Ravon R3” markalı, 99- PF-865 dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə əsasında “Azərmaaş" lizinq şirkətindən aylıq 383 manat ödəniş müqabilində alıb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində atası Sovet Həsənovun səhətində problem olduğu üçün ailə üzvüləri atasını təcili şəkildə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Respublika Kliniki Xəstəxanasına" aparıb ona da bu barədə məlumat verərək xəstəxanaya gəlməsini bildirmişdirlər. O da dərhal idarə etdiyi “Ravon R3“ markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeyd olunan xəstəxanaya gəlmişdir. Bundan sonra o atasının həmin xəstəxanada qeydiyyata götürülməsi üçün sənədlərini gətirmək məqsədi ilə həmin gün saat 17 radələrində Abşeron rayonu Masazır qəsəbəsinə getmək üçün idarə etdiyi “Ravon R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə A.M.Şərifzadə küçəsinin Müzəffər Həsənov küçəsi istiqamətində hərəkət edərək 2-ci Alatavaya dönmək üçün M.Həsənov küçəsinə daxil olmadan öncə kəsişmədə quraşdırılmış işıqforun sarı işığının yandığını görüb dayanmadan hərəkətini davam etdirib sola dönərək M.Həsənov küçəsinə daxil olmuşdur. Bu zaman tanımadığı bir cavan oğlanın arxadan qışqıraraq avtomobili saxlamağını tələb etdiyini eşidib maşını yolun sağına verərək orada saxlamışdır. O, avtomobili ilə M.Həsənov küçəsinə dönərkən maşının salonunda arxa oturacaqda olan bağlama ayaq altına düşdüyü üçün avtomobilindən düşüb həmin bağlamanı götürərək yerinə qoymuşdur. Bu zaman onun arxasıyca səslənmiş cavan oğlan ona yaxınlaşıb niyə işıqforun qırmızı işığında keçdiyini bildirmişdir. O da həmin şəxsə polis olduğunu, bunu ancaq ona polis əməkdaşının irad tuta biləcəyini bildirmişdir. Həmin şəxs isə ona gününü göstərəcəyini bildirib onu hədələmişdir. O isə tələsdiyinə görə həmçinin qeyd etdiyi şəxsin əlində dəmir parçasına bənzər küt əşya görüb söhbətin daha da böyüməməsi üçün sonuncuya cavab vermədən qayıdıb öz avtomobilinə əyləşmişdir. Bu zaman həmin şəxs gəlib avtomobilinin qarşısında dayanıb demişdir ki, gözlə burda, o da həmin şəxsə demişdir ki, adamı çilədən çıxartma çəkil avtomobilin qarşısından çıxıb gedim. Bir qədər sonra həmin şəxs avtomobilinin qarşısından sağ ön işıqları olan hissəyə çəkilmişdir. O isə sağ ön qapının pəncərəsindən həmin şəxsə bildirmişdir ki, yoldan çəkilsin. Lakin həmin şəxs yerindən tərpənməmişdir. Bu zaman o idarə etdiyi avtomobili sərt şəkildə yerindən tərpədib sükanı sola çevirərək həmin şəxsin yanından keçmək istəyən zaman həmin şəxs əli ilə onun sağ yan güzgüsünə bir dəfə zərbə endirmişdir. O isə həmin şəxsin bu hərəkətinə fikir vermədən hərəkətinə davam edib oradan uzaqlaşaraq öz işlərinin arxasınca getmişdir. Bundan xeyli müddət sonra Yasamal RPİ-dən ona zəng edib dəvət edilən zaman o öyrənmişdir ki, həmin şəxs ondan polisə şikayət etmişdir. İfadəsinin sonunda onun əməlinin xuliqanlıq maddəsi ilə deyil, sağlamlığa zərər vurma kimi tövsif edilməsini və ümumən törətdiyi əməldən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını qeyd edib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişir ki, avtomobili ilə A.M.Şərifzadə küçəsinin M.Həsııov küçəsi ilə kəsişməsində yerləşən piyada keçidinə daxil olan zaman orada avtomobillər üçün işıqforun qırmızı işığı yox sarı işığı yanmış, Həbib adlı şəxs onu əsassız yerə saxlatdırdığı üçün o Həbib adlı şəxsdən polis olmasını soruşmuş, həmin vaxt Həbib münaqişəni davam etdirməyə çalışsada o tələsdiyi üçün Həbibə fikir vermədən hadisə yerindən uzaqlaşıb getmişdir. Bu zaman Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməmiş, avtomobilin qarşısını kəsdiyi üçün xəsarət almasında özünün təqsiri olmuşdur. Zərərçəkmiş şəxs münaqişənin əvvəlində avtomobilinin yanında dayanıb onunla söhbət etsdə sonradan avtomobilinin önünə keçib oradan onu tutduracağı ilə hədələmişdir.Onların arasında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, ətrfa başqa şəxslər toplaşamışdır.İş üzrə şahid qismində ifadə vermiş şəxs onların yanında olmamışıdr, həmin şəxs mübahisənin sonunda o, avtomobilə əyləşdirkdən sonra həmin yerə yaxınlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində işlədiyi stomatoloji mərkəzdən çıxaraq Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə M.Həsənov kəsişməsi ilə marketə gedən zaman yolun qarşı tərəfinə keçmək üçün piyadalar üçün nəzərdə tutulmuş zolağın kənarına gəlmişdir. O, piyadalar üçün işıqforun yaşıl işığı yandığı üçün yolu hərəkət istiqamətinin qarşı tərəfinə keçməyə başlamış, bu zaman avtomobillər üçün işıqforun qırmızı işığı yandığına görə həmin an iki avtomobil dayanmışdır. Lakin o piyada keçidində təxminən 10 metr irəliləyən zaman uzaqdan ağ rəngli “Ravon Nexia” markalı avtomobilinin A.M.Şərifzadə küçəsi ilə ona doğru yüksək sürətlə hərəkət etdiyini görmüş və həmin avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçdiyi üçün qəza şəraiti yaranmışdır. O da buna görə həmin avtomobilin sonradan adının Tural olduğunu öyrəndiyi sürücüsünün arxasıyca qışqıraraq niyə belə sürətlə və işıqforun qırmızı işığına məhəl qoymadan keçməsini irad bildirmişdir. O bu sözləri dedikdən sonra “Ravon” markalı avtomobilin sürücüsü bir qədər irəliləyərək A.M.Şərifzadə küçəsi ilə M.Həsənov kəsişməsindən 2-ci Alatavaya doğru döndükdən sonra avtomobili yolun sağ kənarında saxlayaraq aşağı düşmüşdür. O bu zaman həmin şəxsin onu çağırmaq istədiyini görmüş və özü yolu qarşı tərəfə keçərək həmin şəxsə yaxınlaşmışdır. Ö “Ravon“ markalı avtomobilin sürücüsünə yaxınlaşan zaman həmin şəxs ona danışmaq üçün avtomobilə əyləşməyini bidirmişdir. O həmin şəxsə etiraz etmiş və avtomobilə əyləşməmişdir. Bundan sonra sonuncudan yenidən niyə işıqforun qırmızı işığına məhəl qoymadan avtomobillə keçdiyini və qəza şəraiti yaratmasını soruşmuşdur. Bu zaman həmin şəxs ondan polis olub-olmadığımı soruşmuş, o da həmin şəxsə polis işçisi olmadığını sadəcə qəza şəraiti yaratdığı üçün irad bildirdiyini demişdir. “Ravon" markalı avtomobilin sürücüsü Tural adlı şəxs isə ona bildirmişdir ki, yaxşı edir belə sürür. O Tural adlı şəxsə buna görə polisə şikayət edəcəyini bildirmişdir. Həmin sürücü ona kimə istəyirsə şikayət edə biləcəyini bildirmişdir. O bundan sonra oradan bir qədər uzaqlaşmış, həmin şəxsdə o bir qədər uzaqlaşdıqdan sonra öz avtomobilinə əyləşmişdir. O həmin vaxt yolun sağ tərəfində olan səkiyə çıxmaq istəyərkən həmin şəxs, avtomobilə əyləşdib sürətlə hərəkət edərək avtomobili onun üzərinə doğru sürmüş və qəsdən avtomobillə onun sol ayağının üzərindən keçərək ona xəsarət yetirib oradan uzaqlaşmışdır. O həmin an ayağının ağrısından qışqıraraq yerə oturmuşdur. Bunu görən kənardakı tanımadığı şəxslər ona kömək etmək üçün yanma gəlmişdirlər. Bundan sonra o Azərbaycan Respublikası DİN-nin 102 zəng məlumat xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsinə göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:15 radələrində Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatavadan M.Həsənov küçəsi istiqamətində işlətdiyi marketə doğru gəlmişdir. Həmin vaxt 2-ci Alatava istiqamətində yolun sağ tərəfində ağ rəngli “Ravon" markalı avtomobilin dayandığını və həmin avtomobilin sürücüsünün Həbib adlı tanıdığı ilə yüksək səslə mübahisə etdiyini görmüşdür. O hələ yolun qarşı tərəfində olan zaman ağ rəngli “Ravon" markalı avtomobilin sürücüsünün Həbibə “polissənmi?, get əlindən gələnin beş artığın çək" demişdir. O Həbib və həmin sürücünün yüksək səslə mübahisə etdiyini gördükdən sonra sonuncular arasında yarana biləcək münaqişənin qarşısını almaq üçün həmin şəxslərə tərəf irəliləməyə başlamışdır. Bu zaman Həbib həmin şəxsin avtomobilinin önündən yolun Alatava istiqamətində sağ kənarına doğru keçmiş, ağ rəngli “Ravon" markalı avtomobilin sürücüsü isə o Həbibin yanına çatana kimi avtomobilinə əyləşmişdir. Bundan sonra həmin şəxs avtomobilin mühərrikini işə salıb avtomobili yerindən sərt şəkildə hərəkətə gətirərərək yolun solu ilə davam edə biləcəyi halda sükanı yolun sağ tərəfində dayanmış Həbibin üzərinə çevirirək avtomobili ilə qəsdən Həbibin ayağının üzərindən keçib daha sonra yenidən sükanı sola çevirərək öz yoluna davam etmişdir. O, Həbibin yanına gedərək köməklik etməyə çalışsa da əlindən bir şey gəlməmişdir. Bundan sonra Həbib özü həm DİN-in 102 xidmətinə həm də TTYX-nə zəng edib məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsinin 2 oktyabr 2023-cü il tarixli, 1177 saylı ekspert rəyi ilə təsdiq olunur ki, vət Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət - sol ayağın birinci barmağının əsas falanqasının qopma xarakterli yer dəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ/V. 13-15). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 57). “Məcburi gətirilmə haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Yasamal RPİ-nin İŞ-nə gətirilməsi barədə qərar qəbul edilmişdir. (İ/V. 58). “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 7 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 60). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Xəstəxanası” Publik hüquqi şəxsinin 8 yanvar 2024-cü il tarixli, 266 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı çəkilən xəstəxanada müalicədə olmayıb. (İ/V. 66). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin 7 yanvar 2024-cü il tarixli, 19/51-158 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı çəkilən mərkəzdə müalicədə olmayıb. (İ/V. 67). “Şübhəli şəxsin tutulması barədə” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10-da Yasamal RPİ-nin 29-cu PŞnin əməkdaşları tərəfindən saxlanılaraq İdarənin İŞ-nə təhvil verilmişdir. (İ/V. 81-82). “Üzləşdirmə barədə” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, İstintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı İd.Naibov ifadəsində qeyd olunanları yəni, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində işlədiyi stomatoloji mərkəzdən çıxaraq Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə M.Həsənov küçəsinin kəsişməsi ilə marketə gedən zaman, Təqsirləndirilən şəxs işıqforun qırmızı işığına məhəl qoymadan sürdüyü avtomobil ilə yolu keçərək qəza şəraiti yaratdığını. Zərərçəkmiş şəxs ona irad bildirdikdə Təqsirləndirilən şəxs bir qədər irəli getdikdən sonra avtomobili saxlayıb Zərərçəkmiş şəxs çağırmaq istəyən zaman sonuncunun özünü yaxınlaşmasını, onunla sözlü mübahisə bitdikdən sonra avtomobili ilə qəsdən onun sol ayağının üzərindən keçərək ona xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ/V. 106- 110). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. (İ/V. 113- 114). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. (İ/V. 141-142). “Dəymiş maddi ziyanın ödənilməsi barədə” 9 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs müayinə və müalicə xərcləri üçün 2000 (iki min) manat Zərərçəkmiş şəxs ödənilməsi üçün istintaq orqanına təhvil verilmişdir. (İ/V. 145). “Baxış keçirilməsi barədə” 15 mart 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə M.Həsənov küçələrinin kəsişməsində “Alatava” istiqamətində yolun sağ kənarından avtobus dayanacağının yaxınlığında yerləşən piyada keçidinin qarşısındakı ictimai yer hesab olunan ərazidir. Baxış zamanı hadisənin baş verdiyi yerdə işıqforla tənzimlənən piyada keçidinin olması, həmçinin hadisə yerinin yaxınlığında yolun hər iki tərəfində ictimai iaşə obyektlərinin olması müəyyən olunmuşdur. Bundan başqa hadisə yerinin müayinəsi zamanı orada hadisə yerini tutan Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz Şəhər Xidməti"-nin TŞ-2063 nömrəli müşahidə güzgüsünün olmasıda müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs xəsarət aldığı yol kənarında 2.5 metr enində səkinin olması, səki boyunca şam ağaclarının olması müəyyən olundu. Baxış zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə ona qəsdən hazırda durduğumuz yerdə xx.xx.2023-cü il tarixdə sol ayağının üzərindən keçərək xəsarət yetirmişdir. Baxış açıq hava şəraitində keçirilmiş və hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. (İ/V. 194-198). “İfadənin yerində yoxlanılması barədə” 19 mart 2024-cü il tarixli görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. (İ/V. 199-202). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Azərbaycan Respulikası DİN-in “Təhlükəsiz Şəhər Xidməti"-dən daxil olmuş xx.xx.2023-cıı il tarixli 3-13-3/2-19669/2023 saylı məktuba əlavə edilmiş 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. (İ/V. 203-211). Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz Şəhər Xidməti"-nin TŞ-2063 nömrəli müşahidə kamerasından çəkilmiş videogörüntülərin olduğu diskə baxış keçirərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə yaxınlaşaraq onunla mübahisə edir və daha sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşib idarə edərək oradan uzaqlaşır. Hadisə ümumilikdə 1 dəqiqə 35 saniyə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiası və şikayəti olmadığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmə istintaqı zamani təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, bu halları təsdiq edən mötəbər olan heç bir sübut əlavə etməmişdir, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz “xuliqanlıq niyyəti” ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə istintaqı zamanı müəyyənləşdirilmiş işin halları ondan ibarətdir ki, baş vermiş mübahisənin səbəbkarı və təşəbbüskarı zərərçəkmiş şəxs məhz Zərərçəkmiş şəxs özü olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş video görüntüyə baxış keçirilmiş və müəyyə edilmişdir ki, hadisə baş verən gün saat 17:13 dəqiqə 28-ci saniyyədə Zərərçəkmiş şəxs Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə M.Həsənov kəsişməsinin qarşı tərəfinə keçmək üçün piyadalar üçün nəzərdə tutulmuş zolağa daxil olmuşdur, həmin vaxt piyadalar üçün nəzərdə tutulmuş işiqforda qadağanedici qırmızı işiğın yanması görünür, bu zaman avtomobillər üçün işıqforun yaşıl işığı yandığına görə həmin istiqamətdə avtomobillər hərəkət edir, zərəçəkmiş şəxs piyada keçidində təxminən 10 metr irəliləyəndən sonra yol ayrıcının tam ortasında olanda saat 17:13 dəqiqənin 34-cü saniyyədə təqsirləndirilən şəxsin idarə etdiyi “Ravon” markalı avtomobil yol ayrıcına daxil olaraq Zərərçəkmiş şəxs dayandığı yerdən təxminən 2-3 metrə aralıdan keçərək getməsi və Zərərçəkmiş şəxs sol əlini qaldıraraq avtomobilə tərəf hərəkət etdirərək nəsə deməsi müşühidə olunur. Bundan sonra “Ravon” markalı avtomobilin yol ayrıcını keçdikdən təxminən 40-50 metr məsafədən sonra yolun sağ ciynində dayanması, sonra sürücünün avtomobildən enərək dərhal arxa qapını açaraq oturacağ tərəf əyilərək orada nələrinsə etməsi, Zərərçəkmiş şəxs isə dayanmış avtomobilin arxasınca baxa baxa onun dayandığı yerə tərəf iti addımlarla (25 saniyyəlik yol qət edərək) getməsi, Təqsirləndirilən şəxs üzünü ona tərəf yaxınlaşmaqda olan zərərçəkmişə tərəf tutaraq nələrinsə deməsi, zərərçəkmiş şəxs ona yaxınlaşdıqdan (saat 17:14 dəqiqənin 00-cı saniyyədə) sonra sözlü mübahisə etmələri görünür, bu zaman onların yanında kənar şəxsin olması görünmür, bu sözlü mübahisə 48 saniyyə damam etdikdən sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək avtomobili nisbətən surətli hərəkət etdirməsi nəticəsində avtombilin qabaq hissəsi ilə vurması deyil, sağ təkərin sürücünün görmə bucağında olmayan Zərərçəkmiş şəxs ayağının ucundan keçməsi müşahidə olunur. Baş vermiş hadisəni əvvəldən axıradək özündə əks etdirən videogörüntüyə əsasən eyni zamanda müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsin iddia etdiyi kimi “Ravon Nexia” markalı avtomobilin sürücüsü tərəfindən hər hansı bir qəza şəraiti yaradılması müşahidə olunmur, əksinə Zərərçəkmiş şəxs özü piyada keçidinə daxil olan zaman həmin yerdə quraşdırılmış piyadalar üçün nəzərdə tutulmuş işıqforda qadağanedici qırmızı işiq yanmasına baxmayaraq o, yolun hərəkət hissəsini keçməyə başlamışdır, yalnız yolun tən ortasına çatdıqda piyadalar üçün nəzərdə tutulmuş işıqforda hərəkətə icazə verən yaşıl işiq yanmış və bu zaman artıq yol ayrıcına daxil olmuş “Ravon Nexia” markalı avtomobil ondan tıəxminən 2-3 metr aralıda hərəkətdə olan zaman ona sol əli ilə aqressiv şəkildə işarə edərək avtomobilin sürüüsünə nələrsə deyir, avtomobil 40-50 metr məsafədən sonra yolun sağ ciynində dayandıqdan sonra zərərçəkmiş şəxs həmin avtomobilə doğru iti addımlarla gedir. Digər tərəfdən məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs özü də etiraf edərək bildirmişdir ki, “sürücüsünün arxasıyca qışqıraraq niyə belə sürətlə və işıqforun qırmızı işığına məhəl qoymadan keçməsini irad bildirmişdir”. Yuxarıda qeyd edilən hadisənin baş verməsi və davam etməsi mexanizmi onu deməyə əsas verir ki, hadisənin baş verməsinə, yanmasına bilavasitə səbəb zərərçəkmiş şəxs yol ayrıcında olarkən yol ayrıcının keçməkdə olan avtomobili idarə edən tanımadığı sürüçüyə (zərərçəkmişin özünün həmin yol ayrıcına piyadalar üçün nəzərdə tutulmuş işıqforun qadağanedici qırmızı nışanı yandığı halda daxil olmasına baxmayaraq) sol əlini ona tərəf uzadaraq “sürücüsünün arxasıyca qışqıraraq niyə belə sürətlə və işıqforun qırmızı işığına məhəl qoymadan keçməsi” ilə bağlı ona irad bildirməsi olmuşdur. Məhz bundan sonra zərərçəkmiş şəxsin qışqıraraq irad bildirməsi nəticəsində dayanmış avtomobilə yaxınlaşması və orada sözlü mübahisə etməsindən sonra zərərçəkmiş şəxsə xəsarət yetirilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında “Ravon Nexia” markalı avtomobilin sürücüsü tərəfindən həqiqətən də yolayrıcını keçməsi qaydalarının pozulmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Digər təfəfdən məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs yol hərəkəti iştirakçısı olmuş təqsirləndirilən şəxsin hərərkətlərinin “Yol hərəkəti haqqında” Azərbayca Respublikası qanununa uyğunluğunu müəyyən edilməsi ilə bağlı səlahiyyətli şəxs olması da müəyyən olunmamışdır. Mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması zərəçəkmiş Zərərçəkmiş şəxs cinayət işi üzrə verdiyi ilkin ərizəsi, sonradan verdiyi izahatı və zərərçəkmiş şəxs kimi verdiyi ifadələri ilə təsdiq edilir. Belə ki, zərəçəkmiş şəxs hadisə baş verdikdən sonra AR Dİn-nin 102 “Xidməti Zəng” mərkəzi sisteminə bildirmişdir ki, “xx.xx.2023-cü il tarixdə Alatavada “Ravon” markalı 865 dövlət qeydiyyat nişanlı avtomobil ilə qırmızı işıqda keçdiyi üçün mən ona irad bildirdim”. Həmçinin hadisənin ilkin araşdırılması zamanı verdiyi izahatında və cinayət işi başlandıqdan sonra verdiyi ifadəsində də eyni qaydada ifadə vermişdir. Mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da təsdiq etmişdir. Belə ki, o, ifadəsinə göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:15 radələrində Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatavadan M.Həsənov küçəsi istiqamətində işlətdiyi marketə doğru gəlmişdir. Həmin vaxt 2-ci Alatava istiqamətində yolun sağ tərəfində ağ rəngli “Ravon" markalı avtomobilin dayandığını və həmin avtomobilin sürücüsünün Həbib adlı tanıdığı ilə yüksək səslə mübahisə etdiyini görmüşdür. O hələ yolun qarşı tərəfində olan zaman ağ rəngli “Ravon" markalı avtomobilin sürücüsünün Həbibə “polissənmi?, get əlindən gələnin beş artığın çək" demişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin yaranmasına səbəb zərəçəkmişin ucadan qışqıraraq qarşı tərəfə irad bildirməsi, sonradan onun avtomobilinə yaxınlaşaraq onunla mübahisəyə başlaması, onların arasında hazırda məhkəmədə araşdırılan cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Məhkəmə iş materiallarını, məhkəmə istintaqı zamanı verilmiş ifadələri nəzərə alaraq belə qənaətə gəlir və hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir söz deyilməsə idi, habelə deyilmiş olsa belə sonradan zərərçəkmiş şəxs olduğu yerdən təxminən 40-50 metr aralıda dayanmış təqsirləndirilən şəxsin avtomobilinə yaxınlaşıb onunla sözlü mübahisəyə başlamaq kimi bir hərəkət etməmiş olduğu təqdirdə təqsirləndirilən şəxslə aralarında mübahisə baş verməyəcəkdi. Məhkəmə istintaqı zamanı işin mübahisəsiz halı müəyyən olunmuşdur ki, sonunda zərərçəkmiş şəxsin xəsarət almasına gətirib çıxarmış tərəflər arasında yaranmış mabahisəyə səbəb zərərçəkən şəxsin öz şəsxi qənaətinə görə dəyərləndirdiyi yol hərəkəti qaydalarının pozuntusunun baş verdiyini düşündüyü üçün ilkin olaraq tanımadığı şəxsə aqressiv şəkildə, əl hərəkəti etməklə “QİŞQİRARAQ” irad bildirməsi sonda tərəflər arasında mübahisənin yaranmasına gətirib çıxarmışdır. Tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin yaranmasına səbəb sonuncunun təşəbbüsü ilə olmuşdur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarət yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanı kobud şəkildə pozulması ilə əhatə olunmamış, lakin ibtidai istintaq orqanı bu xüsusatlara diqqət yetirmədən ittiham irəli sürmüşlər. Digər tərəfdən qeyd edilməlidir ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən şəxsi ictimai təhlükəli əməli törədərkən həmin əməli tötətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi diqqət yetirməmişdir. Cinayət işinin materiallarından görünür ki, hadisə 30 sentyabr 2023-cü il tarixində baş verməsinə baxmayaraq hadisənin törədilməsindən iki ay iyirmi gün sonra yəni 21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayə işi başlanılmışdır və 25 yanvar 2024-cü il tarixində törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında qərar qəbul edilərək cinayət işi üzrə əməl AR CM-nin 127.2.3-ci maddəsinə tövsif edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, istintaq orqanı tərəfindən cinayət işi üzrə əməli xuliqanlıq niyyəti ilə tövsif edilərkən əlavə sübutlar, yeni hallar müəyyən olunmadan ilk qərar qəbul edilərkən müəyyən olunmuş hallara və sübutlara əsaslanmaqla yeni qərar qəbul edilmişdir.Halbuki, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ilə bağlı nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikasının CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təhriki nəticəsində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda- cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi 27 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar