Məhkəmə qərarları › İş №1(004)-312/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-312/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-312/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Bakı Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə oğlu Araz Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmaqla cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar köməklik göstərməsi barədə onlara müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs həmin məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla sonuncunu aldadaraq 12 dekabr 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi ilə A.M.Şərifzadə küçələrinin kəsişməsində yerləşən “İran Klinikası”nın qarşısında Zərərçəkmiş şəxs məxsus 12000 (on iki min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında dostu Fuad onu qayınatasının qohumu olan Fərzəliyev Əzizlə tanış edərək hərbi cinayət törətmiş və hal-hazırda Respublika Hərbi prokurorluğunda barəsində cinayət işi aparılan Araz adlı şəxsə öz əlaqələri vasitəsilə köməklik etməyini xahiş etdikdə o, Əzizi dinləmiş və həmin işlə maraqlanacığını söyləmişdir. Bir müddət sonra həmin işlə maraqlanmış və Əzizə köməklik etmək məqsədi ilə işin alınacağında əlindən gələni edəcəyini bildirmişdir. Əzizin təşəbbusü ilə dekabr ayının ortalarında Fuadın iştirakı ilə yenidən Q.Qarayev metrostansiyasının yaxınlığında görüşərək Əziz ona 6000 manat verərək həmin pulu əziyyətinə görə verdiyini bildirmiş və tez bir zamanda bu işə köməklik edəcək adam tapmağını tapşırmışdır. O, həqiqətən də yenidən bu işlə maraqlanmış və hətta yaxın qohumlarının vasitəsilə hərbi prokurorluqda işləyən adını unutduğu şəxslə görüşdükdə həmin şəxs ona bu iş üzrə istintaq tamamlanmaq üzrə olduğunu, buna görə də yalnız məhkəmədə bu işə görə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, bu barədə məlumatı Əzizə söyləmiş və Əzizdən yenidən 3000 manat pul almışdır. Bununla da ümumilikdə o, Əzizdən 9000 manat pul almışdır. Bir müddət sonra Əziz həmin işə görə pullarını aldığı Elşən adlı şəxsin onu sıxışdırdığını bildirərək möhlət almaq üçün Elşənlə görüşüb onlara özünü işi həll edən adam kimi göstərib sakitləşdirməyini tapşırdıqda, o Əzizdən aldığı pulun bir qismini xərclədiyi üçün Əzizin təklifini rədd edə bilməmiş, üç ayrı ayrı yerlərdə Elşənlə görüşərək Elşəni sakitləşdirmişdir. Daha sonra Əziz ona zəng edib və ya xatırlamır, ola bilsin messaj yazaraq Elşənin ondan şikayət etməsini bildirərək ondan verdiyi pulları tələb etdikdə Əzizə hər zaman ona verdiyi 9000 manatı qaytarmağa hazır olduğunu söyləmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, X7 ilə 3 dəfə görüşmüş, həmin görüşlərdə Zərərçəkmiş şəxs əmin etmişdir ki, tezliklə məsələ həllini tapaçaqdır. Əziz ona ümumilikdə 9000 manat pul vermiş, Əzizin Elşəndən nə qədər pul aldığını bilmirdi. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, CD diskdə olan səs yazıları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyun ayında oğlu X8 hərbi xidmətdə olduğu hərbi hissədə ölümlə nəticələnən dava-dalaş baş vermiş, həmin hadisədə oğlu Arazın iştirakı olmasa da sonradan, yəni 2019-cu ilin oktyabr ayında oğlunun barəsində cinayət işi başlanılmış və nəticədə oğlu həbs olunmuşdur. Buna görə oğlu Arazın təqsirsiz olması və bu işdə bəraət alması üçün vəkil axtarışında olarkən Arazın hərbi xidmət yoldaşı Cavanşir adlı şəxs Əziz adlı tanıdığı şəxsin belə işlərdə vasitəçi rolunu oynadığını söyləyərək Əzizlə söhbət etmələrini təklif etmiş, lakin eyni zamanda Əzizə görə tam zəmanət verməmişdir. 09.12.2019-cu il tarixdə o, və qaynı Arif Manfov Əzizə məxsus, Cavanşirdən əldə etdikləri ***-***-**-** mobil nömrəsinə zəng edərək problemi danışdıqda Əziz onları Yasamal rayon ərazisində yerləşən İran Klinikasının qarşısına dəvət etmişdir. O. Ariflə birgə özünü Həsənov Əziz kimi təqdim edən şəxslə dediyi ünvanda görüşdükdə Əziz onlara özünün əvvəllər Sumqayıt və Nərimanov rayon məhkəmələrində icraçı işlədiyini və buna görədə bir çox güclü tanış vəkillərlə münasibətinin olduğunu bildirərək onların vasitəsilə Arazın günahsızlığını sübut etdirəcəyini vəd etmişdir. Buna görə Əziz onlardan 12.000 manat pul istədikdə o, və Arif Əzizə həmin məbləğdə pulu əldə etmək imkanında olmadıqlarını bildirmişlər. Əziz isə onlara yuxarıda qeyd etdiyi əlaqə nömrəsini verərək fikirləşmələrini məsləhət görməklə onlardan ayrılmışdır. Bundan sonra Ariflə belə qərara gəlmişlər ki, Əzizin istədiyi 12.000 manat pulu qohum əqraba və bankdan kredit yolu ilə əldə edib bu işi həll etsinlər.Bu məqsədlə qaynı Arif 2.000 manat borca və 3.000 manatlıq hissəsini isə Kapital bankın Quba filialından kredit götürməklə 5.000 manat əldə etmiş və o da öz növbəsində borca girərək qalan 7.000 manat ümumilikdə 12.000 manat pulu toplaya bilmişlər.12.12.2019-cu il tarixdə Arazın işi ilə əlaqədar Bakı şəhərinə Respublika Hərbi X2rşısnda gələrək Əzizə zəng edib onun dediyi məbləğin hazır olması barədə məlumat vermiş və onunla görüşmək istədiklərini bildirmişlər. Əziz yenədə onları Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən İran Klinikası qarşısına dəvət etmişdir. Həmin vaxt Ariflə onu Respublika Hərbi prokurorluğuna gətirmiş oğlu Şahid2 idarə etdiyi VAZ-2109 markalı avtomobillə Əziz adlı şəxsin dəvət etdiyi ünvana getmişlər. Həmin gün saat 17 radələrində göstərilən ünvanda Əzizlə görüşmüş və Əziz oğlunun idarə etdiyi avtomobilin qabaq sağ otracağına əyləşdiyindən Əzizlə söhbət etməyinə şərait yaratmaq üçün oğlu sükan arxasından düşərək Manafın əyləşdiyi arxa otracaqda əyləşmişdir. O, isə sükan arxasında əyləşərək sağ tərəfində oturmuş Əzizlə oğlu Elşad və qaynı Arifin iştirakı ilə söhbət etməyə başlamışdır. Bir daha Əzizə 12.000 manat pul əldə etdiyini bildirmiş və onun oğlu Arazın həbsdən azad olunması üçün nə vaxt və nə kimi işlər görəcəyi barədə soruşmuşdur. Əziz 20 gün ərzində oğlunu həbsdən azad etdirəcəyini deyib inandırdıqdan sonra avtomobilin salonunda içərisində 12.000 manat olan qara sellofan paketi Əzizə vermiş və pulları saymasını təklif etmişdir. Əziz pulu qəbul edərək saymağa ehtiyyac olmadığını bildirmiş və avtomobildən düşərək uzaqlaşmışdır.Həmin vaxt Əziz pulu ondan alarkən qaynı Arif mobil telefonun mikrofonunu qoşmuş və Əzizin bütün danışıqları və vədlərini qeydə almışdır. Əzizin vəd verdiyi 20 gün müddət bitdikdə Əzizə zəng edərək işin nə yerdə olması ilə maraqlandıqda sonuncu işlər düzəlmək üzrədir, lazımi adamlarda danışıb, görüşüb və pulu çatdırdığını deyərək onu arxayın etmişdir. O, müəyyən müddətdə gözləmiş və 2020-ci ilin yanvar ayında yenidən Əzizlə telefon əlaqəsi yaratmışdır. Əziz yenə onu səbirli olmağa dəvət etmiş, mütləq işlər həll olunacaq deyib arxayın etmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində onun səbri daşmış və artıq Əzizin verdiyi vədlərə şübhə etməyə başlamış, Əzizə demişdir ki, işi həll edə bilmirsə pulları qaytarsın. Əziz isə onun təkidlə işin həll olunması və əks halda pulun qaytarılmasını tələb etdiyini görüb həmin vaxt onun Nizami rayonu, “Qara Qarayev” metrostansiyası ətrafına gəlməyini təklif etmişdir. O, digər oğlu X11 dediyi ünvana getmiş və orada Əzizlə görüşdükdə ona danışmışdır ki, pulu Elnur adlı qohum dediyi şəxsə vermiş, indi həmin şəxsdə görüşə gələcəkdir.Az sonra Elnur dediyi şəxs xarici markalı avtomobildə gələrək onlarla görüşmüş və görüş zamanı Əziz bir daha işin həmin şəxs tərəfindən həll ediləcəyini demiş, Elnur isə ona narahat olmamağını, bir azda səbr etməyini bildirdikdə tanımadığını, tanımaq istəmədiyini deyərək Əzizdən pullarının qaytarılmasını tələb etmiş, əsəbi halda oradan uzaqlaşmışdır. Aradan 3-4 gün keçmiş yenidən Əzizə zəng edərək pulunun qaytarılmasını təkid etdikdə sonuncu yenə onu Nizami rayonu ərazisində yerləşən parka dəvət etmişdir. O, həmin yerə getdikdə Əzizin yanında orta yaşlı, qalstuklu bir nəfər, özünü Naxçıvanlı adlandıran, adını bilmədiyi şəxslə görüşmüşlər. Əziz həmin şəxsin yanında demişdir ki, pulu Elnura vermiş, narahat olmasın, alıb özünə qaytaracaqdır. Tanımadığı şəxsdə söhbətə müdaxilə edərək demişdir ki, mən bunları başa salaram sənin pullarını qaytararlar”. Həmin gündən sonra dəfələrlə Əzizə zəng etsə də zənglərinə cavab verməmişdir. Qaynı Arifə bu barədə danışdıqda oda zəng edib Əzizdən pulu tələb etdikdə sonuncu Arifi telefonda təhqir etmiş və hara istəyiriksə şikayət etmələrini bildirmişdir. Bu səbəbdən o, və qaynı Arif müxtəlif instansiyalara müraciət etməli olmuş və məlum olmuşdur ki, Əziz və işi həll edən şəxs kimi sonuncu tərəfindən ona təqdim olunmuş Elnur adlı şəxs əvvəllər bu kimi dələduzluq cinayətləri törətdiklərinə görə məhkum olunmuş şəxslərdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, oğlu Araz Vəliyevin işi ilə bağlı Əziz Fərzəliyevin ondan istədiyi 12.000 manat pulun bütün hissəsi özünə məxsusdur. Həmin pulun 5.000 manatlıq hissəsini qaynı Şahid3 versə də həmin hissəni ona borc kimi, bacısı oğluna kömək üçün vermişdir.Buna baxmayaraq o, həmin borcu Arifə qaytarmalıdır. 12.000 manat pulu Əziz ondan almış və həmin məbləğdə maddi ziyanı ona vurub. Qaynı Şahid3 Qarabağ Müharibəsi əlili olduğuna görə şikayətlərin əksəriyyəti onun tərəfindən edilməsinə baxmayaraq həmin pullar özünə məxsusdur və Arifdən 5.000 manat borc almışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini bildirmiş və sonuncuya yüngül cəza verilməsini xahiş etmşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Əziz Fərzəliyev uzaq qohumu, Təqsirləndirilən şəxs isə dostudur. 2019-cu ilin dekabr ayının əvvəllərində Əziz ona müraciət edərək tanışının oğlunun hərbi xidmətdə olduğunu və həbs edildiyini bildirərək ona kömək etmək üçün adam axtardığını söylədikdə, o, həmin vaxtlar onunla söhbətlərində hüquq-mühafizə orqanlarında kiminsə problemləri olarsa qohumları vasitəsilə həmin problemi həll edə biləcəyini söyləyən Elnuru Əzizə nişan vermişdim. Həmin vaxt o, Əzizlə Elnuru Q.Qarayev metro stansiyasının yaxınlığında yerləşən adını unutduğu çay evində görüşdürmüş və qısa söhbət zamanı Elnur əvvəllər rəis işləmiş dayısının vasitəsilə həmin məsələ ilə maraqlanıb həll edəcəyini vəd etmişdi. Təxminən 2-3 gündən sonra Elnurun təklifi ilə yenidən həmin yerdə görüşdükdə Elnur 9000 manat müqabilində həmin məsələni həll edəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra yəni, təxminən dekabr ayının ortalarında onlar yenidən həmin çay evinin yaxınlığında Elnurun avtomobilində görüşdükdə Əziz özü ilə gətirdiyi 6000 manat pulu yanında Elnura vermişdir. Həmin vaxt Elnur pulu nəyə görə tam olaraq gətirmədiyi üçün Əzizə narazılığını bildirdikdə Əziz Elnura işi başlamasını və qısa müddətə qalan 3000 manatı da ona verəcəyini vəd etmişdi. Lakin sonralar Əziz qalan 3000 manatın verilməsini yubatdıqda Elnur onun vasitəsi ilə Əzizə xəbərlər göndərərək işi həll etməyi vəd edən adamların pulun qalanını da tələb etdiklərini bildirmiş və Elnurun sözlərini Əzizə çatdırmışdır. Sonradan, yəni təxminən 2020-ci ilin fevral ayında Elnur ona zəng edərək Əzizin əvvəlcə ona 1000 manat, bir neçə gün sonra 800 və nəhayət yekunda 1200 manat pul verdiyini bildirmişdi. Sonradan Əziz ona zənglər edib Elnurun məsələni həll etməyib pulları mənimsədiyini bildirdikdə o, dəfələrlə Elnura bununla əlaqədar zənglər etmiş, lakin Elnur hər dəfə ona yaxın günlərdə məsələni həll edəcəyini vəd etsə də məsələni həll etməmiş və Əzizin ona verdiyi 9000 manat pulu da geri qaytarmamışdır. Cinayət işinin 190-191-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan axtarış elan edilməsi və şəxsin tutulması haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan axtarışda olanın tutulması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə təhvil verilmişdir. Cinayət işinin 154-156-cı vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 10 may 2021-ci il tarixli qərarından görünür ki, Ə.A.Avdalimovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 157-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 171-178-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 107-115-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 24 iyun 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli hömününün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 09 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə şərti sınaq müddəti təyin edilmiş, 18 sentyabr 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur və ona görə də sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı diski içərisndə 01 ədəd səs yazısı əks olunmuş 01 ədəd faylı aşkar olunmuş, həmin səs yazısı əsk olunan fayl açıldıqda Elşən X4 həbsdən azad edilməsi üçün 12.000 manat pulun verilməsi barədə danışması, həmçinin Əziz Fərzəliyevin pulu aldıqdan sonra Araz Vəliyevi həsdən azad etdirəcəyi barədə vədlər verməsi barədə danışıqlar müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD diskdə olan səs yazıları və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 08 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 02 (iki) günü 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar