Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-312/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Brliyində Sanitariya-Təmizlik şöbəsinin mühəndisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifafdə edərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Telman oğluna şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanın zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin Yasamal rayonu, H.Cavid parkına tərəf qapı açılmasında müvafiq qurumlardan icazə alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış obyektinin qapısının açılması üçün icazə alınmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 18 sentyabr 2019-cu il tarixdə ünvan 2 ünvanın qarşısında 15000 manatını aldıqdan sonra, 2019-cu ilin sentyabr ayının axırlarında həmin işin həll edilməsi məqsədilə əlavə xərclərin yaranmasını bəhanə gətirərək qeyd olunan ünvanın qarşısında 3500 manat və 2019-cu ilin oktyabr ayının əvvəllərində yenə də həmin ünvanın qarşısında 4200 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 22700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ildən 2022-ci ilədək olan müddət ərzində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal birliyində mühəndis vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs Vüsal adlı tanışının vasitəsi ilə tanımışdır. 2019-cu ilin sentyabr ayında Cəmil ona ünvan 2 ünvanda yerləşən binanın zirzəmisində olan qeyri-yaşayış obyektinin qapısını H.Cavid parkına tərəf açdırmaq istədiyini bilirmişdir. Buna cavab olaraq o, Cəmilə bildirmişdir ki, qeyd edilən obyektin qapısının açılması üçün Bakı şəhəri İcra Hakimiyyətindən, Azərbaycan Respublikası FHN-dən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazələr alınmalıdır və 25.000 manat müqabilində o bu məsələni həll edə bilər. Cəmil onun bu təklifi ilə razılaşaraq qeyd edilən məsələni həll etmək üçün ilkin olaraq ona 15.000 manat pul vermişdir. Bundan bir necə gün sonra onun pula ehtiyacı olduğu üçün Vüsaldan mumilikdə 7.700 manat borca pul almışdır. Bundan sonra Cəmil ilə razılığa gəmişlər ki, onun Vüsala olan borcunu Cəmil qaytarsın və həmin pulu o, Cəmilin icazə məsələsinə xərcləyəcəq. Daha sonra isə o, Cəmildən aldığı ümumilikdə 22.700 manat pulu öz ehtiyacına xərcləmiş və həmin puldan icazə almaq üçün heç kəsə pul verməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqda məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən binanın zirzəmisində olan ona məxsus 205 kv.m. sahəsi olan qeyri-yaşayış obyektin qapısının H.Cavid parkına tərəf açdırmaq istəmidir. Bu məsələ ilə bağlı o, Bakı şəhər İcra Hakimiyyətində mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Onun bu müraciətinə cavab olaraq Samir bildirmişdir ki, qeyd edilən obyektin qapısının açılması üçün Bakı şəhəri İcra Hakimiyyətindən, Azərbaycan Respublikası FHN-dən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazələr alınmalıdır və o 15.000 manat müqabilində bu məsələni həll edə bilər. O, da Samirin təklifi ilə razılaşmış və həmin vaxt o, Samirə 15.000 manat pulu vermişdir. Bundan 2-3 gün keçəndən sonra o, Samirdən işin nəticəsini soruşduqda Samir ona bildirmişdir ki, əlavə xərclər yaranıb. O, da Samirlə yenə də ünvan 2 ünvanın qarşısında görüşərək ona 3.500 manat pul vermiş, bundan sonra təxminən 15 gün keçəndən sonra o, Samirə həmin yerdə əlavə 4.200 manat pul vermişdir. Samir ondan ümumilikdə 22.700 manat pulu alaraq tezliklə ona məxsus olan qeyri-yaşayış obyektinin qapısının açılmasında icazənin alınmasını söz vermişdir. Lakin buna baxmayaraq Samir verdiyi vədə əməl etməyərək onu aldatmişdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid adına parkda vətəndaş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, 18 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs həmin parkda ondan 15.000 AZN pul almışdır. Hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib edilərək imzalanmışdır. (i.v. 7-9) Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 19 yanvar 2022-ci il tarixli 10 nömrəli əmrdən görünür ki, Birliyin Sanitariya- Təmizlik şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (i.v. 12-19) “Götürmə haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, “xx.xx.2019. Mən Abbasov X3 15000 manat pul alıb Yasamal rayonu Rondau 6 ünvanında qapı açmağıma söz vermişəm Cəmilə söz verirəm ki, xx.xx.2019-cu il tarixində qapını açacaq.” Yazıları əks olunmuş əlyazma götürülmüşdür. (i.v. 42-44) 15 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 79-81) “İfadənin yerində yoxlanılması haqqında” 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində ifadəsi yoxlanılarkən təsdiq etmişdir. (i.v. 116-117) “Baxış keçirilməsi haqqında” 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş əl yazma olan sənədə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə cinayət işinə əlavə olunmuş 01 ədəd əl yazma olan sənədə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2019. Mən Abbasov X3 15000 manat pul alıb Yasamal rayonu Rondau 6 ünvanında qapı açmağıma söz vermişəm Cəmilə söz verirəm ki, xx.xx.2019-cu il tarixində qapını açacaq. İmza..........Təqsirləndirilən şəxs İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin yazını o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs 15.000 manat pulu alarkən sonuncunu özünə inandırmaq məqsədi ilə yazıb vermişdir. (i.v. 119) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd əl yazma olan sənəd iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 171-177) Bakı Şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli və Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli ərizələrdən görünür ki, 1(004)-312/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Axtarışda olan şəxsin saxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq polis idarəsinin MSYnə təhvil verilmişdir. (i.v. 59) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-514/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. (i.v. 106-112) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 125-126) “Axtarışda olan şəxsin saxlanılması barədə” 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinin Yasamal RPİnin MSY-nə təhvil verilmişdir. (i.v. 142) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-700/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. (i.v. 156-162) Elektron məhkəmə sistemindən edilən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat xx.xx.2022-ci il tarixdə saat 18:10-da məhkəməyə təqdim edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 20 avqust 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il (iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 195-199) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı göstərişinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmü 03 may 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydə alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(004)- 312/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 13 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmündən əvvəl törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması, onun himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Sanitariya-Təmizlik şöbəsində mühəndis vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə edərək hazırki cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nın 46.2-ci maddəsinə əsasən əsas cəzadan əlavə olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növündə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmü 03 may 2023-cü il tarixdə qanuni qüvvəsini aldığından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası həmin tarixdən icra edilməyə başlanmış hesab edilməlidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi 15 may 2023-cü il tarixdə tətbiq olunduğundan və o Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(004)-312/2023 nömrəli qərarına əsasən Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaları tərəfindən 13 noyabr 2023-cü il tarixdə tutulduğundan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzasının çəkilmiş müddəti 5 ay 29 gün müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-63/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək 02 (iki) gün, 19 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixdək 02 (iki) gün və 13 noyabr 2023-cü il tarixdən 21 noyabr 2023-cü il tarixdək 08 (səkkiz) gün, cəmi 12 (on iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və 15 may 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək çəkdiyi 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 23 (iyirmi üç) gün, 03 may 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixdək müddət ona təyin ediləcək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının 06 (altı) ay 10 (on) gün müddət hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş 01 ədəd əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək 02 (iki) gün, 19 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixdək 02 (iki) gün və 13 noyabr 2023-cü il tarixdən 21 noyabr 2023-cü il tarixdək 08 (səkkiz) gün, cəmi 12 (on iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və 15 may 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək çəkdiyi 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından, 03 may 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixdək çəkdiyi 06 (altı) ay 10 (on) gün müddətinə əlavə cəza ona təyin edilmiş dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 07 (yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən verilmiş 01 ədəd əlyazma cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-312/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-312/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver