Məhkəmə qərarları › İş №1(004)-313/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-313/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-313/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşqul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 24 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Baki şəhəri, ünvan 2 ünvanda yerləşən Nizami metrostansiyasının qarşısındakı lotoreya satışı ilə məşğul olan əvvəllər tranımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs2 yaxınlaşıb “Poz-Qazan” ani lotoreya biletləri almaq istədiyini bildirmiş, lotoreya bileti almaq məqsədilə iki manat pulu Zərərçəkmiş şəxs2 ödəyib bir ədəd lotoreya bileti seçmək adı ilə içərisində 150 ədəd “Poz- Qazan” lotoreya bileti olan bağlamanı sonuncudan götürüb anidən həmin yerdən qaçıb getdikdə Zərərçəkmiş şəxs2 onun ardınca qaçaraq Zərərçəkmiş şəxs1 vəsaiti hesabına alınmaqla satışının təmin olunması məqsədi ilə Zərərçəkmiş şəxs2 sərəncamına verilmiş bir ədədinin dəyəri iki manat olan 150 ədəd “Poz-Qazan” lotoreya biletini qaytarmasını tələb etməsinə baxmayaraq bu tələbə əhəmiyyət verməyib taladığı əmlakı özündə saxlayaraq həmin yerdən uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin dəyəri iki manat olmaqla ümumilikdə 300 manat təşkil edən 150 ədəd “Poz-Qazan” lotoreya biletini açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur. O, 2017-ci ildən 2019-cu ilədək hərbi xidmətdə olmuş, 2020-ci ildə ikinci vətən müharibəsi başlayan kimi könüllü 27 sentyabr 2020-ci il tarixdə müharibəyə getmiş və 27 yanvar 2021-ci il tarfixədək olan müddətdə o, müharibədə iştirak etmişdir. O, Zəngilan, Cəbrayıl, Fizuli və Xocavənd rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, buna görə də müxtəlif medal və mükafatlarla təltif edilmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 19 radələrində o, sərxoş vəziyyətdə Nizami metroatansiyasının qarşısından keçən zaman görmüşdür ki, metrostansiyasının qarşısında piştaxtanın üzərində “Poz- Qazan” lotoreyasını görüb qərara gəlmişdir ki, bəxtini sınasın. O, həmin lotereyaları satan şəxsə yaxınlaşıb iki manat pul verib bir ədəd lotoreya istəmiş, lakin həmin şəxsdən xahiş etmişdir ki, lotoreyanı özü seçsin. Həmin şəxs də bir bağlama lotoreyanı ona vermişdir. O, isə lotoreyanı əlinə götürən kimi qərara gəlmişdir ki, həmin lotereyaları ələ keçirsin. O, satıcının başının qarışıq olduğunu görüb bir qədər kənara çəkilib gözləmiş və ona fikir vermişdir ki, həmin şəxs başqa şəxslərə də lotereya satır. Bundan sonra o, dərhal oradan qaçıb getmişdir. Lakin lotereyanı satan şəxs də onun qaçdığını görüb onun arxası ilə qaçmağa başlamışdır. O, həmin yerdən məhlələrin arasına keçərək həmin şəxsi azdırmış və oradan qaçıb yenidən Nizami metrostansiyasına gələrək metro ilə yaşadığı evə getmişdir. Həmin gün axşam o, lotoreyaları pozmağa pozub ümumilikdə 40 manat pul udmuşdur. Ertəsi günü o, Neftçilər metrostansiyasının qarşısına gedərək udduğu lotereyaları orada tanımadığı lotereya satan şəxslərə verib udduğu pulu götürüb getmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Sorğu zamanı göstərmişdir ki, həmin bağlamanın içərisində 60 ədəd “Poz-Qazan” lotereyası olmuş, hadisə baş verən zaman o, tək olmuş, bundan başqa heç vaxt belə bir hadisə törətməmiş, sərxoş vəziyyətdə olduğu üçün belə bir hadisə törətmiş və etdiyi əməldən də səmimi peşmandır, barəsində seçilmiş qətimkan tədbirini pozmamış, nədə ki, istintaqdan yayınmamışdır. O, özünə məxsus olan mobil telefonunu itirdiyi üçün axtarıldığını bilməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, onlarla barışmasını, 2-ci Qarabağ müharibəsində iştirak etməsini, Zəngilanın və Cəbrayılın azad olunması medalları ilə təltif olunmaksını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hazırda fərdi əmək fəaliyyəti ilə, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Nizami metrostansiyasının qarşısında “Poz-qazan” lotoreyalarının satışı ilə məşqul olur. Həmçinin həmin yerdə Zərərçəkmiş şəxs2 onun satıcısı işləyir. 24 yanvar 2022-ci il tarixdə saat 19 radələrində o, işlədiyi yerin yaxınlığında yerləşən aptekdən çıxıb işlədiyi yerə gələn zaman görmüşdür ki, işlədiyi piştaxtanın qarşısına tanımadığı şəxslər toplaşıb. O, satıcısı Vüsaldan soruşmuşdur ki, nə baş verib. Vüsal ona demişdir ki, bir nəfər naməlum şəxs ondan lotoreya almış və bildirmişdir ki, lotoreyaları özü seçmək istəyir, Vüsalda içərisində 150 ədəd lotoreya olan bağlamanı həmin şəxsə vermişdir ki, onun özü lotoreyanı seçsin. Bu zaman həmin şəxs Vüsalın başının qarışıq olduğunu görüb lotoreyaları götürərək həmin yerdən qaçaraq uzaqlaşmış, Vüsal da onun arxası ilə qaçmış, lakin həmin şəxsi tuta bilməmişdir. Bundan sonra o, da həmin naməlum şəxsin qaçdığı istiqamətə gedərək axtarmış, lakin həmin naməlum şəxsi tapa bilməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş cinayət hadisəsi ilə əlaqədar məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Bundan sonra o, da polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək ərizə və izahat yazmışdır. Sorğu zamanı Zərərçəkmiş şəxs1 göstərmişdir ki, onun satdığı “Pozqazan” lotoreyaların birinin qiyməti 2 manat təşkil edir və naməlum şəxs ona məxsus 150 ədəd lotoreyaları oğurlayaraq ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmuşdur. Hadisə zamanı o, oğurlanmış lotereyaların dəyərini təxmini bildiyi üçün ilkin ərizəsində və izahatında 350 manat maddi ziyan vurulma qeyd etmiş, lakin hadisədən sonra dəymiş ziyanı hesablamış və məlum olmuşdur ki, naməlum şəxs 150 ədəd dəyəri 2 manat olan “Pozqazan” lotoreyaları götürüb qaçaraq ona ümumilikdə 300 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hazırda fərdi əmək fəaliyyəti ilə, yəni Nizami metrostansiyasının qarşısında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Poz-Qazan” lotoreya satış nöqtəsində satıcı işləyir. 24 yanvar 2022-ci il tarixdə saat 19 radələrində o, işlədiyi satış nöqtəsində lotoreya satan zaman bir nəfər alçaq boylu arıq bədən quruluşlu tanımadığı şəxs başında da kapşonka ona yaxınlaşıb ən bahalı lotoreyanı soruşmuş, o, isə həmin şəxsə bildirmişdir ki, hazırda “Poz-Qazan” lotoreyası var və həmin lotoreyanın qiyməti 2 manat təşkil edir. Həmin şəxs isə ondan xahiş etmişdir ki, “lotoreyanın bağlamasını ver özüm seçim”. O, da içərisində 150 ədəd olan “Poz-Qazan” lotoreya bağlamasını həmin şəxsə vermiş, həmin naməlum şəxs isə bağlamanı götürən kimi qaçmağa başlamış, o, da həmin şəxsin arxası ilə qaçmışdır ki, onu tutsun, lakin o, fikirləşmişdir ki, işlədiyi satış nöqtəsində nağd pul və müxtəlif çeşidli lotoreyalar var, birdən satış nöqtəsində heç kəsin olmadığını görüb qeyd edilənləri oğurlayallar. Buna görə də o, geri işlədiyi satış nöqtəsinə qayıtmışdır. Həmin naməlum şəxs isə oradan uzaqlaşıb getmişdir. Bir neçə dəqiqə keçəndən sonra Zərərçəkmiş şəxs1 satış nöqtəsinə gəlmiş və o, baş vermiş hadisəni Zərərçəkmiş şəxs1 danışmışdır. Bundan sonra Turac da naməlum şəxsin qaçdığı istiqamətə getmiş, lakin həmin şəxsi tapa bilməyib yenidən satış nöqtəsinə qayıtmış və DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, daha sonra isə Turac baş vermiş hadisə ilə əlaqədar rəsmi ərizə ilə müraciət etmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs2 göstərmişdir ki, əvvəllər lotoreyaları götürüb qaçan şəxsi görməmiş, onun işlədiyi satış nöqtəsinə çoxlu sayda şəxslər gəlibgetdiyinə görə o, hamını yadda saxlaya bilmir, həmin şəxs alçaq boylu, arıq bədən quruluşlu, təxminən 20-22 yaşlı şəxs olmuş, Zərərçəkmiş şəxs1 qeyd edilən lotoreyaları nağd pul verib alır və baha qiymətə sataraq qazanc əldə edir, o, isə sadəcə aylıq maaş alır, buna görə də baş vermiş cinayət hadisəsi nəticəsində ona yox, Zərərçəkmiş şəxs1 300 manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2713 saylı Sərəncamı ilə verilmiş N İ-4549 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2713 saylı Sərəncamı ilə verilmiş N İ-16371 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandıqları ərizələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs onlara vurulmuş ziyanı tamlıqla ödəmişdir, onlarla barışmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, özünün İİ Qarabağ müharibəsində iştirak etməsini, qeyd edilən medallarla təltif edilməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, onlarla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixli qərarla axtarış elan edilmiş və tutulması qərara alınmış, xx.xx.2022-ci il tarixdə o, tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” nəzərə alınaraq azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 01 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövrü həbsdə saxlanıldığı 01 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar