Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-314/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1977-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü mədən sahəsində yerləşən ünvansız evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib inam və etibarını qazandıqdan sonra məhkəmənin icraatında olan mülki iş üzrə Zərərçəkmiş şəxs hüquqi yardım göstərilməsinə köməklik edəcəyini yalan vəd verib faktiki olaraq bununla bağlı heç bir iş görməyərək sonuncunu aldatmaqla 06 dekabr 2019-cu il tarixdə Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında 700 manat pulu, 16 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında 240 manat pulu və 21 dekabr 2019-cu il tarixdə İnşaatçılar metrostansiyasının qarşısında 130 manat pulu hissə-hissə olmaqla vahid niyyəti ilə əhatə edilən qəsdlə ümumilikdə 1070 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 1070 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, həmçinin əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını nəzərə alaraq barasində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18.07.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin 03.12.2021-ci il tarixli, 093-23410 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödəmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73-1.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz”ı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-314/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-314/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver