Məhkəmə qərarları › İş №1(004)-315/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-315/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-315/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 03 oktyabr 2023-cü il tarixdə saat 19:00 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4vanda yerləşən Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 20:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 09 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,514 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 6 ünvana daşımış, Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 yanvar 2024-cü il tarixdə saat 14:15 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq ünvan 8da yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 16:00-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,514 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Sovetski adlanan ərazidə naməlum şəxsdən öz istifadəsi üçün 10 manat pul müqabilində bir bükümdə narkotik vasitə heroin almışdır. O, həmin içərisində narkotik vasitə heroin olan bükümü əynində olan yaşıl rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 03 oktyabr 2023-cü il tarixdə saat 19:00-da ünvan 10 ünvanının yaxınlarında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə metamfetamin gəzdirməkdə və istifadə etməkdə şübhəli olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Orada ona izah olunmuşdur ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan narkotik vasitə heroini 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Yasamal rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyini bildirilmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə heroini istifadə etmək məqsədi ilə daşımışdır. O, daha sonra göstərmişdir ki, o, polis bölməsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir. O, heç bir dispanserdə qeydiyyatda deyil və hər hansı xəstəliyi yoxdur. Bundan başqa o, göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Hal-hazırda heç bir yerdə işləmir. Heroini 09 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu Kubinka adlanan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır. 09 yanvar 2024-cü il tarixdə təxminən 14:15 radələrində Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 69 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Yasamal RPİ-də xidməti otaqların birində polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və üzərində hər hansı bir gəzidilməsi və saxlanılması qadağan olunmuş əşya və maddənin olub-olmamasını soruşmuşlar. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində olan qəhvəyi rəngli maddələrin nədən ibarət olduğu soruşulduqda kokos adlanan narkotik maddə olduğunu bildirmişdir. Üzərindən başqa heç nə aşkar edilməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik maddə heroini 09 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və RPİ-nə gətirilərkən, eyni zamanda RPİ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə Yasamal RPİ-nin NMB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14:15 radələrində Şahid2 ilə birlikdə ünvan 12 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olubolmadığını soruşmuşlar və Fariz onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasina getməli olduğunu bildirib və onu avtomobillə ora gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Fariz əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı icərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Fariz həmin bükülünün içərisində olan narkotik vasitə heroini həmin gün əvvəl Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 105-107-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, DİOda 2019-cu ildən, hazırda tutduğu Yasamal RPİ-nin X1 kiçik əməliyyat müvəkkili vəzifəsində 2021-ci il tarixdən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin şəxsləri müəyyən edərək müvafiq tədbirlər görülməsini təmin etmək, narkotik vasitələrin dövriyyədən çıxarılması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir. Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 09 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 09 yanvar 2024-cü il tarixdə saat təxminən 14 radələrində RPİ-nin X1 əməliyyat müvəkkilli Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 6 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində nartkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə saxlanıldığı tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə 20 manat qarşılığında üzən tanıdığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, 26-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində Şahid4 ilə birlikdə ünvan 13 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Fariz onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə həmin PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Fariz əynində olan zamanı əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Fariz həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini həmin gün Baki şəhəri Yasamal rayonunun ərazisində yerləşən “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen bükümün içərisindəki kütlənin heroin olmasını və 09 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdən üzdən tanıdığı şəxsdən 20 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. (i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tаriхli 3-16-16/2-6/99 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi Zərflər üçün № 42» dairəvi möhür əksi olan “...Təqsirləndirilən şəxsu –imza, ...üç –imza, təhqiqatçı: Ariz Qədiməliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0.514 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 42-46) “Diskə baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 09 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin X1 əməkdaşlarının, 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen bükümün içərisindəki kütlənin heroin olmasını və 09 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində “Kubinka” adlanan üzdən tanıdığı şəxsdən 20 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. (i.v. 96-97) “Maddi sübut kimi tanınma haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində “Verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınmışdır. (i.v. 99) “Maddi sübut kimi tanınma haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,514 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatı keçirildikdən sonra qalan 0.464 qram çəkidə ola narkotik vasitə heroin Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 100) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümün içərisindəki kütlənin heroin olmasını və 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində “Sovetski” adlanan yerdən üzdən tanıdığı şəxsdən 10 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. (i.v. 147-148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2023-cü il tаriхli 3-16-16/2-6/5146 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi Zərflər üçün № 170» dairəvi möhür əksi “Şübhəli (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0.277 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v. 155-159) “Diskə baxış keçirilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşlarının, 22 saylı vəkil bürosunun müdafiəçisi Rasim Almuradovun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümün içərisindəki kütlənin heroin olmasını və 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində “Sovetski” adlanan üzdən tanıdığı şəxsdən 10 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. (i.v. 195-196) “Maddi sübut kimi tanınma haqqında” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınmışdır. (i.v. 197-198) “Maddi sübut kimi tanınma haqqında” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.277 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatı keçirildikdən sonra qalan 0.227 qram çəkidə ola narkotik vasitə heroin Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 199) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 20 fevral 2024-cü il tаriхli 1140 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 220-221); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.277 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.514 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 138) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 190-191) “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 192-193) “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 4(004)-14/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmala 03 (üç) ay müddətinə həbsqətimkan tədbiri seçilmişdir. (i.v. 87-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Həsənov X6 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 206- 207) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2008-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf dərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.464 qram və 0.227 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 206 (iki yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 03 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.464 qram və 0.227 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 206 (iki yüz altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar