Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-316/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Şəki rayonu, Aşağı Küngüt kəndində doğulmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki rayonu, Aşağı Küngüt kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, «AF Park» yaşayış kompleksinin qarşısında yerləşən nömrəsiz fərdi evdə yaşayan, 15 yanvar 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evində usta kimi işlədiyi zaman sonuncuya məxsus «Oppa» markalı mobil telefonu həmin evdə masanın üzərindən gizli şəkildə əldə edib, mobil telefonda olan Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə aid «Bir bank» mobil tətbiq vasitəsilə 5239-1517- 2965-7703 nömrəli bank hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 08 yanvar 2025ci il tarixdə, saat 18:12-də 300 manat, 10 yanvar 2025-ci il tarixdə, saat 16:58-də 200 manat, 12 yanvar 2025-ci il tarixdə, saat 09:58-də 100 manat, 13 yanvar 2025-ci il tarixdə, saat 13:07-də 200 manat pulu elektron məlumat daşıyıcılarından istifadə etməklə özünə məxsus "xxxx" ASC-yə aid 4127-2093-0388-2481 nömrəli bank hesabına köçürməklə Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, həmin əməli törətmişdir. Bir səhvdir ki, edib, zərərçəkmişin evində usta kimi işləmişdir, orada oboy işinə baxırdı, lazım olanda zəng etmək üçün telefonundan istifadə edirdi. Telefonun kodunu bildiyi üçün özünə fasilələrlə 800 manat pul göndərmişdir. Göndərilən kart öz adına olmuşdur, pulu isə xərcləməyib, borclarına ödəmişdir, hazırda işləyir, zərəri ödəmək niyyəti var, nəzərə alınmasını xahiş edir. Əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxsin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, 18 dekabr 2024-cü il tarixədək qeyd olunan ünvanda oğlu X5 ilə birlikdə yaşamış, həmin gündən etibarən oğlu Ramil İsveçə getmiş, hazırki vaxta kimi orada yaşayır, həmin gündən etibarən yaşadığı evdə tək olmuş, təxminən 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 15B ünvanında usta kimi işləməyə başlamış, belə ki, Rahim onun yaşadığı evdə usta kimi işlədiyi müddət ərzində evinin divarlarına boya və divar kağızı vurmuş, Rahim işlədiyi günlərdə səhər saat 09 radələrindən 19 radələrində kimi onun yaşadığı evdə təmir işlərini icra etmiş, 2025-ci ilin yanvar ayının əvvəlində o, yaşadığı həmin evdə özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan «Oppo» markalı mobil telefonun giriş kodunu açarkən Rahim kənardan gizlin şəkildə bunu müşahidə edərək onun mobil telefonunun giriş kodunu yadında saxlamış, 13 yanvar 2024-cü il tarixdə o, özünə məxsus mobil telefonu götürərkən telefonunda olan «Bir bank» mobil tətbiqinin açıq olduğunu görüb tətbiqə daxil olduqda ona məxsus, "xxxx" ASC-yə aid 5239-1517-2965-7703 nömrəli kartından 08 yanvar 2024-cü il tarixdə, saat 18:12-də 300 manat, 10 yanvar 2024-cü il tarixdə, saat 16:58-də 200 manat, 12 yanvar 2024-cü il tarixdə, saat 09:58-də 100 manat, 13 yanvar 2024-cü il tarixdə, saat 13:07-də 200 manat pulun son rəqəmləri ****2481 olan hesaba köçürülməsini aşkar etmiş, buna görə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polis əməkdaşları Rahimi onun evində saxlayıb Polis Şöbəsinə aparmışlar, Rahim onun mobil telefonunda olan «Bir bank» tətbiqinə daxil olub ona məxsus "xxxx" ASC-yə aid 5239-1517-2965-7703 nömrəli kartından ümumilikdə 800 manat pulu son rəqəmləri ****2481 olan hesaba köçürərək ona maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özünə məxsus mobil telefonu adətən üzərində saxlamamış, yaşadığı evdə otağa və ya mətbəxə qoymuş, Rahim də onun telefonunun giriş kodunu açarkən bunu müşahidə edərək giriş kodunu yadda saxlamaqla ondan xəbərsiz onun mobil telefonunu götürərək onun mobil telefonunda olan «Bir bank» tətbiqinə daxil olmaqla ona məxsus "xxxx" ASC-yə aid 5239- 1517-2965-7703 nömrəli kartından ümumilikdə 800 manat pulu son rəqəmləri ****2481 olan hesaba köçürərək ona maddi ziyan vurmaqla oğurluq etmişdir. 18 dekabr 2024-cü il tarixdən hazırki vaxta kimi o, yaşadığı evdə tək olmuş, ondan başqa həmin evdə heç kim yaşamır, həmin tarixlərdə də usta işləyən Rahimdən başqa onun evinə heç kim gəlməmişdir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/7291 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 1 (bir) vərəqdən ibarət xx.xx.2025-xx.xx.2025-ci il tarix aralığındakı hesabdan çıxarışına məhkəmədə baxış keçirilərkən, 523915******7703 nömrəli bank kartının Zərərçəkmiş şəxs məxsus olması, xx.xx.2025-ci il tarixdə, saat 18:12-də Zərərçəkmiş şəxs məxsus 523915******7703 nömrəli bank kartından 412720******2481 nömrəli bank kartına 300 manat, xx.xx.2025-ci il tarixdə, saat 16:58-də Zərərçəkmiş şəxs məxsus 523915******7703 nömrəli bank kartından 412720******2481 nömrəli bank kartına 200 manat, xx.xx.2025-ci il tarixdə, saat 09:58-də Zərərçəkmiş şəxs məxsus 523915******7703 nömrəli bank kartından 412720******2481 nömrəli bank kartına 100 manat, xx.xx.2025-ci il tarixdə, saat 13:07-də Zərərçəkmiş şəxs məxsus 523915******7703 nömrəli bank kartından 412720******2481 nömrəli bank kartına 200 manat pul köçürülməsi və ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə maddi sübut kimi tanınmış «Samsung Galaxy A04» markalı mobil telefon aparatına baxış keçirilərəkən mobil telefonun «ABB mobile» mobil tətbiqində Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4127-2093-0388-2481 nömrəli bank hesabına 08 yanvar 2025-ci il tarixdə, saat 18:12-də 300 manat, 10 yanvar 2025-ci il tarixdə, saat 16:58-də 200 manat, 12 yanvar 2025-ci il tarixdə, saat 09:58-də 100 manat, 13 yanvar 2025-ci il tarixdə, saat 13:07-də 200 manat pul mədaxil olması, bununla da həmin tarixlərdə Təqsirləndirilən şəxs hesabına ümumilikdə 800 manat pul köçürülməsi və ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bundan əlavə cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını və 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 1 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yenidən tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Bununla da, o, 2 gün həbsdə olmuşdur. Beləliklə o, ümümilikdə 3 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/7291 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 1 (bir) vərəqdən ibarət hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 11 ay 24 gün (bir il on bir ay iyirmi dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/7291 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 1 (bir) vərəqdən ibarət hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-316/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-316/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver