Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-317/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ucar rayonu Gəraybəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən avtotəmir sexinin açıq qapısından içəri daxil olaraq həmin sexdə usta işləyən Zərərçəkmiş şəxs məxsus masanın üzərində olan bir ədəd 1100 manat dəyərində arxa hissəsi göy rəngli “Xiomi 11- T” markalı **********79781 və **********79799 imei kodlu üzərində 15 manat dəyərində ***- ***-**-** və 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1125 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olan 128 saylı binanın qarşısında Nümayəndə etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-nə məxsus park edilmiş ‘‘Hyundai Accent” markalı **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1000 manat dəyərində ön bamperini gizli olaraq talayıb, zərərçəkmiş "xxxx" MMC-nə ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Evlidir, bir azyaşlı övladı vardır. Hazırda Bakı şəhəri, Babək prospektində Daxili Qoşunların “N” saylı hərbi hissəsinin yaxınlığında yerləşən avtomobil təmiri sexində çilingər işləyir. Əvvəllər narkotik vasitə heroin istifadə edirmiş. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində dostu ilə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Lider” TV-nin yaxınlığına getmişdir. Həmin ərazidə yolun kənarında yerləşən avtomobil təmiri sexinin yanından keçən zaman içəridə giriş qapısının yanında masanın üzərində 3 ədəd mobil telefonun olduğunu görmüşdür. Həmin telefonlardan birini oğurlamaq qərarına gəlmişdir. İçəridə olan şəxslərin başının qarışıq olduğunu görüb sakitcə qapıya yaxınlaşmışdır. O, ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra avtomobil sexinin içərisində giriş qapısının yanında olan masanın üzərindən bir ədəd “Xiomi” markalı mobil telefonu götürmüşdür. Dərhal həmin ərazidən uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra həmin mobil telefonun üzərində olan iki ədəd mobil nömrəni çıxarıb xatırlamadığı yerdə yolun kənarına atmışdır. Telefonu isə satmaq qərarına gəlmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyasının yaxınlığında həmin mobil telefonu tanımadığı bir nəfər şəxsə 100 manat müqabilində satmışdır, həmin şəxs ondan mobil telefonun oğurluq olubolmamasını soruşduqda, o, həmin şəxsə telefonun özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra həmin şəxs telefonun qutusunun harda olduğunu soruşduqda, o, həmin şəxsə telefonu əldən aldığını, qutusunun olmadığını demişdir. Bundan sonra sağollaşıb ayrılmışdır. Əldə etdiyi 100 manat pulu və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İran” klinikasının yaxınlığında olan ara məhəllədə ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Hyundai Accent” markalı avtomobilin dayandığını və həmin avtomobilin ön buferinin iplə bağlandığını görmüşdür. O, həmin avtomobilin ön buferini rahat şəkildə çıxara biləcəyini düşünüb avtomobilə yaxınlaşmışdır. Ətrafa baxmış, heç kimin olmadığından əmin olub, həmçinin küçə qaranlıq olduğu üçün həmin “Hyundai Accent” markalı avtomobilin ön buferinin ipini açaraq buferi yerindən çıxarmışdır. Həmin buferi götürüb oradan uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra həmin buferi ara məhəllədə gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində həmin buferi götürüb yol kənarında dayanmış markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Elite” ticarət mərkəzinin yaxınlığına aparmışdır. Orada yerləşən profilaktoriyalarda həmin buferi göstərsə də, sata bilməmişdir. Bir qədər sonra orada sonradan özünü avtomobil ustası Aqşin kimi təqdim edən şəxsə buferi 100 manat müqabilində satmışdır. Aqşin adlı şəxs ona həmin buferin oğurluq olubolmamasını soruşduqda, o, həmin şəxsə buferin özünə məxsus olduğunu, özünün də usta olduğunu deyərək narahat olmamasını bildirmişdir. Bundan sonra sağollaşıb ayrılmışdır. Əldə etdiyi 100 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs işlədiyi avtomobil sexindən sonuncuya məxsus mobil telefonu və Nümayəndə məxsus avtomobilin ön buferini oğurlayan zaman tək olmuş, həmin cinayətləri tək törətmiş, heç kimlə əlbir olmamışdır. O, oğurluq cinayətləri törətməsi barədə heç kimə heç bir məlumat verməmişdir. Aqşin adlı şəxsi tanımadığını, ona ilk dəfədir ki, avtomobilin ön buferini 100 manat müqabilində satdığını, Aqşin adlı şəxslə aralarında heç bir münasibət olmadığını bildirmişdir. Maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəməmişdir. Törətmiş olduğu əməlindən peşman olduğunu, əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 9 il müddətdir ki, Bakı şəhəri Dezinfeksiya mərkəzində sürücü vəzifəsində işləyir. Adətən iki gün işdə, iki gün evdə olur. Bu işindən başqa Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən avtomobil təmiri sexini icarə əsasında işlədir. Həmin sexdə çilingər kimi avtomobilləri təmir edir. Atası Arif də arada yanında rəngsaz kimi avtomobilləri rəngləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində avtomobil sexinə getmişdir. Həmin vaxt atası Arif də sexdə avtomobil rəngləyirmiş. O, sexə daxil olduqdan sonra üzərində olan mobil telefonunu sexin giriş hissəsindəki masanın üzərinə qoyub sexdə olan avtomobili təmir etməyə başlamışdır. Laqonda ilə işlədiyi üçün səsdən heç nə eşitmirmiş. Bir neçə saat avtomobilin alt hissəsində təmir işləri aparmışdır. Saat təxminən 16 radələrində işini yekunlaşdırıb sexin giriş hissəsində olan masaya telefonunu götürmək üçün yaxınlaşmışdır. Həmin vaxt özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan arxa hissəsi göy rəngli “Xiomi 11-T” markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. O, sexdə iş görən atası Arifdən mobil telefonunu götürübgötürməməsini soruşduqda, Arif iş gördüyünü, telefonunu götürmədiyini, hətta onun da telefonunun masanın üzərində olduğunu bildirmişdir. O, sexdə müxtəlif yerlərə baxsa da, mobil telefonunu tapa bilmədiyi üçün telefonun oğurlandığını başa düşmüşdür. Bundan sonra atası Arifin mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Aradan bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək işlədiyi sexə baxış keçirmişlər. Baxış zamanı naməlum şəxs və ya şəxslərin işlədiyi avtomobil təmiri sexinin açıq qapısından daxil olaraq giriş hissədə olan masanın üzərindən ona məxsus təxminən bir neçə gün əvvəl aldığı yeni 1 ədəd arxa hissəsi göy rəngli “Xiomi 11-T” markalı **********79781 və **********79799 imei kodlu üzərində 15 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonunu oğurlaması müəyyən olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, ona məxsus işlədiyi avtomobil təmiri sexindən qeyd etdiyi mobil telefonu oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 1125 manat maddi ziyan dəymişdir. Araşdırma zamanı telefonunun üzərində olan mobil nömrələrinin qiymətini qeyd etmədiyi üçün əvvəl ona 1100 manat maddi ziyan dəydiyini bildirdiyini, lakin bir daha ona ümumilikdə 1125 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmişin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildən "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. 2019-cu il tarixdən işlədiyi şirkətə məxsus ağ rəngli "Hyundai Accent” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Adətən hər gün saat 08 radələrində MMC-nin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhərinə gedir, saat 18-19 radələrində işdən çıxıb evə qayıdır. İdarə etdiyi "Hyundai Accent” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində idarə etdiyi avtomobilin ön buferi zədələnmişdir. Avtomobilin ön buferinin bir tərəfi yerində qalsa da, digər tərəfi qopduğu üçün müvəqqəti bağlatdırmışdır. Avtomobili həmin vəziyyətdə idarə etmədiyi üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsində yerləşən 128 nömrəli binanın qarşısında saxlamışdır. Hər gün avtomobilə nəzarət edirmiş. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdən çıxıb gedərkən idarə etdiyi avtomobilə baxış keçirən zaman avtomobildə hər şey qaydasında olmuşdur. Avtomobilə baxdıqdan sonra çıxıb getmişdir. Aradan bir neçə saat keçdikdən sonra həmin gün saat təxminən 23 radələrində evə qayıdarkən idarə etdiyi həmin "Hyundai Accent” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin yerində olmadığını, buferin üzərində olan dövlət qeydiyyat nişanının da ön alın şüşəsində güzgü silən rezinlərin alt hissəsində qoyulduğunu aşkar etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilin ön buferinin oğurlandığını başa düşmüşdür. Artıq gecə saatları olduğu üçün o, səhər açıldıqdan sonra bu barədə şirkətə məlumat verməyi düşünmüşdür. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə o, şirkətə məlumat verdikdən sonra bu barədə DİN-in 102 xidmətinə də zəng edərək məlumat vermişdir. Aradan bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək avtomobilə baxış keçirmişlər. Sonradan istintaq zamanı idarə etdiyi "Hyundai Accent” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, onun satış meneceri vəzifəsində işlədiyi "xxxx" MMC-nə məxsus etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin oğurlanması nəticəsində müəssisəyə ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 3 dəfə məhkum edilmişdir. 1) Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilib. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsimnin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.1-ci maddəsi ilə 06 ay azadlıqdan məhrum edilib. 3) Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir və üzərindən məhkumluq götürülmüşdür. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, həmin qərara əsasən məhkumluq götürülmüşdür. Bundan əlavə həmin tarixdən sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilib. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilib. Bundan başqa Təqsirləndirilən şəxs barəsində cinayət işinin araşdırılması dövründə törətdiyi əməllərə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXMnin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilib. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilib. Bundan başqa Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ittiham aktı təsdiq edildikdən sonra işin məhkəməyə göndərildiyi dövrdə törətdiyi əmələ görə Yasalam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-2824/2023 saylı qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 02 ay müddətinə inzibati həbs edilmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə hesab edir ki, cəzanı ağırlaşqdırıcı hallar olmasa da, bu cür xarakterizə edilən şəxsin islah edilməsinə az ciddi cəza ilə nail oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs istintaq şöbəsinə təqdim edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnməklə, onun barəsindəki “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri nəzərə alınmışdır. Bununla da o, 02 gün həbsdə qalmışdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-317/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-317/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver