Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-318/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittihamçı X4, onun nümayəndəsi və vəkili X10, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs X3 iştirakları ilə, 06 mart 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X8 “İnstagram” sosial şəbəkəsində “ Sancag_show” adlı səhifədə yerləşdirilmiş “ Deyirdi mənə 7 dəfə ərə gedib, özünə 1 ərdə qismət olmadı...Flora İlhamə haqqında ” başlıqlı yazıya özünün “ilhama_microblading_permanent ”adlı hesabından şərhlər yazmışdır. O, həmin yazıda zərərçəkmiş şəxs X9 barəsində aşağıdakı şərhləri yazmışdır: “...Flora xanını vampir* qadındı. Neçe əri olubsa, hamısı ölüb gedib. Yazig neynesin... llhame xanim cox gozel oxuyurdu, cox, heyif ki xasiyyeti birsey deyildi. Ölunun dalinca alib vermezler Flora xanim.... ... nağıl danısmayin. O vampirdi. Neçə kisinin basıni yeyib. Bizim qohum var, 80 dan yuxaridi yaşi, Floranin sevgilisi olub. Deyirdi qapqara, tüklü şey idi, amma qeşeng oxuyurdu. Yaxsidi anamgil onunla evlenmeye qoymadi, yoxsa menimde başimi yeyərdi))). ... Topçubaşov 20 yaş boyuk, ikincisi Faiq rehmetlik, qizi ondandi. Onunla da 6 il. Bunlar resmi. İkisi ilede az muddet. Faiqin ailesi onu saymirdi. ... 17 il olan kimdi?))) Belke men tanimiram ... o qohumun söhbetini men usaqliqdan anasindan esitmisem, aile söhbeti. Ona deseniz Marks taniyirsiz, taniyar. ... siz bilmediylerinizi de men bilirem. Bu hamisi deyil.. ... o qeder kisini qarsiliyib yola salib ki.. ... qaynanam onunla paralel sinifde oxuyub, qohumum sevisib, dayimgilin qonsusu Faiq.... ... indi danismirlar daha, cavanliqda, men usaq olanda her söhbetin şahidi olmusam. Hem ilk Floranin cixisini gorende... qara, tuklu, bigli...dedim Marks eminin zovgune tupurum))) ... duz soz xoşunuza gelmir? .... mene bax! Sene ne ne yaziram? Anandi? Men herzaman duz soz deyirem. .... hem onun basi xarabdi ki bu yasda ölu dalinca danisir*. Qizi basqasinin erinden doğdu, ogul da pozğun bacisinin oğludur. Yuxanda göstərilən yazıda zərərçəkmiş şəxs Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2021-ci il tarixli sərəncamı ilə “Şərəf’ ordeni ilə təltif edilmiş X9 nalayiq formada təhqir olunmuş, barəsində böhtan xarakterli məlumatlar yayılaraq şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələnmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Kərimova Flora X1 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 və onun nümyəndəsi və vəkili X11 şikayətini müdafiə edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 özünü təqsirli bildiyini, həmin sözləri həqiqətən də işlətdiyini, lakin xüsusi ittihamçını təhqir etmək məqsədi ilə deyil, söz əsnasında dediyini, xüsusi ittihamçı ilə barışığa cəhd etsə də, lakin xüsusi ittihamçı tərəfindən barışıq təklifinin qəbul edilmədiyini bildirdi. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittihamçının, təqsirləndirilən şəxs X3 ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan “İnstagram” sosial şəbəkəsində “Sancag_show” adlı səhifədə yerləşdirilmiş “Deyirdi mənə 7 dəfə ərə gedib, özünə 1 ərdə qismət olmadı...Flora İlhamə haqqında” başlıqlı yazıda təqsirləndirilən şəxs X8 özünün “ilhama_microblading_permanent ”adlı hesabından aşağıdaki şərhlər yazmışdır: “...Flora xanını vampiı* qadındı. Nece eri olubsa, hamısı ölüb gedib. Yazig neynesin... llhame xanim cox gozel oxuyurdu, cox, heyif ki xasiyyeti birsey deyildi. Ölunun dalinca alib vermezler Flora xanim.... ... nağıl danısmayin. O vampirdi. Nece kisinin basıni yeyib. Bizim qohum var, 80 dan yuxaridi yasi, Floranin sevgilisi olub. Deyirdi qapqara, tuklu sey idi, amma qeseng oxuyurdu. Yaxsidi anamgil onunla evlenmeye qoymadi, yoxsa menimde basimi yeyerdi))). ... Topçubaşov 20 yas boyuk, ikincisi Faiq rehmetlik, qizi ondandi. Onunla da 6 il. Bunlar resmi. İkisi ilede az muddet. Faiqin ailesi onu saymirdi. ... 17 il olan kimdi?))) Belke men tanimiram ... o qohumun söhbetini men usaqliqdan anasindan esitmisem, aile söhbeti. Ona deseniz Marks taniyirsiz, taniyar. ... siz bilmediylerinizi de men bilirem. Bu hamisi deyil.. ... o qeder kisini qarsiliyib yola salib ki.. ... qaynanam onunla paralel sinifde oxuyub, qohumum sevisib, dayimgilin qonsusu Faiq.... ... indi danismirlar daha, cavanliqda, men usaq olanda her söhbetin şahidi olmusam. Hem ilk Floranin cixisini gorende... qara, tuklu, bigli...dedim Marks eminin zovgune tupurum))) ... duz soz xoşunuza gelmir? .... mene bax! Sene ne ne yaziram? Anandi? Men herzaman duz soz deyirem. .... hem onun basi xarabdi ki bu yasda ölu dalinca danisir*. Qizi basqasinin erinden doğdu, ogul da pozğun bacisinin oğludur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, X8 əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması X4 barəsində böhtan və təhqir xarakterli ifadələrin onun tərəfindən işlədilməsi X8 tərəfindən ifadə edilməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirsizlik prezumpsiyasına əsasən araşdırılmış ittiham və müdafiə dəlillərinin məcmusu Azərbaycan Respublikasının CM-nin 42 və 43-cü maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq bəraət və cinayət təqibinə xitam verilməsi əsaslarının olmadığına dəlalət edir. Beləliklə, təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli məhkəmə baxışında xüsusi ittihamçının, özünün ifadəsi və eləcə də, cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilir və onun əməli dispozitiv şərtlərə müvafiq Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz. Böhtan və təhqir maddələri üzrə cinayət məsuliyyətinin yaranması üçün mühüm odur ki, şərəf və ləyaqəti ləkələyən və ya onu nüfuzdan salan məlumatları, həmçinin nalayiq formada qəsdən alçaldılması kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında baş versin. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs X3 X4 ünvanına təhqir edici ifadənin işlədilməsi, böthan atması və həmin ifadənin məhz onun tərəfindən ifadə edilməsi etiraf edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ifadələrin böhtan və təhqir olub-olmamasını müəyyən etmək üçün iş üzrə ekspertizanın keçirilməsinə lüzum yoxdur. Məhkəmə hesab edir ki, X3 əməlləri Azərbaycan Respubiikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyəti yaratdığı üçün sonuncu həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törədilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X5 cəza təyin edərkən ilk dəfə məhkum olunduğunu, qadın omasını və barışıq əldə etməyə cəhd etdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə X5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X6 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli və və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs X3 hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs X3 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası ƏN-nin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X3 barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarovun məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X8 Azərbaycan Respublikasi CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, həmin Məcəllənin 148-ci maddəsinə əsasən isə 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası və icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********)) olan hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Murad məmmədov
Məhkəmə qərarları › İş №1(004)-318/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-318/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver