Məhkəmə qərarları › İş №1(004)-318/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-318/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-318/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndə və vəkili X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət əməlini törətmişdir. Belə ki, o, 04 fevral 2022-ci il tarixdə saat 15 radələrində keçmiş arvadı, yəni xx.xx.2020-ci il tarixdə aralarında olan nikahın pozulması qeydə alınmış Zərərçəkmiş şəxs2 valideynlərinə məxsus ünvan 2 ünvanına gələrək Zərərçəkmiş şəxs2 yenidən ailə qurmasını öyrəndikdən sonra üzərində olan mənşəyi bilinməyən bıçağı çıxardıb nümayiş etdirməklə sonuncunu öldürəcəyi barədə yaxın qohumlarına real əsaslara söykənən hədələr səsləndirərək öldürməklə hədələmişdir. Bundan başqa, o, təkrarən 06 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanının qarşısına gələrək orada keçmiş arvadı Zərərçəkmiş şəxs2 ondan boşandıqdan sonra Zərərçəkmiş şəxs1 ilə evlənməsini əsas gətirərək qısqanclıq zəminində aralarında baş vermiş münaqişə zamanı özü ilə gətirdiyi mənşəyi bilinməyən bıçağı nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 real əsaslarla öldürməklə hədələmişdir. Bundan başqa, o, təkrarən 06 fevral 2022-ci il tarixdə saat 20 radələrində yenidən ünvan 4 ünvanda yerləşən binanın həyətinə gələrək oradakı avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs1 önünü kəsərək özü ilə gətirdiyi mənşəyi bilinməyən bıçağı nümayiş etdirməklə sonuncunu real əsalarla öldürməklə hədələmiş, bu zaman Zərərçəkmiş şəxs1 polisə məlumat vermək üçün hadisə yerindən qaçmasını görüb sonuncuya qarşı səsləndirdiyi hədənin reallığını nümayiş etdirmək məqsədi ilə əlində olan bıçaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin inzibati binasının yaxınlığına kimi təqib etməklə qanunsuz əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Bundan başqa, o, təkrarən 07 aprel 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanda yerləşən binanın həyətinə gələrək orada qarşılaşdığı keçmiş qaynı arvadı Şahid3 özü ilə gətirdiyi mənşəyi bilinməyən bıçağı və tərkibi bilinməyən kimyəvi element tərkibinə görə yandırıcı maddə olan «Kislota» olmasını bildirdiyi mayenin olduğu qabı nümayiş etdirməklə həmin vasitə və aləti tətbiq edərək keçmiş arvadı Zərərçəkmiş şəxs2 tapdığı yerdə real əsaslarla öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, təkrarən 08 aprel 2022-ci il tarixdə saat 08 radələrində ünvan 4 ünvanda yerləşən binanın həyətinə gələrək orada qarşılaşdığı keçmiş qayınatası Şahid4 özü ilə gətirdiyi mənşəyi bilinməyən bıçağı və tərkibi bilinməyən kimyəvi element tərkibinə görə yandırıcı maddə olan «Kislota» olmasını bildirdiyi mayenin olduğu qabı nümayiş etdirməklə həmin vasitə və aləti tətbiq edərək keçmiş arvadı Zərərçəkmiş şəxs2 və sonuncunun əri Zərərçəkmiş şəxs1 tapdığı yerdə real əsaslarla öldürməklə və ya sağlamlıqlarına ağır zərər vurmaqla hədələmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə keçmiş arvadı Zərərçəkmiş şəxs2 zəng edərək bir qız övladlarının olması səbəbindən barışıb bir yerdə yaşamaq istədiyini bildirmişdir. Bu zaman Sevinc ona demişdir ki, artıq başqa bir şəxslə evlidir. O, Sevincin evli olmasına inanmayaraq bu sözü onun ondan əl çəkməsi üçün dediyini fikirləşib həmin gün saat təxminən 15 radələrində Sevincin atası Rasifin yaşadığı ünvan 6 ünvanında yerləşən evin qarşısına gəlmişdir. Həmin vaxt onun üzərində hər hansı bir bıçaq və ya kəsici alət olmamışdır. O, həmin vaxt orada yalnız Sevinc və qızı Esinlə görüşmək istəmişdir. Bir də həqiqətən Sevincin evli olubolmamasını dəqiqləşdirməyə çalışmışdır. Heç kimi bıçaqla və ya başqa bir əşya ilə öldürməklə ya da ağır bədən xəsarəti yetirməklə hədələməmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sevinc və ailəsinin yaşadığı ünvan 6 ünvanına gəlsə də, orada heç kimi bıçaqla və ya başqa bir alətlə öldürməklə hədələməmişdir. Onun ora getməkdə məqsədi Sevinci görmək, ondan niyə ona xəbər vermədən onun gənc qızının olduğu evdə yad bir kişi ilə yaşadığını soruşmaq olmuşdur. Belə ki, həmin şəxslər onu şərləyirlər. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 və ailəsinin yaşadığı Yasamal rayonu, Yeni Yasamal 1, D.Bünyadzadə küçəsi 9 ünvanında yerləşən binanın həyətindəki avtoyuma məntəqəsində Aqşin adlı şəxslə qarşılaşsa da, həmin vaxt onun əlində bıçaq olmamışdır. Onun Aqşinin qarşısına çıxmaqda məqsədi Zərərçəkmiş şəxs1 ölümlə hədələmək olmamış, Sevinci tapıb onunla qızı barəsində söhbət etmək olmuşdur. O, həmin vaxt Zərərçəkmiş şəxs1 bıçaqla öldürəcəyi ilə hədləməmiş və Zərərçəkmiş şəxs1 əlində bıçaqla qovmamışdır. xx.xx.2022-ci il tarixdə Ülviyyə ilə qarşılaşan zaman əlində bıçaq və ya içərisində kislata olan torba olmamışdır. O, Ülviyyədən sadəcə Sevincin yerini soruşmuş, başqa heç bir söz danışmamışdır. xx.xx.2022-ci il tarixdə də Şahid4 ilə qarşılaşan zaman əlində bıçaq və ya içərisində kislata olan torba olmamışdır. O, Rasifdən sadəcə Sevincin yerini soruşmuş, başqa heç bir söz danışmamışdır. Heç vaxt əlində heç bir bıçaq və ya kəsici alət olmamışdır, bunlar hamısı Sevinc və ailəsi tərəfindən onun barəsində uydurulmuş yalanlardır. Göstərilənlərə əsasən, əmlində cinayət tərkibinin olmamasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə xx.xx.2020-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından bir oğlan övladları da vardır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, yoldaşının ailəsinə məxsus, ünvan 6 ünvanında yerləşən evdə olan zaman qapı döyülmüşdür. O, qapını açan zaman bir nəfər şəxsin, yəni Sevincin keçmiş əri Təqsirləndirilən şəxs qapının ağzında dayandığını görmüşdür. Həmin vaxt o, Kənanın nəsə hadisə edə biləcəyindən çəkinərək evin qapısını örtməyə çalışan zaman Kənan cibindən böyük bir bıçaq çıxardıb arvadı Sevinci öldürəcəyini qışqıraraq söyləyib qapını açmağa çalışmışdır. Bu zaman o, qapını çəkib çətinliklə də olsa, bağlamışdır. Təqsirləndirilən şəxs mənzilin yerləşdiyi dəhlizdə arvadı Sevinc və onun barəsində nalayiq ifadələr işlədib onu və həyat yoldaşını öldürəcəyi barədə hədələr səsləndirərək binadan çıxıb həyət düşmüşdür. Kənan bir qədər həyətdə o və həyat yoldaşı Sevinc barəsində nalayiq ifadələr işlədib çıxıb getmişdir. Bundan sonra, həmin gün saat 20 radələrində o, dərman alıb həyətdə yerləşən aptekdən çıxan zaman Təqsirləndirilən şəxs əlində bıçaqla arvadının ailəsinin yaşadığı binanın həyətinə doğru qaçdığını görmüşdür. O, Təqsirləndirilən şəxs ardınca həyətə daxil olan zaman görmüşdür ki, Kənan əlində bıçaqla qayınları Asif və Vasifi həyətə çağırır. Bu zaman o, Kənanın yaxalanması üçün dərhal yaxınlıqda yerləşən Yasamal RPİ-nin 29-cu PŞ-nə getmişdir. Polis bölməsindən onların yaşadığı həyətə polis əməkdaşları yönləndirilmiş və ona həmin polis əməkdaşlarının əlaqə nömrəsi verilmişdir. O, polis şöbəsindən qayıdıb gələndə Kənanın artıq həyətdə olmadığını və səsinin gəlmədiyini görmüşdür. O, həyətdə gəzişib Kənanın harada olmasını axtaran zaman təsadüfən Təqsirləndirilən şəxsla avtoyuma məntəqəsinin qarşısında qarşılaşmışdır. Orada Kənan cibindən bıçaq çıxardıb ondan kim olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs kim olmağı barədə dəqiq məlumat verməsə də, Kənan onu tanımış və əlindəki bıçaqla üzərinə doğru gəlmişdir. Bu zaman o, Kənanın ona xəsarət yetirəcəyindən çəkinərək yenidən polis şöbəsi istiqamətində qaçmışdır. Kənan da yarı yola kimi arxasınca əlində bıçaqla onu qovalamış, öldürəcəyi ilə hədələmişdir. O, sürətli qaçaraq Kənanın gözündən itib polis şöbəsinə getmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yenidən yaşadıqları binanın həyətinə qayıtmışdır. Orada polis əməkdaşları Təqsirləndirilən şəxs axtarsalar da, tapa bilməmişdirlər. O, polislərlə gələnə kimi Təqsirləndirilən şəxs həyətdə arvadı Sevinc və onun ailəsini öldürməklə hədələmişdir. Bundan sonra dəqiq tarix xatırlamasa da, 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən Yasamal rayonu, Yeni Yasamal 1, D.Bünyadzadə küçəsi 9 ünvanına gələrək orada qaynı Şahid6 arvadı Şahid3 qarşısını kəsərək onlardan Sevincin hansı binada qalmasını soruşmuş, Ülviyyə K.Zərərçəkmiş şəxs2dən əl çəkməsini bildirdikdə, Kənan cibində olan bıçağı Ülviyyəyə göstərərək Sevinci harda olsa tapıb öldürəcəyini və ya sifət nahiyəsinə kislata atıb ağır xəsarət yetirəcəyi ilə hədələmişdir. Bundan bir gün sonra isə Təqsirləndirilən şəxs yenidən həmin yerə gələrək orada keçmiş qaynatası Şahid4 da qarşısını kəsib ona Sevinci axtardığını, tapan kimi Sevinci öldürəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bu cür hərkətlərini mütəmadi olaraq davam etdirərək onu və arvadını öldürmək və ya ağır xəsarət yetirməklə hədələyib hər yerdə onları axtarırdı. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında Təqsirləndirilən şəxs onlara heç bir xəsarət yetirməsə də, Kənan bunun üçün cəhdlər etmiş və əlində bıçaq nümayiş etdirməklə onu və ailəsini öldürməklə hədələmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs onun ata evinin qapısını döyən zaman Aqşin qapını açarkən Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb onu və ərini öldürmək üçün evə daxil olmaq istəsə də, Aqşin qapını tez çəkib bağlayaraq Kənanın evə daxil olmasına icazə verməmişdir. Əgər Kənan əlində bıçaqla evə daxil olsaydı, onların hamısını öldürəcəkdi. Həmçinin həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs binanın həyətindəki avtoyuma məntəqəsinin qarşısında əri Aqşinin qarşısını kəsən zaman əlindəki bıçaqla Aqşini öldürməklə hədələyərək bıçaqla ona xəsarət yetirmək məqəsdi ilə Aqşini qovalamışdır. Lakin Aqşinə çata bilmədiyi üçün özündən asılı olmayan səbəblərə görə Aqşinə xəsarət yetirə bilməmişdir. Təqsirləndirilən şəxs onları öldürməklə hədələyən zaman Təqsirləndirilən şəxs binada yaşayan şəxslər və orada yerləşən obyekt işlədən şəxslər görmüşdür. Təqsirləndirilən şəxs onu və ailəsini öldürməklə hədələyən zaman Təqsirləndirilən şəxs əlində təxminən 30 sm uzunluqda, dəstək hissəsi açıq qəhvəyi rəngli taxtadan, tiyə hissəsi isə gümüşü rəngli metaldan hazırlanmış, qatlanmayan, birtərəfli kəsicilik xüsusiyyətinə malik məişət təyinatlı bıçaq olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, qardaşıyla birlikdə yaşadıqları Yasamal rayonu, D.Bünyadazadə küçəsi 9 ünvanında olan zaman Təqsirləndirilən şəxs həmin ünvana gələrək Zərərçəkmiş şəxs1, onun arvadı Zərərçəkmiş şəxs2 və ailə üzvləri barədə nalayiq ifadələr işlətmiş, əlində bir ədəd bıçaq nümayiş etdirməklə həmin şəxsləri öldürməklə hədələmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yenidən Yasamal rayonu, D.Bünyadazadə küçəsi 9 ünvanına gələrək orada yerləşən avtoyuma məntəqəsində əlində bıçaqla Zərərçəkmiş şəxs1 qarşısını kəsmiş, Aqşini öldürəcəyini bildirmiş və əlindəki həmin bıçaqla Aqşini qovalayaraq tutub öldürməyə çalışmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 ardınca yaşadıqları binanın həyətində yerləşən avtoyuma məntəqəsinə daxil olmuş və əlində bıçaqla Zərərçəkmiş şəxs1 vurmaq niyyəti ilə qovalayıb onun ünvanına nəlayiq ifadələr işlədib onu öldürəcəyini demişdir. Həmin vaxt o, yaşadıqları binanın 3-cü mərtəbəsində yerləşən evinin eyvanından baş verənləri aydın şəkildə görmüş, bu zaman yanında qardaşı Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs yaratdığı səs-küyə binanın həyətinə çoxlu sayda adamlar toplaşmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində uzaqdan avtoyuma məntəqəsinin işığında gördüyü qədəri ilə, təxminən 30 sm uzunluqda, qatlanmayan, bıçaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində Şahid6 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 2008-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, onun narkotik vasitələrdən asılılığını öyrəndikdən sonra 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ayrılmışdır. Bacısının Təqsirləndirilən şəxs ilə olan nikahından iki övladı vardır. xx.xx.2020ci il tarixdə isə bacısı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1la ailə həyatı qurmuş və həmin nikahdan bir körpə uşaqları vardır. xx.xx.2022-ci ildə günorta saat 15 radələrində o, evdə olan zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısına gələrək qapısını döymüşdür. O, qapını açan zaman Kənan ona Sevinci və uşaqlarını görməyə gəldiyini bildirib evə girmək istəmişdir. Bu zaman o, Kənana onun Sevincdən boşandığını və Sevincin sonradan yenidən ailə həyatı qurduğunu, bu səbəbdən çıxıb getməsini bildirmişdir. Kənan isə onun dediklərinə məhəl qoymayaraq evinə daxil olmaq istəyən zaman o, Kənanı dəhlizə doğru geri itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb onun və ailə üzvlərinin üstünə gələn zaman o, hər kəsi dəhlizdən evin içərisinə yığıb qapını içəridən bağlamışdır. Təqsirləndirilən şəxs isə evin qabağında, yəni dəhlizdə əlində bıçaqla gəzişərək Sevinci və ailə üzvlərini öldürəcəyi barədə hədələr səsləndirməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında valideynlərinin evində olarkən təxmini günorta saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən evə gələrək qapını yumruq-təpiklə döyməyə başlamış, təkidlə qapını açmaqlarını tələb etmişdir. Yeznəsi Aqşin qapını açmış, və dərhal Kənanın üzünə qapını bağlamışdır. Kənan bundan daha da qəzəblənərək cibindən bıçaq çıxarıb yenidən evə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə yenidən təhqiredici ifadələr işlədərək onu və ailə üzvlərini ölümlə hədələmişdir. Həmin gün axşam saat 20 radələrində evdə olan zaman həyətdən Kənanın səsini eşidib eyvana çıxanda görmüşdür ki, Kənan əlində bıçaqla Aqşini qovalayırdı. Təqsirləndirilən şəxs bu əməllərindən əl çəkməyərək mütəmadi şəkildə bu cür hərkətlərinə davam edərək onun ailə üzvlərini izləyib bacısı Sevinc və yeznəsi Aqşini axtararaq onlara ağır xəsarət yetirməyə çalışmışdır. Bundan əlavə, Kənan cibində olan bıçağı Ülviyyəyə göstərərək Sevinci və Aqşini harada olsa, tapıb öldürəcəyi və ya sifət nahiyəsinə kislata atıb ağır xəsarət yetirəcəyi ilə hədələmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə günorta saat 15 radələrində qardaşı Asifdən telefonuna zəng gəlmiş və ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Asiflə atasının birlikdə yaşadığı ünvan 9 ünvanındakı evə gəlib qapıya təpiklə vuraraq təhqiredici ifadələr işlədir. O, evə gəldikdən sonra təxmini saat 17:30 radələrində Təqsirləndirilən şəxs yenidən binanın önünə gələrək təhqiredici ifadələr işlədərək onu və ailə üzvlərini öldürəcəyi barədə hədələr səsləndirmiş və onu, qardaşını, bacısını aşağı çağırmışdır. Bunu pəncərədən gördükdə dərhal aşağı düşüb Kənanı sakitləşdirməyə çalışmışdır. Kənanı bir qədər kənara çəkərək nə məqsədlə gəldiyini və nə istədiyini soruşmuşdur. Kənan da cavabında bacısını öldürməklə hədələmiş, lakin o, Kənanın özündə olmadığını görüb buradan getməyini söyləmişdir. Kənan da bundan sonra cibindən qayçı çıxararaq onu hədələmiş, amma o yenə də Kənanın özündə olmadığını əsas götürərək ona cavab verməmişdir. Kənan da bundan sonra qışqıra-qışqıra təhqiredici ifadələrlə hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanında valideynlərinin evində olarkən təxmini günorta saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən evə gələrək qapını yumruq-təpiklə döyməyə başlamış, təkidlə qapını açmaqlarını tələb etmişdir. Yeznəsi Aqşin bundan sonra qapını açmış, lakin qapını açanda görmüşdülər ki, qapını zorla aralayaraq içəri girmək istəyir. Bunu görən yeznəsi Aqşin qapını dərhal üzünə bağlamışdır. Kənan bundan daha da qəzəblənərək cibindən bıçaq çıxarıb yenidən evə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə yenidən təhqiredici ifadələr işlədərək onu və ailə üzvlərini ölümlə hədələmişdir. Bundan sonra isə çıxıb getmişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs, bıçaqla yeznəsi Zərərçəkmiş şəxs1 arxasınca düşdüyü barədə məlumat almışdır. Qeyd edilən ünvana gəldikdə Təqsirləndirilən şəxs binanın önünə gələrək təhqiredici ifadələrlə bacısını ölümlə hədələyib cibindən bıçaq çıxarmış və bıçağı havada tutub hər kəsə göstərməklə onu və ailə üzvlərini həyətə çağırmışdır. O, eyvandan Kənanın səsini eşitmişdir ki, elə bu zaman Təqsirləndirilən şəxs Çevik Polis Alayının gəldiyini görüb hadisə yerindən uzaqlaşmışdır. Lakin Təqsirləndirilən şəxs bu əməllərindən əl çəkməyərək mütəmadi şəkildə bu cür hərəkətlərinə davam edərək onun ailə üzvlərini izləyib bacısı Sevinc və yeznəsi Aqşini axtararaq sözügedən şəxslərə ağır xəsarət yetirməyə çalışmışdır. Belə ki, dəqiq tarix xatırlamasa da, 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən Yasamal rayonu, Yeni Yasamal 1, D.Bünyadzadə küçəsi 9 ünvanına gələrək orada qardaşı Şahid6 arvadı Şahid3 qarşısını kəsərək Ülviyyədən Sevincgilin hansı binada yaşamasını soruşmuş, Ülviyyə ona Sevincdən əl çəkməsini bildirdikdə, Kənan cibində olan bıçağı Ülviyyəyə göstərərək Sevincgili harada olsa tapıb öldürəcəyi və ya sifət nahiyəsinə kislata atıb ağır xəsarət yetirəcəyi ilə hədləmişdir. Bundan bir gün sonra isə Təqsirləndirilən şəxs yenidən həmin yerə gələrək orada Şahid4 da qarşısını kəsib ona Sevincgili axtardığını, tapan kimi Sevinci öldürəcəyini bildirmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs bu cür hərəkətlərini mütəmadi olaraq davam etdirərək bacısı Sevinc və yeznəsi Aqşini öldürmək və ya ağır xəsarət yetirməklə hədələyib hər yerdə onları axtarırdı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə günorta saat 15 radələrində o və ailə üzvləri evdə olan zaman Təqsirləndirilən şəxs yaşadıqları mənzilin qarşısına gələrək qapını döymüşdür. Əri Şahid6 qapını açan zaman Kənan onun ərinə Sevinci və uşaqlarını görməyə gəldiyini bildirib evə girmək istəmişdir. Bu zaman X2 boşandığını və sonradan yenidən ailə həyatı qurduğunu, bu səbəbdən çıxıb getməsini bildirmişdir. Kənan isə Asifin dediklərinə məhəl qoymayaraq onların evinə daxil olmaq istəyən zaman Asif Təqsirləndirilən şəxs dəhlizə doğru geri itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb onun və ailə üzvlərinin üstünə gələn zaman Asif hər kəsi dəhlizdən evin içərisinə yığıb qapını içəridən bağlamışdır. Təqsirləndirilən şəxs isə evin qabağında, yəni dəhlizdə əlində bıçaqla gəzişərək Sevinc və ailə üzvlərini öldürəcəyi barədə hədələr səsləndirməyə başlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında olarkən təxmini günorta saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən evə gələrək qapını yumruq-təpiklə döyüb təkidlə qapını açmalarını tələb etmişdir. Aqşin bundan sonra qapını açmış, lakin qapını açanda görmüşdülər ki, Kənan qapını zorla aralayaraq içəri girmək istəyir. Bunu görən Aqşin qapını dərhal Kənanın üzünə bağlamışdır. Kənan bundan daha da qəzəblənərək cibindən bıçaq çıxarıb yenidən evə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə yenidən təhqiredici ifadələr işlədərək onu və ailə üzvlərini ölümlə hədələmişdir. Bundan sonra isə çıxıb getmişdir. Həmin gün axşam saat 20 radələrində evdə olan zaman Kənanın həyətdən səsini eşidib eyvana çıxanda görmüşdülər ki, Kənan əlində bıçaqla Aqşini qovalayır. Asif dərhal həyətə düşərək Aqşinin qaçdığı istiqamətdə Kənan və Aqşinin arxasınca qaçıb getmişdir. Bir qədər sonra Kənan yenidən yaşadıqları binanın həyətinə gələrək baldızı Sevinc və ailə üzvləri barəsində nalayiq ifadələr işlədib Sevinci və əri Aqşini öldürəcəyini bildirmişdir. 07 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadıqları Yasamal rayonu, Yeni Yasamal 1, D.Bünyadzadə küçəsi 9 ünvanına gələrək orada onun qarşısını kəsərək Sevincin yaşadığı ünvanı soruşmuş, o da Kənan Zərərçəkmiş şəxs2dən əl çəkməsini, o və ailə üzvlərindən uzaq durmasını bidirmişdir. Bu zaman Kənan üzərində olan bıçağı ona göstərərək demişdir ki, onsuz Sevincin orada, hansısa binada yaşadığını bilir, necə olur-olsun Sevinci tapıb ya öldürəcək, ya da əlində olan sellofan torbanı göstərib həmin torbadakı kislatanı Sevincin üzərinə ataraq ona ağır xəsarət yetirəcəyini bildirmişdir. Bu hadisənin səhərisi günü, yəni 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də yaşadıqları binanın həyətində qaynatası Şahid4 qarşısını kəsərək ona da ona dediyi kimi bıçaq və kislata göstərib Sevinci tapan kimi öldürəcəyini və ya yandıracağını bildirmişdir. Təqsirləndirilən şəxs davranış və danışığından görünürdü ki, Kənan həqiqətən də bildirdiyi hədələri real şəkildə həyata keçirmək niyyətindədir. Onun qarşısını kəsməkdə niyyəti əsasən Sevincin yerini öyrənmək olsa da, Təqsirləndirilən şəxs hərəkətləri onu da çox qorxutmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci ildə günorta saat 15 radələrində o və ailə üzvləri evdə olan zaman Təqsirləndirilən şəxs yaşadıqları mənzilin qarşısına gələrək qapılarını döymüşdür. Oğlu Şahid6 qapını açan zaman Kənan ona Sevinci və uşaqlarını görməyə gəldiyini bildirib evə girmək istəmişdir. Bu zaman X2 boşandığını və sonradan yenidən ailə həyatı qurduğunu, bu səbəbdən çıxıb getməsini bildirmişdir. Kənan isə Asifin dediklərinə məhəl qoymayaraq onların evinə daxil olmaq istəyən zaman Asif Təqsirləndirilən şəxs dəhlizə doğru geri itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb onun və ailə üzvlərinin üstünə gələn zaman Asif hər kəsi dəhlizdən evin içərisinə yığıb qapını içəridən bağlamışdır. Təqsirləndirilən şəxs isə evin qabağında yəni dəhlizdə əlində bıçaqla gəzişərək Sevinc və ailə üzvlərini öldürəcəyi barədə hədələr səsləndirməyə başlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında olan zaman təxmini günorta saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən evə gələrək qapını yumruq-təpiklə döyüb təkidlə qapını açmalarını tələb etmişdir. Aqşin bundan sonra qapını açmış, lakin qapını açanda görmüşdülər ki, Kənan qapını zorla aralayaraq içəri girmək istəyir. Bunu görən Aqşin qapını dərhal Kənanın üzünə bağlamışdır. Kənan bundan daha da qəzəblənərək cibindən bıçaq çıxarıb yenidən evə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə yenidən təhqiredici ifadələr işlədərək onu və ailə üzvlərini ölümlə hədələmişdir. Bundan sonra isə çıxıb getmişdir. Həmin gün axşam saat 20 radələrində evdə olan zaman Kənanın həyətdən səsini eşidib eyvana çıxanda görmüşdülər ki, Kənan əlində bıçaqla Aqşini qovalayır. Daha sonra Kənan yenidən yaşadıqları binanın həyətinə gələrək qızı Sevinc və ailə üzvləri barəsində nalayiq ifadələr işlədib Sevinci və əri Aqşini öldürəcəyini bildirmişdir. 08 aprel 2022-ci il tarixdə saat 08 radələrində o, işə getmək üçün yaşadıqları binanın həyətinə düşən zaman Təqsirləndirilən şəxs onun qarşısını kəsmiş, o Təqsirləndirilən şəxs orada nə axtardığını soruşduqda, Kənan bildirmişdir ki, qızı Sevinc və kürəkəni Aqşinin oradakı binalardan birində yaşadığını bilir və sözügedən şəxslərin bayıra çıxmasını gözləyir. Daha sonra üzərində olan bıçağı göstərərək həmin bıçaqla Aqşin və Sevinci öldürəcəyini ya da əlində olan sellofan torbadakı kislatanı göstərib həmin kislatanı üzərlərinə töküb yandıracağını bildirmişdir. Bu zaman o, mobil telefonunu cibindən çıxardaraq polisə bu barədə məlumat verəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs buna mane olaraq polisə müraciət etməyinə imkan verməmişdir. Kənan onun polisə məlumat verməkdə qərarlı olduğunu gördükdən sonra ailəsi barəsində yüksək səslə nalayiq ifadələr və hədələr səsləndirərək qaçıb oradan uzaqlaşmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2022-ci il tarixli “Üzləşdirmə” protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərkəti zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq ayrı ayrı vaxtalarda mütəmadi olaraq onların yaşadığı ünvana gəlib orada əlində bıçaq və yandırıcı məhlul kislatanı onlara və ailə üzvlərinə göstərib nümayiş etdirərək həmin vasitələrlə onları real əsalarla öldürməklə və sağlamlıqlarına ağır xəsarət yetirməklə hədələdiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (səh.126-130 ; 131-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2022-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 2-ci şəxsi, yəni Təqsirləndirilən şəxs əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 12 ünvanına gəlib orada əlində bıçaqla Zərərçəkmiş şəxs1 qarşısını kəsərək sonuncunu əlində olan bıçaqla öldürməklə hədələyən şəxs olduğunu bildirmişdir (səh.171-173). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli “maddi sübut əhəmiyyətinə malik ola biləcək əşyanın götürülməsi haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi, içərisində xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 13 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs onun qarşısını kəsərək əlində olan bıçaqla onu hədələməsi və qaçarkən qovalaması barədə video görüntü olan 01 ədəd yaddaş kartı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün Zərərçəkmiş şəxs1 götürülmüşdür (səh. 23-25). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış yaddaş kartında olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntünün 18:55:24-cü saniyəsində əynində qara rəngli gödəkçə olan bir nəfər şəxsin kənardan Yasamal rayonu, D.Bünyadzadə küçəsi 9 ünvanında yerləşən binanın həyətinə daxil olaraq həmin ünvanda yerləşən avtoyuma məntəqəsinə doğru adi yerişlə irəliləməsi görünür. video görüntünün 18:55:37-ci saniyəsində bir nəfər əynində qara gödəkçə olan şəxsin Yasamal rayonu, D.Bünyadzadə küçəsi 9 ünvanında yerləşən binanın yan tərəfindən adi yerişlə gəlib ağ rəngi avtomobilin yanından keçərək səkidən bir pillə düşüb həmin həyətdə yerləşən avtoyuma məntəqəsinə doğru getdiyi görünür. ( Zərərçəkmiş şəxs2 keçmiş əri Təqsirləndirilən şəxs Əbdül oğlu) Bundan sonra baxış zamanı video görüntünün 18:55:52-ci saniyəsində Zərərçəkmiş şəxs1 az öncə daxil olduğu avtoyuma məntəqəsindən çıxıb qaçaraq binanın həyətindən kənara doğru qaçması və onun ardınca görüntünün 18:55:55ci saniyəsində Təqsirləndirilən şəxs da avtoyuma məntəqəsindən çıxaraq binanın həyətində kənara doğru qaçması yəni Zərərçəkmiş şəxs1 qovması müşahidə olundu. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxsdir (səh 102-104) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 14 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs onun qarşısını kəsərək əlində olan bıçaqla onu hədələməsi və qaçarkən qovması barədə video görüntü olan 01 ədəd yaddaş kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 184-199). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-452/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 166-170). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əlindəki bıçaqla öldürməklə, ya da əlində olan sellofan torbadakı kislatanı göstərib həmin kislatanı üzərlərinə töküb yandıracağı ilə hədələməməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də, digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, müxtəlif vaxtlarda, dəfələrlə ünvan 4 ünvanda yerləşən binanın həyətinə gələrək orada nəlayiq ifadələr işlədərək, Aqşin və Sevinci öldürəcəyini ya da əlində olan sellofan torbadakı kislatanı göstərib həmin kislatanı üzərlərinə töküb yandıracağı ilə hədələmişdir. Bu barədə fikirini Sevincin atasına və gəlinləri Ülviyyənin qarşısını kəsib onlara da bildirmişdir. Bununla da, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-318/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 60 (altmış) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 22 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində baş vermiş hadisənin video görüntüləri olan 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar