Məhkəmə qərarları › İş №1(004)-319/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-319/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-319/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Vaqif küçəsi ev 2-də qeydiyyatda olan, “polisin nəzarəti altına vermə” qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə verilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla hadisə yerindən qaçmışdır. Belə ki, o, 11 iyul 2024-cü il tarixdə saat 02:30 radələrində sərxoş halda BE0019720 nömrəli «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında hərəkətdə olan zaman avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobilin idarə etməsini itirərək qarşı əks hərəkət zolağına çıxmaqla “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub öz hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi, “BMW” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşduqdan sonra sonuncu avtomobilin arxasında öz hərəkət zolağında hərəkətdə olan Şahid2 idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan “BMW” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ayağın 1,2, 3, 4-cü daraq sümüklərinin sınığı ilə müşayiət olunan hematoma ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağırzərərvurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkət qaydalarını pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etsə də, məhkəmənin sualına cavab olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, bir bokal pivə içdikdən sonra idarə etdiyi “Hyundai Sonata” markalı **-LV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İzmir parkının qarşısında yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə samanı qorxduğu üçün şok vəziyyətinə düşmüşdür. Bundan sonra tanımadığı şəxslər onu avtomobilə mindirib evə aparmışlar. X4 tanımadığı üçün ona yaxınlaşmamışdır. O, zərərçəkmiş şəxs Mirkazım Rəhimlini ilk dəfə hadisədən təxminən doqquz ay sonra görmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə təxminən saat 02:30 radələrində idarə etdiyi “BMW-523” markalı **-VZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu İzmir küçəsində hərəkətdə olan zaman əks yoldan sürətlə hərəkət edən “Hyundai Sonata” markalı **-LV-*** nömrəli avtomobil idarə etməni itirərək onun idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmış, daha sonra isə arxada hərəkətdə olan “Chebrolet Cobalt” markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində o xəsarət almışdır. Həmin sürücü hadisədən dərhal sonra həmin yerdən uzaqlaşmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 11 iyul 2024-cü il tarixdə o, “20 Yanvar” ərazisində Elnurla görüşmüşdür. Onlar birlikdə Elnurun idarə etdiyi “Hyundai Sonata” markalı **-LV- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yola düşmüşdürlər. Həmin vaxt onun özü içkili olduğu üçün yolboyu yatmışdır. Ayıldığı zaman Elnurun idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində qarşıdan gələn avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini görmüşdür. Həmin hadisə nəticəsində Elnurun əli sınmışdır. Daha sonra onlar Elnurla birgə xəstəxanaya getmişdirlər. Xəstəxanadan çıxdıqdan sonra onlar yol nəqliyyat qəzası törətdiklərini bildirmək üçün ərazinin polis idarəsinə gedərək orada hadisə barədə polisə məlumat verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onun özü sərxoş olmuşdur, güman edir ki, Elnur da sonradan avtomobildə spirtli içki qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, İzmir küçəsində hərəkətdə olan zaman əks yoldan surətlə hərəkət edən “Hyundai Sonata” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək, əvvəlcə, irəlidə hərəkətdə olan “BMW” **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsinə, daha sonra isə onun idarə etdiyi avtomobilin ön hissəsinə çırpılmışdır. Hadisə nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 iyul 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında baş vermişdir. (Cild İ, i.v. 144-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 24 iyul 2024-cü il tarixli 720 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol ayağın 1,2,3,4-cü daraq sümüklərinin sınıqları ilə müşayiət olunan hematoma küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. (Cild İ, i.v. 170-172) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2024-cü il tarixli 8/2979 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əssən Hyundai Sonata markalı **-LV-*** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avvtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərələtlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 523 markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (Cild İ, i.v. 232-235) Yasamal RPİ-nin DYPŞ-nin arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sistemində Təqsirləndirilən şəxs BE 001972 nömrəli sürüclük vəsiqəsi qüvvədədir. (Cild İİ, i.v. 63) BE 001972 nömrəli sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs B, B1, C, C1 kateqoriyalı sürücüdür. Sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdən əldə edilmiş xx.xx.2034-cü il tarixədək qüvvədədir. (Cild İİ, i.v. 67) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, “Hyundai Sonata” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibi X6 qaytarılmışdır. (Cild İİ, i.v. 91-103) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 1(004)-319/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 13 iyul 2024-cü il tarixdən 12 aprel 2025-ci il tarixədək 08 (səkkiz) ay 30 (otuz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə yəni, sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması düzgün olaraq müəyyən edilsə də, həmin anda sərxoş olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın:

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.

3. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Hazırki cinayət işi üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs sərxoş olmasını sübuta yetirəcək hər hansı tibbi yoxlanışdan keçirilməsini təmin edilməmişdir. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsindən 263-1.1-ci maddəsinə tövsif edərək həmin maddə ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin əsaslandığı Təqsirləndirilən şəxs “bir bokal pivə içməsi” ilə bağlı istər ibtidai istintaq dövründə istərsədə məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs sərxoş olduğunu bildirməmiş və həmin hal qanunvericiliyə uyğun olaraq təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin sərxoş halda avtomobil idarə etməsinin istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaq ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. həmin Məcəllənin 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 263- 1.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ayıq halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla hadisə yerindən qaçmışdır. Belə ki, o, 11 iyul 2024-cü il tarixdə saat 02:30 radələrində ayıq halda BE0019720 nömrəli «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında hərəkətdə olan zaman avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobilin idarə etməsini itirərək qarşı əks hərəkət zolağına çıxmaqla “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub öz hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi, “BMW” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşduqdan sonra sonuncu avtomobilin arxasında öz hərəkət zolağında hərəkətdə olan Şahid2 idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan “BMW” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ayağın 1,2, 3, 4-cü daraq sümüklərinin sınığı ilə müşayiət olunan hematoma ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağırzərərvurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkət qaydalarını pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinə əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla); hərəkət etməlidirlər. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, X5 ilə barışmışdır. Ona dəymiş ziyan tərəfindən tamamilə ödənilmişdir. X2 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar