Məhkəmə qərarları › İş №1(004)-32/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-32/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-32/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Rabitə Kollecinin yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxlərə məxsus əmlakları çantalarından gizli olaraq çıxarmaqla talama məqsədi ilə təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2021-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsindən C.Səlimov küçəsi istiqamətində hərəkətdə olan 61 saylı xətt (marşrut) avtobusunda sərnişin qismində olarkən ünvan 1 ünvanın yaxınlığında digər sərnişin Zərərçəkmiş şəxs1 çiyin nahiyəsində olan əl çantasından sonuncuya məxsus daxilində 3 manat dəyərində 1 ədəd ***-***-**-** saylı GSM nömrəsi olan 2400 (iki min dörd yüz) manat dəyərində 1 ədəd «İphone 12 Pro Max» markalı 356-727-110-428-842 İMEİ kodlu mobil telefonu çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 2403 (iki min dörd yüz üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyul 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsindən Yasamal rayonu Tbilisi prospekti 3007-cı məhəllə istiqamətində hərəkətdə olan 165 saylı xətt (marşrut) avtobusunda sərnişin qismində olarkən Yasamal rayonu Tbilisi prospekti 3007-cı məhəllədə digər sərnişin Zərərçəkmiş şəxs2 çiyin nahiyəsində olan əl çantasından içərisində sonuncuya məxsus 290 manat pul vəsaiti və 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olan dəyəri 10 manat təşkil edən 1 ədəd pul kisəsini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 550 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 avqust 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsindən A.M.Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan 77 saylı xətt (marşrut) avtobusunda sərnişin qismində olarkən ünvan 2 ünvanında digər sərnişin Zərərçəkmiş şəxs3 çiyin nahiyəsində olan əl çantasından sonuncuya məxsus içərisində 250 manat pul vəsaiti, Kapital Banka məxsus hesabında 1800 (bir min səkkiz yüz) manat pul olan 1 ədəd “birkart” plastk kartı olan dəyəri 10 manat təşkil edən 1 ədəd pul kisəsini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 260 (iki yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Vəsilə Hüseynovadan 2011-ci il tarixdə boşanmış və hazırda Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Rabitə Kollecinin yataqxanasında tək yaşayır. 2009-cu il tarixdə o, Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci, 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 326.1-ci maddələri, 2013-cü il tarixdə isə Yasamal rayon məhkəməsinin hökmü ilə 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş, cəzasının sonu ilə 18.09.2019-cu il tarixdə azadlığa buraxılmışdır. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Maddi imkanı zəif olduğundan və heç bir yerdə işləmədiyindən o, oğurluq etmək qərarına gəldiyindən 19 may 2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən dayanacaqda 61 saylı xətt (marşrut) avtobusuna minmişdir. O, avtobusda olarkən oğurluq etmək məqsədi ilə orada olan sərnişinlərə nəzər yetirrmiş. Həmin vaxt o, əvvəllər tanımadığı X2 «İphone 12 Pro Max» markalı mobil telefondan istifadə etdiyini və daha sonra həmin telefonu əl çantasına qoyaraq çantanı çiynindən asdığını görmüşdür. O, Zərərçəkmiş şəxs1 çantasından mobil telefonu oğurlamaq məqsədi ilə sonuncunu kənardan müşayiət etməyə və özünün, ətrafda olan sərnişinlərin başının qarışıq olacağı anı gözləməyə başlamışdır. Avtobus Nəsimi rayonu C.Səlimov küçəsində yerləşən dayanacaqda dayandığı zaman o, Zərərçəkmiş şəxs1 əyləşdiyi oturacaqdan qalxaraq avtobusdan düşmək məqsədi ilə qapıya yaxınlaşdığını gördükdə sonuncunun diqqətini yayındırmaq üçün ani olaraq Zərərçəkmiş şəxs1 toxunmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs1 başının qarışıq olmasından istifadə edərək cəld şəkildə sonuncunun əl çantasından «İphone 12 Pro Max» markalı mobil telefonu çıxartmaqla oğurlamışdır. Zərərçəkmiş şəxs1 mobil telefonunun onun tərəfindən oğurlandığını görmədiyindən avtobusdan düşərək çıxıb getmişdir. Bundan sonra o, da avtobusdan aşağı düşmüş və təxminən saat 15 radələrində Yasamal rayonu R.Tağıyev küçəsinə gəldikdə tanışı Orxan adlı şəxsin küçədə dayandığını görmüşdür. O, Orxana yaxınlaşaraq özünə məxsus olan mobil telefonu satmaq istədiyini, telefonu satarkən ondan şəxsiyyət vəsiqəsinin tələb olunacağını, lakin şəxsiyyət vəsiqəni itirdiyi üçün telefonu sata bilməyəcəyini bildirmiş və sonuncudan şəxsiyyət vəsiqəsi ilə ona məxsus mobil telefonu satmasını xahiş etmişdir. Orxan buna etiraz etmədikdə sonuncu ilə birlikdə Nəsimi rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığına getmişlər. O, mobil telefonu satması üçün Orxana verdikdə sonuncu neçəyə satmasını ondan soruşmuşdur. O, pula ehtiyacı olduğundan mobil telefonu təcili olaraq satmalı olduğunu, buna görə mağazadakı satıcı mobil telefonu hansı qiymətə alacaqsa təkliflə razılaşmasını sonuncuya bildirmişdir. Orxan ondan aldığı mobil telefonu satmaq məqsədi ilə orada olan «El telekom» mağasına daxil olmuş və təxminən 5-10 dəqiqə sonra mağazadan çıxaraq onun yanına gəlmiş, mobil telefonu 750 manata satdığını deyərək həmin məbləği ona vermişdir. O, da köməklik etdiyinə görə Orxana minnətdarlıq bildirərək sonuncuya 30 manat pul vermişdir. Daha sonra əldə etdiyi pulu öz şəxsi xərclərinə sərf etmişdir. Bundan başqa o, oğurluq etmək məqsədlə 16 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində 165 saylı marşrut avtobusunda olmuş və oğurluq etmək üçün şərait axtarırmış. Həmin avtobus Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsinin yaxınlığındakı dayanacaqda dayanıb müştəriləri düşürmüş və yeni müştəriləri qəbul etdikdən sonra Yasamal rayonu Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “20 Yanvar” metrostansiyası və “Bravo” supermarketə tərəf hərəkət etməyə başlamışdır. Avtobusda sıxlıq olduğu üçün o, qabaq qapının yanında ayaqüstə dayanmışdır. Həmin zaman onun qarşısında 55-60 yaşlı bir qadın dayanmış və əl çantası da çiynindən asılı vəziyyətdə olmuşdur. O, həmin qadının çantasından oğurluq etmək məqsədi ilə kənardan müşayiət etməyə və özünün, eləcə də ətrafdakı sərnişinlərin başının qarışıq olacağı anı gözləməyə başlamışdır. Avtobus “Bravo” marketə yaxınlaşdığı zaman o, qarşısında dayanmış qadının çantasından oğuluq etmək üçün əlverişli şərait yarandığını görmüşdür. Bu baxımdan o, arxadan həmin qadına yaxınlaşmış və sağ əlini avtobusun yuxarı tutacaqından tutmuş, sonra heç kimin onu görmədiyi və hamının başının qarışıq olduğu zaman sol əlinin üzərinə köynək atmaqla əli ilə həmin qadının çantasının zamokunu ehmalca açmış və içərisində olan 1 ədəd pul kisəsini götürmüşdür. Həmin qadın çantasından pul kisəsini götürdüyünü hiss etməmişdir. Bundan sonra o, dayanacaqda düşmək üçün həmin qadından aralanmış və avtobus təxminən 1-2 dəqiqə sonra Yasamal rayonu Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən Bravo marketin qarşısındakı dayanacaqda dayanan zaman o, avtobusdan çıxaraq düşmüş və piyada 20 yanvar metrosuna tərəf getməyə başlamışdır. O, oğurladığı pul kisəsinin içərisinə baxdıqda orada 300 manata yaxın pul, 1 ədəd nazik formalı qızıl boyunbağı, əvvəllər adını xatırlamasa da istintaq orqanında adını eşidən kimi yadına düşdüyü Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi və COVİD-19 infeksiyasına qarşı peyvənd pasportunun olmasını görmüşdür. O, pul kisəsindən sadəcə pulu və qızıl boyunbağını götürmüş, digər əşyaları isə həmin pul qabının içərisinə qoyaraq onu yol kənarına tullamışdır ki, kimsə sənədləri taparaq sahibinə qaytarsın. O, qızılı həmin gün tanımadığı yoldan keçən təxminən 40-45 yaşlı bir nəfər kişiyə 100 manata satmış və əldə etdiyi pulu digər oğurladığı pulla birlikdə sonradan şəxsi istifadəsinə xərcləmişdir. Bundan başqa o, oğurluq etmək və əldə edəcəyi pulla özünə narkotik vasitə almaq üçün 23 avqust 2021-ci il tarixdə saat 09 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısındakı avtobus dayanacağına gəlmiş və 77 saylı marşrut avtobusuna orta qapıdan minmişdir. Həmin vaxtı avtobusda sıxlıq olduğu üçün o, qabaq qapıya tərəf irəliləmiş və görmüşdür ki, qabaq qapının yanında 35-40 yaşlı bir nəfər qadın dayanıb və sağ çiyninə asılmış halda çantası vardır. Həmin qadın boz rəngli şalvar və qara rəngli köynək geyinmiş və avtobusda üzü qapıya tərəf dayanmıdır. O, həmin qadının çantasından pul kisəsini götürə biləcəyini düşünüb yanına gəlmiş və avtobus Yasamal rayonu A.M.Şərifzadə küçəsində hərəkətdə olanda o, həmin qadının arxasında dayanaraq ətrafa göz gəzdirmişdir. O, həmin qadının çantasından oğurluq etmək məqsədi ilə sağ əlini avtobusun yuxarı tutacağından tutmuş, hərəkətlərinin kənardan müşahidə olunmaması üçün öncədən sol əlinin üzərinə atdığı köynəy olan əlini isə həmin qadının çantasına yaxınlaşdıraraq onun hiss etmədiyi halda çantanın zamokunu açmış və içərisindəki boz rəngli pul kisəsini götürmüşdür. Pulu götürəndən 3-4 saniyə sonra avtobus Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında, “Ağ çiçəyim” şadlıq sarayının qarşısında dayanacaqda dayanmışdır. Həmin vaxtı çantasından oğurluq etdiyi qadın dayanacaqda düşmüş və o, da həmin qadının arxasınca dayanacaqdan düşərək iti addımlarla oradan uzaqlaşmışdır. Yolda o, pul kisəsinin içərisinə baxdıqda orada Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsinin, 1 ədəd Kapital Banka aid “birkart” kartının və 250 manat pul olmasını görmüşdür. O, sadəcə 250 manat pulu götürüb digər əşyaları pul kisəsi ilə birlikdə yol kənarına atmışdır. Sonradan o, oğurladığı pulla həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində sosial evlər tərəfə gedərək yol kənarında dayanmış tanımadığı narkoman görünüşlü şəxsə 5 manat pul verərək kiçik ölçüdə narkotik vasitə olan heroin almış və yaxınlıqda həmin heroini istifadə etmişdir. 30 avqust 2021-ci il tarixdə o, yaşadığı evin yaxınlığında olarkən Yasamal RPİnin 29-cu PB-nin əməkdaşları ona yaxınlaşaraq 77 saylı marşrut avtobusundan Zərərçəkmiş şəxs3 məxsus pul kisəni oğurlayıb-oğurlamadığını ondan soruşmuş və ona oğurluğu edərkən avtobusda quraşdırılmış kamera görüntüsünü göstərmişlər. O, həmin görüntüyə baxdıqda özünü orada tanımış və Zərərçəkmiş şəxs3 məxsus pul kisəsini avtobusdan oğurlaması kameraya düşdüyü üçün törətdiyi cinayət əməlini ertiraf etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 çantalarından oğurluğu hiss olunmaz dərəcədə və qısa zaman kəsiyində, eləcə də tək etdiyini, bu cinayətdə ona heç kimin köməklik etmədiyini və həmin oğurluqdan heç kimin məlumatı olmadığını, oğurluqları edərkən ətrafda olan şəxslərdən heç kimin onu görmədiyini və bununla bağlı ona irad bildirənin olmadığını, tanışı Şahid2 ona satmaq üçün verdiyi mobil telefonu oğurluq yolu ilə əldə etməsi barədə heç bir söz demədiyini və oğurluq edərkən sonuncunun ona köməklik etmədiyini, Orxanın tüfeyli həyat tərzi keçirdiyi üçün onu aldada biləcəyini bildiyindən mobil telefonu satması üçün bu məqsədlə Şahid2 yaxınlaşdığını, heç bir xəstəlikdən əziyyət çəkmədiyini, qeyd edilən oğurluqlar barədə heç kimə məlumat vermədiyini, Zərərçəkmiş şəxs3 çantasından oğurladığı pul kisəsinin içərisində olan “birkart” adlı bankomat kartının kodunu bilmədiyi üçün bankomata daxil etmədən həmin kartı digər əşyalarla birlikdə yolda tulladığını bildirmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxslərin, şahidlərin ifadələri, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu A.Salamzadə küçəsi ev 53 mənzil 29da ailə üzvləri ilə birlikdə yaşayır. 19 may 2021-ci il tarixdə saat 14:20 radələrində yaşadığı evə getmək məqsədi ilə Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən avtobus dayanacağında 61 saylı xətt (marşrut) avtubusuna minərək oturacaqların birində əyləşmiş və özünə məxsus əl çantasını sağ çiynindən asmışdır. Avtobusda hərəkətdə olduğu müddətdə o, özünə məxsus «İphone 12 Pro Max» markalı mobil telefondan istifadə etmiş, daha sonra isə mobil telefonu çantasına qoymuşdur. O, avtubusda 30 dəqiqə müddətində olmuş və avtobus sonradan ünvan 3 ünvanda yerləşən dayanacaq dayanmışdır. O, həmin dayanacaqda düşəcəyindən əyləşdiyi oturacaqdan qalxaraq avtobusun qapısına tərəf yaxınlaşdıqda tanmadığı bir nəfər kişi ona toxunmuşdur. O, həmin şəxsin üzünə baxaraq avtobusdan aşağı düşüb yolun digər tərəfinə keçmişdir. O, mobil telefondan istifadə etmək üçün əlini çantasına saldıqda orada özünə məxsus olan 3 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi altında işləyən 1 ədəd «İphone 12 Pro Max» markalı mobil telefonunu tapmamış və oğurlandığını aşkar etmişdir. O, baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində mobil telefonunu oğurlayan şəxsi bilməsə də avtobusdan çıxmaq istəyən zaman həmin şəxsin ona toxunduğu zaman sifətini gördüyünü, həmin şəxsi gördüyü zaman tanıya biləcəyini, mobil telefonunun oğurlanmasını ünvan 4 ünvanda aşkar etdiyini, oğurlanmış «İphone 12 Pro Max» markalı mobil telefonunu istifadə etdiyi üçün onu 2400 manat və üzərində olan ***-***-**-** saylı GSM nömrəsini 3 manata qiymətləndirdiyini, oğurluq nəticəsində ona 2403 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Nəsimi rayonu Cavadxan küçəsində yerləşən Moskva Univermağında xadimə işləyir. 16 iyul 2021-ci il tarixdə saat 19.30 radələrində o, işdən çıxdıqdan sonra şəxsi isləri ilə bağlı Nəsimi rayonu Cavadxan küçəsində olmuş və həmin gün saat 21:00 radələrində yaşadığı evə getmək üçün tək şəkildə Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 3-cü mikrorayon dairəsinə gələrək yaxınlıqdakı dayanacaqdan 165 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxtı avtobusda sıxlıq olduğu və oturmaq üçün boş yer olmadığı üçün o, qabaq qapının yanında ayaqüstə dayanmışdır. Avtobusda olan zaman əl çantası sol çiynindən asılı vəziyyətdə olmuşdur. Avtobusa mindikdən sonra nəqliyyat vasitəsi Yasamal rayonu Tbilisi prospekti istiqamətində hərəkət etməyə, həmin prospektə çatdıqda isə sağa dönməklə “20 Yanvar” metrostansiyası istiqamətində irəliləməyə başlamışdır. Avtobus bir qədər getdikdən sonra Yasamal rayonu Tbilisi prospekti 3007-ci məhəllədə və avtomobil yolunun kənarında yerləşən “Bravo” supermarketin yaxınlığındakı dayanacağa çatdıqda saxlamışdır. Avtobus onun ilkin olaraq mindiyi yerdən həmin dayanacağa təxminən 4-5 dəqiqə müddətinə gəlib çatmışdır. Avtobus dayanacağa çatdıqda dayandığı yerin qarşısındakı oturacaqda əyləşmiş təxminən 35-40 yaşlı kişi oturduğu yerdən qalxaraq avtobusdan düşmüşdür. O, avtobusdan düşən şəxsin yerinə oturmaq istədiyi zaman anidən gözü çantasının zamok hissəsinə sataşmış və onun açıq olduğunu görmüşdür. Dərhal o, çantasının içərisinə baxdıqda orada ona məxsus şəxsiyyət vəsiqəsi, 290 manat pul, çəkisi 3-4 qram olan nazik formalı 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı, eləcə də COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasını təsdiq edən pasport olan 1 ədəd pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin anda başa düşmüşdür ki, sol və arxa tərəfində dayanmış şəxs onun çantasının zamokunu açaraq oradan pul kisəsini oğurlamışdır. O, çantasının zamokunun nə vaxt açıldığını və içərisindən pul kisəsinin nə vaxt oğurlandığını görməmiş, bunu hiss etməmişdir. Oğurluğu aşkar etdiyi üçün o, 165 saylı marşrut avtobusunda səs-küy salaraq pul kisəsinin oğurlandığını bildirmiş, lakin cinayətkar şəxsi tapa bilmədiyi üçün dərhal DİNin “102” Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonradan o, Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada şikayət ərizəsi və izahat yazmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində oğurlanmış pul kisəsinin qara rəngdə olduğunu və həmin kisəni 3-4 əvvəl işlədiyi yerin yaxınlığından 20 manata aldığını, pul kisəsinin istifadə olunmasını nəzərə alaraq onu 10 manata, qızıl boyunbağını 250 manat qiymətində dəyərləndiyini, ona ümumilikdə 550 manat maddi ziyan dəydiyini, heç bir psixoloji, narkoloji və digər bir xəstəlikdən əziyyət çəkmədiyini, oğurluq hadisəsi baş verən avtobusa tək mindiyini və orada tanıdığı şəxsin olmadığını, oğurluq barədə heç kimə bildirmədiyini və bununla bağlı sadəcə DİN-in 102 Xidmətinə zəng edərək məlumat verdiyini, əvvəllər məhkumluğunun olmadığını, Təqsirləndirilən şəxs adlı birisini tanımadığını, Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdə 165 saylı marşrut avtobusundan oğurladığı əşyalarla onun oğurlanmış əşyaları eynilik təşkil etdiyi və oğurluq hadisələrin eyni gündə baş verdiyi üçün onun pul kisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlanması qənaətinə gəldiyini bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, ona dəymiş ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi (həyat yoldaşı) Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs3 Yasamal rayonu 53 saylı orta məktəbdə laborant vəzifəsində işləyir. O, hər gün 53 saylı orta məktəbə getmək üçün yaşadığı evdən səhər saatlarında çıxıb Yasamal rayonu Ə.Əhmədov küçəsindəki avtodayanacaqdan 77 saylı marşrut avtobusu ilə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yanında avtobusdan düşür və həmin metro ilə “Elmlər Akademiyası” metrosuna gedərək oradan çıxmaqla iş yerinə çatır. 23 avqust 2021-ci il tarixdə saat 09 radələrində o, işə getmək üçün yaşadığı mənzildən çıxmış və Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən Bravo marketin yaxınlığındakı dayanacağa gəlib oradan 77 saylı marşrut avtobusuna minmişdir. Həmin vaxtı sıxlıq olduğu üçün L. Zamanova avtobusda qabaq qapısının qarşısında ayaqüstə dayanmışdır. Avtobus “İnşaatçılar” metrosuna tərəf hərəkət etdikdə onun əl çantası sağ çiynindən asılı vəziyyətdə olmuşdur. Avtobus ünvan 6 ünvana, eləcə də “İnşaatçılar” metrosunun yaxınlığına çatdıqda o, avtobusun qabaq qapısından bayıra çıxaraq piyada hərəkət etməyə başlamışdır. Az sonra o, qeyri iradi olaraq əlini çantasının içərisinə salmış və orada içərisində 250 manat pul, özünün şəxsiyyət vəsiqəsi və Kapital Banka aid 1 ədəd “birkart” adlı bankomat kartı olan pul kisəsini tapmamışdır. O, ilk olaraq avtobusa minərkən pul kisəsinin çantasında olması yadına düşsə də bir qədər fikirləşmiş və qərara gəlmişdir ki, ya pul kisəsini avtobusda oğurlayıblar, ya da ki onu avtobusda itirmişdir. O, dərhal bu barədə ona zəng edərək məlumat verdikdə sonuncu özünün bu işlə məşğul olacağını və avtobusun kamera görüntüsünə baxdıracağını ona bildirmişdir. Bundan sonra o, iş yerinə getmişdir. Sonrakı gün Şahid3 77 saylı marşrut avtobusunu tapmış və avtobusun içərisinə quraşdırılmış kameranın 23.08.2021-ci il tarixdəki görüntüsünü götürmüşdür. O, görüntüyə baxdıqda görmüşdür ki, bir nəfər tanımadığı hündür boylu və keçəl olan kişi cinsli bir nəfər şəxs həyat yoldaşının arxasında dayanıb sağ əlini avtobusun yuxarı tutacağından tutaraq digər sol əlinin üzərinə geyim əşyası atmış halda həmin əli ilə onun çantasının zamokunu açaraq oradan pul kisəsini götürür və onunla birlikdə İnşaatçılar metrosunun yaxınlığındakı dayanacaqda avtobusun qabaq qapısından düşür. Beləliklə bunu aşkar etdikdən sonra qərara gəlmişlər ki polisə məlumat vermək lazımdır. Bu baxımdan 25.08.2021-ci il tarixdə saat 09 radələrində DİN-in 102 Xidmətinə zəng edərək həyat yoldaşının çantasının içərisində 250 manat pul, şəxsiyyət vəsiqəsi və Kapital Banka aid 1 ədəd “birkart” adlı bankomat kartı olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Bundan sonra o hesabında 1800 manat pul olan oğurlanmış Kapital Banka aid “birkart”ın hesabını internet vasitəsi ilə bağlamışdır ki cinayətkar şəxs kartın hesabından pul çıxara bilməsin. Hal hazırda şikayətçi olduğunu və onlara dəymiş ziyanın ödənilməməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən etibarən Nəsimi rayonu Moskva prospekti 46 ünvanında yerləşən «El telekom» mağazasında mobil telefonların alqı-satqısı ilə məşğul olur. 19 may 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində o, işdə mağazada olarkən əvvəllər tanımadığı Şahid2 onun mağazasına daxil olmuş və ona özünə məxsus olan «İphone 12 Pro Max» markalı mobil telefonu satmaq istədiyini demiş və həmin mobil telefonu ona təqdim etmişdir. O, mobil telefona baxış keçirdikdə nasazlığın olmadığını görmüş və Şahid2 mobil telefonu 750 manata ala biləcəyini bildirmiş və mobil telefonu niyə satmaq istəməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Şahid2 ona maddi imkanının zəif olmasını, telefonun hazırda «İcloud»-da düşdüyü üçün onu koddan çıxara bilmədiyini, əlavə özünə şəxsi işləri ilə əlaqədar pul lazım olduğunu bildirmişdir. O, Şahid2la mobil telefonun satış qiymətini 750 manata razılaşdıqdan sonra sonuncudan sənədləşmə aparmaq üçün şəxsiyyət vəsiqəsinin surətini almışdır. O, Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətinin üzərində «İphone 12 Pro Max» markalı mobil telefonun satılma tarixini, mobil telefonun modelini və İMEL kodunu, bundan başqa mobil telefonun Şahid2 məxsus olmasını və gələcəkdə narazılıq yarandığı halda sonuncunun məsuliyyət daşımasını qeyd etmiş və həmin qeydləri Şahid2 təsdiq edərək imza etmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində ona satılmış «İphone 12 Pro Max» markalı mobil telefonun oğurluq və ya digər cinayət yolu ilə əldə olunmasını bilmədiyini, Şahid2 mobil telefonu satarkən özünə məxsus olduğunu dediyini və mobil telefonun özünə məxsus olmasını özündə əks etdirən sənədə və qeydlərə imza etdiyini, qeydlər olan sənədi istintaq orqanına təqdim etdiyini, Şahid2 ona satdığı «İphone 12 Pro Max» markalı mobil telefonu tanımadığı şəxsə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, heç bir işlə məşğul olmur və hazırda tüfeyli həyat tərzi keçirir. 19 may 2021-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evin qarşısındakı küçədə olarkən tanışı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus mobil telefonu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsini itirdiyini bildirmiş və həmin mobil telefonu onun şəxsiyyət vəsiqəsi ilə satmağa razılıq verməsini ondan xahiş etmişdir. O, da Bədələ inanaraq razılıq vermiş və sonuncu mobil telefonu 20 yanvar metrostansiyasının yaxınlığındakı mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazaların birinə satmağı təklif etmişdir. Bundan sonra o, Bədəllə birlikdə 20 yanvar metro stansiyasının yaxınlığına getdikdə sonuncu mobil telefonu satmaq üçün ona vermişdir. O, həmin mobil telefon götürərərk yaxınlıqdakı «El telekom» mağazasına daxil olmuş və satıcıya yaxınlaşaraq özünə məxsus mobil telefonu satmaq istədiyini bildirmişdir. Satıcı mobil telefona baxış keçirdikdən onra telefonu 750 manata ala biləcəyini bildirmiş, o, isə bu məbləğə etiraz etməmişdir. Bundan sonra o, satıcıya şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Satıcı şəxsiyyət vəsiqəsini kserosurətini çıxaraarq onun üzərində satdığı mobil telefonun markasını, modelini və mobil telefonun ona məxsus olmasını qeyd etmiş, o, isə həmin qeydlərdəki yazıları öz imzası ilə təsdiq etmişdir. O, satıcıdan aldığı 750 manat pulu mağazadan küçəyə çıxdıqdan sonra Bədələ vermiş, sonuncu ona minnətdarlıq edərərk əziyyət çəkdiyini deyib ona 30 manat pul vermişdir. Verilən suallara cavab olaraq O.Məhərrəmov ifadəsində Təqsirləndirilən şəxs mobil telefonu satmaq üçün ona verməmişdən öncə mobil telefonun özünə məxsus olduğunu əvvəlcədən ona dediyini, Bədəlin həmin mobil telefonu oğurlaması barədə onun heç bir məlumatının olmadığını, sadəcə Bədəlin şəxsiyyət vəsiqəsi olmaması ilə bağlı sonuncunun sözlərinə və telefonun özünə məxsus olmasına inanaraq telefonu satmaqla köməklik etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 48-60-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 77 saylı xətt (marşrut) avtobusunda Zərərçəkmiş şəxs3 çantasından pul kisəsini oğurladığı vaxt avtobusa quraşdırılmış kamera tərəfindən fiksə edilmiş videogörüntü olan 1 ədəd CD disk, eləcə də Təqsirləndirilən şəxs 61 saylı xətt (marşrut) avtobusunda Zərərçəkmiş şəxs1 çantasından oğurladığı və Şahid2 tərəfindən mağazaya satılan “İphone 12 Pro Max” markalı 356-727-110-428-842 İMEİ kodlu mobil telefonla bağlı sənədləşmə aparılan zaman təqdim edilmiş sonuncuya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti maddi subut kimi tanınmış və cinayət işinin materialında saxlanılmışdır. Cinayət işinin 1-ci cild 88-91 və 101-115 vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 06.10.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətlərinə şərti cəzaya, Binəqədi rayon məhkəməsinin 03.12.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xətai rayon Məhkəməsinin 25.08.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nəsimi rayon məhkəməsinin 27.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan mərhumetmə cəzasına və Yasamal rayon məhkəməsinin 29.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətlərinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal rayon məhkəməsindən alınmış 29.12.2014-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətlərinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.10.2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmişdir. 18.09.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, orada 1 ədəd WhatsAppvideo 2021-08-30 at 11.11.50 adlı 01.18 dəqiqə müddətində çəkiliş aparılmış bir ədəd video fayl vardır. Fayla daxil olduqda müəyyən edilir ki, çəkiliş avtobusun qabaq qapısına quraşdırılmış kameradan çəkilmişdir. Görüntüyə baxış zamanı müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 tibbi maska taxaraq əyninə qısaqol köynək və cins şalvar geyinmişdir, eləcə də sağ çiynində çanta asılmış və sağ əli ilə avtobusun qabaq qapısının yanındakı tutacaqdan yapışmış halda sərnişin qismində ayaq üstə dayanmaqla yola tərəf baxır. Görüntünün müddəti 00:33 olduqda qısaqol köynək və şalvar geyinmiş, sifəti az tüklü, bığsız, başının üst hissəsində saçı tökülməyə (nisbətən keçəlləşmə) məruz qalmış arıq bədən quruluşlu 40-45 yaşlı bir nəfər kişi yəni Təqsirləndirilən şəxs gələrək avtobusda Ləman Zeynalovanın arxasında dayanır və sağ əlini avtobusun yuxarı tutacağından yapışaraq mütəmadi sürücü tərəfə baxır. Həmin zaman Təqsirləndirilən şəxs sol qulunun üzərinə geyim əşyası olan köynəyi atması və əl barmaqlarının görünməməsi müşahidə edilir. Görüntünün müddəti 00:49 olduqda Zərərçəkmiş şəxs3 sağ çiynindən çanta asılması bir daha müşahidə edilir və həmin zaman Təqsirləndirilən şəxs başını aşağı əyərək guya yola baxar kimi özünü göstərib üzərinə geyim əşyası atdığı sol əlini arxadan Zərərçəkmiş şəxs3 çantasına yaxınlaşdırır və görüntüdəki saniyə 01.14 olduqda çantadan nəisə götürür, həmin anda Zərərçəkmiş şəxs3 arxasınca dayanacaqda avtobusdan bayıra çıxır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxlərə məxsus əmlakları çantalarından gizli olaraq çıxarmaqla talama məqsədi ilə təkrar oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.12.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 17.10.2018-ci il tarixli qərarı ilə cəzasının 06 il müddətə endirilməklə 18.09.2019-cu ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq 2 il keçmədən 19 may 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 avqust 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X.E.Çələbiyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X.E.Çələbiyevə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X5 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar