Məhkəmə qərarları › İş №1(004)-320/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-320/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-320/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X8, təqsirləndirilən şəxs X5, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1998-ci il tarixdə Qobustan rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, "xxxx" MMC-də mühafizəçi işləyən, məhkum olunmayan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri, 11-ci mkr., Yaşıl dərə yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində 10 avqust 2021-ci il tarixdə «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 verilmiş ittihama əsasən, o, 20 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qİİ tərəfindən verilmiş “BC” dərəcəli AE 045158 seriyalı sürücülük vəsiqəsinə malik olmaqla etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Mersedes Benz 200” markalı ** XR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 26 mart 2021-ci il tarixdə saat 21:22 radələrində Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi ilə Parlament prospekti istiqamətində 25 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 53 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkan olmasına baxmayaraq bu tələblərə riayət etməyərək idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu keçib orta qoşa xəttin üstündə dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sağ alın-təpə nahiyəsinin dərialtı hematoması İ-İİ oma sümüklərinin, hər iki qasıq və oturaq sümüklərinin, İV-V bel fəqərələrinin yan çıxıntılarının, sol V qabırğanın sınıqları, sidik kisəsi ətrafında hemorragiya həyat üçün təhlukəli olmayan hemorragik şok xəsarətlərindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2018-ci ildən sürücülük vəsiqəsi vardır və həmin tarixdən avtomaşın idarə edir, hazırda «BC» dərəcəli sürücülük vəsiqəsi vardır. 2020-ci ilin yanvar ayının ortalarında 1993-cü il buraxılış ili olan, «Mercedes-Benz 200» markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobili 4500 manat pul ödəməklə almış, lakin vaxtı və maddi imkanı olmadığından avtomaşına dair etibarnamə almış, digər sənədləşdirməni gələcəkdə etmək fikri vardır. 26 mart 2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus «Mersedes-Benz 200» markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, M.Müşfiq küçəsi ilə, yolun hərəkət istiqamətinin sol zolağı ilə, təxminən 25 km/saat sürətlə Parlament prospekti istiqamətində hərəkətdə olan zaman, M.Müfiq küçəsində yerləşən Azərbaycan Respublikası FHN-nin qarşısında avtomobilin sol yan tərəfinə nəyinsə dəydiyini hiss etmişdir. Həmin vaxt hava şəraiti qaranlıq olduğuna görə əvvəlcə nə baş verdiyini anlamamış, buna görə avtomobili saxlayıb dərhal yerə düşmüş və yaşlı bir qadınının avtomobilin arxa sol tərəfində yerə yıxıldığını görmüşdür. O, kənar şəxslərin köməyi ilə həmin qadını yerdən qaldıraraq öz avtomobilinə otuzdurmış, həmin qadın xəsarət aldığını bildirmiş və özünün telefonu ilə ərinə zəng edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra qadının əri Vaqif hadisə yerinə gəlmiş və sonuncunun iştirakı ilə qadını yaxınlıqda olan X10 aparmışdır. Orada ona məlum olmuşdur ki, idarə etdiyi avtomaobillə vuraraq bədən xəsarəti yetirdiyi şəxs Zərərçəkmiş şəxsdır. Daha sonra onun anası Almaz və əmisi Eldar da həmin xəstəxanaya gəlmişlər. Törətdiyi cinayət əməlindən hazırda peşman olduğunu, 2-ci Qarabağ müharibəsində fəal iştirak etdiyini bildirərək və ərizə ilə məhkəməyə müraciət edərək, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 mart 2021-ci il tarixdə saat 21:20 radələrində atası Vostok Bağırovun xəstə olması səbəbi ilə ona baş çəkmək üçün yaşadığı Yasamal rayonu, Məmməd Araz küçəsi 7 ünvanına getmək qərarına gəlmişdir.Bu məqsədlə yaşadığı ünvandan çıxıb piyada olaraq M.Müşfiq küçəsində yerləşən FHN-nin inzibati binası tərəfdən yolu keçib hər iki yol ayrıcısı olan xəttin üzərində dayanmışdır ki, avtomaşınlar seyrəlsin və o, digər yolu da keçib məhləyə daxil olsun. Qoşa xəttin üzərində təxminən bir dəqiqə dayanmışdır ki, gözlənilmədən sonradan bildiyi «Mercedes-Benz» markalı avtomobil tərəfindən vurularaq dayandığı qoşa xəttdən ön tərəfə atıldığını görmüşdür.Müəyyən vaxt huşunu itirmiş və ayılanda bir neçə nəfər şəxslərin onu vuran «Mercedes-Benz 200» markalı,**-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirdiyini görmüşdür.Həmin vaxt o, cavan oğlan sürücüyə yaxın məhlədə yaşadığını deyib çətində olsa ünvanı göstərib avtomaşını həyətə sürdürmüşdür. Həyətdə əri Şahid zəng edib həyətə düşməsini, ayaqlarını hiss etmədiyini demişdir. Bundan sonra əri Vaqif onu sonradan adının Talıb Məhərrəmov bildiyi sürücünün avtomobili ilə Mərkəzi Klinikaya aparmışlar. Orada ona məlum olmuşdur ki, çanaq sümüklərində sınıqlar, başqa nahiyələrində hematoma və sıyrıqlardan ibarət xəsarətləri vardır. O, hansı şəraitdə vurulmağını bilməmiş, hadisə anında onu vuran avtomobili görməmişdir. Avtomobillə vuran zaman qoşa xətt üzərində dayanan vəziyyətdə, yəni hərəkətsiz olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X6 ərizəni müdafiə edərək, təqsirləndirilən şəxs X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxs X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etdi.. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X14 təqsirləndirilən şəxs X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etdiyini bildirərək, eyni zamanda mülki iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X13 rayon şöbəsinin əlavə məhkəmə-tibbi ekspertizası üzrə verdiyi 27 iyul 2021-ci il tarixli, 18/16/317 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- baş beyin sirkələnməsi ilə müşayət olunan sağ alın-təpə nahiyəsinin dərialtı hematoması İ-İİ oma sümüklərinin, hər iki qaşıq və oturaq sümüklərinin. İV-V bel fəqərələrinin yan çıxıntılarının, sol V qabırğanın sınıqları, sidik kisəsi ətrafında hemorragiya həyat üçün təhlükəli olmayan hemorragik şok dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 06 may 2021-ci il tarixli 8/892 №-li rəyindən görünür ki, «Mercedes-Benz 200» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza tədqiqatının aparılmasına dair müvafiq xərc – 100 manat təşkil etmişdir. İş materiallarından görünür ki, X5 idarə etdiyi “Mersedes Benz 200” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, 10 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 19 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında X5 məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı X5 yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyləri, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini və barəsində amnistiya aktının tətbiq edilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aiddir. Eyni zamanda, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 14-cü bəndinə görə, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 23.5-ci bəndinə görə, bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 28-ci bəndinə görə, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, təqsirləndirilən şəxs X9 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - X5 idarə etdiyi və istifadəsində olan «Mersedes Benz 200” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X16 oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və onun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X7 göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci X4 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin. X9 cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - X5 idarə etdiyi və istifadəsində olan «Mersedes Benz 200” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci X4 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. X7 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar