Məhkəmə qərarları › İş №1(004)-321/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-321/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-321/2022 23.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuş, evli, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonu, 4 saylı qəsəbə ev 310-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə Zərərçəkmiş şəxs Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən onun üçün mənzil alacağı imkanın olmasına inandırıb aldadaraq onun inam və etibarını qazanmaqla vahid niyyət ilə əhatə olunan qəsdlə hissəhissə olmaqla 10 iyul 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yanında yerləşən körpünün altında 10.000 manat, 17 iyul 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yanında yerləşən körpünün altında 5000 manat və sonuncu dəfə 2017-ci ilin yay aylarında Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yanında yerləşən körpünün altında Dövlət Əmlakının Reyestr Xidmətindən onun üçün alacağı mənzilə çıxarış almaq üçün 400 manat pul almış, lakin verdiyi uydurma vədə əməl etməyərək Zərərçəkmiş şəxs məxsus 15.400 manat pulu aldatma yolu ilə ələ keçirərək ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq elmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə iyul ayının əvvəllərində qohumu Şahid3 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, bir nəfər Cəbrayıl rayon sakini Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ona mənzil alınıb verilməsi üçün adam axtardığını bildirmiş və ondan həmin işi görə biləcəyini soruşmuşdur. O isə bildirmişdir ki, bu işi edə bilər. Həmin danışıqdan bir neçə gün sonra o, Ramilin təyin etdiyi görüş yerinə yəni 20 Yanvar şəhidlərinin abidəsinin yanına Ramil ilə birlikdə gəlmişdir. Həmin yerə çatdığı zaman artıq 2 nəfər əvvəllər tanımadığı və görmədiyi qadın həmin yerdə onları gözləmişdir. Görüş zamanı həmin qadınlar ona bildirmişdir ki, o, Müşfiq adlı adama mənzil alınmasına köməklik etmiş və xahiş etmişlər ki, onlara da mənzil alınmasına köməklik etsin. O da çalışıb onlara köməklik edəcəyini demişdir. Bunun üçün təxminən 15000 pul lazım olacağını demiş onlar razılaşmışdırlar. Təxminən 10 gün sonra 10 iyul 2015-ci il tarixdə həmin yerdə Ramilin iştirakı ilə Ülviyyə, Minəvvər və Minəvvərin əri ilə görüşmüşlər. Görüş zamanı Ülviyyə ona xatırlamadığı avtomaşının içərisində 10.000 manat pul vermişdir. 17 iyul 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasmın yanında yerləşən körpünün altında yenidən həmin şəxslərlə görüşmüş və qalan 5000 manat pulu onlardan aldıqdan sonra bildirmişdir ki, onları 2-3 ay müddətində mənzil növbəsinə qoyaraq ev təşkil edib verəcək. Lakin həmin vaxt xəstə olduğu üçün aldığı vəsaitləri xəstəliyi ilə əlaqədar olaraq xərcləmişdir. Bu səbəbdən də onlara verdiyi vədi yerinə yetirə bilməmişdir. Təxminən 2017-ci ilin yay aylarında ona təcili pul lazım olduğundan telefon vasitəsi ilə Ülviyyə ilə əlaqə saxlayaraq evi düzəldəcəyini demiş və Ülviyyədən dövlət əmlakının reyestr xidmətindən çıxarış almaq üçün 400 manat pul istəmiş Ülviyyə də onunla razılaşaraq həmin yerdə görüşmüşlər və təklikdə olduqları zaman Ülviyyədən 400 manat pul almışdır. Lakin həmin pulu səhhəti ilə əlaqədar olaraq özünə xərcləmişdir. 2018-ci ildə xatırlamadığı vaxtda Ülviyyə anası ilə birlikdə onun yaşadığı evə gəlmiş və söhbət etdikləri zaman onlara bildirmişdir ki, Yeni Yasamalda onlar üçün 3 otaqlı mənzil düzəldəcək. Lakin yenə də verdiyi vədi yerinə yetirməmişdir.Bu səbəbdən də onlar barəsində polisə şikayət etmişdirlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ankoloji xəstə olması səbəbindən daimi həkim nəzarətində olmaqla bərabər müalicəyə ehtiyacı vardır və bu səbəbdən barəsində daha sərt cəza seçilərsə onun müalicə olunmasını mümkünsüz edər və həyatına təhlükə yarana bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə anası Şahid1 ilə birlikdə Bakı şəhəri Müşfıqabad qəsəbəsində yaşayan əmisi Xəlil Ağayevin mənzilinə qonaq getmişdirlər. Həmin gün söhbət zamanı Xəlil anasına bildirmişdir ki, Bakı şəhəri Müşfıqabad qəsəbəsində yaşayan qonşusu Müşfiq adlı şəxs pul verərək Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən özünə ev almışdır. O da evləri olmadığı üçün onlar da həmin yolla ev almaq məqsədi ilə anası Xəlildən Müşfiqin nömrəsini almışdır. Müşfiqlə zəngləşdikdən sonra Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən parkda Müşfiqlə görüşmüşdürlər. Söhbət zamanı Müşfiq bildirmişdir ki, Sərməs adlı şəxsin vasitəsi ilə ev almışdır.Onun sözlərinə inanıb Müşfiqdən Sərməsin nömrəsini götürmüşdürlər. Təxminən bir həftə sonra Sərməs ilə telefon ilə əlaqə saxlayaraq görüş təyin etmiş və 10 iyul 2015-ci il tarixdə o anası və atası ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yanında yerləşən körpünün altında görüşmüşdürlər. Onlar Sərməsin görüş yerinə gəldiyi ağ rəngli, markasını və nömrəsini bilmədiyi avtomaşına əyləşmişlər. Avtomaşını Ramil adlı şəxs idarə etmişdir. Söhbət zamanı Sərməs evin düzəldilməsi üçün 15000 manat pul lazım olduğunu bildirmiş və həmin vaxt ona anası 10.000 manat pulu sayıb vermiş və Sərməs demişdir ki, qalan 5000 manat pulu da verdikdən sonra onlara ev təşkil edib verəcək. Bir həftədən sonra yəni 17 iyul 2015-ci il tarixdə Sərməslə həmin yerdə yenə həmin maşında sürücü Ramilin iştirakı ilə ona 5000 manat pulu da anası vermişdir. Sərməs bildirmişdir ki, 1 həftə müddətində ev hazır olacaq.Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Sərməs evi düzəltməmiş və müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Təxminən 2017-ci ilin yay aylarında Sərməs telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq evi düzəldəcəyini deyərək onunla yenə həmin yerdə görüşərək dövlət əmlakının reyestr xidmətindən çıxarış almaq üçün 400 manat pul almışdır görüşdə onlardan başqa heç kəs olmamışdır. 2018-ci ildə xatırlamadığı vaxtda o anası ilə birlikdə Sərməsin yaşadığı evə gedərək söhbət etdikləri zaman Sərməs bildirmişdir ki, Qaçqınkomda Füzuli rayonu üzrə nümayəndə işləyən Elman adlı şəxsin vasitəsi ilə onlara Yeni Yasamalda 3 otaqlı mənzil düzəldəcəkdir. Lakin yenə də onları aldadaraq verdiyi vədi yerinə yetirməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sinif yoldaşı olmuş Şahid3la söhbət zamanı daha geniş evə köçmək istəyinin olduğunu bildirmişdir. Ramil isə ona bildirmişdir ki, məcburi köçkünlərə ev verilməsi ilə maraqlanaraq ona məlumat verəcəkdir. Bir müddət sonra Ramil onunla əlaqə saxlayaraq Sərməs adlı qohumu ilə danışmasını və yaxın vaxtlarda ona Müşfıqabad qəsəbəsində növbə əsasında veriləcəyini bildirmiş və o dediyi kimi də təxminən 2012-ci ildə göstərilən yerdə məcburi köçkünlər üçün salınmış şəhərcikdə ona 2 otaqlı ev verilmişdir. Lakin o bu evin alınması üçün heç kimə heç bir pul vəsaiti verməmişdir. Yalnız bu xoş xəbəri ona vermiş Ramil ilə bir dəfə əyləşərək bu hadisəni qeyd etmişlər. 2015-ci ildə Zərərçəkmiş şəxs və anası Minəvvər onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq qonşusu Xəlil Ağayevin onun nömrəsini verdiklərini və onunla görüşərək Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən özünə hansı yolla ev almağı barədə söhbət elmək istədiklərini bildirmişdirlər. O da etiraz elməyərək həmin qadınla zəngləşdikdən sonra Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən parkda görüşmüşdürlər. Söhbət zamanı o, Ülviyyə ilə anasına bildirmişdir ki, Şahid3 vasitəsi ilə Sərməs adlı şəxs ona ev almağına köməklik etmişlər. Sonra isə o həmin qadınlara Sərməsin nömrəsini vermişdir. Bundan sonra o, baş verənlərlə maraqlanmamışdır. Bu söhbətdən 2-3 il keçdikdən sonra Minəvvər onunla əlaqə saxlayanda ona bildirmişdir ki, Sərməs onu aldadaraq hissə hissə olmaqla ondan 15400 manat pul almış lakin onlara söz verdiyi evi almağa heç bir köməklik etməmiş və aldığı pullan ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildə o sinif yoldaşı Müşfiqin ev şəraitinin pis olmasını onun özündən öyrəndikdən sonra ona köməklik etmək üçün uzaq qohumu Təqsirləndirilən şəxs ilə görüşüb ondan Müşfiqə ev almağa köməklik etməyi xahiş etmişdir. Sərməs də təmənnasız olaraq Müşfiqi ev növbəsinə yazdırdıqdan sonra Müşfiqə Müşfıqabad qəsəbəsində dövlət hesabına ev verilmişdir. Həmin hadisədən 3 il keçdikdən sonra Müşfiq onunla əlaqə saxlayaraq ona bildirmişdir ki, bir imkansız ailəyə də ev alınması üçün Sərməslə danışsın. O da Müşfiqin sözünü yerə salmıyıb bu barədə Təqsirləndirilən şəxs danışmışdır. Sərməs ona bildirmişdir ki, həmin adamlarla görüşərək köməklik edə bilər. Bundan sonra Müşfiq onunla əlaqə saxladığı vaxtda görüş təyin etmiş və o, Sərməsə məxsus səhv etmirsə qara rəngli Kia markalı avtomaşın ilə 20 Yanvar dairəsinin yaxınlığında 20 Yanvar şəhidlərinin xatirəsinə qoyulmuş abidənin yanında sonradan adını bildiyi Minəvvər, Ülviyyə və Minəvvərin adını bilmədiyi əri ilə birikdə görüşmüşdürlər. Görüş zamanı Minəvvər və yoldaşı Sərməslə danışaraq Bakı şəhərində onlara mənzil verilməsi ilə bağlı söhbət etmişdirlər. Sərməs danışıq zamanı həmin şəxslərə bildirmişdir ki, bu məsələ ilə bağlı kimlərləsə danışdıqdan sonra onlarla görüşəcəkdir. Bu görüş bitdikdən sonra o artıq Sərməs ilə Ülviyyə arasında nə baş verdiyini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2015-ci ildə o, qızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Müşfıqabad qəsəbəsində yaşayan qaynı Xəlil Ağayevgilə qonaq getmişdirlər. Həmin gün söhbət zamanı Xəlil ona bildirmişdir ki, Bakı şəhəri Müşfıqabad qəsəbəsində yaşayan qonşusu Müşfiq adlı şəxs pul verərək Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən özünə ev almışdır. Onların da evi olmadığı üçün onlar da həmin yolla ev almaq məqsədi ilə o, Xəlildən Müşfiqin nömrəsini almışdır. Birlikdə evə gəldikdən sonra rəhmətlik əri ilə də məsləhətləşdikdən sonra o, qızı ilə birlikdə Müşfiqlə zəngləşdikdən sonra Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən parkda Müşfiqlə görüşmüşdür. Söhbət zamanı Müşfiq bildirmişdir ki, Sərməs adlı şəxsin vasitəsi ilə ev almışdır.Onun sözlərinə inanıb ondan Sərməsin nömrəsini götürmüşlər. Təxminən bir həftə sonra Sərməs ilə telefon ilə əlaqə saxlayaraq görüş təyin etmiş və 10 iyul 2015-ci il tarixdə o qızı və əri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yanında yerləşən körpünün altında görüşmüşlər. Onların Sərməsin görüş yerinə gəldiyi ağ rəngli, markasını və nömrəsini bilmədikləri avtomaşına əyləşmişdirlər. Avtomaşını Ramil adlı şəxs idarə etmişdir. Söhbət zamanı Sərməs evin düzəldilməsi üçün 15000 manat pul lazım olduğunu bildirmiş və həmin vaxt o, 10.000 manat pulu sayıb Sərməsə vermişdir.Sərməs demişdir ki, qalan 5000 manat pulu da verdikdən sonra onlara ev təşkil edib verəcək. Bir həftədən sonra yəni 17 iyul 2015-ci il tarixdə Sərməslə həmin yerdə yenə həmin maşında sürücü Ramilin iştirakı ilə ona 5000 manat pulu vermişdir. Sərməs bildirmişdir ki, 1 həftə müddətində ev hazır olacaqdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Sərməs evi düzəltməmiş və müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Təxminən 2017-ci ilin yay aylarında Sərməs telefon vasitəsi ilə qızı ilə əlaqə saxlayaraq evi düzəldəcəyini deyərək Ülviyyə ilə yenə həmin yerdə görüşərək dövlət əmlakının reyestr xidmətindən çıxarış almaq üçün 400 manat pulu Ülviyyədən almışdır. Həmin görüşdə qızından başqa heç kəs olmamışdır. 2018-ci ildə xatırlamadığı vaxtda o, qızı ilə birlikdə Sərməsin yaşadığı evə gedərək söhbət etdikləri zaman Sərməs bildirmişdir ki, Qaçqınkomda Füzuli rayonu üzrə nümayəndə işləyən Elman adlı şəxsin vasitəsi ilə onlara Yeni Yasamalda 3 otaqlı mənzil düzəldəcəkdir. Lakin yenə də onaları aldadaraq verdiyi vədi yerinə yetirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2016-cı il tarixdə Laçın rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş,xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11 bəndinə əsasən cəzadan azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Cəbrayıl rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət təqbinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir (səh. 86-87). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Cəbrayıl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 Azərbaycan Respublikası CM- nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndilməsinə dair cinayət təqibinə xitam verilmiş. Təqsirləndirilən şəxs və Şahid3 cinayət məsuliyyətindən azad edilmiş, barələrində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilmişdir (səh.158-161). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmişdir (səh.149-150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli “Üzləşdirmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmə zamanı ifadələrində göstərdiyi xüsusatları bir-birilərinin üzlərinə qarşı təsdiq etmişlər (səh. 153-155) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Səhiyyə İdarəsi X1 və Milli onkologiya Mərkəzi tərəfindən verilmiş, epikriz və arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs post travmatik ensefalopotiya nəticəsində davranış pozuntusu, psixopata bənzər davranış diaqnozu qoyulmuşdur, xroniki pielonefrit kəskinləşməsi müşayiət olunmuş və başqa xəstəliklər aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N 121918 nömrəli vəsiqənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qızına qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ikinci qrup əlil olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, zərəçəkmiş şəxslə barışdığını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, tərətdiyi cinayət nəticəsində vurmuş olduğu ziyani tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ikinci qrup əlil olması səbəbindəbn mütəmadi olaraq həkim nəzarətində olmalı olan bir şəxs barəsində daha ağır cəzanın seçilməsi cəzanın məqsədlərinə nail olunması baxımından ədalətli hesab edilə bilməz Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(004)-321/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 28 iyun 2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7000 (yeddi min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar