Məhkəmə qərarları › İş №1(004)-321/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-321/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-321/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(004)- 241/2021 saylı hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə cəzadan 1 ay 6 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 06 noyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar dairəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,127 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,127 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı vediyi ifadəsini qorxduğundan həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, psixotrop maddə olan “şüşə”dən, yəni metamfetamindən çəkmək yolu ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı lakin adını və anket mıəlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Yasamal rayonu, 20 Yanvar dairəsində həmin şəxslə görüşüb 20 manat məbləğində psixotrop maddə kimi tanıdığı "şüşə” adlı psixotrop maddəni əldə etmişdir. Həmin psixotrop maddəni istifadə etmək üçün şalvarının sol yan cibinə qoymuş və piyada hərkət edirmiş. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 4 ünvanın qarşısında dayanan zaman iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini təqdim etmişlər. O, üzərində psixotrop maddə olduğundan onlardan yayınmaq istəyirmiş. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal rayonu, 29-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birinə dəvət edərək vəkillər siyahısını təqdim etmişlər və növəbədə olan vəkillərdən o, Müdafiəçi müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edildi. Daha sonra mənim üzərimə və üzərimdə olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirdilər. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının və müdafiəçimin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi təklif olunduqda əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində psixotrop maddə olan “patı” yəni metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan polis əməkdaşları tərəfindən açılmış, bükümün içərisində psixotrop maddə olan metamfetamin aşkar etmişdir. O, aşkar olunmuş maddənin “Şüşə” yəni metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, 20 Yanvar dairəsində üzdən tanıdğı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Yasamal RPİnin 29-cu PŞ-də sahə rəisi vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitlərin qanunsuz dövriəyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla şöbə rəisinə müraciət etmiş, qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə şöbənin sahə rəisi, polis mayoru Şahid2la birgə əməliyyat tədbirinə başlamışlar. Təqsirləndirilən şəxs ehtimal olunacağı ünvanı müəyyənləşdirib saat 14:30 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs Hikmə oğlunu görüb ona yaxınlaşaraq Yasamal rayon Polis İdarəsininin 29-cu PŞ-nə dəvət etmişlər. O, özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi zərurəti yaranmış və bu barədə raportla Şöbə rəisinə müraciət etmişdir. Prosessual sənədləşmə Şöbənin təhqiqatçısı polis polkovnik-leytenantı Taryel Qaffarova həvalə edilmişdir. Həmin şəxs təhqiqatçının xidməti iş otağına dəvət edilmiş, həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» kimi tanıdığı metamfetamin olduğunu, həmin metamfetamini həmin gün səhər saatlarında Yasamal rayonu, 20 Yanvar dairəsi yaxılığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsində məlum olmuşdur ki, o da iş üzrə digər Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 6 noyabr 2023-cü il tarixdə (saat 14:30 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd selofana bükülmüş bükümü təqdim edir, bükümün içərisində metamfetamin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 01 ədəd bükümdə olan metafetamini o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar dairəsində üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 06 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində M.C.Məmmdzadə küçəsi ev 107b ünvanın qarşısında saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmişdir. (İ/V. 34-35). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 6 noyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5941 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,127 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 45). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 8 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 72-73). “Qətimkan tədbirinin seçilməsi haqqında” 8 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 74-75). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1982 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 114-115). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarış elan edilmiş və yeri müəyyən edilib tutulanadək cinayət işi üzrə dayandırılmışdır. “Şəxsin könüllü gəlməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsindən xəbərsiz olmuş, hazırda bununla bağlı məlumat əldə etdiyi üçün dərhal könüllü olaraq istintaq orqanına gəlmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X6 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına iməhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına iməhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, Yasamal rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına iməhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı 1 ay 6 gün vaxtından əvvəl şərti azad edilmişdir. (İ/V. 92-94). “Sübutların qiymətləndirilməsi” haqqında 1 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi, 1,127 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,077 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (İ/V. 114-122). İş materiallarına əlavə olunmuş 1(004)-241/2021 nömrəli xx.xx.2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ/V. 95-103). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-241/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cİ maddəsi ilə təqsirli bilinərək ilə 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-cı il tarixdə tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılmış və xx.xx.2023cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən cəzadan 01 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,077 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 321/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,077 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar