Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-321/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllələrdə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 10 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi "Minsk D4 125 Motosikl” markalı, 99-H-172 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 100 A ünvanında üzü "Şamaxinka” adlanan ərazi istiqamətində, "Bravo” marketin qarşısında 15 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmayıb "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da buna əməl etməyərək həmin qanunun tələblərini pozub yolda piyada dayanmış Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya sağ mil sümüyünün yuxarı 1/3-nin az yerdəyişmiş sınığı, sağ dirsək nahiyəsinin əzilməsi, sağ dirsəyin açıq yarası ilə nəticələnən xəsarətlər yetirməklə ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, körpünün üstü ilə işə gedirdi. Seyrək tıxac var idi, amma yol gedirdi. Qadın 20 Yanvar körpüsünün üstündə magistral yolda idi. Sfetofor olmamışdır. 2 cərgəli yoldur. Bravo marketin qarşısında olmamışdır. Şəhər kənarından Xırdalandan Tbilisi prokpektinə doğru getmişdir. Xanım anidən maşının qarşısına çıxıb. Körpünün qurtaracağı idi. Sağda körpünün tumbaları var idi, düşəndə artıq səki idi. O, maşına çataçatda xanım səkini keçmək üçün anidən qarşısına çıxıb. Digər körpünün altına hələ çatmamışdır. Sağında aptek, solunda Bravo Market var idi. Sürəti 10- 15 km/saat olardı. Xanım yolu keçməyə başlamışdı, o, əlinə-qoluna dəyib. O da fırlanıb yerə yıxılıb. Yan nahiyədən vurmuşdur. Hadisədən sonra zərərçəkən şəxsə hərtərəfli köməklik göstərməsini, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 23 iyul 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı ünvandan çıxıb yaxınlıqda yaşayan qızı Elmiranın yaşadığı evə piyada getməyə başlamışdır. O, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən Bravo adlanan marketin qarşısında avtomobil yolunun kənarında dayanıb avtomobillərin keçməsini gözləmişdir. O, avtomobillərin tıxacda dayandığını görüb yolu adi yerişlə qarşı tərəfə keçmək istəmişdir. O, səkidən yola doğru təxminən 1 metr məsafədə dayanmışdır ki, motosiklet onu sol tərəfindən vurmuşdur. O, motosikletin zərbəsinin təsirindən sağ böyrü üstə yola yıxılmışdır. O, yola yıxıldıqda sağ qolunda şiddətli ağrı hiss etmişdir. O, yerdən qalxıb hərəkət etmək istədikdə adının sonradan Hüseyn olduğunu bildiyi şəxs ona yaxınlaşıb kömək etmiş və onu yolun digər tərəfində yerləşən adı yadında “British” aptek kimi qalan yerə aparmışdır. Orada ona ilkin olaraq tibbi yardım göstərilmiş. Həmin Hüseyn adlı oğlan ona tanışlıq verib onu vuran şəxs olduğunu bildirmiş, ona köməklik təklif etmişdir. Lakin o, həmin anda özünü yaxşı hiss etdiyi və qızı yaxınlıqda yaşadığı üçün Hüseynin mobil nömrəsini götürüb ona getməsini bildirmişdir. Bundan sonra özü tək şəkildə qızı Elmiranın yaşadığı evə getmişdir. Qızı Elmiranın evində olarkən ağrılarının şiddətli olduğunu görüb ondan onu xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin vaxt bacısı Firuzə də qızı Elmiranın yaşadığı evə gəlmişdir. Firuzə onu Uni klinika adlanan xəstəxanaya aparmışdır. Orada o, müayinə olunmuş və məlum olmuşdur ki, onun sağ qolunda sınıq xəsarəti vardır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 292 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər-sağ mil sümüyünün yuxarı 1/3-nin az yerdəyişmiş sınığı, sağ dirsək nahiyəsinin əzilməsi, sağ dirsəyin açıq yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli, 8/2707 nömrəli rəyə əsasən Minsk D4 markalı, 99-H-172 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları: Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bunda əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Axtarışda olan şəxsin tutulması barədə” 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 27 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq cərimə cəzası saxlanmalıdır. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 27 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək müddət nəzərə alınaraq, üzərində qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5900 (beş min doqquz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 460 (dörd yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-321/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-321/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver