Məhkəmə qərarları › İş №1(004)-322/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-322/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-322/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və Tərtər Hərbi Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü 300 (üç yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra küçəsi, ev 80B-də qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını talama məqsədilə 29 mart 2021-ci il tarixdə saat 04 radələrində Yasamal rayonu Ş.Mehdiyev küçəsi 1054, ev 49B ünvanının qarşısına gələrək həmin ünvanda park edilmiş, Zərərçəkmiş şəxs məxsus “Toyota Prado” markalı **-RX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsində yerləşən səsboğucu katalizatoru özü ilə gətirdiyi boltaçan açarla söküb çıxararaq həmin ehtiyyat hissəni gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 07 aprel 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq cinayəti törətdiyinə görə tutulmuşdur. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Nəsimi rayonu ərazisində avtomobildən səsboğucu oğurladığına görə həbs olunmuşdur. 28.03.2021-ci il tarixdə axşam saatlarında tanışı X3 məxsus “Opel corsa” markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobili şəxsi işləri olduğu üçün bir günlük götürərərk idarə etdiyini bildirmişdir. O, avtomobillə Bakı şəhəri Yasamal rayonu ərazisində hərəkətdə olarkən 29.03.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən İST petrolun yaxınlığında olan binanın həyətində Toyota Prado markalı mirvari rəngli son nömrə nişanı xatırladığı qədəri ilə 252 olan avtomobilin dayandığını görmüşdür. İdarə etdiyi Opel corsa markalı avtomobillə həmin ərazidə bir neçə dəqiqə dövr etdikdən sonra ətrafda heç kəsin olmadığından əmin olub Opel corsa markalı avtomobili Toyota Prado markalı avtomobilin yaxınlığında park edərək avtomobildən düşərək Toyota prado markalı avtomobilin arxa hissəsinə keçmişdir. Toyota Prado markalı avtomobilin arxa hissəsində yerləşən səsboğucunu sökərək Opel Corsa markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobilə qoymuşdur. Səsboğucunu üzərində gətirdiyi boltaçan açarla sökmüşdür. Dərhal Opel markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır.. Nəsimi və Nizami rayonlarında avtomobillərdən səsboğucu oğurlandığına görə tutulduğunu bildirmişdir. Şahid2 isə 1 ilə yaxındır ki tanıyır, sonuncunun avtomobillərin kiralıq şirkəti var, tez tez ondan avtomobil kiralıq götürmüşdür. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, DVD-R diskində olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İqtisadiyyat Nazirliyində işləyir. 28.03.2021-ci il tarixdə saat 18 radələrində işdən çıxaraq “Toyota Prado” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Yasamal rayonu Ş.Mehdiyev küçəsi 1054, ev 49B ünvanına gəlmiş və avtomobilini binanın həyətində park edərək evə getmişdir. Ertəsi gün yəni 29.03.2021-ci il tarixdə saat 08:15-də işə getmək üçün avtomobilə əyləşib motoru işə salmışdır. Avtomobildə motor işə salınan andan qəribə səslər gəldiyini eşitmiş və avtomobildə nasazlıq olacağını zənn edərək yaşadığı binanın həyətində saxlayıb piyada işə getmişdir. 30.03.2021-ci il tarixdə “Toyata Prado” markalı avtomobildə olan nasazlığı öyrənmək üçün Nəsimi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən Kral şadlıq sarayının yaxınlığında olan Hyundai Servisə getmişdir. Orada olan ustalar tərəfindən avtomobili yoxlayan zaman avtomobildə olan səsboğucunun çıxarılmasını öyrənmişdir. Ona məlum olmuşdur ki, avtomobilində olan səsboğucu naməlum şəxs(şəxslər) tərəfindən oğurlanmışdır. O, buna görə DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Üzərindən çox keçməmişdir ki, polis əməkdaşları onunla telefon əlaqəsi saxlamışdır. Polis əməkdaşları hadisə yerinə onun iştirakı ilə baxış keçirmiş və hadisə yerinin fotoşəkillərini çəkmişdirlər. Bundan sonra onu 27-ci Polis Bölməsinə dəvət etmişlər. 27-ci Polis Bölməsində baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 1500 (bir min beş yüz) manat maddi ziyan dəydiyini, səsboğucunun zavod tərəfindən avtomobilin üzərinə qoyulduğu üçün tanınmaya təqdim edilərsə tanıya bilməyəcəyini bildirmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs 16 iyul 2021-ci il tarixli 9/3587 nömrəli ekspert rəyində göstərilmiş səsboğucu katalizatorun dəyəri ilə razılaşmayaraq katalizatorun dəyərinin 1500 (bir min beş yüz) manat kimi götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Avtomobillərin icarəsi ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə instagramda tanış olmuşdur. O, təqribən 2020-ci ilin dekabr ayında ailə üzvləri birlikdə onun işlədiyi avtomobillərin icarəsi mərkəzinə gələrək avtomobil sifariş etdirmək istədiyini bildirmişdir. O, “Toyota Prado” markalı avtomobil sifariş edərək günlük icarə haqqı 100 (bir yüz) manat olmaqla beş günlük ödəniş etmişdir. Təqsirləndirilən şəxs beş gün sonra onun yanına yenidən yaxınlaşaraq avtomobilin 10 günlük pulunu verərək icarə müddətini uzatmışdır. Həmin şəxs özünü ona Vətən Müharibəsi iştirakçısı olduğunu bildirdiyi üçün onun yanında etibar qazanmışdır. On beş günün sonunda Təqsirləndirilən şəxs Toyota Prado markalı avtomobili geri gətirərək Land Cruiser markalı avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. Həmin avtomobilin ödənişini etdikdən sonra **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs icarəyə vermişdir. Xatırladığı qədəri ilə üzərindən 10 günə yaxın müddət keçmişdiki polis əməkdaşları tərəfindən onun mobil nömrəsinə zəng edilərək onun harada olmağı barədə məlumat öyrənmişdirlər. O, polis əməkdaşları ilə görüşdükdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun avtomobili ilə oğurluq cinayət hadisəsi törətmişdir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ona Təqsirləndirilən şəxs avtomobildən səsboğucu oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından o polis əməkdaşlarına onun olduğu yer barədə köməklik etmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan Land Cruiser markalı avtomobillə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq qaçan zaman avtomobili müxtəlif yerlərə vurmuş və avtomobilə xeyli miqdarda zərər vurulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Əvvəllər taksi fəaliyyəti göstərirmiş. Hazırda əvvəllər ona məxsus olan **-CB-*** dövlət nömrə nişanlı “Opel Corsa” markalı avtomobili satdığından Lənkəran şəhərində əkin sahələrində fəhlə kimi işləyir. 28.03.2021ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu vaxt Talib adlı şəxslə tanış olmuşdur. Onunla bir neçə dəfə ailə üzvlərini müştəri kimi istədikləri ünvana çatdırmışdır. 28.03.2021-ci il tarixdə axşam saatlarında Talib ona evlərində problem olduğunu həyat yoldaşının səhətində yaranmış nasazlığıa görə Opel Corsa markalı avtomobili idarə etmək üçün ona veriləsini istəmişdir. O, avtomobilin sürücülük etibarnaməsi ilə olduğunu bildirərək X6 əməkdaşları tərəfindən saxlanılarsa problem yaşayacalarını ona demişdir. Talib adlı şəxs özünü ona Vətən Müharibəsi iştirakçısı olduğunu, buna görədə müharibədə iştirak etməyi ilə bağlı videogörüntüləri göstərmişdir. O, ilk əvvəl razı olmasada sonradan Talibın təklifi ilə razılaşmış və 40 manat pul müqabilində avtomobilini Taliba icarəyə vermişdir. O, gündəlik olaraq Biləcəri qəsəbəsində yerləşən oteldə qaldığından Biləcəri qəsəbəsinə getmək istəsədə Talib onu 28 may metrosu ətarfında yerləşən otellərin birinə apararaq 29.03.2021-ci il tarixdə səhər saatlarında oteldən götürəcəyini bildirmişdir. 29.03.2021-ci il tarixdə Taliba məxsus olan mobil telefon nömrəsinə zəng etsədə sonuncu onun telefonlarına cavab verməmişdir. Üzərində pul olmadığından X5a zəng edərək olduğu yeri ona bildirmişdir ki, gəlib onu oteldən götürsün. X5 idarə etdiyi Ravon markalı avtomobillə onu oteldən götürərək Biləcəri qəsəbəsinə getmişdir. O, Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsində yaşadığı evə gedib qapılarını döydükdə yoldaşı çölə çıxmışdır. Talibın harada olmasını soruşduqda yerini bilmədiyini deyərək qapını bağlamışdır. O, yenidən qapını döyərək Talib gəlməyincə burdan getməyəcəm dedikdən sonra Talib 5-10 dəqiqə sonra onun telefonuna zəng edib ona məxsus olan avtomobili Gənclik adlanan ərazidə avtoyuma məntəqəsinə qoyduğunu, avtomobili oradan götürməli olduğunu, özünün bəzi işləri olduğu üçün gələ bilmədiyini deyib telefonu söndürmüşdür. O, dostu Rəhimlə avtomobili Gənclik adlanan ərazidən götürdükdən sonra müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs onunda avtomobilindən səsboğucunu oğurlamışdır. Daha sonra polis əməkdaşları onu polis bölməsinə dəvət edərək onun avtomobilini idarə edən şəxs tərəfindən oğurluq hadisəsi törədildiyini bildirmişdirlər. O, izahat verərək oğurluq hadisəsi baş vermiş günü avtomobilimin Təqsirləndirilən şəxs olmasını və baş vermiş oğurluq hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cinayət işinin 75-80-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09.04.2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021-ci il tarixli, 9/3587 saylı ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı mühərrik həcmi 2700 sm “Toyota Prado” markalı, **-RH- *** d.q.n-lı avtomobilin alt hissəsində yerləşən səsboğucunun (dəst) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200 manat müəyyən edilir. Cinayət işinin 144-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 151-159-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 19.07.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD-R diski cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.09.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən, Tərtər Hərbi Məhkəməsinin 30.05.2017-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli və Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmlərinin sürətlərində görünür ki, Təqsirləndirilən şəxs 1) Tərtər Hərbi Məhkəməsinin 30.05.2017-ci il tarixli hökmü ilə AR CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 31.08.2017-ci il tarixdə isə cəriməni tam şəkildə ödəmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə AR CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə AR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan AR ƏN-nin Bakı şəhər Probasiya İdarəsinin 13.10.2021-ci il tarixli, 21-1/3/222980-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ona təyin edilmiş 300 manat miqdarında cərimə cəzasından heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, VİD-20210412 Wa005 nömrəli faylıda 01:37 dəqiqə video fayllar vardır. Faylı açdıqda 29.03.2021-ci il tarixdə saat 04:02:27 dəqiqədə qara rəngli hetçbek formalı üzərində taksi işarəsi olan opel markalı avtomobil Yasamal rayonu Ş.Mehdiyev küçəsi 1054, 49B saylı binanın həyətində yavaş sürətlə hərəkətdə olması görünür. 29.03.2021-ci il tarixdə saat 04.03.07 dəqiqədə opel markalı avtomobil bir az geriyə doğru hərəkət edərək ağ rəngli “Toyota Prado” markalı avtomobilin yanına park edildiyi görünür. VİD-20210412 Wa004 nömrəli faylı açdıqda 00:05 saniyəlik video fayl vardır. Həmin video faylda əynində boz şalvar,qara gödəkcə, qırmızı və ağ rəngli köynək geyinmiş bir nəfər şəxsin yanacaq doldurma məntəqəsinin həyətində hərəkətdə olduğu görünür. VİD-20210412 WaOO nömrəli faylda 00:15 saniyə video fayl vardır. 29.03.2021-ci il tarixdə saat 04:00:20 dəqiqədə qeydə alınmış həmin video fayıldan görünür ki, Opel markalı avtomobil Toyota Prado markalı avtomobilin arxa hissəsində yavaş sürətlə hərəkətdə olması və dayanması müşahidə olunur. VİD-20210412 Wa002 nömrəli faylda 00:18 saniyəlik video fayl vardır. Həmin video faylı açdıqda 29.03.2021-ci il tarixdə saat 04:08:10-da İST yanacaq doldurma məntəqəsinin yaxınlığındakı restoranın qarşısından əynində boz şalvar,qara gödəkcəli, qırmızı və ağ rəngli köynək geyinmiş bir nəfər şəxsin ətrafa baxaraq hərəkət etməsi müşahidə olunur. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin o olmasını və qeyd edilən tarixdə Toyota Prado” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobildən səsboğucu katalizatoru oğurladığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi, DVD-R diskində olan video görüntülərlə və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə isə AR CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli və Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəza çəkməsinin əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmünə əsasən 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Tərtər Hərbi Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat cərimə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar