Məhkəmə qərarları › İş №1(004)-322/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-322/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-322/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamış, 02 fevral 2023-cü il tarixdə Bakı Metropoliteni QSCnin “Azadlıq Prospekti” stansiyasına gəlməklə daşımış, 03 feval 2023-cü il tarixdə saat 00:35 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşı tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis İdarəsinə gətirilərək xidməti otaqda həmin gün saat 00:45 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan sarı rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,03qram, 0,338 qram ümumi çəkisi 0,368 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Təxminən 1 il olar ki, o, el arasında “kakos” adlanan narkotik vasitə hesab edilən heroin qəbul etmişdir. O, heroini tüstü yolu ilə istifadə etmişdir. Əvvəllər o, narkotik vasitə hesab edilən heroini Yasamal rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan “Orxan” və “Vaqif” adlı şəxslərdən əldə etmişdir. Həmin şəxslər həbs olunmuş və hazırda cəzaçəkmə müəssisəsindədirlər. “Vaqif” və “Orxan” adlı şəxslər həbs olunduqdan sonra o, narkotikə olan ehtiyacını ayrı-ayrı şəxlərdən pul qarşılığında əldə etmişdir. O, sonuncu dəfə narkotikə olan təlabatını Bakı şəhəri, Binəqədi rayonu “Mərkəzi Binəqədi” adlanan yerdə “Fəxri” adlı şəxsdən əldə etmişdir. O, xx.xx.2023-cü il tarixdə “Fəxri” adlı şəxsin hazırda yadında qalmayan mobil nömrəsinə metronun “Azadlıq Prospekti” yaxınlığında yerləşən taksafondan zəng etmişdir. “Fəxri” adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Həmin vaxt “Fəxri” ona hazırda yadında qalmayan bank hesab nömrəsi vermişdir. O, “Fəxri” adlı şəxsin verdiyi hesab nömrəsinə dəqiq yadında qalmayan ünvanda yerləşən “Milliön” ödəmə terminalından 24 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra o, yenidən “Fəxri” adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Fəxri ona sifariş etdiyi narkotik vasitənin olduğu ünvanı demişdir. O, “Fəxri” adlı şəxsin dediyi ünvana yəni Bakı şəhəri, Binəqədi rayonu “Mərkəzi Binəqədi” adlanan yerdən Xırdalan şəhəri istiqamətində olan yolda sağ tərəfdən yerləşən ərzaq mağazasının yanına getmişdir. Həmin vaxt sifariş etdiyi narkotik vasitənin orada olduğunu görmüşdür. O, həmin narkorik vasitəni götürmüşdür. Onun sifariş etdiyi narkotik vasitə iki bükümdə olmuşdur. O, narkotik vasitəni götürdükdən sonra metronun “Azadlıq Prospekti” stansiyasına gəlmişdir. Həmin vaxt metronun “Azadlıq Prospekti” stansiyasında xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb, özünü təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O, polis əməkdaşına üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib özünü təqdim etməkdən imtina etmişdir. Sonra polis əməkdaşı onun şəxsiyyətini müəyyən etməkdən ötrü onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. O, Polis İdarəsində olan zaman polis əməkdaşlarına narkotik vasitə heroin istifadəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün heroin olduğunu bildirmişdir. Metropolitenində Polis İdarəsinin xidməti otaqlarının birində ona vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıda adları qeyd edilmiş vəkillərdən birini seçmək hüququnun olduğu bildirilmişdir. O, həmin siyahıya baxmışdır. Adı siyahıda olan əvvəllər tanımadığı X6 onun hüquqlarını müdafiə etməsi üçün seçmişdir. O, seçdiyi vəkil Metropolitenində Polis İdarəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, əynində olan sarı rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış və götürmə zamanı həmin bükümlər açılmış içərisində olan kütlənin nə olduğu soruşulmuşdur. O, polis əməkdaşların bükümlərdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi 02 büküm qablaşdırıldılaraq zərfə qoyulmuş və o, həmin zərfi imza etmişdir. Daha sonra özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskdə olan CD diskdə video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Bakı Metropolitenində Polis İdarəsinin Təsərrüfat qrupunda polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmətdə olmuşdur. Həmin vaxt metronun “Azadlıq Prospekti” stansiyasından Bakı Metropolitenində Polis İdarəsinə dəvət edilmiş adını sonradan bldiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, həmin istintaq hərəkətini telefon vasitəsi ilə lentə almışdır. Bakı Metropoliteni Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X4 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis İdarəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynindəki sarı rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan kəsiyində olan bükümləri və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan kəsiyində olan bükülülər açılan zaman içərisində qəhvəyi rəngli kütlələr, aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlələrin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkortik vasitə heroini özünü ona Fəxri kimi təqdim edən şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Mərkəzdən 24 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffar rəngli sellofan kəsiyinə bükülmüş bükümlər əhəmiyyət kəsb edildiyindən zərf qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər X5 və Şahid1 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin 14-cü vərəqəsində olan 03 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan qətimkan tədbiri seçmək haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/663 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində....”Şübhəli şəxs imza Qasımov .....” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,03 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə və 0,338 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə olmaqla ümumi çəkisi 0,368 qram tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə fərqli olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil etmişdir. Cinayət işinin 83-88-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,368 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,348 qramı məhkəmənin yekun hökmədək saxlanması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir, (01) ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 743 saylı rəyindən görünür ki müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan 22 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinin PPXBnün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis İdarəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki sarı rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan kəsiyində olan bükümləri və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan kəsiyində olan bükülülər açılan zaman içərisində qəhvəyi rəngli kütlələr, aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlələrin heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə heroini özünü ona Fəxri kimi təqdim edən şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Mərkəzdən 24 manat aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümlər əhəmiyyət kəsb edildiyindən zərf qoyularaq qablaşıdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2023-cü il tarixli, 743 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,348 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata 150( yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,348 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar