Məhkəmə qərarları › İş №1(004)-323/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-323/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-323/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 08 avqust 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, R.Rza küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 26 fevral 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonun ərazisində yerləşən «Kubinka» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,701 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, Anar İsalının mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPl-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 26 fevral 2024-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Yasamal RPl-nin 27-ci PŞ-nə dəvət edilmiş və həmin gün Şöbənin inzibati binasında saat 12:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,701 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin iclasında təqsirləndirilən şəxs X8 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Bildirmişdir ki, səhər saatlarında, 10:00-11:00 radələrində tanımadığı şəxsdən evin qabağında metamfetamin almışdır. Sonra üstündən bir qədər keçmişdi, 27-ci Polis Bölməsinin işçiləri onu tutmuşdurlar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən fevral ayları olmuşdur, xidməti ərazidə olarkən digər əməkdaşla birlikdə İsalı Anara yaxınlaşmışlar, narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi Polis Şöbəsinə dəvət etmişdirlər. Yaxınlaşan zaman onlara qarşı hər hansı tabesizlik və ya hörmətsizlik göstərmiyib, narkotik istifadəsində şübhəli olduğu üçün Şöbəyə dəvət etmişdirlər. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmış, Anar İsalı üzərində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə Yasamal RPl-nin 27-ci PŞ-nə xx.xx.1975-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 27 ünvanında yaşayan X3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPl-nin 27-ci Polis Şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPl-nin 27-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 fevral 2024-cü il tarixdə, saat 11:00-da ünvan 7 ünvanının qarşısında X5 yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan X10ya narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPl-nin 27-ci Polis Şöbəsinə dəvət etmişlər. Anar İsalı buna etiraz etməyib, onlarla birlikdə Polis Şöbəsinə yollanmışdır. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Anar İsalıya hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Anar İsalıya vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. X10 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Anar İsalıya üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Anar İsalı həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Anar İsalı həmin bükümün içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan əvvəl, yəni 26 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Anar İsalının üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Anar İsalının təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Anar İsalı tərəfindən imzalanmışdır. Şübhəli şəxs Anar İsalının üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Anar İsalı və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilən suala cavab olaraq bildirmişdir ki, ilkin olaraq Yasamal RPl-nin 27-ci PŞ-nə X7 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, tərəflərindən keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı Anar İsalının psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1127 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksləri, “Şübhəli şəxs İsalı A. (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,701 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1813 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin A.İsalı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 (səksən) manat X2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,651 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X5 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar