Məhkəmə qərarları › İş №1(004)-324/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-324/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-324/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 5 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2011-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.3, 180.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 3 il 04 ay 24 gün müddətinə azaldılmış, azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həbsdən azad edilmiş, sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla barəsində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısı olan bank kartından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 03 fevral 2025-ci il tarixdə saat 10:04-də ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatdan həmin banka aid 4169-7385-3013-7920 nömrəli bank kartındakı hesabında olan 4.195,61 manat puldan 2.000 manat pulu nağdlaşdırıb bankomatdan ayrılmasından istifadə edib, bankomatda tamamlanmamış bank əməliyyatını davam etdirərək Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə aid 4169-7385-3013-7920 nömrəli bank hesabından 2.000 (iki min) manat pulu nağdlaşdırıb qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, kart məlumatlarını bilməmişdir. Sadəcə ani olaraq yaranmış vəziyyətdən istifadə etmiş və bankomatda tamamlanmamış bank əməliyyatını davam etdirmiş və kartdan 2000 manat pul çıxardaraq hadisə yerindən uzaqlaşmışdır. Buna görə də törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid onun tanışıdır, 03 fevral 2025-ci il tarixdə, saat 10:00 radələrində o, Fərqanə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığından üzü «Qələbə» dairəsi istiqamətində piyada gedərkən ünvan 2 ünvanında yerləşən «Mega Store» marketin qarşısından keçərkən özünə məxsus «X8» ASC-yə aid, nömrəsini xatırlamadığı bank kartından pul çıxarmaq lazım olduğundan orada yerləşən "xxxx" ASC-yə aid bankomata yaxınlaşmış, həmin vaxtı bankomatın qarşısında hər-hansı bir şəxsin olmadığını, lakin bankomatdan səs gəldiyini eşitmiş, o, bankomata biraz da yaxınlaşdıqda bankomatın ekranında «tam məbləğ» yazısını sıxdıqdan sonra bankomatdan 2.000 manat pul çıxmış, o, bankomatdan pulu çıxardıqda Fərqanə ondan arxada yaxınlıqda dayanmış, o, 2.000 manat pulu çıxardıqda ətrafda hər-hansı bir şəxs olmamış və onun həmin pulları çıxarmağının şahidi olmamış, hətta Fərqanə onun bankomatdan 2.000 manat pul nağdlaşdırmağını görməmiş, bankomatdan ayrıldıqda Fərqanə onun bankomatdan öz kartından pul çıxarmağını zənn etmiş, bundan sonra o, Fərqanə ilə birlikdə yaxınlıqda olan paltar mağazasına daxil olsa da alış-veriş etmədən həmin mağazadan çıxmış, o, bankomatdan çıxardığı, özünə məxsus olmayan 2.000 manat pulu ankoloji xəstə olduğu üçün Bakı şəhəri ərazisində yerləşən müxtəlif apteklərdə dərman ləvazimatları alaraq tam şəkildə xərcləmiş, həmin puldan Fərqanəyə hər-hansı bir məbləğdə pul verməmiş, etdiyi əməldən peşimandır, müddət verilərsə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qaytara bilər. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahid ifadəsini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısı olan bank kartından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmək cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, 176 saylı tam orta məktəbdə lobarant işləyir, 03 fevral 2025-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşıb özünə məxsus "xxxx" ASC-yə aid 4169-7385-3013-7920 nömrəli bank kartımda olan 4.000 manat puldan 2.000 manat pulu nağdlaşdırmaq məqsədilə həmin kartı bankomata yaxınlaşdırmış, kartımdan cəmi 2.000 manat pulu nağdlaşdırıb kartını götürərək yaxınlıqda olan mağazaların birinə getmiş, lakin bir neçə dəqiqə keçdikdən sonra, yəni həmin bank kartından heç bir alış-veriş etmədiyi halda kartında qalan 2.000 manat pulun ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdırılması ona məlum olmuş, bununla bağlı o, dərhal "xxxx" ASC-yə müraciət etmiş, həmin bank tərəfindən rəsmi olaraq ona "xxxx" ASC-yə aid 4169- 7385-3013- 7920 nömrəli bank kartına dair ödəniş üzrə çıxarış təqdim olunduqda ona məlum olmuşdur ki, 03 fevral 2025-ci il tarixdə, saat 10:02-də o, özünə məxsus, "xxxx" ASC-yə aid 4169-7385-3013-7920 nömrəli bank kartından 2.000 manat pulu nağdlaşdırıb kartını da götürüb oradan uzaqlaşdıqdan sonra, yəni 03 fevral 2025-ci il tarixdə, saat 10:04-də naməlum şəxs həmin bankomatdan qalan 2.000 manat pulu da nağlaşdırmış, bununla da ona məxsus bank kartında olan ona məxsus 2.000 manat pul nağdlaşdırılaraq ona həmin məbləğdə maddi ziyan dəymiş, kartından 2.000 manat pulunun naməlum şəxs tərəfindən oğurlanmasına tam əmin olduqdan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra isə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin vaxtı 2.000 manat pulu bankomantdan nağdlaşdırıb götürdüyü zamanı bank kartını da götürüb oradan uzaqlaşmışdır. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı ifadə vermiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun tanışıdır, 03 fevral 2025-ci il tarixdə, saat 10:00 radələrində o, tanışı Rövşən ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında üzü «Qələbə» dairəsi istiqamətində piyada gedərkən ünvan 2 ünvanında yerləşən «Mega Store» marketin qarşısından keçərkən Rövşən özünə məxsus bank kartından pul çıxarmaq "xxxx" ASC-yə aid bankomata yaxınlaşmış, həmin vaxtı o, bir qədər kənarda dayanıb Rövşəni gözləmiş, Rövşən işini bitirdikdən sonra o, Rövşən ilə birlikdə yaxınlıqda olan paltar mağazasına daxil olsa da alış-veriş etmədən həmin mağazadan çıxmış və sonradan o, Rövşən ilə sağollaşıb yaşadığı evə getmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rövşən ona hər-hansı bir məbləğdə pul verməmişdir. Rövşənin bankomatdan pul nağdlaşdırmasını görməmiş və sonuncu bu barədə ona heç bir məlumat verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 8 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). 8 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən saayt 17:10 dəqiqədən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 57). 9 fevral 2025-ci il tarixdə tərəfimdən tərtib edilmiş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 01 ədəd «DVD-R» formatlı diskə baxış keçirilərkən içərisində «WhatsApp Video 2025-04-21 at 15.43.44 (1)», «WhatsApp Video 2025-04-21 at 15.43.44», «WhatsApp Video 2025-04-21 at 15.43.44 (2)» və «WhatsApp Video 2025-04-21 at 15.43.44 (3)» adlı, «mp4» formatlı 04 ədəd video görüntü olması müəyyən edilir. «WhatsApp Video 2025-04-21 at 15.43.44 (1)» adlı video görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən «Bazarstore» mağazasının pilləkənlərindən aşağı düşüb tanışı Şahid yaxınlaşması, sonuncunun əlində manat ekvivalentində pulların olması, əlində olan qəbzə bənzər kiçik ölçülü ağ rəngli kağızı sağ cibinə qoyması və yerdən sarı rəngli əl çantasını götürüb oradan uzaqlaşması müəyyən edilir. «WhatsApp Video 2025-04-21 at 15.43.44» adlı video görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs tanışı Şahid ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən «Bazarstore» mağazasının qarşısına gəlməsi, Şahid Təqsirləndirilən şəxs əynində olan gödəkçəni səliqəyə salması, Təqsirləndirilən şəxs ciblərini axtarması və cibindən 01 qutu siqareti Şahid verərək «Bazarstore» mağazasının giriş qapısına tərəf hərəkət etməsi, Şahid siqaret çəkmək üçün kənara çəkilməsi müəyyən edilir. «WhatsApp Video 2025-04-21 at 15.43.44 (2)» adlı video görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs «Bazarstore» mağazasının kassasına yaxınlaşması, kassa masasının üzərinə 50 (əlli) manat pul qoyaraq 01 ədəd sarı rəngli meyvə şirəsi alması, həmin vaxtı Təqsirləndirilən şəxsəlində olan pulları səliqəyə salması və əlində qəbzə bənzər kiçik ölçülü ağ rəngli kağızın olması müəyyən edilir. «WhatsApp Video 2025-04-21 at 15.43.44 (3)» adlı video görüntüyə baxış keçirilərkən əynində qara rəngli ayaqqabı, açıq qəhvəyi rəngli şalvar, ağ rəngli zolaqlı köynək, qara rəngli gödəkçə və mavi rəngli papaq olan Təqsirləndirilən şəxs mağazanın içərisində vitrinlərin qarşısından keçməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs video görüntülərini özündə əks etdirən 01 ədəd «DVD-R» disk sübut növü kimi tanınaraq, cinayət işinə əlavə endilməsi nəzərə alınmışdır. (İ/V. 69). Qeyd edilən diskə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. 9 fevral 2025-ci il tarixdə tərəfimdən tərtib edilmiş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 01 vərəqdən ibarət «Ödəniş kartı üzrə çıxarış» sənədinə baxış keçirilərkən X2 məxsus, "xxxx" ASC-yə aid 416973******7920 nömrəli bank kartından xx.xx.2025-ci il tarixdə, saat 10:02-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 154c ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatdan 2.000 manat pul nağdlaşdırılması, kartın balansında 2195,61 manat qalıq pul qalması, xx.xx.2025-ci il tarixdə, saat 10:04-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 154c ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatdan 2.000 manat pul nağdlaşdırılması, kartın balansında 195,61 manat qalıq pul qalması müəyyən edilir. Odur ki, X3 məxsus, "xxxx" ASC-yə aid 416973******7920 nömrəli bank kartından ödəniş kartı üzrə çıxarış sübut növü kimi tanınaraq, cinayət işinə əlavə endilməsi nəzərə alınmışdır. (İ/V. 70). Qeyd edilən diskə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. 9 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 154c ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatı göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerinin 01 ədəd foto şəkli çəkilərək cinayət işinə əlavə edilmişdir. Odur ki, hadisə yerinin Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 154c nömrəli ünvan olması nəzərə alınmişdır. (İ/V. 67-68). 10 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 72-73). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-129/2025 saylı, xx.xx.2025ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmidir. (İ/V. 92-97). 8 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (İ/V. 109). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.3 və 180.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqda xx.xx.2017-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası CM-in 180.3.3-ciümaddəsi CM-in 180.1-ci maddəsinə tövsif edilərək 03 il 04 ay 24 gün cəza təyin edilib və azad olunub. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-1, 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023cü ildə vaxtından əvvəl şərti cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (İ/V. 119-139, 205-209). 28 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin Təhlükəsizlik departamenti tərəfindən təqdim olunmuş 01 ədəd «DVD-R» formatlı disk, cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntülərini özündə əks etdirən 01 ədəd «DVD-R» disk, eləcə də "xxxx" ASC-dən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 2025/204/7494 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «DVD-R» formatlı disk sübut növü kimi tanınmadan cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə hadisə yerinin Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 154c nömrəli ünvan olması nəzərə alınmışdır. (İ/V. 217-228). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2011-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.3, 180.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 3 il 04 ay 24 gün müddətinə azaldılmış azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həbsdən azad edilmiş, sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla barəsində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş 3000 manat cəriməni ödəmədiyi müəyyən edilmişdir. Hazırkı cinayət əməlini törədən vaxt, yəni 03 fevral 2025-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır və onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 8 fevral 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-324/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 manat miqdarında cərimə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə ona qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 8 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar