Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-325/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, o, 18 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 18 aprel 2022-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 4 ünvanın qarşısında Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. Hazırda isə məhkumluğu ödənilmişdir. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələr qəbul edir. 18 aprel 2022-ci il tarixdə səhər saatlarında bədənində kəskin ağrılar başladığından narkotik vasitə heroin qəbul etmək qərarına gəlmişdir. Odur ki, həmin tarixdə səhər saatlarında əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində içərisində “heroin” olan bir ədəd ağ rəngli kağız bükümü alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində daşımışdır. Lakin münasib imkan olmadığından istifadə edə bilməmişdir. Həmin gün saat 18 radələrində isə o, ünvan 4 ünvanın qarşısında olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə əldə etməyilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində heroin olan bir ədəd ağ rəngli kağız büküm isə zərfə qoyularaq möhürlənmış və protokolla birlikdə götürülmüşdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı idarəyə məlumat daxil olduğundan sonra Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 18 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində Yasamal RPİ-nin X2 kiçik əməliyyat müvəkkili Şahid2la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 4 ünvana yollanaraq güdmə və soraqlaşma əməliyyat tədbirləri keçirmişlər. Həmin tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Ariz Qədiməliyev onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri “Papanin” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertiza keçirilməsi üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ondan əvvəl ifadə verən Şahid1 ifadəsində olan xüsusatları təsdiq etmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 18 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-78-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovun 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş. Cinayət işinin 79-80-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 6/2208 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 107-116-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,392 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X3 ekspert komissiyasının 10 iyun 2022ci il tarixli, 3154 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 1) Bakı şəhəri Yasamal rayon Xalq məhkəməsinin 12 sentyabr 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 aprel 1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı şəhəri Yasamal rayon Xalq məhkəməsinin 24 yanvar 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 noyabr 2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 oktyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Bakı şəhəri Xəzər rayon (keçmiş Əzizbəyov) məhkəməsinin 30 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 5) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 24 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən əks olunmuş görüntünün 18 aprel 2022-ci il tarixdə qeyd olunduğu müəyyən edildi. Görüntülərdə süni şəkildə işıqlandırılmış xidməti otaq müşahidə olunur ki, həmin xidməti otaq toplanmış materiallara əsasən Yasamal RPİ-nin inzibati binasında yerləşən xidməti otaqlardan biridir. Xidməti otaqda masanın arxasında əyləşmiş xidməti geyimdə olan təhqiqatçının sağ tərəfində (noutbukda baxış dərəcəsinə görə) mülki geyimdə olan iki nəfər polis əməkdaşının, onların arasında isə şübhəli şəxs Təqsirləndirilən şəxs əlində əsa ilə ayaq üstə dayanması müşahidə olunur. Xidməti masanın qarşısında isə təhqiqatçınm təqdim etməsinə əsasən 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 əyləşməsi müşahidə olunur. Görüntünün davamında xidməti geyimdə olan polis zabiti-Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı Ariz Qədiməliyev tərəfindən şübhəli şəxsə - Təqsirləndirilən şəxs Müdafiəçi1 təqdim edilməsi, Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi, Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən şəxsi axtarış və götürmə aparılmasının əsaslarının izah olunması və təhqiqatçı tərəfindən ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunması müşahidə olunur. Görüntünün davamında şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü şəkildə əlini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə aparması və oradan bir ədəd ağ rəngli kağız bükümü çıxararaq təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq kütlənin aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək həmin kütlənin heroin olmasını və həmin gün səhər saatlarında “Papanin” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən əldə etməsini bildirməsi, daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin davam etdirilməsi, şübhəli şəxsin üzərindən başqa heç bir əşyanın aşkar olunmaması və son görüntülərdə isə bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılması və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 24 sentyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X3 ekspert komissiyasının 10 iyun 2022-ci il tarixli, 3154 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,392 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili M.Q.Şahquliyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili M.Q.Şahquliyevə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış 0,392 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-325/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-325/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver