Məhkəmə qərarları › İş №1(004)-326/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-326/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-326/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “Elmlər Akademiyası” stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonunda qapının yanında dayanmış Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus üzərində 6 (altı) manat dəyərində ekran qoruyucusu və 5 (beş) manat dəyərində “Azerfon” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 600 (altı yüz) manat dəyərində “Samsung Galaxy” markalı, SM-A325F/DS modelli (Samsung Galaxy A32) mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 611 (altı yüz on bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailəlidir və bir azyaşlı uşağı var. Əvvəllər narkotik vasitədən istifadə etmiş və hazırda bununla bağlı müalicə alır. 22 fevral 2024-cü il tarixdə saat 17 radələrində metronun “Nəriman Nərimanov” stansiyasına daxil olmuş və “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Həmin vaxt qatarda sərnişinlərin sayı çox olduğundan sıxlıq olmuşdur. Bu zaman o, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yanına gələrək dayanmışdır. Bundan sonra o, fürsətdən istifadə edərək ehtiyatlı şəkildə Zərərçəkmiş şəxs bir qədər də yaxınlaşıb, onun paltosunun sağ yan cibindən telefonunu götürmüşdür. Metrodan çıxdıqdan sonra o, həmin telefona baxdıqda ona məlum olmuşdur ki, həmin mobil telefon “Samsung” markalıdır. Bundan bir necə gün sonra o, həmin mobil telefonu satmış və əldə etdiyi pula narkotik vasitə alıb istifadə etmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 22-24-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 3-4 il bundan əvvəl özü istifadə etməkdən ötrü 600 (altı yüz) manat pul müqabilində “Samsung Galaxy A32” markalı mobil telefon almış və 5 (beş) manata aldığı “Azerfon” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrəni üzərinə yerləşdirib istifadə etmişdir. Həmçinin o adını xatırlamadığı digər telefon aksessuarları satılan mağazadan 6 (altı) manat dəyərində ekran qoruyucusu satın alıb telefonuna quraşdırmışdır ki, gələcəkdə hər hansı qəza baş verdiyi anda telefonuna ziyan dəyməsin. 22 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində metronun “Azadlıq Prospekti” stansiyasına getməkdən ötrü “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmuşdur. Həmin vaxt o yuxarıda qeyd etdiyi mobil telefonunu istifadə etdikdən sonra əynində olan paltosunun sağ yan cibinə qoymuşdur. Bu zaman qatar dayanmış və o “Dərnəgül” xətti ilə hərəkətdə olan qatarın vaqonuna daxil olub “20 Yanvar” metrostansiyasına qədər gəlmişdir. Həmin vaxt qatarda olarkən mobil telefonunu götürüb zəng etmək istədikdə görmüşdür ki, telefonu cibində yoxdur. O çantası və digər ciblərini də axtarmış, lakin mobil telefonunu tapa bilməmişdir. Bu zaman başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər qatar hərəkətdə olarkən sərnişin sıxlığından istifadə edərək onun əyinində olan paltosunun sağ yan cibindən mobil telefonunu oğurlamışdır. Sonradan polis idarəsinə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Mobil telefonun üzərində yuxarıda qeyd etdiyi aksessuarlardan (ekran qoruyucu) başqa heç bir aksessuar olmamışdır. O, telefonunun oğurlanmasını və baş vermiş hadisəni görməmişdir. Həmin vaxt onun mobil nömrəsinin balansında pul olmamış, həmin gün yaşadığı yerə çatdıqdan sonra mobil tətbiq vasitəsi ilə mobil nömrəsinin balansını artırmağı planlaşdırmışdır. Telefonunun oğurlanması nəticəsində ona ümumlikdə 611 (altı yüz on bir) manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, 600 (altı yüz) manat, üzərində olan mobil nömrəsi 5 (beş) manat, ekran qoruyucusu isə 6 (altı) manat dəyərində olmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 68-71-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Samir Axundov tərəfindən verilmiş tapşırığa əsasən, naməlum şəxs və ya şəxslər tərəfindən 22 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “Elmlər Akademiyası” stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonunda qapının yanında dayanmış Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus “Samsung Galaxy A32” markalı mobil telefonu gizli olaraq çıxarmaqla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayəti törədilmişdir. 28 fevral 2024-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxs, yəni Babayev X3 rayonu ərazisində müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin oğurluq cinayətini törətməsini etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinə dəvət edilmiş və o raportla aidiyyəti üzrə rəhbərliyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “20 Yanvar” stansiyasında dayanması zamanı əynində olan paltosunun sağ yan cibindən özünə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonun oğurlanmasını aşkar etməsi müəyyən olunmuşdur. (i.v. 9-13) “Baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan 60093 nömrəli qatarda quraşdırılmış nəzarət-müşahidə kamerasının görüntüsünə əsasən baxış zamanı video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 22 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qatarda insanların çox olmasından və sərnişinlərin sıxlığından istifadə edərək zərərçəkmiş şəxsə arxa tərəfdən yaxınlaşması, qatarın dayanması, sərnişinlərin çoxluq şəkildə vaqondan düşməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmişə arxadan yaxınlaşaraq cibindən telefonu çəkib götürməsi və qatarın qapılarının bağlanmamışdan əvvəl düşərək oradan uzaqlaşması müşahidə olunmuş və Təqsirləndirilən şəxs həmin görüntüdə olan mobil telefonu oğurlayan şəxsin özü olduğunu qeyd etmişdir. (i.v. 45) “İfadənin yerində yoxlanılması haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib oğurluq etmək qərarına gəldiyi üçün "xxxx" QSC-nin “Nəriman Nərimanov” stansiyasına gəldiyini, stansiyanın platformasında dayanıb sərnişinlərə baxdığını, həmin vaxt “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın dayandığını, sərnişinlərlə birlikdə qatara mindiyini, qatar hərəkət olarkən “Elmlər Akademiyası” stansiyasına çatmasına az qalmış Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ yan cibindən “Samsung Galaxy A32” markalı mobil telefonu oğurladığını bildirməklə cinayət törətdiyi yeri göstərmişdir. Bundan başqa Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsinə gəldikdə Təqsirləndirilən şəxs həmin küçədə 77 ünvanında yerləşən “Mobifon” telefon satışı mağazasını göstərib, oğurladığı telefonu 25 fevral 2024-cü il tarixdə 120 manat pul müqabilində satdığını bildirmişdir. (i.v. 58-59) “Əşyanın götürülməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsdən cinayət hadisəsi zamanı ələ keçirilmiş və sonra “Mobifon” telefon satışı mağazasının satıcısı Şahid satılması müəyyən edilən bir ədəd “Samsung Galaxy A32” markalı mobil telefonun Şahid tərəfindən könüllü olaraq istintaq orqanına təqdim edilməsi barədə 01 mart 2024-cü il tarixdə tərəfimdən protokol tərtib edilmişdir. (i.v. 61) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə zərərçəkmiş şəxsin paltosunun sağ yan cibindən gizli olaraq ələ keçirdiyi və sonradan könüllü olaraq istintaq orqanına təqdim edilmiş bir ədəd “Samsung Galaxy A32” markalı mobil telefon ilə bağlı zərərçəkmiş şəxsin vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə ona tanınmaya həmin mobil telefon təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin mobil telefonu tanıyaraq seçmişdir. (i.v. 66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli 9/1936 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Viyetnam istehsalı, “Samsung Galaxy A32” markalı SM-A325F/DS model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 200.00 manat müəyyən olunmuşdur. (i.v. 92-95) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin, yəni "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan 60093 nömrəli qatarda quraşdırılmış müşahidə kamerasından götürülmüş video görüntü və bir ədəd Viyetnam istehsalı, “Samsung Galaxy A32” markalı, SM-A325F/DS model mobil telefon sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək mobil telefon saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 99-104) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, özünə məxsus olan “Samsung Galaxy” markalı SM-A325F/DS modelli mobil telefonu saxlamaq üçün qəbul etmişdir. (i.v. 110) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sırasına mülkiyyəti qorumaq vəzifəsi qeyd olunmuşdur. CM-nin: 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “Elmlər Akademiyası” stansiyasında dayanmasından və vaqondan enmə zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonunda qapının yanında dayanmış Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ yan cibindən sonuncuya məxsus üzərində 6 (altı) manat dəyərində ekran qoruyucusu və 5 (beş) manat dəyərində “Azerfon” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 600 (altı yüz) manat dəyərində “Samsung Galaxy” markalı, SM-A325F/DS modelli (Samsung Galaxy A32) mobil telefonu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 611 (altı yüz on bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli 9/1936 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Viyetnam istehsalı, “Samsung Galaxy A32” markalı SM-A325F/DS model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 200.00 manat müəyyən olunmuşdur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Samsung A32” markalı mobil telefonu 600 manat, 01 ədəd telefon qoruyucusunu 06 manat və 01 ədəd mobil nömrənin 05 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 05 aprel 2024-cü il tarixli 9/1936 saylı rəyində həmin 01 ədəd “Samsung A32” markalı rnobil telefonun 200,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 200 manat, mobil telefonun üzərində olan qoruyucu üçün vurduğu maddi ziyanın miqdarının 06 manat və 01 ədəd ***-***-**-** GSM mobil nömrə üçün vurduğu maddi ziyanın miqdarının 05 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 35) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 4(004)- 195/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v 78-83) “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. (i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 88) Azərbaycan Respublikası Bakı Şəhəri yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Qonşuları tərəfindən 22 saylı MKİS-ə şikayət daxil olmamışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ol bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, onun yaşının cox olmasını, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək olan 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyan vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung SM-A325F/DS” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 28 fevral 2024-cü il tarixdən 01 mart 2024cü il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung SM-A325F/DS” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar