Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-327/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin Yataqxanasının birinci mərtəbəsinin ümumi istifadəli dəhlizində yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus məişət əşyalarının saxlandığı saxlanc yeri hesab edilən dolabın qapısının asma qıfılını özündə olan vint açanla sındırıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 80 manat olan 4 ədəd mətbəx stulunu, 40 manat dəyərində sərinkeşi, 100 manat dəyərində ağ rəngdə elektrik sobasını, 200 manat dəyərində qazan dəstini, 120 manat dəyərində “Esko” markalanma nişanı olan 43 ölçülü, qara rəngli dəridən olan bir cüt kişi ayaqqabısını, 70 manat dəyərində “Walkair'’ markalanma nişanı olan qara rəngli dəridən olan bir cüt kişi ayaqqabısını, 90 manat dəyərində “Ross" markalanma nişanı olan 42 ölçülü, açıq rəngli dabanlı, bir cüt qadın ayaqqabısını, 50 manat dəyərində “Gorgeous” markalanma nişanı olan 42 ölçülü, qara və açıq qırmızı rəngli bir cüt qadın ayaqqabısını və 30 manat dəyərində qara və ağ rəngli markalanma nişanı olmayan 37 ölçülü, bir cüt qadın idman ayaqqabısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 aprel 2021-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MTK- ya məxsus yeni inşa edilən binaya qanunsuz daxil olaraq həmin binanın birinci mərtəbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 65 manat olan 4 ədəd laqondanı, 1 ədəd 120 manat dəyərində gips məhlulunu qatmaq üçün istifadə edilən mikseri, hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 1575 manat olan 350 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 2465 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 aprel 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 39 nömrəli bina evinin həyətində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ sahəsində yerləşən saxlanc yeri olan məişət əşyalarının saxlandığı otağın qapısının qıfılını özündə olan dəmirlə sındırıb saxlanc yeri hesab edilən həmin otağa qanunsuz daxil olaraq otaqdan ümumi dəyəri 72 manat olan billür materialdan 12 ədəd piyaləni, 50 manat dəyərində olan billur materialdan gül qabını, ümumi dəyəri 48 manat olan billür materialdan 12 ədəd stəkanı, 35 manat dəyəri olan 6 ədədlik çay servisini, 30 manat dəyəri olan 6 ədədlik kofe servisini, 60 manat dəyərində olan kəfkirli sup qabını, ümümi dəyəri 29 manat olan 6 ədəd boşqabı, 170 manat dəyərində olan qaşıq, çəngəl, bıçaq dəsti olan çantanı, ümumi dəyəri 35 manat olan 3 ədəd qazan dəstini, 100 manat dəyərində olan şirəçəkən aparatı, 70 manat dəyərində olan bir ədəd ütünü, 500 manat dəyərində olan mikrodalğalı sobanı və 300 manat dəyərində olan xalçanı gizli olaraq talayıb zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1499 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 iyul 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasına daxil olub dəhlizin baş tərəfində taxta qapısı olan yeri görüb oraya yaxınlaşıb qıflın bağlandığı dəmir dairəvi halqanı qapının bir tərəfindən özündə olan vint açarı ilə aralayıb qapını açdıqda, içəridə geyim və ev əşyalarının olduğunu görmüşdür. Həmin əşyalardan dəyərli hesab etdiyi, yəni 4 ədəd mətbəx stullarını, sərinləşdirici vintilyatoru, ağ rəngdə elektrik sobasını, geyinilməmiş kişi və qadın ayaqqabılarını, həmçinin qazanları hissə-hissə götürüb yol kənarına daşımış, bundan sonra yolla keçən markasını və sürücüsünü tanımadığı taksini saxlatdırmış, həmin əşyaların özünə məxsus olduğunu və taksi sürücüsünə onu Sabunçuda yerələşən rus bazarının yanına aparmasını demişdir. Taksi sürücüsünün əşyaların oğurluq olmasından xəbəri olmamış və sürücü oğurluqda iştirak etməmişdir. 14.04.2021-ci il tarixdə gecə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən yeni tikili binanın həyətinə gəlmişdir. Binanın gözətçisi onu görməmişdir. Həyətdə olan kabelləri, yəni 200-300 metr uzunluğunda elektrik kabellərini çiyninə keçirmiş, sonra isə 4 ədəd laqondanı, gips üçün nəzərdə tutulan mikseri, 34 ədəd divar hamarlayıcısını özümdə olan torbalara yığmış və həmin əşyaları oğurlayıb qazanc əldə etmək qərarına gəlmişdir. Həmin əşyaları oğurlayan zaman tək olmuşdur. Oğurladığı kabellərin içindəki misi ayırıb əritmiş və 15 aprel 2021-ci il tarixdə “Kaktus” restoranın yanında, Şərifzadə küçəsində yolun kənarında olan metal qəbulu məntəqəsinə aparmışdır. Əldə etdiyi gəlirləri şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra 20 aprel 2021-ci il tarixdə saat təxminən 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat propsektində binanın həyətində yerləşən bağ sahəsinə oğurluq məqsədi ilə getmiş, bağın içinə daxil olmuş və orada yerləşən əşyaları oğurlamışdır. Otaqdan bir ədəd mikrodalğalı sobanı, 12 ədəd büllur stəkanları, 6 ədəd çay servisini, 6 ədəd kole servisini, kruşonu, kəfkir, 6 ədəd boşqab, qaşıq, cəngəl, bıçaq dəstlərini, 3 növ qazan dəstini, 1 ədəd şirəçəkəni, 1 ədəd ütünü və 1 ədəd xalçanı götürüb otaqdan çıxıb tez yola getmişdir. Yol kənarına çıxıb tanımadığı taksi ilə Yasamal rayonu ərazisində yerləşən “Tri korona” adlanan yaşayış ərazisinə gəlmiş və oğurladığı əşyaları gizlətmiş, sonra oğurladığı əşyaları satmışdır. Oğurladığı əşyalardan cəmi 200 manat əldə etmiş və həmin pulları da özüm üçün xərcləmişdir. Həmin əşyaları ondan alan şəxslərin malların oğurluq olmasından xəbərləri olmamışdır. Törətdiyi əməldən peşman olmasını, səmimi etirafını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayır. Yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 39 ünvanında yerləşən bina evinin həyətində ona məxsus bağ sahəsi vardır. Həmin bağ sahəsində o, məişət əşyalarının saxlanması üçün 12 kvadrat metr sahəsi olan otaq tikdirmiş və həmin otaqda təzə və istifadə edilməyən əşyaları saxlamaqla otaqdan saxlanc yeri kimi istifadə edir. Saxlanc otağının qapısı qıfılla bağlanır. Qızına məxsus, almış olduğu cehizlik əşyaları da həmin otaqda saxlanmışdır. Bir müddət əvvəl həmin bağ sahəsində olan soyuducunun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Qonşularla məsləhətləşdikdə ona bildirmişlər ki, ola bilsin narkaman edib. O, məsələnin üstünə düşməmiş və polisə müraciət etməmişdir. Lakin bir müddət sonra bu hadisə yenidən baş vermişdir. 19 aprel 2021-ci il tarixdə saat 12 radələrində bağdan otağın və bağın qapılarını bağlayıb çıxmış və 20 aprel 2021-ci il tarixdə saat 07:30 radələrində bağ sahəsinə gəldikdə bağın giriş qapısının qıfılının sındırıldığını və qapının açıq vəsiyyətdə olduğunu görmüşdür. Bağa daxil olduqdan sonra isə məişət əşylarının saxlandığı otağın da qapısının qıfılının sındırıldığını və qapının açıq qaldığını görmüş, otağa baxan zaman otaqdan ümumi dəyəri 72 manat olan billür materialdan 12 ədəd piyalənin, 50 manat dəyərində olan billur materialdan gül qabının, ümumi dəyəri 48 manat olan billür materialdan 12 ədəd stəkanın, dəyəri 35 manat olan 6 ədədlik çay servisinin. dəyəri 30 manat olan 6 ədədlik kofe servisinin, 60 manat dəyərində olan kəfkiıii sup qabının (kruşonun), ümümi dəyəri 29 manat olan 6 ədəd boşqabın, 170 manat olan qaşıq, çəngəl, bıçaq dəsti olan çantanın, ümumi dəyəri 35 manat olan 3 ədəd qazan dəstinin, 100 manat dəyərində olan şirəçəkən aparatın, 70 manat dəyərində olan bir ədəd ütünün, 500 manat dəyərində olan mikrodalğalı sobanın və 300 manat dəyərində olan xalçanın oğurlandığını aşkar etmişdir. Artıq 4-cü dəfə belə hadisə baş verdiyinə görə polis əməkdaşlarına məlumat vermişdir. Oğurluq zamanı ona 1499 manat maddi ziyan dəymişdir. Şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04.07.2020-ci il tarixdə həyat yoldaşı Şaiq “Covid-19" virus xəstəliyinə tutulduğu üçün Şaiq Sabirabad rayon xəstəxanasına aparılmış və orada reanimasiya şöbəsində müalicə almışdır. 15.07.2020-ci ildə Şaiq sağaldığı üçün onlar Bakı şəhərində yaşadıqları Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasına qayıtmışıq. Yaşadığı mənzil binanın 1-ci mərtəbəsində yerləşir və yaşadığım otaq kiçik olduğu üçün dəhlizdə dolab düzəldib məişət və geyim əşyalarını oraya yığmış və qapısını asma qıfılla bağlamışdır. Rayondan qayıdanda dəhlizə yaxınlaşıb əşyalara baxmaq istədikdə, qıfıldın düzgün bağlanmadığından şübhələnmişdir. Otağa daxil olduqda əşyalarının orada olmadığını gördmüş, dərhal 102 çağrı mərkəzinə zəng etmişdir. Oğurluq nəticəsində ona 1020 manat maddi ziyan dəymişdir. Zərərinin ödənilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru vəzifəsində işləyir. Bir müddət əvvəl Zərərçəkmiş şəxs3 Məmmədli oğlundan ona məxsus bağ sahəsində oğurluq edilməsi ilə bağlı məlumat daxil olmuşdur. Hadisə yerinə baxış zamanı oğurluq olması öz təsdiqini tapmış, lakin təqsirli şəxsi müəyyən etmək mümkün olmamışdır. Daha sonra, həmin şəxs yenidən bağ sahəsində oğurluq olduğunu bildirdikdə kamera görüntülərinə baxış keçirilmiş şəxs təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etmişlər. Həmin şəxsi 27 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mustafayev küçəsində yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılmışdır. Həmin vaxt 28-ci PBnin əməliyyat müvəkkili Şahid2 da onunla birlikdə olmuşdur. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və sonra Təqsirləndirilən şəxs şifahi sorğu sual zamanı 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Azərbaycan Tibb Universitetnin yataqxanasından oğurlamış olduğu qadın və kişi ayaqqabılarını satmağa gətirdiyini və həmçinin 14 aprel 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “İnşaat Konstruktor" MTK-ya məxsus yeni tikilmiş binadan oğurluq etdiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs onda olan ayaqqabılarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs istintaq zamanı hadisənin necə baş verdiyini, hansı əşyaları oğurladığını, harada satdığını dərhal bildirmiş, hər hansı çətinlik törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yasamal rayonu ərazisində oğurluq hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Kamera görüntülərinə baxış keçirilməsi zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etmişlər, 27 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mustafayev küçəsində yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılmışdır. Həmin vaxt 28-ci PB-nin sahə rəisi Şahid3 də onunla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı hadisənin necə baş verdiyini, hansı əşyaları oğurladığını, harada satdığını dərhal bildirmiş, hər hansı çətinlik törətməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Onun özü fiziki şəxs kimi binaların fasadının boyanması və təmirini həyata keçirir. 2021-ci ilin yanvar ayından etibarən 6 nəfər işçi heyəti ilə birgə ünvan 7 ünvanında yerləşən ‘"İnşaat Konstruktor” MTK-ya məxsus yeni tikili binada müqavilə əsasında təmir işləri aparırlar. Belə ki, təmir işləri ilə əlaqədar olaraq o, özünə məxsus 4x4 olan lilkalar üçün nəzərdə tutulan 1 metri 4.5 manat olan, ümumilikdə 350 metr naqili, 4 ədəd adını və markasını dəqiq bilmədiyi 65 manat dəyərində laqondanı. 1 ədəd 120 manat dəyərində gips məhlulunu qatmaq üçün mikseri, bir ədədinin dəyəri 15 manat olan ümumilikdə 34 ədəd divar hamarlayıcını gətirib həmin tikintinin aparıldığı binaya qoymuş və gündəlik olaraq ustalar tərəfindən istifadə edilmişdir. 14 aprel 2021-ci il tarixdə səhər saatlarında o, həmin tikintiyə gəldikdə tikintidə olan ona məxsus 350 metr uzunluğunda kabellərin, 4 ədəd laqondanın, 1 ədəd gips məhlulunu qatmaq üçün mikserin və 34 ədəd divar hamarlayacının olmadığını aşkar etmişdir. Həmin malların oğurlandığını başa düşərək, bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, həmçinin daha sonra Yasamal RPİ-nin 28-ci PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Oğurluq hadisəsi nəticəsində ona 2465 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailsəi ilə birlikdə yaşayır. Artıq beş ilə yaxındır ki, ünvan 8 ünvanında yerləşən “Əlvan Metalların” qəbulu məntəqəsində işləyir. Bir ilə yaxındır ki, Etibar adlı şəxsi milliyətcə rusa oxşatdığı üçün onu Eitbar rus kimi tanımış və polisdə olan zaman Rus Etibarın Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 15 aprel 2021-ci il tarixdə Etibar ona ərinmiş vəziyyətdə olan 9 kiloqram mis gətirmiş və hər kiloqramını bir manat olmaqla 9 kiloqram misə görə Etibara 90 manat vermişdir. Həmin malların qeydiyyatını da özündə olan dəftərdə aparmışdır. 24 aprel 2021-cil tarixdə isə Etibar ona soba dəmir içini, 3 ədəd qazanı və 1 ədəd ütünü gətirmiş və bunlara görə o, Etibara 18 manat vermişdir. Etibardan aldığı həmin malları əlvan metal zavoduna satmışdır. Etibardan almış olduğu malların oğurluq olmasından onun xəbəri olmayıb. Etibar həmin malların özünə məxsus olduğunu ona demişdir. Onda olan qeydiyyat dəftərindən Etibarın ona satmış olduğu malların çıxarışını o, 28-ci PB-də təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti 120 saylı Mənzil Kommunal Sahəsində çilingər işləyir. 20 aprel 2021-ci il tarixdə səhər saat 07 radələrində Mətbuat prospekti ilə idarə etdiyi 120 saylı Mənzil Kommunal Sahəsinə məxsus “Vaz 2107” markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman Etibar maşına əl edəndə o, maşını saxlamış və Etibar onu maşınla “Tri Korona” kimi tanınan binanın yanına aparmasını ondan xahiş etdikdə o, Etibara etiraz etməyib razılıq vermişdir. Etibarın əlində yük olduğundan onun özü də maşından düşüb Etibara köməklik etmişdir. Belə ki, Etibarın əlində olan bir ədəd elektrik sobasını və bir ədəd kağızdan olan qutunu avtomobilin yük yerinə qoymuşdur. Etibar da əlində olan digər əşyaları yük yerinə özü yığmışdır. Bundan sonra o, Etibarı onun dediyi kimi “Tri Korona” deyilən binanın yanına aparmışdır. Daha sonra Etibar ona onu gözləməyini deməsinə baxmayaraq o, Etibarın sözünə əməl etməyib maşını sürüb oradan çıxıb getmişdir. Etibarın əşyalarının oğurluq olmasından onun xəbəri olmamış və sadəcə olaraq Etibar ondan xahiş etdiyi üçün və səhər tezdən küçədə maşın olmadığından Etibarı öz maşını ilə Etibarın dediyi yerə aparmışdır. Sonradan ona polsidə olarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin günü onun maşını ilə apardığı əşyalar oğurluqdur və həmin günə qədər onun bu oğruluqdan xəbəri olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 -cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə - Abşeron Rayon Məhkəməsinin 09.02.2010-cu il tarixli hökmü ilə ilk dəfə məhkm edilib, məhkumluğu ödənilib. Sonradan Yasamal Rayon Məhkəməsinin 30.01.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan Nizami Rayon Məhkəməsinin 30.11.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 5 ay azadlıqdan məhrumetmə cəzasına məhküm edilib. Sonradan Yasamal Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin hökmlər üzrə məhkumluğu ödənilmişdir. Lakin sonuncu dəfə isə hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 28.05.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28.05.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut olan “Esko” markalanma nişanı olan, 43 ölçülü, qara rəngli dəridən olan kişi ayaqqabısı, “Walkaır” markalanma nişanı olan, 42 ölçülü, qara rəngli dəri kişi ayaqqabısı, “Ross” markalanma nişanı olan 42 ölçülü, açıq rəngli, dabanlı qadın ayaqqabısı, “Gorgeous” markalanma nişanı olan, 42 ölçülü, qara və açıq qırmızı rəngli hündür dabanlı qadın ayaqqabısı və markalanma nişanı olmayan, 37 ölçülü, qara və ağ rəngli qadın idman ayaqqabının sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia verilərək 1499 manat məbləğində maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia təmin edilməlidir. Belə ki, cinayət işi üzrə müəyyən edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1499 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin məbləğ, həmçinin ödənilmiş 30 manat manat dövlət rüsumu təqsirləndirilən şəxsdən tutulub zərərçəkənə verilməlidir. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 1499 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1529 manat (min beş yüz iyirmi doqquz manat) məbləğində pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 verilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Esko” markalanma nişanı olan, 43 ölçülü, qara rəngli dəridən olan kişi ayaqqabısı, “Walkaır” markalanma nişanı olan, 42 ölçülü, qara rəngli dəri kişi ayaqqabısı, “Ross” markalanma nişanı olan 42 ölçülü, açıq rəngli, dabanlı qadın ayaqqabısı, “Gorgeous” markalanma nişanı olan, 42 ölçülü, qara və açıq qırmızı rəngli hündür dabanlı qadın ayaqqabısı və markalanma nişanı olmayan, 37 ölçülü, qara və ağ rəngli qadın idman ayaqqabının sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-327/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-327/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver