Məhkəmə qərarları › İş №1(004)-327/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-327/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-327/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan tanımadığı kişi cinsinə mənsub şəxsdən satış məqsədi olmadan öz istifadəsi üçün 10 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,684 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin gün saat 10:00 radələrində Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq 27-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,684 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü il CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onu çağırmışlar və o evdən çıxmışdır. Bundan sonra iki nəfər polis əməkdaşı ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 27-ci PB-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları ona bir büküm psixotrop maddə olan metamfetamin verib, ondan həmin psixotrop maddəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və güya “Kubinka” adlanan ərazidən aldığını bildirməsini tələb etmişlər. Bunu etməsə ona daha cox miqdarda narkotik vasitə verib narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini demişlər. Bundan sonra o qorxduğu üçün onların tələbi ilə razılaşıb, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş bükülünü cıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin var, həmin psixotrop maddəni o, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O isə həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi barədə Yasamal RPİ-nin 27-cu PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə o, və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİnin 27-ci PB-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 27-cu PB-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Müzəffər təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 91-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, DİO-da 2017-ci ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2022-ci ildən, hazırda polis leytenantı rütbəsi ilə xidmət edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 64 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Hüseyn Cavid prospektinə getmişlər. Saat 10:00 radələrində həmin küçədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Müzəffərə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə dəvət etmişlər. Müzəffər də heç bir etiraz etməyib onlarla 27-ci Polis şöbəsinə gəlmişdir. 27-ci Polis şöbəsinin inzibati binasında təhqiqatçı Zamiq Kərimov və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Müzəffər üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində “Kubinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (i.v. 33- 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tаriхli 3-16-16/2-6/594 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iki - imza, Tərtib etdi: Z.Kərimov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,684 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (i.v. 44-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 17 aprel 2024-cü il tаriхli 2433 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 108-109); “Diskə baxış keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Kubinka” deyilən yerdə olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin psixotrop maddə metamfetamin təhqiqatçı Zamiq Kərimov tərəfindən zərfə qoyulur, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. (i.v. 111-112) “Sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,684 qram metamfetamin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,634 qram metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 115-119) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 il müddətdir ki, el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin qəbul edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən yerdə olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamini sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə getmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Onunla söhbət zamanı polislər narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 27-ci Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 27-ci Polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə saxladığı psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm açıldıqda içərisindən həmin gün səhər aldığı psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi həmin içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 08 radələrində “Kubinka” deyilən yerdə olan zaman tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi həmin psixotrop maddə metamfetamini zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsusdur, xx.xx.2024cü il tarixdə saat 08 radələrində “Kubinka” deyilən yerdə olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində almış, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq, hər hansı şəxsə bağışlamaq, nəyinsə müqabilində hədiyyə etmək fikri olmamışdır. Onun psixotrop maddə metamfetamin əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. (i.v. 130-135) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(004)-97/2024 nömrəli nömrəli qərarından görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir (i.v. 74-76) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.684 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:25 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(004)-97/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 74-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 113-114) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 28 avqust 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.634 qram qalıq çəkisi olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.634 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar