Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-328/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:05 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Nürəddin oğlunun, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Nürəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda “Dağlı məhəlləsi” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 30 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,088 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 10:15-də Yasamal rayon Polis idarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında küçədə saxlanılaraq 28-ci Polis şöbəsinə gətirilmiş, Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,088 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Dağlı məhəlləsi” deyilən yerdə olan zaman adını “Elbrus” kimi bildiyi və digər anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 30 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Bundan sonra həmin sellofan bükümü sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Aradan bir qədər keçdikdən sonra həmin gün saat 10:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mirəliyev Seyidov küçəsində olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Onunla söhbət zamanı polislər narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 28-ci Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 28-ci Polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan Polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisindən həmin gün, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında “Elbrus” adlı tanımadığı şəxsdən aldığı həmin psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi həmin psixotrop maddə təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddəni həmin gün, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Dağlı məhəlləsi” deyilən yerdə olan zaman tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2025ci il tarixdə saat 10:15 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün ünvan 4 ünvanın qarşısında soraqlaşma əməliyyat tədbiri keçirən zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Ülvüyə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Ülvünü Yasamal rayon Polis idarəsinin 28-ci PŞ-nə dəvət etmişlər. Ülvü heç bir etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Yasamal rayon Polis idarəsinin 28-ci PŞ-nin inzibati binasında təhqiqatçı Kamil Rəhmanov və dəvət olunmuş Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Ülvü üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Ülvüdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda “Dağlı məhəlləsi” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsindən məlum olmuşdur ki, o da Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 mart 2025-ci il tarixdə (saat 10:15 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci Polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (İ/V. 34-36). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 7 mart 2025-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 67” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 1,088 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 44-48). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09.03.205-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 60-61). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)- 211/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 81-85) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2335 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 121-122). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 98-99) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(004)- 459/2023-cü il saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəza çəkmə müddətinin başlanğıcı 21 oktyabr 2023-ci il tarixdən hesablanmaqla, qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkəm edilmişdir. (İ/V. 101-108). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 1,088 qram metamfetamin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,038 qram metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 124-129) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib üzərində saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Hazırkı cinayət əməlini törədən vaxt, yəni xx.xx.2025-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,038 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhər 28 saylı Vəkil Bürosununnun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 328/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 10 (on) iş saatına bərabər hesab edilərək, göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 110 (bir yüz on)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Nürəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nürəddin oğlu cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Nürəddin oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Nürəddin oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Nürəddin oğludan 65 manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Nürəddin oğlu narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,038 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs Nürəddin oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-328/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-328/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver