Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-329/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, məhkumluğu olmayan, işsiz, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, X19 küçəsində nömrəsiz evdə yaşayan və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 12.09.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) “Armo Store” mağazalar şəbəkəsinin ünvan 1 ünvanında yerləşən “Yasamal” filialında mağaza müdiri vəzifəsində işləyərkən 27.11.2017ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də 11.02.2014-cü il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza müdirinin vəzifə təlimatına əsasən, maddi məsul şəxs kimi təşkilatın kassasında olan nağd pulun və digər qaimələrin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunması, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında məlumat verilməsi və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görülməsi, nağd pulun və digər qaimələrin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanılması, inventarların və görüləcək işlərin qeydinə qalınması, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəbdən ziyan vurulmaması, ziyankarlığa qarşı mübarizə aparılması, pul vəsaitlərinin və görüləcək başqa işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabatın hazırlanıb tələb olunan yerlərə təqdim edilməsi və ona həvalə edilmiş digər işləri görməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə mağazanın 27.11.2017-ci il tarixli vəziyyətinə öhdəsində olmuş 12.224,20 (on iki min iki yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində nağd pul vəsaitlərinin qalığından əlavə həmin tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində mağazada qurulmuş 03 (üç) ədəd nəzarət-kassa aparatlarının ümumilikdə 344 (üç yüz qırx dörd) ədəd «Z» çıxarışı məlumatlarına əsasən və nəzarət-kassa aparatlarının göstəricilərinə uyğun olaraq mağazanın inventarında olan məhsulların satışından əldə olunmuş 789.490,83 (yeddi yüz səksən doqquz min dörd yüz doxsan manat səksən üç qəpik) manat məbləğində olan pulun hamısını deyil, cəmi 748.282,92 (yeddi yüz qırx səkkiz min iki yüz səksən iki manat doxsan iki qəpik) manatını cəmiyyətin xəzinəsinə ödəmiş, qalıq puldan qaytarılmış mallara görə alıcılara ödənilmiş 1.994,73 (bir min doqquz yüz doxsan dörd manat yetmiş üç qəpik) manat, endirimlə bağlı alıcılara hesablanmış 1.374,20 (bir min üç yüz yetmiş dörd manat iyirmi qəpik) manat, alınmış malların dəyərinin alıcılar tərəfindən posterminal vasitəsilə ödənilmiş 28.519,78 (iyirmi səkkiz min beş yüz on doqquz manat yetmiş səkkiz qəpik) manat, nağd pul vəsaitlərinin faktiki qalıqlarının sayılması nəticəsində aşkar edilmiş və maddi məsul şəxs tərəfindən ödənilmiş 337,74 (üç yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat, 05 may 2018-ci il tarixdə keçirilmiş nağd pul vəsaitlərinin inventarizasiyası ilə müəyyən edilmiş 989,49 (doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) manat məbləğində faktiki qalıq pulun onun hesabından silinməsi nəzərə alınmaqla, həmin dövr ərzində vahid niyyətlə cəmi 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində pulu cəmiyyətin xəzinəsinə təhvil verməyərək, həmin məbləği özünün şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialına məxsus 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində pul vəsaitini, yəni özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 may 2017-ci il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən mal qəbulçusu vəzifəsinə qəbul edilmiş, “Armo Store” mağazalar şəbəkəsinin Yasamal filialında işləməyə başlamış, 27 noyabr 2017-ci il tarixdə isə əmək müqaviləsinə dəyişiklik edilməklə həmin mağazanın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 21 iyun 2018-ci il tarixədək rəsmi olaraq mağaza müdiri vəzifəsində işləmiş, mağaza müdiri kimi vəzifəsi maddi məsul şəxs kimi mağazada olan maddi sərvətlərin qorunmasına nəzarət etməkdən, yarana biləcək təhlükənin qarşısını almaqdan, mağazada olan işçilərin fəaliyyətinə nəzarət etməkdən, ümumi rəhbərliyi həyata keçirməkdən ibarət olmuşdur. Mağazada əsasən ərzaq və gündəlik məişət mallarının satışı həyata keçirilmiş, market hər gün saat 8-dən saat 23-ə qədər fəaliyyət göstərmişdir. Marketi hər gün saat 08 radələrində özü və yaxud baş kassir açmış, axşam da eyni qaydada bağlamışlar. Mağaza müdiri işlədiyi dövrdə əvvəlcə Sübhan adlı şəxs, o, işdən ayrıldıqdan sonra isə Cavid adlı şəxs baş kassir vəzifəsində işləmiş, həmin mağazada mövcud olmuş 3 (üç) ədəd kassadan faktiki olaraq ikisi fəaliyyət göstərmiş, üçüncüsü isə ehtiyat kassa olmuşdur. Mağazada aparılan satış nəticəsində gündəlik təxminən 4-6 min manat pul yığılmış, hər günün sonunda satış dayandırılmaqla kassalar üzrə satıcı-kassirin iştirakı ilə kassa və “Z” hesabatları götürülərək onun xidməti otağında satışdan əldə olunmuş kassadakı pullarla “Z” hesabatları qarşılaşdırılmış, kassadakı pullarla “Z” hesabatı bir-birinə uyğun gəldikdən sonra kassanın təhvil-təslim edilməsinə dair akt tərtib olunmuş, həmin akt kassanı təhvil verən satıcı-kassir və mağazanın müdiri olaraq onun tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bundan sonra onun tərəfindən hər iki kassa üzrə ümumi akt tərtib edilmiş, həmin aktda hər iki kassa üzrə gündəlik satışdan əldə olunmuş ümumi gəlir (gəlirin gün ərzində satılmış hansı məhsullardan əldə olunması, həmin məhsulların sayı, miqdarı və s.) qeyd olunmaqla özü tərəfindən imzalanmışdır. Bundan sonra pullar onun otağındakı seyfə yığılmış, növbəti gün saat 14:00-dək MMC-nin sürücüsü gələrək pulları ondan təhvil almışdır. Gündəlik satışdan əldə olunaraq seyfə qoyulmuş pullardan təxminən 1.000-1.500 manat məbləğində pul mağazananın yarana biləcək ehtiyacları üçün ehtiyat məqsədilə seyfdə saxlanılmış, satışdan əldə olunmuş digər pullar isə sayılaraq onun tərəfindən tərtib olunmuş “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” aktla sürücüyə təhvil verilmişdir. Həmin aktda baş xəzinədara təhvil veriləcək ümumi pulun miqdarı göstərilmiş və akta satıcı-kassirlərlə onun arasında imzalanmış kassanın təhvil-təslim aktı, özü tərəfindən imzalanmış ümumi akt və hər iki kassa üzrə “Z” hesabatları əlavə edilmişdir. “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” aktda təhvil verdi hissəsində mağaza müdiri kimi özü imza çəkmiş, təhvil aldı hissəsində isə sürücü tərəfindən pullar baş xəzinədara təhvil verildikdən sonra baş xəzinədar imza çəkmiş, həmin aktın bir nüsxəsi onda qalmışdır. Sürücü isə “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” aktla baş xəzinədara çatdırmalı olduğu pulu ondan təhvil almasına dair mağazada olan təhvil-təslim kitabına pulun miqdarı göstərilməklə imza çəkmiş, özü də həmin pulu baş xəzinədara təhvil verməsi üçün ona verdiyinə dair imza çəkmişdir. Bundan sonra sürücü “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” akt, həmin akta əlavə edilmiş qeyd olunan sənədlərlə və təhvil aldığı pulla birlikdə mağazanı tərk edərək MMC-nin baş xəzinədarına pulları təhvil vermiş, MMC-nin baş xəzinədarı da həmin pulları ona təqdim olunmuş “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” aktın digər sənədlərlə uyğunluğunu müqayisə edib yoxlayaraq pulları təhvil almasına dair imza çəkmişdir. Həmin sənədlər əsasında da seyfdə hansı məbləğdə pulun saxlanıldığı baş xəzinədara bəlli olmuşdur. Seyfdəki pullardan hər iş gününün başlanğıcında hər bir kassaya 200 (iki yüz) manat məbləğində pul təhvil verilmiş, günün sonunda da satıcı-kassirlərlə təhvil-təslim zamanı həmin 200 (iki yüz) manat məbləğ gündəlik satışdan əldə olunmuş gəlirlərdən çıxılmışdır. Yuxarıda qeyd olunan təhvil-təslim prosesləri o olmadığı halda baş kassir tərəfindən həyata keçirilərək imzalanmış, ümumilikdə mağazada olmadığı müddət ərzində baş kassir onun bütün vəzifələrinin icrasını həyata keçmişdir. Hər ayın sonunda isə o, baş kassir və MMC-nin baş xəzinədarının iştirakı ilə onun otağında öhdəsində olan nağd pul vəsaitlərinin və malların inventarizasiyası keçirilərək artıqgəlmə və yaxud əskikgəlmənin olub-olmadığı yoxlanılmış və yoxlamanın nəticəsinə dair kassa sayım sənədi tərtib edilərək o və yoxlamada iştirak edən mütəxəssislər tərəfindən imzalanaraq təsdiqlənmişdir. Özü mağaza müdiri vəzifəsində işlədiyi müddət ərzində 2 (iki) ay ərzində öhdəsində olan pul vəsaitlərinin inventarizasiyası həyata keçirilərək ciddi artıqgəlmə və ya əskikgəlmə aşkar edilməmiş, belə ki, 23 dekabr 2017-ci il tarixdə keçirilmiş inventarizasiya nəticəsində 17,01 (on yeddi manat bir qəpik) manat artıqgəlmə, 25 yanvar 2018-ci il tarixdə keçirilmiş inventarizasiya nəticəsində isə 22,02 (iyirmi iki manat iki qəpik) manat əksikgəlmə aşkar edilmiş, növbəti inventarizasiya 01 mart 2018-ci il tarixdə həyata keçirilmiş və inventarizasiya nəticəsində 315,71 (üç yüz on beş manat yetmiş bir qəpik) manat əksikgəlmə aşkar edilmişdir. Həmin məbləğ onun növbəti ayın əmək haqqından yarı yarıya tutularaq əvəzləşdirilmiş, bununla bağlı özü tərəfindən aparılmış araşdırma nəticəsində iş gününün başlanğıcında yalnış olaraq hər bir kassa üçün nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğdən artıq pul verilmişdiyi, həmin artıq pulların da 01 mart 2018ci il tarixdə həyata keçirilmiş inventarizasiya nəticəsində əksikgəlmiş 315,71 (üç yüz on beş manat yetmiş bir qəpik) manat məbləğində pul olduğu müəyyən edilmişdir. Bu barədə yoxlamanı aparan şəxslərə məlumat verilərək həmin artıq pullar onun tərəfindən kassadan götürülmüşdür. Həmin tarixdən sonra təxminən 02 (iki) ay ərzində inventarizasiya həyata keçirilməmiş, növbəti inventarizasiya 02 may 2018-ci il tarixdə həyata keçirilmiş, həmin vaxt öhdəsində 20.391,02 (iyirmi min üç yüz doxsan bir manat iki qəpik) manat əksikgəlmə aşkar edilmiş, özü yoxlamanın nəticələri ilə razı olmadığını bildirərək bununla bağlı yenidən yoxlama keçirilməsini tələb etdiyindən 04 may 2018-ci il tarixdə təkrar inventarizasiya keçirilmiş, bu zaman öhdəsində 20.600,81 (iyirmi min altı yüz manat səksən bir qəpik) manat əksikgəlmə aşkar edilmişdir. Həmin əksikgəlmələrlə bağlı məsul şəxslər izah tələb etdikdə müalicə məqsədilə seyfdən müxtəlif vaxtlarda hissə-hissə təxminən 10-15 min manat məbləğində pul götürdüyünü, həmin pulu da hissə-hissə qısa müddət ərzində geri qaytaracağını bildirmiş və seyfdən 20.600,81 (iyirmi min altı yüz manat səksən bir qəpik) manat məbləğində pul götürmədiyini, bu qədər əksikgəlmənin hansı şəkildə yaranmasından məlumatsız olduğunu demişdir. 05 may 2018-ci il tarixdə iltizam verərək maddi məsuliyyətində saxlanılan nağd pul vəsaitlərinin hamısının "xxxx" MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin müdiri olduğu Yasamal filialının xəzinəsində yerləşdiyini, mağazanın kassalarından (Merkuri-00106494; Merkuri- 00103097; Merkuri-********) nağd pulların “Z” hesabatları əsasında mədaxil edildiyini və məxaricə sənədsiz pul silinməsi hallarının olmadığını, hər hansı bir təşkilatın və yaxud ayrı-ayrı vətəndaşların ona borcu və yaxud özünün onlara borcunun olmadığını bildirərək həmin iltizamı imza çəkərək təsdiq etmişdir. 05 may 2018-ci il tarixdə onun iştirakı olmadan maddi məsul şəxs kimi həmin tarixə mənim öhdəsində olan pul vəsaitlərinin yekun inventarizasiyası həyata keçirilmiş və inventarizasiya nəticəsində öhdəsində 20.544,37 (iyirmi min beş yüz qırx dörd manat otuz yeddi qəpik) manat pul vəsaitinin əksikgəlməsi müəyyən olunmuşdur. Bundan sonra "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin auditoru Şahbaz Məmmədov dəvət edilmiş və onun tərəfindən “Armo Store” mağazalar şəbəkəsinin Yasamal filialının mağaza müdiri kimi öhdəsində olan pul vəsaitlərinin 05 may 2021-ci il tarixdə keçirilmiş inventarizasiyası ilə aşkar edilmiş əksikgəlmə üzrə nəticələrin düzgünlüyünün audit yoxlaması aparılmışdır. Audit yoxlaması 8 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək keçirilmiş, lakin audit yoxlamasında özü iştirak etməmişdir. Audit yoxlaması nəticəsində "xxxx" MMC-nin «Armo Store» mağazalar şəbəkəsinin Yasamal filialının müdiri vəzifəsində işlədiyi 27 noyabr 2017-ci il tarixdən 05 may 2018-ci il tarixədək olan dövr ərzində onun öhdəsində olan nağd pul vəsaitlərinin əskikgəlmə məbləği 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat təşkil etdiyi müəyyən olunmuşdur. Bundan sonra ona həmin məbləği təxminən 1 ay ərzində könüllü şəkildə ödəməyini, əks təqdirdə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materialları prokurorluğa göndərəcəklərini demişlər və bu müddət ərzində onun rəsmi olaraq mağaza müdiri vəzifəsini icra edəcəyini, faktiki olaraq isə həmin vəzifədən kənarlaşdırıldığını, X9 adlı şəxsə mağazanı təhvil verməsini bildirmişlər. "xxxx" MMC-nin «Armo Store» mağazalar şəbəkəsinin Yasamal filialının müdiri vəzifəsində işlədiyi 27 noyabr 2017-ci il tarixdən 05 may 2018-ci il tarixədək olan dövr ərzində öhdəsində əskikgəlmiş 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində pulla vurulmuş maddi ziyanı müxtəlif vaxt aralığında tam şəkildə ödəmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, hadisə yerinə baxış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və cinayət işinin digər istintaq materialları ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, vəzifə təlimatı “Armo Store” marketlər şəbəkəsində satılan mallara görə yığılmış pulların gündəlik olaraq qəbul edilməsindən, MMC-nin adından bank əməliyatlarının icra edilməsindən ibarətdir. “Armo Store” marketlər şəbəkəsində əsasən ərzaq və gündəlik məişət mallarının satışı həyata keçirilir. Hazırda şəbəkənin 4 filialı fəaliyyətdədir. Şəbəkənin 4 filialının hər birində ümumilikdə 2-3 satış kassası mövcuddur. Gündəlik olaraq mağaza müdirləri və ya baş kassirlər gün sonu “Z” hesabatları əsasında kassalarda yığılmış pulları təhvil alaraq seyfdə saxlayır, növbəti gün saat 14 radələrinədək həmin pulları ya özləri, ya da ki, MMC-nin sürücüləri vasitəsi ilə ona təhvil verirmişlər. Özü də həmin pulu mağaza müdiri və ya baş kassir tərəfindən imlazanmış “Nağd pul vəsaitinin inkassasiyası və büro kassa hərəkəti barədə” akt əsasında əsasında qəbul edirək pulları sayıb kassaya yerləşdirdikdən sonra iki nüsxədə kassa mədaxil orderini imzalayıb bir nüsxəsini pulu təhvil verən şəxsə təqdim etmiş, digər nüsxəsini isə MMC-nin mühasibatlığında saxlamışdır. Təqsirləndirilən şəxs 27 noyabr 2017-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək Yasamal filialında mağaza müdiri vəzifəsində işləmiş və bu müddət ərzində gündəlik olaraq filialda olan 03 (üç) ədəd satış kassasında toplanmış pulları qeyd etdiyi qaydada MMC-nin xəzinəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs yeni təyin edildiyi üçün fəaliyyətini yoxlamaq məqsədi ilə onun, özünün və ya baş kassirinin iştirakı ilə üzləşmə keçirilərək akt tərtib edilmişdir. Birinci dəfə üzləşmə 25 noyabr 2017-ci il tarixdə baş tutmuş, hər hansı bir kəsir qeydə alınmamış, bundan sonra o, müstəqil fəaliyyətə başlamışdır. Onun müstəqil şəkildə fəaliyyətə başladığı dövrdə ilk üzləşmə 23 dekabr 2017-ci il tarixdə baş tutmuş, həmin vaxtı 17,01 (on yeddi manat bir qəpik) manat kassa artımı aşkar edilmişdir. 25 yanvar 2018-ci il tarixdə yenidən özünün iştirakı ilə üzləşmə aparılmış, bu zaman 22,02 (iyirmi iki manat iki qəpik) manat əskikgəlmə olaraq fərq yaranmışdır. 01 mart 2018-ci il tarixdə keçirilmiş üzləşmə zamanı 315,71 (üç yüz on beş manat yetmiş bir qəpik) manat əskikgəlmə olaraq fərq yaranmış, bu üzləşmə zamanı Ağafəridin özü deyil, baş kassir Şahid2 iştirak etmişdir. 02 may 2018-ci il tarixdə onun özünün iştirakı ilə keçirilmiş üzləşmə zamanı 20.391,02 (iyirmi min üç yüz doxsan bir manat iki qəpik) manat əskikgəlmə olaraq fərq yaranmışdır. Bununla əlaqədar olaraq, yenidən 04 may 2018-ci il tarixdə üzləşmə aparılmış, kassa kəsiri MMC tərəfindən icazə verilmiş xərclər çıxıldıqdan sonra 20.600,81 (iyirmi min altı yüz səksən bir qəpik) manat müəyyən edilmişdir. Ağafəridin özü də bu əskikgəlməni tərtib edilmiş akta imza çəkməklə təsdiq etmişdir. Onun əsas əskikgəlmələri aprel, may aylarına təsadüf etmiş, bundan sonra MMC tərəfindən audit yoxlaması keçirilmiş, nəticədə tərtib edilmiş 17 may 2018-ci il tarixli audit rəyi ilə mağaza müdiri işlədiyi dövrdə Təqsirləndirilən şəxs öhdəsində 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat əskikgəlmə aşkar edilmişdir. Bu əskikgəlmələr onun işlədiyi 6 ay ərzində filialın kassasında satılmış mallara görə toplanmış puldan 20.216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində pulu mənimsəyərək kassaya mədaxil etməməsi səbəbindən baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş bütün maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı MMC-nin hər hansı iddia və tələbi yoxdur, gələcəkdə də belə bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin “Armo Store” mağazasının Yasamal filialında kassir vəzifəsində işləmiş, kassir vəzifəsinə təyin edilən zaman mağazanın müdiri vəzifəsini Mikayıl adlı şəxs icra etmiş, təxminən 2017-ci ilin noyabr ayından isə mağaza müdiri vəzifəsinin icrası Təqsirləndirilən şəxs həvalə edilmişdir. Mağazada əsasən ərzaq və gündəlik məişət mallarının satışı həyata keçirilmiş, market hər gün saat 08-dən saat 23-ə qədər fəaliyyət göstərmişdir. Marketi hər gün saat 08-də baş kassir və ya mağaza müdiri Təqsirləndirilən şəxs açmış, axşam da eyni qaydada bağlamışlar. Özü adətən saat 18-ə qədər işdə olmuş, müdiri kimi Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, onu çox sakit, işində ciddi insan kimi tanımışdır. Birgə işlədikləri müddət ərzində heç bir pis hərəkətinin şahidi olmamış, kassir kimi vəzifəsi gün ərzində marketdə olan malların satışını həyata keçirməkdən ibarət olmuşdur. Filialda 3 ədəd kassa mövcud olsa da, faktiki olaraq 2 kassa fəaliyyət göstərmiş, özünün cavabdeh olduğu kassada satılan mallara görə yığılmış pulları günün sonunda “Z” hesabatları ilə təhvil-təslim aparıb baş kassirə və ya mağaza müdirinə təhvil vermiş, onlar da öz növbəsində pulu qəbul edərək seyfə yığıb səhəri gün saat 14-ə qədər kassa təhvil-təslim aktı ilə MMC-nin baş xəzinədarına göndərmişlər. Pulun baş xəzinədar tərəfindən qəbul edilməsi kassa mədaxil orderi ilə rəsmiləşdirilmiş, həmin orderin bir nüsxəsi isə müdirin xidməti otağında saxlanılmışdır. Adətən hər bir kassada günün sonuna avans olaraq təxminən 100 (yüz) manat məbləğində pul saxlanılmış, bildiyi qədərilə müəyyən vaxt aralığında mağazada MMC-nin rəhbərliyi tərəfindən yoxlama keçirilmiş, lakin yoxlamanın nəticələri barəsində heç bir məlumatı olmamışdır. Təxminən bu ilin may ayında eşitdiyinə görə yoxlama zamanı Təqsirləndirilən şəxs xeyli miqdarda əskikgəlməsi aşkar edilmiş, lakin bu əskikliyin haradan yarandığını bilməmişdir. Bundan sonra mağazaya yeni müdir təyin olunmuş, malların sayımı zamanı Təqsirləndirilən şəxs rəsmi qaydada olmasa da, müdir vəzifəsindən faktiki olaraq kənarlaşdırılmış, lakin təhviltəslim aparılmasında iştirak etdiyi üçün hər gün mağazaya gəlib-getmişdir. Yoxlama aparılarkən malların təhvil-təslimi zamanı isə hər hansı bir çatışmazlıq yaranmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 25 may 2017-ci il tarixdə "xxxx" MMC-nin “Armo Store” mağazasının Yasamal filialında satıcı işləməyə başlamış, bir müddət işlədikdən sonra 19 oktyabr 2017-ci il tarixdən etibarən kassir vəzifəsinə, bundan bir ay sonra isə baş-kassir vəzifəsinə təyin edilmişdir. Baş-kassir vəzifəsinə təyin edilən zaman mağazanın müdiri vəzifəsinə Təqsirləndirilən şəxs təyin olunmuşdur. Mağazada əsasən ərzaq və gündəlik məişət mallarının satışı həyata keçirilmiş, market hər gün saat 08-dən saat 23-ə qədər fəaliyyət göstərmişdir. Marketi hər gün saat 08-də ya özü, ya da ki, mağaza müdiri Təqsirləndirilən şəxs açmış, axşam da eyni qaydada bağlamışlar. Ağafərid ilə münasibətləri yaxşı olmuş, onu çox sakit, işində ciddi, mədəni insan kimi tanımışdır. Birgə işlədikləri müddət ərzində heç bir pis hərəkətinin şahidi olmamış, baş kassir kimi vəzifəsi marketin ümumi fəaliyyətinə nəzarət etməkdə müdirə köməklik etməkdən, mağaza müdiri tərəfindən verilmiş səlahiyyətə əsasən o özü olmadığı vaxtda gün ərzində mağazada satılan mallara görə kassada yığılmış pulları hər bir kassadan növbə ilə gün sonu “Z” hesabatları ilə təhvil-təslim aparıb qəbul edərək seyfə yığmaqdan, bəzi hallarda isə baş ofisə təhvil verməkdən ibarət olmuşdur. Seyfdə saxlanılan pullar növbəti gün saat 14-ə qədər kassa təhvil-təslim aktı ilə MMC-nin baş xəzinədarına göndərilmiş, pulun baş xəzinədar tərəfindən qəbul edilməsi kassa mədaxil orderi ilə rəsmiləşdirilmiş, həmin orderin bir nüsxəsi müdirin xidməti otağında saxlanılmışdır. Adətən hər bir kassada gün sonu təxminən 100-200 manat məbləğində pul saxlanılmış, bundan başqa seyfə yığılmış puldan da mağazanın ehtiyacları üçün lazım ola biləcəyi səbəbindən müəyyən məbləğdə pul saxlanılmışdır. Birgə işlədikləri müddət ərzində hər ayın sonunda baş xəzinədar tərəfindən onun və mağaza müdiri Təqsirləndirilən şəxs iştirakı ilə üzləşmə aparılmış, ilk 3 ay ərzində keçirilmiş üzləşmə zamanı ciddi bir əksiklik aşkar edilməmişdir. Sonuncu üzləşmə 01 mart 2018-ci il tarixdə onun iştirakı ilə baş tutmuş, üzləşmə zamanı 315,71 (üç yüz on beş manat yetmiş bir qəpik) manat əskikgəlmə olaraq fərq yaranmışdır. Sonradan həmin əskikgəlmə onun əmək haqqından tutulmuşdur. 2018-ci ilin mart ayında Ağafərid atasının səhhəti ilə əlaqədar kassadan 4.400 (dörd min dörd yüz) manat pul götürdüyünü və bu barədə baş mühasibə məlumat verdiyini demiş, özü də rəhbərliyin bundan xəbərdar olduğunu zənn edib ona heç bir söz deməmişdir. Bundan sonra növbəti üzləşmənin aprel ayında keçirilməsi nəzərdə tutulmuş, lakin Ağafərid aprel ayının ortalarında baş xəzinədarın üzləşmə keçirmək üçün marketə gəldiyini eşidib dərhal onunla və MMC-nin digər rəhbər işçiləri ilə danışıb üzləşmənin aparılmasına imkan vermədiyi üçün yoxlama yarımçıq qalmışdır. Həmin dövrdə onunla müştəri arasında xırda pul üstündə mübahisə yarandığı üçün rəhbərlik onu aşağı vəzifəyə keçirmək istədiyindən baş ofisə gedib öz ərizəsi ilə işdən çıxmağı düşünmüşdür. Buna görə də may ayının 2-də işə getməmiş, evdə olan zaman təxminən saat 11 radələrində Ağafərid ona zəng vurub baş xəzinədarın seyfi saymağa gəldiyini, kassada 200-300 manat kəsir yarandığını, işdən çıxdığı üçün həmin əskikgəlmənin ona aid olduğunu, həmin pulu bir neçə gün ərzində seyfə qaytaracağını baş xəzinədara deməsini xahiş etmiş, özü də yaxın münasibətləri olduğuna görə ona etiraz etməmiş və evdən çıxıb marketə getmişdir. Marketdə MMC-nin direktor müavini Regina xanım və baş xəzinədar Zərərçəkmiş şəxs ilə görüşüb 200-300 manat kəsirin sənəd səhvinə görə yarandığını bildirib araşdırmaq üçün vaxt vermələrini istəmiş, lakin onlar çatışmazlığın 20.391,02 (iyirmi min üç yüz doxsan bir manat iki qəpik) manat təşkil etdiyini bildirmişlər. Özü bunu eşidəndə çox təccüblənmiş və belə bir kəsirin yaranmasının mümkün olmadığını bildirmiş, lakin həmin vaxt pulları Təqsirləndirilən şəxs götürərək mənimsədiyini düşünmüşdür. Ağafərid özü də onların yanında olmuş və yaranmış əskikliyi heç cür izah edə bilməmişdir. Ağafərid həmin şəxslərdən 3 gün vaxt istəsə də, bu müddət ərizində pulları düzəldib yerinə qoya bilməmiş, buna görə də mağazaya yeni müdir gətirilmiş, Ağafərid əmrlə olmasa da, müdir vəzifəsindən faktiki olaraq kənarlaşdırılmış, yalnız təhviltəslim aparılmasında iştirak etmişdir. Özü də arabir marketə gedib-gəlmiş, lakin təhviltəslimin ona aidiyyəti olmadığı üçün iştirak etməmişdir. Sonradan malların təhvil-təslimi zamanı hər hansı bir əskiklik yaranmamış, özü də may ayının sonlarından sonra ümumiyyətlə marketə getməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində 05.08.2021-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cild 3, vərəqə: 173-174 İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26.02.2019-cu il tarixli, 26374 saylı rəydən görünür ki, 17 may 2018-ci il tarixli audit aktının düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda "xxxx" MMC-nin Yasamal filialının mağaza müdiri X7 hesabında 20.216,17 manat satış pulu çatışmazlığı müəyyən edilir. Həmçinin ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. Cild 2, vərəqə: 241-244 İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29.11.2018-ci il tarixli, 27234 saylı rəydən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ekspertizaya təqdim edilməyən oğurlanmış tədqiqat obyektlərinin, 27 noyabr 2017-ci il tarixdən 21 iyun 2018-ci İS tarixədək olan müddətdə, qərarın təsviri hissəsində və qərara əlavə edilmiş siyahıda göstərilən məlumatlara əsasən, respublikadaxili orta bazar satış ümumi qiymətləri ilə zərərçəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə şərti olaraq 1940,00 manat müəyyən edilir. Həmçinin ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 75 manat müəyyən edilmişdir. Cild 2, vərəqə: 237-240 Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri – "xxxx" MMC-nin “ARMO STORE” mağazalar şəbəkəsinin ünvan 3 ünvanında yerləşən on altı mərtəbəli binanın birinci mərtəbəsində yerləşən Yasamal filialıdır. Cild 1, vərəqə: 7-8 Toplanmış istintaq materiallarından görünür ki, "xxxx" MMC (VÖEN: **********) 12.09.2013-cü il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs 27.11.2017-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliklə "xxxx" MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin ünvan 1 ünvanında yerləşən “Yasamal” filialına mağaza müdiri vəzifəsinə təyin edilmiş, həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, eləcə də 11.02.2014-cü il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza müdirinin vəzifə təlimatı tanış edilmişdir. 21.06.2018-ci il tarixli, 80/k nömrəli əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və həmin Məcəllənin 72-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxslə bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Cild 1, vərəqə: 27-50 Cinayət işi materiallarına əlavə edilmiş 17.05.2018-ci il tarixli audit aktından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 18.12.2013-cü tarixdə verilmiş AT-043 və 22.08.2013-cü il tarixdə verilmiş SA-218 saylı lisenziyalara əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru-auditor Ş.M.Məmmədovla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 08.05.2018-ci il tarixdə bağlanmış AT seriyalı, 00184 saylı “Auditor xidməti göstərilməsi barədə” müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “ARMO STORE” mağazalar şəbəkəsinin Yasamal filialının mağaza müdiri - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində olan pul vəsaitlərinin 05.05.2018-ci il tarixdə keçirilmiş inventarizasiyası ilə aşkar edilmiş əskikgəlmə üzrə nəticələrin düzgünlüyünün audit yoxlamasını aparılmışdır. “ARMO STORE” mağazalar şəbəkəsinin Yasamal filialının mağaza müdiri - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində olan nağd pul vəsaitlərinin 23.12.2017-ci il tarixdə keçirilmiş inventarizasiyası nəticəsində 17,01 manat məbləğində artıqgəlmə, 25.01.2018-ci il tarixdə keçirilmiş inventarizasiyası nəticəsində 22,02 manat əskikgəlmə, 01.03.2018-ci il tarixdə keçirilmiş inventarizasiyası nəticəsində 20.391,02 manat əskikgəlmə və 04.05.2018-ci il tarixdə keçirilmiş inventarizasiyası nəticəsində 20660,81 manat əskikgəlmə aşkar edilmişdir. "xxxx" MMC-nin “ARMO STORE” mağazalar şəbəkəsinin nümayəndələrinin iştirakı ilə “ARMO STORE” Mağazalar şəbəkəsi Yasamal filialının mağaza müdiri - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində olan nağd pul vəsaitlərinin inventarizasiyası keçirilmiş və inventarizasiyası nəticələri İnventarizasiyası aktı, maddi məsul şəxsin iltizamı, mühasibat uçotu üzrə pul vəsaitlərinin qalığı barədə arayış və inventarizasiyanın nəticələri ilə mühasibat uçotu məlumatlarının müqayisə cədvəli ilə sənədləşdirilmişdir. Keçirilmiş inventarizasiya ilə Yasamal filialının mağaza müdiri - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində olan nağd pul vəsaitlərinin mühasibat uçotu üzrə qalığının 21.580,28 manat və faktiki nağd pul vəsaitlərinin mühasibat uçotu üzrə qalığının isə 989,49 manat olması, nəticədə nağd pul vəsaitlərinin 20.544,37 manat əskikgəlməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs “ARMO STORE” mağazalar şəbəkəsi Yasamal Filialının mağaza müdiri təyin edildiyi 27.11.2017-ci il tarixdən nağd pul vəsaitlərinin inventarizasiyası keçirilmiş 05.05.2018-ci il tarixədək dövrə aid olan sənədlər, o cümlədən, mağazada istifadə edilən üç nəzarət kassa aparatlarının gündəlik “Z” çıxarışları, həmin dövrün ayları üzrə nağd pul vəsaitinin hərəkətini əks etdirən aktlar, nağd pul vəsaitlərinin inkassasiya üçün təhvil verilməsi barədə aktlar və həmin pul vəsaitlərinin "xxxx" MMC-nin mərkəzi kassasına təhvil verildiyi barədə mədaxil orderlər, alıcılara hesablanmış endirim barədə məlumatlar, malların dəyərinin posterminal vasitəsi ilə ödənilməsi və həmin vəsaitlərin bank hesabına daxil olması barədə məlumatlar, qaytarılan mallara görə alıcılara ödənilmiş nağd pul vəsaitləri, faktiki qalıqlarının sayılması nəticəsində aşkar edilmiş əskikgəlmənin ödənilməsi barədə məlumatlar, nağd pul vəsaitlərinin faktiki qalıqlarının sayılması və mühasibat uçotu məlumatları ilə müqayisəsi barədə 25.11.2017-ci il, 23.12.2017-ci il, 25.01.2018-ci il, 01.03.2018-ci il, 02.05.2018-ci il və 04.05.2018-ci il tarixli sənədlər və 05.05.2018-ci il tarixdə keçirilmiş nağd pul vəsaitlərinin İnventarizasiyası barədə sənədlər təqdim edilmiş və həmin sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir: a) 27.11.2017-ci il tarixli vəziyyətinə “ARMO STORE” mağazalar şəbəkəsi Yasamal filialının mağazasında nağd pul vəsaitlərinin qalığı 12.224,20 manat olmuşdur; b) 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək dövrdə “ARMO STORE” mağazalar şəbəkəsi Yasamal filialının mağazasında qurulmuş 03 (üç) ədəd nəzarət kassa aparatlarının 344 ədəd “Z” çıxarışı məlumatlarına əsasən ümumi satışın məbləği 789.490,83 manat olmuş və bu göstərici nəzarət kassa aparatlarının göstəricilərinə uyğundur; c) Bu dövrdə qaytarılmış mallara görə alıcılara ödənilmiş məbləğ 1.994,73 manat təşkil edir; d) Təqdim edilmiş məlumatlara əsasən alıcılara hesablanmış endirim hesabına satılmış malların dəyəri 1374,20 manat olmuşdur; e) Alınmış malların dəyərinin alıcılar tərəfindən posterminal vasitəsi ilə ödənilmiş və bank hesabına mədaxil edilmiş pul vəsaitlərinin məbləği 28.519,78 manat təşkil edir; f) 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək dövrdə inkassasiya edilmək üçün 132 ədəd akt əsasında təhvil verilmiş və 132 ədəd mədaxil orderi əsasında "xxxx" MMC-nin mərkəzi kassasına mədaxil edilmiş nağd pul vəsaitləri 748.282,92 manat təşkil edir; g) 05.05.2018-ci il tarixdə keçirilmiş nağd pul vəsaitlərinin inventarizasiyası ilə müəyyən edilmiş faktiki nağd pul vəsaitlərinin qalığının məbləği 989,49 manat olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərin riyazi hesablanması yolu ilə "xxxx" MMC-nin “ARMO STORE” mağazalar şəbəkəsi Yasamal filialının mağaza müdiri - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində olan nağd pul vəsaitlərinin əskikgəlmə məbləği 20216,17 (iyirmi min iki yüz on altı manat on yeddi qəpik) manat təşkil edir. Cild 1, vərəqə: 58-63 "xxxx" MMC tərəfindən Yasamal rayon məhkəməsinə daxil olmuş 04.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş maddi ziyan ibtidai istintaq dövründə tam şəkildə ödənilmiş və MMC-nin ona dair heç bir şikayət və tələbi yoxdur. Cild 3, vərəqə: 97 Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 16.06.2021-ci il tarixli, 091-31634 nömrəli məktubla daxil olmuş 14.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cild 3, vərəqə: 57-58 Cinayət işinin materiallarına əlavə edilmiş Respublika Psixiatriya xəstəxanasının 07.06.2021-ci il tarixli, 4850 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Cild 3, vərəqə: 37 Cinayət işinin materiallarına əlavə edilmiş 2 nömrəli X2 10.06.2021-ci il tarixli, 1/1081 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Cild 3, vərəqə: 62 Cinayət işinin materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzinin 25.06.2021-ci il tarixli 19/51-7003 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Cild 3, vərəqə: 67 Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Narkoloji dispanserinin 07.06.2021-ci il tarixli 1964 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan dispanserə müraciət etmədiyi və həmin dispanserdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Cild 3, vərəqə: 36 Lənkəran şəhəri İcra Hakimiyyəti Başçısının Boladi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02.07.2021-ci il tarixli, 12-30/592 nömrəli arayış və 02.07.2021-ci il tarixli, 12-22/54 nömrəli xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, ailə üzvləri – atası X8, anası X11 və bacısı X12 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndində qeydiyyatdadır və yaşayış yerindən mübət xarakterizə olunur. Cild 3, vərəqə: 71-72 Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində mağazada qurulmuş 03 (üç) ədəd nəzarət-kassa aparatlarının gündəlik satış nəticələrini özündə əks etdirən 344 (üç yüz qırx dörd) ədəd «Z» çıxarışı məlumatları, həmçinin 3 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cild 3, vərəqə: 121-143 Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş ekspert rəyləri və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli və onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində mağazada qurulmuş 03 (üç) ədəd nəzarət-kassa aparatlarının gündəlik satış nəticələrini özündə əks etdirən 344 (üç yüz qırx dörd) ədəd «Z» çıxarışı məlumatları, həmçinin 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 225 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin, onun barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində mağazada qurulmuş 03 (üç) ədəd nəzarət-kassa aparatlarının gündəlik satış nəticələrini özündə əks etdirən 344 (üç yüz qırx dörd) ədəd «Z» çıxarışı məlumatları, həmçinin 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 225 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-329/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-329/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver