Məhkəmə qərarları › İş №1(004)-329/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-329/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-329/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu və birgə yaşadığı Zərərçəkmiş şəxs əllə və ayaqla vuraraq boyunun şişkinlik və qançırı halında əzilməsi, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı, sol sağrının hematoması (yumşaq toxumaların arasına qan yığılması), başın təpə nahiyyəsinin nöqtəvari qansızmaları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ildə dayısı qızı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nikah bağlanmamışdır. Həmin evlilikdən 2021-ci ildə X3 doğulmuş, uşağı öz adına rəsmiləşdirməmişdir. Evliliyin ilk dövrlərində Fidanla normal ər-arvad münasibətində olsa da, sonrakı dövrlərdə aralarında məişət zəminində mübahisələr yaranmış, zamanla intensiv hal almışdır. Hətta qulağına çatmışdı ki, Fidan onun haqqında qohumlar arasında mənfi fikirlər səsləndirir, bu isə onun xoşuna gəlməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında Fidanla ikisi olarkən bu məsələ barədə onunla söhbət etməyə başlamış, o isə bunu inkar etmişdir. Nəticədə aralarında mübahisə yaranmış, daha sonra əsəblərini cilovlaya bilmədiyi üçün Fidanı baş, uz, qol nahiyyələrindən yumruq zərbələri ilə vurmağa başlamış, sonuncu da onu itələyərək özündən uzaqlaşdırmağa çalışmışdır. Daha sonra Fidan mobil telefonunu götürərək hadisə barədə qohumlarına məlumat vermiş, anasıgil və digər qohumları onlara gəlib ailəsinin dağılmaması üçün onlarla uzun-uzun söhbət etmişlər. Daha sonra Fidan hadisə barədə polis orqanına məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Fidanla arasında yaranmış mübahisə zamanı onu vurarkən sonuncu onu itələyərək özündən uzaqlaşdırmağa çalışmış, həmin vaxt o, xəsarət almamışdır. Hadisə zamanı əlində alət və ya digər əşya olmamışdır. Zərərçəkmiş şəxs almış olduğu boyunun şişkinlik və qançırı halında əzilməsi, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı, sol sağrının hematoması (yumşaq toxumaların arasına qan yığılması), başın təpə nahiyyəsinin nöqtəvari qansızmaları kimi xəsarətləri xx.xx.2022-ci il tarixdə onunla arasında yaranmış mübahisə zamanı ona yetirmiş, hadisə təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamış, qohumlar sonradan gəlmişdir. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını, ailəli olduğunu, 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə bibisi oğlu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, lakin aralarında rəsmi nikah bağlanmamışdır. Həmin evlilikdən 2021-ci ildə X3 doğulmuş, Şahin uşağı öz adına rəsmiləşdirməmişdir. Evliliiklərinin ilk dövrlərində Şahinlə normal ər-arvad münasibətində olsalar da, sonrakı dövrlərdə aralarında məişət zəminində mübahisələr yaranmış, zamanla intensiv hal almışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadıqları ünvan 1 ünvanında ikisi olarkən günahı olmadığı halda Şahin əsassız olaraq onun haqqında qohumlar arasında mənfi fikirlər səsləndirməkdə onu ittiham etməyə başlamış, bu zəmində aralarında yenə sözlə mübahisə başlamışdır. Daha sonra Şahin ona fiziki zor tətbiq edərək baş, uz, qol nahiyyələrindən onu yumruq və təpik zərbələri ilə vurmağa başlamış, o də özünü qorumaq üçün Şahini itələyərək uzaqlaşdırmağa çalışmışdır. Daha sonra Şahinin sakitləşməsindən istifadə edərək mobil telefonunu götürərək hadisə barədə qohumlarına məlumat vermiş, anasıgil və digər qohumları onlara gəlib ailənin dağılmaması üçün Şahin və onunla uzunuzun söhbət etmişlər. Həmin müddət ərzində fikirləşmiş ki, bəlkə bundan sonra hər şey düzələr. Lakin, görmüş ki, məsələ müsbətə doğru həll olunmur. Buna görə də həmin hadisə barədə növbəti gün polis orqanına məlumat vermişdir. Hadisə vaxtı Şahinlə arasında yaranmış mübahisə zamanı Şahin ona fiziki zor tətbiq edərək vurmuş və müxtəlif bədən xəsarətləri yetirmişdir. O isə Şahini vurmamış, belə bir niyyəti də olmamış, özünü müdafiə etmək üçün onu itələyərək uzaqlaşdırmağa çalışmış və Şahin həmin vaxt heç bir xəsarət almamışdır. Şahin həmin vaxt onu yumruq və təpik zərbələri ilə vurmuş, əlində hər hansı əşya və silah olmamışdır. Boyunun şişkinlik və qançırı halında əzilməsi, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı, sol sağrının hematoması (yumşaq toxumaların arasına qan yığılması), başın təpə nahiyyəsinin nöqtəvari qansızmaları xəsarətlərini xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə arasında yaranmış mübahisə zamanı Şahin tərəfindən ona yetirilmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada başqa şəxslər olmamış, qohumlar sonradan gəlmişdir. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 1283 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərboyunun şişkinlik və qançırı halında əzilməsi, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı, sol sağrının hematoması (yumşaq toxumaların arasına qan yığılması), başın təpə nahiyyəsinin nöqtəvari qansızmaları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuramaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci və CPM-nin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də şəxs artıq CM-nin 73.2-ci maddəsinə əsasən əvvəllər bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırkı cinayət əməli üzrə məsuliyyətdən azad edilə bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, evli olmasını, 1 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:30-dək təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, həmin vaxtı 24 saatdan çox, yəni 02 günədək həbsdə olmuşdur. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2023-cü il tarixdə tutularaq, həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 30 gün həbsdə olmuşdur. Beləliklə hazırki vaxtadək ümumilikdə 32 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 32 gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 700 (yeddi yüz) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar