Məhkəmə qərarları › İş №1(004)-329/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-329/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-329/2024 30.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Hacıqabul rayonu Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, hal hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Kamran» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 46,295 qram, 4,427 qram, 4,407 qram və 6 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 3,749 qram, 3,987 qram, 4,103 qram, 3,845 qram, 3,585 qram və 3,517 qram olmaqla, ümumi təmiz çəkisi 77,915 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı və üzərində “Methadone-40 göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə on iki ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edən narkotik vasitə metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 00:30-da Yasamal rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli dəri çantanın içərisindən 03 ədəd sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 46,295 qram, 4,427 qram, 4,407 qram və 6 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 3,749 qram, 3,987 qram, 4,103 qram, 3,845 qram, 3,585 qram və 3,517 qram olmaqla, ümumi çəkisi 77,915 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və üzərində “Methadone-40 göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə on iki ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edən narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Bildirmişdir ki, Kubinkadan Kamrandan narkotik vasitə almışdır, gələndə saxlayıblar, sonra Bölməyə aparıblar. Xeyr, təzyiq göstərməyiblər, özü etiraf etmişdir. Narkotik vasitənin hamısını istifadə üçün almışdı. Birinci dəfə Farizdən aldığını demişdi. Farizi çöldən tanıyır. Farizlə münasibətləri yaxşıdır. Farizin narkotik istifadə etdiyini bilirdi. İstifadəçi olduğunu bilirdi. Bəli, onunla birlikdə narkotik istifadə etmişdir. O da marixuana istifadə edirdi. İfadəsinii bölmədə özləri elə yazmışdı. Kamranın adını nə vaxt verdiyi yadında deyil. İfadəni müstəntiq gələndən sonra dəyişdirdi. Onu saxlayanlar demişdi ki, Farizin adını çək. O, heç kimin adını çəkməmişdi, elə özləri yazmışdı. Müvəqqəti saxlama yerində bildi ki, Farizin adı olan ifadəni imzalatdırıblar. Fariz gələndə dedi ki, onun adını çəkmişdir. Heç vaxt narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 23-24 oktyabr tarxində, gecə radələrində Yasamal rayou ərazisində, M.Seyidov küçəsi yaxınlığında saxlamışdırlar. Şübhəli şəxs qismində İdarəyə dəvət etmişlər. İdarəyə gəldikdə onun üzərində narkotik vasitəyə bənzər kütlə şəklində maddə aşkar olunmuşdur və o, ekspertizaya göndərilmiş və ekspertiza rəyi nəticəsində onun marixuana olduğu aşkar olunmuşdur. Xeyr, şəxsə heç bir təzyiq olmayıb. Xeyr, şəxs müqavimət göstərməyib. Şahid2 ilə əməliyyatda biryerdə olmuşlar. Külli miqdarda narkotik vasitə gəzdirdiyi məlumatı daxil olmuşdu. Onlara satış üçün demişdi. Təqsirləndirilən şəxsin nə ifadə verdiyini dəqiq xatırlamır. Fariz adlı şəxsin adını çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaq ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs heç nə verməmişdir. O, narkotiki tanıdığı adamdan almışdır. Geniş ifadəsində ətraflı məlumat vermişdir. Qapının ağzında polis əməkdaşları saxlayıb. Polis idarəsinə getmişdir, üstündə narkotik olub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olmuş, barəsində hökm çıxıb. Xeyr, Təqsirləndirilən şəxsla dərin münasibətimi olmayıb, ondan narkotik almamışdır. Heç vaxt narkotik vasitənin ötürülməsində iştirak etməmişdir. Ümumi 115 qram marixuana olub, üstündəki miqdar 80 qram olub. Əvəzli qaydada hər hansı alış-veriş olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs haqqında məlumat daxil olmuşdur. Narkotik vasitələrin satışı ilə əlaqədar. Onlar da Mirəli Seyidov küçəsi qarşısında şəxsin evinə yaxınlaşıblar. Zahiri görkəmi və əlamətləri üst-üstə düşürdü. Əlində qara salafan var idi. Salafanın içində metadon, dərmanlar, nəşə və tərəzi var idi. Elə həmin gecə kimdən almışdısa, o adamı da tutublar. Alatavada yaşayan Fariz adlı şəxs. Hətta Farizin götürdüyü mənbəni də tutmuşdurlar. Onun smslərinə və danışıqlarına baxmaq lazımdır. Şəxs satışla məşğuldur. Onunla əməliyyatda Xəzər adlı polis əməkdaşı olmuşdur. Xeyr, şəxsə qarşı hər hansı təzyiq olmayıb. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 3-16-16/2-7/1484 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 3 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 46,295 qr, 4,427 qr, 4,407 qr və 6 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,749 qr, 3,987 qr., 4,103 qr, 3,845 qr, 3,585 qr və 3,517 qram olmaqla, ümumi çəkisi 77,915 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkortik vasitə-qurudulmuş marixuanadır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5699 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №42” dairəvi möhür əksi olan “Şübhəli şəxsTəqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə on iki ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1617 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Manlloro” yazılan qırmızı rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6185 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: imza: Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd qırmızı rəngli elektron tərəzinin üzərində narkotik və ya psixotrop maddələrə aid izlər aşkar edilmədi. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/182 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “UNİWEİGH” markalı elektron tərəzinin tədqiqatı aparıldı və “On- Of” düyməsi basılıqda tərəzinin işə düşmədiyi, bununla da tərəzinin işlək vəziyyətdə olmadığı müəyyən edilir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 241 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər 4 dəfə məhkum edilmişdir. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı Şəhər Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 08 ilə endirilmişdir. xx.xx.2001-ci ildə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib 02 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərclər təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 330 (üç yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 77,465 qram narkotik vasitə - qurudulmuş marixuana və methadone həblərin 10 ədəd hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar